Gövhər Ağa məscidindən yüksələn azan Tehranda eşidilirmi? - Azər Turan yazır...

Gövhər Ağa məscidindən yüksələn azan Tehranda eşidilirmi? - Azər Turan yazır...
13 dekabr 2022
# 11:01

Kulis.az Azər Turanın "Paşinyanın İran səfəri, yaxud Gövhər ağa məscidindən yüksələn azan Tehranda eşidilirmi?" adlı yazısını təqdim edir.

1906-cı ildə "Füyuzat" jurnalında Əli bəy Hüseynzadənin "Məcnun və Leylayi İslam" məqaləsi dərc olundu. Ardıyca Bakıda fars dilində çıxan "Həqayiq" qəzeti Hüseynzadənin məqaləsində qaldırılan fikirlərə kəskin etiraz etdi. Panfarsist təmayüllü qəzet rahatsız olmuşdu ki, niyə Əli bəy Hüseynzadə İstanbulu İslam aləminin başı hesab edir... Milli məfkurəmizin atası təmkinini pozmadan "Füyuzat"ın növbəti sayında "Həqayiq" müəllifinin antitürk yazısına "İntiqad ediyoruz, intiqad olunuyoruz" ("Tənqid edirik, tənqid olunuruq") məqaləsi ilə cavab verdi: "Bu gün məcnunların deyil, bütün İslam aləminin aqillərinin belə özlərinə ümumən bir ruhani başçı seçmələri lazım gəlsə, o başçını İstanbulda arayacaqlarına "Həqayiq" yazarları şübhə etməməlidirlər".

Amma "Həqayiq" yazarları buna nəinki şübhə edirdilər, hətta bu fikri təkzib etmək üçün Avropa alimlərinin İranla bağlı yazdıqlarını oxumağı tövsiyə edirdilər. Hüseynzadə cavab verirdi ki, "Həqayiq" mühərriri sosiologiya elmindən tamamilə xəbərsizdir. Əzizim mühərrir, İslam həkimini tənqiddən əvvəl bir az Herbert Spenserin sosiologiyasını, psixologiyasını mütaliə etməli idin. Və ya heç olmasa Draperin "Avropanın tarixi nəşvü nümayi-əqli" ("Avropanın intellektual inkişafının tarixi") əsərini oxumalı idin. "Həqayiq"in sözlərində təəssübkeşlik və qərəz olmasaydı, bu bilgisizliklər və bu məlumatsızlıqlar əfv oluna bilirdi. Qərəz və təəssüb hissi "Həqayiq"in aşağıdakı sözlərində əyandır: "Hiç vəqt Osmani-ra bəraye-İran sər nemitəvan qərar dad..." (Heç vaxt Osmanlını İran üçün baş yerinə qoymaq olmaz)".

Əli bəy Hüseynzadə "Həqayiq" müəllifinin yadına salırdı ki, "aləmi-islam başdan-başa, Fasdan Cava cəzirəsinə (Marokkodan Yava adasına) qədər ümidsiz bir halda isə, bu aləmin içində diri, canlı, mətin, qüvvətli bir dövlət varsa, o da ancaq və ancaq Türkiyə dövlətidir. O Türkiyə dövləti ki, İranın yüz sənəlik uyğusu müddətində xaricdən İslam aləminə gələn bütün zərbələrə yeganə olaraq köksünü gərmişdir. Zatən İslamın bu üçüncü dövrü türk dövrüdür. İslam türklüklə payidar oluyor, İslam aləmində Hinddən Misrə qədər İran da daxil olduğu halda nə qədər müstəqil və yarımmüstəqil hökmdar varsa, hamısı türk nəslindəndir, içlərində bir fars yoxdur. Çünki hökm və idarə edə bilmək bir müddətdən bəri türklərə vergi olmuşdur".

Burda həssas bir nöqtə vardır. İranda Qacarların son dönəmi həm də ümumazərbaycan kontekstində dəyərləndirilməlidir. Çünki məşrutə hərəkatının da, onu qanla boğan İran irticasının da liderləri - Səttar xan da, Məhəmmədəli şah da azərbaycanlı idi... Amma 1907-ci ildə, Əli bəy Hüseynzadənin təbirincə, İranı içəridən parçalayan qüvvələrin ən ədəbsizi və ən qaniçəni Makudan qovulan Murtuzaqulu xandır. "Bu hərif gəlib 40 günə qədər İrəvanda qaldıqdan sonra başına bin qərib kürd topladı və bunlarla yenidən Makuya qayıdıb Makunu mühasirə etdi. Nəticədə əhaliyə edilməyən zülm və sitəm qalmadı. Əhalidən və hürriyyət mücahidlərindən beş yüzə qədər adam qırıldı ki, bunların içində millət mücahidi məşhur Həbib bəy Asinli də şəhid olmuşdu".

Belə bir dönəmdə bir tərəfdən də Tehran polisinin sıraları ermənilərin hesabına genişlənir, Tehran polisinin rəisi vəzifəsinə Azərbaycanda - Şəmkirdə doğulmuş erməni-daşnak Davityan gətirilirdi. Qacarlar dövrünün son polis rəisi (onu Qacarlar dövrünün son daxili işlər naziri də adlandırmaq olar) Yefrem Davityan azərbaycanlıları, o cümlədən əvvəlcə Səttar xana qoşulub Məhəmmədəli şahı təhdid etmiş, sonra Məhəmmədəli şahın tərəfinə keçib onun əmriylə Səttar xanı Tehrandakı Atabəy parkında qanına qəltan etmişdi... Hətta Səttar xana qarşı duran istibdadın dini ideoloqu Şeyx Fəzlullah Nuri də Yefrem Davityanın əmri ilə Tehranın Topxana meydanında edam olunmuşdu. İbrətlidir deyə, bu məqamda bir haşiyə çıxmaq istəyirəm. Şeyxin oğlu Mehdi Nuri o zaman atasının dar ağacından yellənən cəsədinə baxıb fərəhindən atılıb-düşmüşdü.

1909-cu ilin iyulunda Şeyx Fəzlullahın edamına şahid olmuş Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Baxıram ki, qoca bir molla dardan asılmış duruyor... Tamaşadan geri qalmışları görürəm ki, qaça-qaça gəlir, gülüyor... Ümumi bir şadlıqdır. Şeyx Fəzlullahın oğlu Şeyx Mehdi dəxi atasının edamından xoşhaldır. Bu adamı bir gün irəlidən tamam tehranlılar hər soqaqda, hər küçədə görüyorlarsa atasının edam olunacağından dolayı təbrik edər... Bu isə tamam bu alqışları qəbul edib, cavabında "zindəbad mükafat" - deyə atasının cəzalanmasını lazım biliyor idi. Bu adam cavandır. Məşrutəpərəstdir".

Türk İranı üçün, eləcə də Azərbaycan üçün - istər güneydə, istərsə də qüzeydə belə tragik bir mərhələdə Əli bəy Hüseynzadə milli düşüncəni türk özünüdərkinə yönəldir və məhz İstanbulun baş olmasını istəməyən aktiv panfarsistlərə və antitürklərə cavab məqaləsində təkcə Azərbaycanın deyil, bütövlükdə çağdaş türk aləminin, Türkiyənin də, İranın da qurtuluş yolu olan türk qanlı, islam etiqadlı, Avropa fikirli milli ideoloji triadasını irəli sürürdü. Yəni milli ideologiyamızı doğuran amillərdən biri də Bakıda və Təbrizdə antitürk mövqeyində dayanan panaryanist, eləcə də panslavyanist düşüncəyə qarşı dirəniş əzmi olmuşdu.

Hüseynzadə "Həqayiq"ə cavabında bunu da xatırladırdı ki, Azərbaycan farslığın meydanı deyildir: "Şəhərimizdə farsi lisanında çıxaraq üstüörtülü bir Şərq bürokratiyası qoxusu nəşr edən "Həqayiq" məcmuəsi anlamalı idi ki, farslığın, fars dilinin, fars fikrinin meydanı İranın cənubu ilə, Belucistan və Hindistandır, yoxsa Azərbaycan, Qafqaz, Rusiya və ümumiyyətlə, Baykal gölündən Afrika səhrasına qədər olan böyük türk aləmi deyildir".

Qarabağda ermənilərin törətdiyi qırğınların tarixi ilə bağlı İranda hər kəsin bilməli olduğu ciddi bir məqam da vardır. 1905-ci ildə Şuşada erməni-müsəlman qırğınının başlanmasının səbəbini Ordubadi "Qanlı sənələr" əsərində belə təsvir edir: "Ermənilər bəzi islam kəndlərinə zülm əli uzadıb, o tərəf-bu tərəfdə əllərinə düşən islamları qarət edib öldürməyə başladılar. Bu tövr ilə 1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilərlə müsəlmanlar arasındakı küçənin küncündə şəhər fənərlərini yandıran bir iranlı müsəlmanı öldürməklə iki millət arasına yeni müharibə toxumları səpildi". Deməli, 1905-ci ildəki erməni-müsəlman qırğınının səbəbi Şuşada şəhər fənərini yandıran iranlı bir müsəlmanın ermənilər tərəfindən qətlə yetirilməsi olmuşdu.

Bu hadisədən 6 ay sonra, 1906-cı ildə Tiflisdə erməni-Azərbaycan münaqişəsinə həsr olunmuş ilk konfrans, yəni Sülh danışıqları əsnasında ermənilər fikirlərini tez-tez dəyişir, törətdikləri qanlı əməllərə görə bir-birini təkzib edən müxtəlif arqumentlər irəli sürürdülər. Hətta türklər arasındakı məzhəb ayrılığını alovlandırmaqdan geri qalmırdılar. Deyirdilər ki, "bizim davamız şiələrlə olub, sünnilərlə işimiz yoxdur". Bütün bunları müşahidə edən Əli bəy Hüseynzadə yazırdı ki, "biz bu sözlə sonrakı sözlər arasında bir ziddiyyət olduğunu göstərmək istəriz. Son vaxtlar müsəlmanlar tərəfindən "Daşnaksütyun orqanizasiya"sı ittiham edilib, bunların sahib olduqları topların, tüfənglərin kimə qarşı olduğu sual edildikdə ermənilər münasib bir cavab verməkdən aciz qalıb dedilər ki: "bu hazırlıq osmanlı dövlətinə qarşıdır"... Lakin "sünnilərlə işimiz yoxdur" sözü ilə "Osmanlı hökumətinə qarşıdır" sözləri arasında böyük ziddiyyət aşkardır!..".

Ermənilərin şiələri, ya sünniləri qətlə yetirməsinin nə fərqi? Zaman-zaman daşnak, nemesis gülləsi ilə öldürülənlər müsəlman türkləri olub. Sünnisi ilə, şiəsi ilə birgə. Azərbaycanda da, İranda da, Türkiyədə də.

...Paşinyanın Tehranda rəsmi qarşılanma səhnəsini seyr etdikcə yadıma Füzulinin "Hədiqətüs süəda" əsəri düşdü. Füzuli yazır ki, 72 Kərbəla şəhidindən ikisi azərbaycanlıdır... Hətta Füzuli Kərbəlada şəhid olmuş Müslüm Azərbaycani ilə imam Hüseynin son söhbətini də təsvir edib: "Həzrəti-İmam ayıtdı: "Əhli-behiştə səlamım yetür ki, bən dəxi mütəaqib gəlməkdəyəm". Müslüm göz açub, təbəssüm qılub bu məzmunla guya oldu: Ey xoş ol saət ki, can sərfi-rəhi-canan ola, // Göstərüb aşiq vəfa məşuqinə, qurban ola".

Kərbəla şəhidlərini ona görə xatırladıram ki, məsələnin mahiyyətini şiəliyə bağlasaq, əlbəttə, İran Azərbaycan türklərinin yanında olmalıdır. Amma göründüyü kimi, burda din amili heç bir rol oynamadı. Din amili bir kənara qoyulsa, farslarla ermənilər bir-birinə tarixən bizdən daha yaxın, daha doğma, daha dərin bağlarla əlaqəlidirlər. Müasir İran tarixşünaslığında da təsbit olunduğu kimi, Əhəmənilər dövründə şah sarayında farslardan sonra ən üstün mövqe ermənilərə etibar olunurdu. Belə çıxır ki, onları birləşdirən hindlilərlə, ermənilərlə farsların eyni dil qrupuna mənsub olmalarıdır. Ermənilərin tarixdən əvvəlki çağlarda farslarla irtibatı qeyd etdiyimiz kimi, onları hər hansı farsın nəzərində, təbii ki, biz türklərdən daha doğma edəcək. Bu baxımdan, Zəngəzur səmtində ordumuzun gördüyü cavab tədbirlərinə ilk reaksiya Hindistandan gəldiyi kimi, İrəvanda Mahatma Qandiyə heykəl qoyulması da, Paşinyanın Tehranda sevgiylə qarşılanması da bizi təəccübləndirməməlidir. Buna rəğmən, bizi daha çox İrandakı bəzi azərbaycandilli kanallarda aparılan antiazərbaycan təbliğatı təəccübləndirir. Bəs Cənubi Azərbaycanın çağdaş ədəbiyyatı hardadır? Səsi niyə eşidilmir? Etiraf edək ki, indi şimali Azərbaycana deyil, cənubi Azərbaycana xitabən "Bəsdir fəraq odlarından kül ələndi başımıza, Ayağa dur, üsyan elə, ya tamam yan, Azərbaycan" - deyən Şəhriyarın yeri boş qalıb.

İran televiziya kanallarının birində bir qadın Azərbaycan dövlətini yarğılayarkən, sionizmə qucaq açmaqda suçladı. İran televiziyasında həmin xanımı belə danışmağa təhrik edənlər gərək unutmasınlar, bütün dünya bilir ki, ortada Həmədan amili var və Tanrının Yerusəlimdəki tapınağının qurulması barədə ilk qərar farslar tərəfindən Həmədanda verilib. "Tövrat"ın Ezra bölümünü yer üzündə oxumayan kimsə yoxdu: "Midiya elindəki (yəni güney Azərbaycanındakı - A.T.) Ahameta Qalasında bir tomar tapıldı. Tomarın içində bunlar yazılıydı: "II Kir krallığının birinci ilində, Tanrının Yerusəlimdəki tapınağı ilə bağlı belə buyruq verdi: "bu tapınağın yenidən qurulması üçün təməl atılsın". Beləliklə, Yəhudi məbədinin təməllərini fars hökmdarı atır. Buna rəğmən, Əhəmənilər dövrü İranında antitürk cərəyanları dəqiq təsnif etmək bu günə qədər mümkün olmayıb. Çünki məsələ çox müəmmalıdır. Bu müəmma hətta mifoloji Kəyanilər dövründən qaynaqlanır. Belə ki, Firdovsi Zöhhakı ərəb şahı Mərdasın oğlu kimi təqdim edir.

Zöhhak, əslində, "Şahnamə"də ərəb şahıdır. Ərəb Zöhhakı devirən dəmirçi türk olduğu kimi, Kəyan tacını, pers ölkəsini ərəb sərkərdəsi Zainigaondan (Samihdən) qoruyan da türkdür, yəni Turan hökmdarı Əfrasiyab - Alp Ər Tonqadır. Lakin az sonra Kəyan şahı Keyxosrov onu və millətini ərəb zülmündən xilas edən Alp Ər Tonqaya müraciətlə "Ey Əfrasiyab... Vaxt keçirmədən qalx, İrandan çıx get. İranda nə işin var sənin" - deyə yazdığı məktuba Alp Ər Tonqanın verdiyi cavab belə olmuşdu: "İranın mənim olmasının ilk səbəbi, Firidun oğlu Tur soyundan gəlməmdir. İkincisi isə qılınc çalmaqda eşsiz olan bu qollarım sayəsində İranı ərəblərdən boşaltmamdır".

Deməli, Əfrasiyab Kəyanilər dövründə (mifik dövrdə) İranı ərəb istilasından, Keyxosrovu ölümdən qurtarıb. Amma kəyani Keyxosrov türk Alp Ər Tonqa ilə dostluğunda səmimi olmayıb, Maduvaya - Alp Ər Tonqaya münasibətində gizli həsəd və əski düşmənçilik hisslərini cilovlaya bilməyib. Zəki Vəlidi Toğanın "Ümumi türk tarixinə giriş" əsərində yazdığı kimi, Keyxosrov "Şimali Midiyanı və doğu Anadolunu Sakaların əlindən almaq üçün qəddaranə planlar qururdu. Dostluq göstərərək etimadını qazandığı Maduvanı (Əfrasiyab - Alp Ər Tonqa) ziyarətə çağıraraq sərxoş edib, pusquda qoyduğu qüvvətlərlə hücum edərək Maduva başda olmaqla, bütün Saka böyüklərini ələ keçirərək öldürdü".

***

Şiəliyə gəlincə, sonralar o, Əhməd Ağaoğlunun təbiriycə İran ərazisində məzdəki inancla qaynayıb-qarışsa da, "İran milli ruhunun sintezi" olsa da, Azərbaycanda onun belə bir funksiyası olmayıb. Şiələrlə sünnilərin türk düşüncəsi ətrafında sintezi XX yüzilin əvvəllərində islamın Azərbaycan modelində çözülüb: "Can düşməni təhdid ediyorkən tərəfeyni // Ey xacə nədir məsəleyi şiə və sünni". (Əli bəy Hüseynzadə). Yəni ermənilər hər iki tərəfi - sünniləri də, şiələri də təhdid edirkən məzhəb ayrılığına nə hacət?

Digər tərəfdən, şiəlik fars cəmiyyətinə XIII əsrdə Elxanilərdən, "ağköynək dəstəsinin" ilk aşura ayini isə Molla Pənah Vaqifin təlqinləri ilə ilk dəfə XVIII yüzildə Qarabağdan, Şuşadan transfer olunmuşdu. Qaynaqlar da bunu təsdiq edir: "Ələmdarların Qarabağda məruf olduğunu (tanındığını) və oradan da bir çox yerlərə sirayət etdiyini nəzərə alsaq, Molla Pənah Vaqifə isnad olanların doğru olduğu meydana çıxar..." (Yusif Vəzir Çəmənzəminli).

Qarabağda İmam Hüseyn əzadarlığının təməlini qoyan Molla Pənah Vaqif isə "Görmədim" müxəmməsində yazırdı:

Ey xoş onlar kim Məhəmməd Mustafanı sevdilər,

Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,

Sidqü ixlas ilə pənc ali-əbanı sevdilər,

Çardəh məsumtək müşkülgüşanı sevdilər,

Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim.

İrana səfər edən Paşinyan Məhəmməd Mustafanı, Əliyül Mürtəzanı, pənc ali-əbanı, "çardəh (on dörd) məsumu" sevən gözəl camaatı qətlə yetirib, Qarabağ məscidlərini donuz damına döndərən xalqın lideridir... Amma nə yaxşı ki, artıq məğlub xalqın məğlub lideridir. 44 günlük savaşımızla Azərbaycan əsgəri təkcə torpaqlarımızı erməni murdarlığından deyil, həm də məscidlərimizi donuz sürülərindən təmizlədi... Ermənilərin 30 il sərasər donuz bəslədiyi Gövhər ağa məscidinin minarəsində 2020-ci ilin noyabrında Azərbaycan əsgəri azan oxudu.

...Rza Şahın dövründəki bir çox fars alimləri İranda danışılan Azərbaycan dilinin dönmə bir dil olduğunu iddia edirdilər. Belə düşünən İran alimlərinə təpki o dövrdə yalnız Türkiyədən gəlirdi. Nihal Atsız 1952-ci ildə keçirilmiş elmi konfransların birində deyirdi: "Elxanlıların Azərbaycanı kəsin olaraq türkləşdirmələri əcəmləri də qərib iddialara sövq edir: onların fikrincə, moğollar Azərbaycanı alıb əcəm olan əhalisinin dilinə iynələr batırmaq surətiylə xalqı türkcə danışmağa zorlamışlar. Bir millətin dilinə iynə batırıldığı üçün yabançı bir dili kütləvi şəkildə öyrənərək danışmağa başlamasının gerçəklə bağdaşlaşdırılmasındakı gülünclük meydandadır". Bəli, meydandadır. Amma əsli-əsası olmayan bu fikri kitabdan kitaba ötürənlər, onu İranda az qala, dövlət ideologiyası səviyyəsinə dönüşdürənlər də bu əsilsiz düşüncədən imtina etmir. Hətta antişiə görüşləri ilə məşhur olan əslən təbrizli Əhməd Kəsrəvi azərbaycanlıları türk hesab etmir, onları İran qrupuna daxil olan Azəri milləti adlandırırdı. İran milli şüurunun Azərbaycan amilinə münasibəti belədir.

O zaman meydana başqa bir sual çıxır: Elxanilərin timsalında moğol ünsürü bu torpaqlara gələndə indiki İran ərazisində əvvəl türk Qəznəlilərin, sonra Türk Səlcuqluların hakimiyyəti illərində sünni inancı hakim idi və İranın şiə təmayülünə yönəlməsi isə yenə də Moğol mənşəli türk hökmdarı Qazan Xanın dövrünə təsadüf edirdi. Çağdaş amerikan tarixçisi Peter Qoldenin "Türk xalqları tarixinə giriş" əsərində bildirdiyi kimi, "Qazan Xanın İslamı nəhayət şiə bir meyil qazandı. Ciddi moğol varlığı onun sünniliyi dövlətdən ayırması, şiəliyin gələcək zəfərinə ortam hazırlamışdır. Hətta buddizm və xristianlıq ilə cilvələnməsinə rəğmən, Olcaytu da şiə meyilli İslama döndü". Bu həmin tarixdir ki, bəzi İran alimlərinin iddia etdiyinə görə, guya Elxanilər "əcəmlərin dilinə iynələr batırmaq surətiylə xalqı türkcə danışmağa zorlayırmşlar". Belə çıxır ki, Elxanilər əcəmlərin dilinə iynə batırmaqla onların bir xalq olaraq ellikcə türkcə danışmasına nail olur, sonra türkcə danışmağa məcbur olan toplum Elxani hökmdarının təlqini ilə şiəliyi qəbul edir.

Yeri gəlmişkən, Kəsrəviyə görə, Azərbaycan bu gün bizim Cənubi Azərbaycan adlandırdığımız ərazidir. Şimali Azərbaycan isə onun qənaətinə görə Qafqaz Albaniyasıdır. Bu necə bir Qafqaz Albaniyasıdır ki, 1905-ci ildə Bakıda, Əli bəy Hüseynzadə onu belə təqdim edirdi: "Qafqaziyanın qonşu xalqları tərəfindən səhvən tatar adlandırılan və Qafqaz silsilə dağlarının cənub səmtində sakin Azərbaycan türkləri ki, şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir, İranın şimal-qərbində sakin olanlar da bunlardandır". Yəni bu coğrafiyanın quzeyi də, güneyi də Azərbaycandır və türkdür.

İran türklüyünün XX yüzildə milli özünüdərk prosesinə ən güclü təkan Şəhriyarın yaradıcılığı ilə gerçəkləşdi. Türkcəni vəsf etməklə, türkcənin ən gözəl örnəklərini yaratmaqla İran milli ədəbiyyatına Azərbaycan türkcəsinin möhürünü vuran Şəhriyarın idealları arasında türk birliyi - Türkiyə amili də vardı. "Türkiyəyə xəyali səfər" şeirində yazdığı kimi: "Gəlmişəm nazlı hilal ölkəsinə. // Fikrətin incə xəyal ölkəsinə. // Akifin marşı yaşardıb gözümü, // Baxıram Yəhya Kamal ölkəsinə".

Diqqət yetirilməli məqamdır. Yazının əvvəlində xatırlatmışdım. XX yüzilin əvvəllərində panfarsist təmayüllər Türkiyəni islam aləminin başı zənn etdiyinə görə Əli bəy Hüseynzadəni yarğılayırdı. Əsrin sonlarında isə Şəhriyar "Əvət, İslam ocağı Türkiyədir, // Bir müsəllası Aya Sofiyadır... // Görüm, ay nazlı hilal, ey sancaq, // Parlasın get-gedə bu sönməz ocaq." - deyib yüz il əvvəl "Füyuzat"da bəyan olunan fikirlərə şərik oldu.

21 il bundan əvvəl Şəhidlər xiyabanında Söhrab Tahirlə söhbət edirdik. "Ata" əsərini yenicə yazmışdı. Cənub əsilli ilk şairimiz idi ki, ilham pərisi onu mifoloji fəzaya - türk tarixinin Altay dağlarına qanadlandırmışdı. Söhrab Tahir Təbrizdən Turana yönəlmişdi. Bu barədə "Yeni Azərbaycan" qəzetinin 2001-ci il 21 aprel tarixli sayında "Təbrizdən Turana gedən yol" adlı məqalə dərc etdirmişdim. Söhrab Tahir deyirdi ki, "Bir əsrdə o tayda üç inqilab, üç azadlıq və üç ölüm görmüş millət yüz ildir ki, ayaq üstündədir". "Ayaq üstündədir, Söhrab əmi, amma istinad etdiyi ideolojilər yanlışdır", - deyə qarşılıq vermişdim.

Tarixdən ibrət götürməmiz lazım. Türk İranının Osmanlı türkləri ilə savaşına meydan olmuş və indiki İranın qərbi Azərbaycan vilayətində yerləşən Çaldıran bu gün dünya erməniliyinin mərkəzinə çevrilməkdədir. Təsəvvür etmək çətin deyil, İran Azərbaycanında dünya erməniliyinin gəlişməsinə qucaq açan bir Çaldıran vardır. Hər il minlərlə erməni həvari Faddeyə ehtiramını ifadə etmək üçün Çaldırana toplaşır... Guya orda ermənilərin Qarakilsə ziyarətgahı - Həvari Faddeyin məzarı varmış. Halbuki nə Çaldıranın, nə Qarakilsənin, nə Həvari Faddeyin, nə də Həvari Faddeydən İsa Məsihin portretini alan V Abqarın ermənilərə və erməniliyə dəxli yoxdur. Olmasa da görünür, erməni millətçiliyinin yalanı fransızlara da, farslara da eyni dərəcədə inandırıcı görünür. Hələ üstəlik, bu yalanın coğrafi məkanı tarixi Azərbaycan torpaqlarıdırsa - Çaldırandırsa ikiqat inandırıcı görünür...

Biz isə 1514-cü ildə Çaldıranda türk milli birliyini zədələmişik!!!

Bir daha 1906-cı ilə, panfarsist "Həqayiq"lə pantürkist "Füyuzat"ın polemikasına qayıdıram. "Həqayiq" fars amilini yenidən aktuallandıranda Əli bəy Hüseynzadə buna belə reaksiya vermişdi: "Bizim tutduğumuz yol türklük, müsəlmanlıq və avropalılıqdır. Yoxsa farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti ilə mədəniləşmək deyildir".

# 2577 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #