"Hər dəfə altı qoşanı stola çırpanda..." - Özünü qazi kimi göstərən Nəzərin səhvi

"Hər dəfə altı qoşanı stola çırpanda..." - Özünü qazi kimi göstərən Nəzərin səhvi
8 aprel 2024
# 15:00

Kulis.az El Romanın "Altı qoşa" adlı yazısını təqdim edir.

Sumqayıtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə restoranlara daxil olub ona maddi köməklik edilməsini istəyən Şirvan sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.

Həmin şəxsin 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, lakin heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyyən edilib.

Sonra da gözlənilən son: üzr videosu yayılıb.

Ölkədə bütün hadisələr qəlibli alqoritmlə baş verir.

Hadisələrin ekspozisiyasında hər yer güllük-gülüstanlıqdı. Hər şey yolunda gedir, hamı hamıdan, hər şeydən razıdı.

Aldadan da razıdı, aldanan da...

Kuliminasiyada aləm dəyir bir-birinə. Aldanan tərəfə nəhayət çatır ki, yox, nəsə düz getmir. Birbaşa məsul qurumlara şikayətlər ünvanlanır. Özü də, axınla.

Və final...

Aldadan şəxs mütləq saxlanılır, onun üzr videosu çəkilir və çox qısa müddətdə yayılır.

Yox, bu hələ final deyil...

Bu dəfə saxlanılan şəxs tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq insanları aldadıb.

O, tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib.

Mən bilirəm ki, xarici ölkələrdə belə şeylər olmur.

Zarafat-zarafat, ölkədə elə hadisələr baş verir ki, "bu ancaq Azərbaycanda ola bilərdi" demək mümkün olur.

Ölkədə baş verən bütün hadisələrdə özünəməxsusluq var.

Qarşıma lap 50 fərqli ölkədə baş vermiş dələduzluq hadisələrinin siyahısı qoyulsun, mən yenə həmin hadisələr arasından məhz Azərbaycanda baş verənini tapa bilərəm.

İnsanlar insanları eyni cür aldadırlarsa, bəs hamı niyə eyni cür aldanmağa davam edir?

Hərbi xidmətdə olanda elə murdar insanlar görürdüm ki, düşünürdüm, ilahi, necə yəni, bu düşmən gülləsinə tuş gəlsə, şəhid sayılacaq?

Axı "şəhidlik hər kəsə nəsib olmur" deyiblər bizə.

Axı qazilik də hər kəsə nəsib olmur, öyrənmişik.

Bir halda ki sən bilirsən, qazi adından istifadə etsən, insanlar əllərindən gələn yaxşılığı səndən əsirgəməyəcəklər.

Deməli, özün gör ki, bu mərtəbə necə yüksəkdi, necə alidi, necə pakdı.

Niyə öz əməllərinlə həmin aliliyi ayaqlar altına salırsan, həmin paklığa ovuc-ovuc palçıq atırsan?

Mən yaxşı bilirəm. Nəzəri də çox yaxşı tanıyıram.

Mən bilirəm ki, Nəzər hərbi xidmətdən qayıdır, heç kəsə xeyri dəymir, nə vətəndaş kimi Vətəninə layiq ola bilir, nə övlad kimi ailəsinə. Gününü çayxanada dost-tanışla domino oynayaraq keçirir.

Bir dənə də tünd xasiyyəti var, hər dəfə altı qoşanı stola bərk çırpır.

Axı onun əsəbləri yerində deyil...

Çayxanada ondan on metr aralıda əyləşən və həqiqətən qazi olan bir nəfər də var.

Nəzər altı qoşanı stola hər çırpanda həmin qazi gözünü qırpır, qəfil diksinir, qulaqları cingildiyir...

"O", Nəzərin kölgəsində qalır.

"O"nu heç kəs danışdırmır.

Kafedə, restoranda, çayxanada "O"nun hesabını heç kəs ödəmir.

"O"nu heç kəs tanımır.

Biz bu gün Nəzərin adını bilirik, amma "O"nun adını bilmirik...

Bax, indi final!

# 5733 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər