Hər yerdə, hər zaman futbol oyna! - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

28 noyabr 2022
# 10:35

Kulis.az Vüsal Bağırlının ““Ronaldo duruşu, Messi vuruşu" – küçə futboluna dair düşüncələr” adlı yazısını təqdim edir.

Mundial başladı. Amma azarkeşlik etməyə düz-əməlli komanda tapa bilmirik. Türkiyə millisi final mərhələsində iştirak etmir. Ona görə də – Almaniya, Hollandiya, Argentina, Braziliya – hərə bir yığmanın tərəfini tutur.
Bəs öz yığmamızın, öz millimizin nə vaxtsa dünya çempionatlarının final mərhələlərində iştirak etmək şansı varmı? Görəsən, biz də nə vaxtsa özümüzü əsl azarkeş kimi hiss edəcəyikmi?

Futbolumuzun inkişaf tempinə göz atdıqda, beynimdə yalnız bir söz fırlanır.

Çətin ki...

Burada sual yaranır.

Bəs futbolda dünya səviyyəsinə çatmaq üçün nə etməliyik? Hansı tədbirləri görməliyik?

Cavab sadədir: uşaq futbolu. İlk növbədə, futbolun rüşeym mərhələsindən başlamalıyıq.

***

İnternetdə axtarış etdikdə, futbolun müxtəlif növlərinə rast gəlmək olar. Çimərlik futbolu, futzal, futbol fristaylı. Hətta bataqlıq futbolu, stolüstü futbol kimi ekstra-vaqant, qeyri-adi futbol növləri də var.

Bizim söhbətimizin, yazımızın mövzusu bu intensiv, hərəkətli oyunun daha çox yayılmış və bütün təbəqələr üçün əlçatan digər növü, küçə futbolu haqqındadır.

***
Məhəllədə dayanmışam. Məktəbli uşaqlar kərpic daşlardan qapı düzəldib, futbol oynayır. Boşalmış top, asfalt meydança, tərli bədənlər, qışqırıq, cığallıq.

Stajlı azarkeş və həvəskar futbolçu kimi müşahidə edirəm ki, uşaqların topla davranışları, ötürmələri, texniki anlayışları kifayət qədər normaldır. Hətta normadan bir qədər də artıq. Bəlkə də, onlardan peşəkar oyunçu, ulduz futbolçu da çıxar.

Oyun qızışır, onlar ora-bura qaçır. Birdən top uşaqlardan birinin əlinə dəyir, qayda pozulur. Cərimə zərbəsi yerinə yetirilməlidir. Qapıçı iki nəfərlik canlı sədd qurur. Zərbə vurmağa hazırlaşan arıq, uzun uşaq geri addımlayaraq, ayaqlarını aralı qoyur. Şəstlə, özündən razı görkəmlə dayanır.

Bu mənə nəyisə xatırladır. Özüm-özümə:

"Aha, tapdım. Bu ki Ronaldonun duruşudur” deyirəm. Amma səsim xeyli bərk çıxır.

– Əmi, o yalnız duruşu oxşada bilər, amma vuruşu yox...

Uşaqlardan biri məni eşidincə atmaca atır, digərləri gülür. Fikirləşirəm ki, “Yaxşı oynamaqları öz yerində, üstəlik, hazırcavabdırlar da”

Bu dəm, qapıya zərbə vurulur. Top oyunçulardan birinə dəyir, istiqaməti dəyişincə qapıçını karıxdırır. O sağa tullanır, top sola yönəlir və qapıdan keçir.

“Qooool”.

Fərqlənən oğlan formasını çıxarıb önündə tutur. Bu dəfə o, özünü başqa ulduza – Messiyə bənzədir.

Bəli, gələcəyin Messiləri, Ronaldoları, Neymarları məhz onların, hər gün küçədə, tində, səkidə, gözümüzün qarşısında top qovan bu uşaqların içərisindən çıxmalıdır.

Futbol məktəblərində və akademiyalarında uşaq yalnız uzağı 2-3 saat futbolla məşğul olursa, həyət futbolunda uşaqlar, yeniyetmələr daha çox, bütün gün boyu, axşama qədər dəri topla təmasda olurlar – bu onların əsas üstünlüyüdür. Müxtəlif sorğular göstərir ki, məhəllə futbolu gəncləri, yeniyetmələri qələbə hesabı və vurulan qoldan daha, öz çox emosional oyunu və idman-əyləncə xüsusiyyətinə görə cəlb edir.

Top ardınca qaçaraq və bir-birinə ötürmə verən, rəqib qapısına qol vurmağa çalışan uşaqlarda fiziki və psixoloji keyfiyyətlər, komanda oyunu koordinasiyası, qaşılıqlı anlaşma yaranır. İndiki dövrdə gənclər, yeniyetmələr internetin üstün imkanlarından istifadə edib Neymar, Zidan, Ronaldinyonun və başqa mahir futbol ustadlarının fint, “dribling”, cinah keçidlərini və digər başgicəlləndirən “truyk"ları yutub vasitəsilə izləyirlər. Hansısa hərəkətləri öyrənib, təqlid edirlər. Onlar bəzi mürəkkəb elementləri hətta peşəkar futbolçulardan da yaxşı yerinə yetirirlər. Küçə futbolu dinamik oyundur. Burada sən düşünmə və qərar qəbul etmə qabiliyyətinlə rəqibdən bir addım öndə olmalısan.

Biz uşaq olanda meydançalar az idi. Balaca bir ərazi, boş yer tapan kimi kiçik daş, kərpic parçasından ya da öz məktəb çantalarımızdan qapı düzəldir, oranı kiçik bir “Kamp-Nou”ya çevirirdik. Rezin topla fırtına qopardırdıq.

Əvvəllər küçə futbolunun əsas şüarı belə idi:

“Hər yerdə, hər zaman futbol oyna!”.

Amma indi parkın və ya həyətin boş, asfaltlanmış hissələri avtomobil dayanacağına çevrilir, qarajlar yaxud başqa tikililərlə əhatələnir. Uşaqların boş yer tapıb futbol oynamaq istəyi isə məhv olur. Axı futbol dünyası yalnız böyük çempionatlar, ulduzlar və stadionlarla məhdudlaşmır, daş və çantadan qapıları olan həyət və məktəb stadionlarının da öz dünyası vardır.

Dünyada küçə, məhəllə futbolunun inkişafı dövlətin sağlamlıq və idman sahəsində ən prioritet məsələlərdən sayılır. Çünki bu oyun gənc nəsli zərərli vərdişlərdən, siqaret, narkotik, spirtli içkilərdən uzaq tutur, uşaqlarda kollektiv şəkildə, birgə səy göstərərək məqsədə çatmağın vərdişlərini qazandırır.
Məsələn, Rusiyada hər il “həyət komandalarının turniri” keçirilir. Bu turnirlərə Qazzayev, Mostovoy, Karpin, Syomin kimi futbol mütəxəssisləri dəstək olur, məşhur şirkətlər sponsorluq edirlər. Yerli və xarici futbol ulduzlarının iştirakı ilə xeyriyyə oyunları keçirilir. Belə turnirlərdən 150 komandanın tərkibində oynayan 1500-dək yeniyetmə futbolçu, münsiflər heyətinin ələyindən keçməlidir. Küçə turnirləri keçirməklə təşkilatçılar istedadlı gəncləri tapır, onların professional səviyyəyə çatması üçün uyğun şərait yaradırlar.

Braziliyada küçə futbolu həyatın ayrılmaz bir parçası, obrazıdır. Küçə futbolu əyləncədir, dostlarla görüşdür, həm də əsl həyat məktəbidir. Burada məhdud bir sahədə oyunçu topla kreativ davranmağı öyrənir, parlaq texnika, sürət və reaksiya nümayiş etdirir. Kiçik bir ərazidə yaxın-yaxına mübarizə şəraitində mümkün qədər cəld düşünmək və hərəkət etmək tələb olunur. Topla oyunçu daha çox təmasda olduğundan orijinal fikirlər və improvizələr üçün geniş üfüqlər açılır.

Çili, Meksika, İordaniya, Hollandiya və sair ölkələrdə də bu oyuna tam ciddi münasibət göstərilir və olduqca populyardır. Bu ölkələrdə seleksiya, yeni istedadların kəşfi üçün geniş miqyaslı turnirlər keçirilir. Bu oyunu dəstəkləmək, inkişaf etdirmək naminə məhlələrdə, həyətlərdə, parklarda və dəniz sahillərində qum, süni ot, rezin, asfalt örtüklü meydançalar tikilir.

Uşaqlar və yeniyetmələr günün istənilən saatında pulsuz futbolun dadını, ləzzətini çıxarırlar. Bir sıra futbol ulduzlarının istedadı da məhz küçə, çimərlik, məhəllə futbolundan üzə çıxıb. Məsələn, Davids, Roberto Karlos, Rivaldo, Ronaldinyo kimi dünya şöhrətli oyunçular buna parlaq sübutdur.

Ölkəmizin təbii-iqlim şəraiti bu oyunun inkişafı üçün əlverişli imkanlar yaradır. Demək olar bütün il boyunca futbol oynamaq mümkündür. Amma nədənsə bu sahəyə əlaqədar qurumlar tərəfindən lazımi diqqət göstərilmir. Mütəxəssis marağı, seleksiya işi, yəni istedadlı oyunçuların axtarılması və seçimi demək olar ki, yox səviyyəsindədir. Eyni zamanda həyətlərdə, məhlələrdə meydançalar tikilmir, bütün təbəqədən olan insanların ümumi marağından, futbolun kütləviliyindən düzgün, səmərəli istifadə olunmur.

Düşünürəm ki, həyət futboluna daim diqqət yetirilməlidir. Axı həm də bu bir həyat məktəbidir? O oyunçuya fiziki və texniki keyfiyyətlər, iradə, xarakter, liderlik hiss aşılayır. İdmanı, futbolu dəbə çevirmək vaxtıdır.

Futbolu sevin...


# 1339 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #