"Göy uçsa, yer qopsa, yenə ölmərəm..." - Qəzəbə gəlmiş adam

"Göy uçsa, yer qopsa, yenə ölmərəm..." - Qəzəbə gəlmiş adam
14 mart 2024
# 16:30

Kulis.az İbrahim N. Quliyevin “Göy uçsa, yer qopsa, yenə ölmərəm...” yazısını təqdim edir.

Paşanı görməzdən çox-çox qabaq onun portretini mənim üçün cızmışdılar: yaxşı şair, yaxşı alim, xeyirxah dost, zəhmətkeş insan... Mən ilk dəfə bu nur çöhrəli, dəniz gözlü, arıq, ucaboy adamı görəndə başa düşdüm ki, o, təpədən-dırnağacan yaxşı adam obrazı üçün yaradılmış nümunədir. O, istəsə də, lap belə özünü öldürsə də, pis adam ola bilməz, pislik edə bilməz, ondan heç kəsə xətər gəlməz. Kollektivi, əsasən, qadınlardan ibarət olan Əlyazmalar İnsititutunda hamı Paşanı sevirdi, o müqəddəs ataya bənzəyirdi, onun otağı isə kilsələrdəki sedes confessionalis, yəni etiraf guşəsinə oxşayırdı, hər bir kəs istədiyi vaxt, istənilən problemlə bağlı ona yaxınlaşa, dərdini söyləyib əlac istəyə bilərdi. Paşa heç kəsdən köməyini əsirgəmirdi...

...Çin-çin kitab, qəzet, jurnal qalaqlanmış stolun o biri tərəfində çəpəki oturan Paşa XIX əsr Azərbaycan ədbiyyatından danışdıqca gözünə işıq gəlir, səsi gurlaşır, cümlələri hökm kimi səslənir. Heç təsəvvür edə bilməzsən ki, bu cür ilhamla və nikbinliklə, ədəbiyyat sevgisi ilə yaşayan və danışan adam bir neçə aydan sonra bu dünyada olmayacaq. Heç təsəvvür edə bilməzsən ki, insitititun bütün əməkdaşları üçün həmişə açıq olan qapıya bir gün möhür vurulacaq və Paşa o qapının arxasında əbədi görünməz olacaq. Hamımız Paşanın ağır xəstə olduğunu və bu zəhrimar xəstəlikdən xilas ola bilməyəcəyini dərk etsək də, onun ölümü hamımız üçün gözlənilməz və sarsıdıcı oldu. Ölüm sözünün ağırlığı altında hamımız bir az əyildik, bir az sufiləşdik.

...Paşa yaradıcılıq ehtirası ilə qaynayıb daşırdı, saatlarla Türkiyədən, İrandan aldığı kitablardan danışırdı və nədən söhbət açsaydı, bir ucu əlyazmaların üstünə gəlirdi... Əlyazmalar onun tapındığı müqəddəs məbəd idi.

- XIX əsrin şairlərinin həyat və yaradıcılığını araşdıranda bir məsələnin şahidi oldum, gördüm ki, o dövrün qələm əhlinin hamısı qocalanda daha nikbin, daha xoşbəxt olublar... bilirsiniz niyə?- Paşa düz gözlərimin içinə baxır, yəni bunu da bilmirsən. Nazik barmaqlarının arasındakı göy qələmi stolun küncünə döyəcləyir, sonra stolun o biri başındakı əlyazmaları qarşısına çəkir, vərəqləri bir-bir qaldıra-qaldıra sözünə davam edir: - Ona görə ki, onlar ölümün yaxınlaşdığını və bu yolla tezliklə Allaha qovuşacaqlarına inanırdılar.

Yenə ölüm! İnsanın iradəsinə heyran qalıram, mən onun yuxusuzluqdan qızarmış gözlərinə, solğun sifətinə, arıqlamış brmaqlarına baxa-baxa ölümü lənətlədiyim anda Paşa böyük ədəbiyyatdan, sənətdən, sözdən söhbət açır, xoşbəxtlikdən, səadətdən danışır. Xəstəliyinə görə insititun direktoru Teymur Kərimli də, müavinlər də ona işə gəlməməyə icazə veriblər, amma Paşa hamıdan tez gəlib, hamıdan gec gedir. Bütün günü işləyir, yazır-pozur, nahar fasiləsi vaxtı müdiri olduğu şöbəyə gedib şux zarafatları ilə işçilərin əhvali-ruhiyyəsini qaldırır, şöbənin yeganə kişi işçisi ilə maraqlı dialoq aparır, onun işə gec gəlməsini incə yumorla vurğulayır, hamımız gülürük.

Paşa heç vaxt heç kəsin xətrinə dəyməzdi, işçini başqasının yanında danlamazdı, tənbehi elə səmimiyyətlə edərdi ki, “qəzəbə gəlmiş adam” ondan gülə-gülə ayrılardı. Bu xüsusiyyət, görünür, Paşaya atasından keçmişdi. Deyirdi: “mənim atam sərt deyildi (o Azərbaycanın ən sevilən şairlərindən ola Əli Kərimlidən danışır), çox mülayim, uşaqlarının qayğısına qalan, onların xüsusən təhsilinə önəm verən biriydi”.

Mən indi Paşa haqqında keçmiş zamanda danışıram, mən klaviaturanı döyəcləyə-döyəcləyə xatirələr fırtınasının içindən keçirəm, onun səsini eşidirəm, onun stolüstü lampanın dairəvi işığı altındakı kağızlar üzərinə əyilmiş arıq və zəif vücudu gözlərimin önündən getmir. Paşa ədəbiyyat çörəyi yemişdi, əsl ədəbiyyat çörəyi yeyənlər isə heç vaxt kök olmurlar. Paşa 2015-ci ildə “Gənc yazarlar ədəbiyyatı” adlı sayta verdiyi müsahibəsində deyirdi ki, mənim yaşım Əli Kərimdən xeyli çoxdur, Əli Kərimin vəfat etdiyi yaşı keçmişəm və mən atamın təsiri ilə ədəbiyyatı ixtisas olaraq seçdim və özümdən razıyam ki, məhz bu ixtisası seçmişəm.

Belə çıxır ki, biz onlarla unudulmuş ədəbiyyat adamının, şairin, yazıçının ikinci ədəbi həyat qazanmasına görə ilk növbədə Əli Kərimə minnətdar olmalıyıq, ona görə minnətdar olmalıyıq ki, zamanında Paşada ədəbiyyat sevgisi yaradıb. O Paşada ki, ilk dəfə XVI–XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclunun, Qövsi Təbrizinin, Mürtəzaqulu xan Şamlunun, Vəhid Qəzvininin, Sadiq bəy Əfşarın, Təsir Təbrizinin, XIX əsr şairləri Mirzə İsmayıl Qasirin, Mirzə Baxış Nadimin və onlarla başqa ədiblərimizin əsərlərini tapıb üzə çıxarıb, çap etdirib, tanıdıb. Ədəbiyyat Paşa üçün təkcə tədqiqat sahəsi deyildi, onun nəfəsi, ruhu, həyatının əsas hissəsi idi. 1980-ci illərdə özü istedadlı bir şair kimi ədəbiyyatın “qapısını döymüşdü”, onun şeirlərinə Fikrət Qoca “Xoş gördük, şair ömrünün davamı” adlı ön söz yazmışdı. Paşa “Azərbaycan” jurnalında çap olunmuş “Mavilik” adlı şeirində yazırdı:

Heç nəyimiz yoxdu,
təkcə sənin mavi baxışların,
mənim mavi gözlərim,
qardaşımın mavi gündəliyi,
anamın mavi arzusu.
Sonra...
dünyanı maviyə boyamadıq,
yox:
yatanda mavi yuxular gördük.


Bu şeirdən Əli Kərim kədəri, həsrəti, nisgili boylanırdı, ancaq Paşa nakam şairin təkrarı kimi yox, davamı kimi ədəbiyyata gəlmişdi. Fəqət klassik ədəbiyyatımız Paşanı müasir ədəbiyyatımızın əlindən aldı. O, Azərbaycan müəlliflərinin əsərlərinin tarix boyu dünyaya səpələndiyini deyir və onların tapılmasını, ölkəyə gətirilməsini, tədqiq edilməsini həyatının məqsədi, mənası hesab edirdi. O əlyazmaların pərən-pərən düşməsi, ölkənin mənəvi sərvətinin torbalara doldurulub yad ölkələrə daşınması Paşanın ən ağrılı yeriydi, bəlkə də gözlərindəki kədərin əsas səbəbi idi.

Çox təəssüf ki, gənclər bu gün əlyazmalar sahəsinə gəlmək istəmir,
gələnlər də qərar tutub qala bilmir, çünki əlyazmalarla işləmək asan məsələ deyil, bu, itmiş tarixi yenidən toz-torpğın içində yaratmaqdır, bu, əsrlərin bərpasıdır, əgər biz bu işlərin genişlənməsini istəyiriksə, əgər istəyiriksə böyük mədəniyyət və ədəbiyyatımıza sahib çıxaq, bu sahəyə xüsusi diqqət yetirməli və alimlərin qayğısıana qalınmalıdır, - deyə böyük akademiyanın işıqlı və geniş salonunda, gur işıqlar altında çıxış edən Paşa üzünə dikilən təəccüblü baxışlara əhəmiyyət vermədən fikrinə davam edir: - İstər Azərbaycan mədəniyyət, istərsə də ədəbiyyat tarixi yalnız bizdə olan materiallarla məhdudlaşmır. Biz bununla elm, ədəbiyyat və mədəniyyət tariximizi yaza bilmərik. Hazırda Əlyazmalar İnstitutunda on iki mindən çox əlyazma qorunub saxlanılır. Amma bunlar təbii ki, kifayət deyil. İndiyə qədər yazılanlar da tək Bakıda yox, bütün dünyada saxlanılan materialların əsasında yazılıb. Onların çoxunun alınıb gətirilməsi şəxsi münasibətlər hesabına olub, biz bu şəkildə yenə də davam edəcəyik, amma bu, azdır…

Tribunadan düşüb fikirli-fikirli yerinə keçən Paşa nə biləydi ki, artıq yolun sonuna yaxınlaşıb. Bir şeirində yazdığı kimi, mavi yuxular bitmək üzrədir… Əlbəttə, bitən sadəcə olaraq yuxular oldu, Paşanın başladığı böyük işlər davam edir: onlar bu gün də, sabah da davam edəcək, onlar Paşanı ölməyə qoymayacaqlar. Əli Kərim bir şeirində deyirdi:

Baxsan, bu dünyanın ha tərəfinə
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa, ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.


Ata elə bil ki, bu şeiri yazanda özü ilə bərabər, oğlunu da nəzərdə tutub.

...Paşa haqqında çoxları yazacaq, onun tədqiqtlarından, elmi işlərindən, ədəbiyyata dair fikirlərindən, sənət sevgisindən və o, hər yazı ilə yenidən doğulacaq. Amma Paşa haqqında xatirəni ancaq onu görənlər, onunla illərlə bir yerdə çalışanlar yaza bilərlər. O adamlar bitəndə xatirələr bitəcək. Paşanın atası ilə bağlı müsahibələrinin birində bir yer var:
Bütün xatirələri toplamaq lazımdır. Xatirə yazan rəhmətə getdisə,
qurtardı. Əli Kərim rəhmətə gedəndə 10 yaşında idim və kifayət qədər xatirələrim var. Amma o vaxt Əli Kərimlə, Rəsul Rzayla, Əhməd Cəmillə dostluq etmiş Vaqif İbrahim mənə dedi ki, xatirələrimi yazmaqda tələsməyim. Çünki uşaqlıq xatirələri elədir ki, heç vaxt unudulmur. İndi başa düşürəm ki, o düz deyirdi. Məncə, Əli Kərimin daxili dünyasını açmaqla, onun haqqında çox söz demək olar. Onun əsərlərində özü və dünyası var. Məsələn, romanında özü və atası var. Şeirlərində uşaqlığı var. Mən yazıram bu səpkidə və tələsmirəm.

Amma görünür bəzən tələsmək lazımdır... Çünki ömür hər şeyə çatmır...

Əlyazmalar İnsititunun 2-ci mərtəbəsindəki uzun və yarıqaranlıq dəhliz və Paşa yenə harasa tələsir...

# 674 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #