Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz
11 dekabr 2024
# 15:28

Kulis.az Oğuz Ayvazın “Mənim keçmiş sevgililərim” adlı silsiləsindən qələmə aldığı növbəti yazını təqdim edir.

Bir ildən sonra İntizarı unutmuşdum. Yeniyetmə hisslərim, duyğularım o qədər coşqun, alovlu, çılğın idi ki, bir yerə bənd ola bilmirdim. Bu dəfə can dostumun bacısına aşiq olmuşdum. O da qapı qonşum idi. Adı İlahə idi. Nə hikmət idisə sevdiyim qızların baş hərfi İ ilə başlayırdı.

Deyəsən, elə balacalıqdan ona vurulmuşdum. Onu xəyal etmək, saçlarının
qoxusunu burnumda hiss etmək gündəlik peşəmə çevrilmişdi. İlk ehtirasım, ilk sevgim o qızda toplanmışdı. İçimdə zəlzələ törədəcək sevginin uğultusu qulaqlarımı batırırdı. Məhəlləmizdə işıq sönəndə qonşu qız pilləkən meydançasına çıxardı. Mən də girəvəyə salıb onu öpərdim. Onu işıqlı yerdə öpməyə ürək
eləmirdim. O, anası, qardaşları ilə yaşayırdı. Bir qardaşı ilə qardaşdan da yaxın dost idik. İlahə ətli, budlu, gülərüz, şabalıdı, uzun saçlı, yanaqları al-al bir qız idi. Yaşından böyük görünürdü. Ona yaxınlaşanda sanki qeyri-adi bir qüvvə bədənimi gizildədir, içimdə baş qaldıran hisslər üsyana qalxırdı. Hər gün küçə iti kimi evlərinin qapılarını kəsdirir, özümü içəri dürtür, İlahə ilə gizlicə ehtirasın qollarında birləşir, məhəbbətin bizə verdiyi anları yaşayır və həzzin içində yoxluğa çevrilirdik.

Günlərin bir günü dostumla bərk dalaşdım, onu döydüm. Yox, sanmayın ki, bacısını sevdiyimə görədir. Dostumla birlikdə çalışmış, onun işdə məni qabaqlamaq istəyi, pula hərisliyi ilk sarsıntım olmuşdu. İşin sonunda sözümüz çəpləşmiş, yumruqlarımız danışmışdı. Bundan sonra İlahə məndən gen gəzməyə başladı. Süddən kəsilmiş körpə kimi hiss edirdim, hər kəsə, hər şeyə qarşı soyumuşdum. İlahəni ya dükana gedəndə, ya da eyvana çıxanda görürdüm. Hərdən özümü dostuma xəyanət edən adam kimi hiss edir, amma içimdəki vəhşini susdura bilmirdim.

Dostumla dalaşmağımızdan, küsülü qalmağımızdan xeyli vaxt ötmüşdü. Əvvəllər bacısını görmək bəhanəsiylə dostumgilə gedir, ordan-burdan söhbət eləyir, çay içirdik. Gözünü televizora zilləyib seriala baxan bacısı ev paltarında daha gözəl görünürdü. Onun mənə çay süzməsi, nəsə istəyib-istəmədiyimi soruşması yuxu kimi gəlirdi.

Yağış yağırdı, o zamanlar elə bilirdim ki, yağış ancaq bizim məhəlləyə yağır. Yəqin, indi sevdiyim qız pəncərənin qabağında durub yağışa tamaşa edir. Onun adını çəkə bilmirdim. Elə bil, bu sözü deməyə qorxurdum. Sevmək - atom bombasını siqaret kötüyü tək söndürmək, güllələri yağış damlasına bənzətmək kimidir.

Yağışda islana-islana məhəlləyə üz tutdum. Sevdiyim qız paltoya bürünüb üzü küləyə qaçırdı. Şikar görmüş vaşaq kimi gölməçələrin üstündən tullana-tullana ona sarı cumdum. Yaxınlaşdım. Sanki məni görmürdü. Özümü toparlayıb astaca dedim:

- Səni sevirəm!

O, sərt cavab verdi:

- Cəhənnəm ol!

Binaya girdik. Kimsə gözə dəymirdi. Onu arxadan bərk-bərk qucaqladım.

- Əlini çək! Burax!

Cavab vermədən onu divara dirəyib kərkindim, ətli döşlərini sıxdım. Qarşılıq vermədi. Gözlərində ölü ifadə vardı. Arxasını çevirib qaranlıqda itdi.

Biz balaca olanda analarımız məni o qızla çarpayıda bir yatızdırardı. İlahənin çılpaq baldırları neçə dəfə mənə toxunmuşdu. Yanaşı yatdığımız günlərdən çox vaxt keçib, amma mən nə vaxt onu düşünürəm, həmin çarpayı, həmin uşaqlıq və
həmin bir anlıq ehtiras gəlib dururdu gözümün önündə. Mən onu düşünəndə canımdan vicvicə keçirdi. Mənə elə gəlirdi ki, bu hiss sevgidir. Demək, mən, əslində, o ehtirası alarkən sevgi yaşayırmışam. Onda o da məni sevməliydi, çünki
mənim də çılpaq budlarım ona dəymişdi. Bəlkə də bu, qarşılıqsız sevgi idi.

Evdən İlahəni sevdiyimi bilmişdilər. Anama demişdim, onunla evlənmək istəyirəm, mənim adımdan elçi gedin. Atam bu işə razılıq vermədi, dedi dərslərini oxu, hələ nə yaşın var... Mənsə gizlicə bu işə anamı da daxil elədim.

Axşam evə gələndə anam tək idi. Qolundan yapışdım ki, gedək qızı istəyək. Anam
məndən qorxmağa başlamışdı. Razılaşdı. Yazıq anam... İlahəgilin qapısını bərkdən döydüm. Qapını qız özü açdı. Təəccübləndi. Nəsə demək istədi, anamı görüb dinmədi. İçəri keçdik. Qızın anasına salam-zad vermədən mətləbə keçdim:

- Ay xala, qızınızı bir həftəlik mənə verin.

Vallah, ona heç nə etməyəcəm, eləcə, qucaqlayacam. Verin qızınızı mənə! Nolar,
yalvarıram!

Xalanın üzü əlində qalmışdı, təəccüb dolu gözlərində həyəcan da hiss olunurdu. Bir neçə dəqiqə sükut bayrağı əsdi. İlahənin anası özünü toparlayıb dilləndi:

- Ay Oğuz, a bala, bu düzələn iş deyil. Get, universitetini, hərbi xidmətini bitir, gəl, qızı verim. Sevdiyim qız kənardan bu mənzərəyə tamaşa edir, böyük həzz alır, eqosunu qidalandırırdı. İlahənin anası bu işə heç cür razı olmadı və biz də çıxıb getdik.

Günlər həftələri, həftələr ayları qovdu. Dostumla barışdım, amma bir də dost ola bilmədik. Ona bacısını sevdiyimi dedim, o mənə heç nə demədi. Bir müddət keçəndən sonra İlahəyə elçi gəldi və o ərə getdi. Mənsə onu unutmaq üçün çox əzab çəkdim.

# 348 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
# # #