Gəncləri intihar kəndirinə nə aparır?

Gəncləri intihar kəndirinə nə aparır?
5 iyun 2024
# 12:45

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Hər tədris ilinin sonunda mütləq intihar xəbərlərini oxuyuruq.

Universitetə girə bilməyən gənclər ailə və ətrafın təzyiqinə boyun əyərək intihar eləyir.

Hamısı da nə üstədir? Diplom!

Açığı, intiharlar əvvəllərə nisbətdə xeyli azalıb. Ancaq yenə də çoxdur. Bir nəfər belə intihar eləyirsə, yenə çoxdu.

Bəs gəncləri nə aparır kəndirə?

Nə aparır göydələnlərin damına, körpülərə?


***
Son illərdə oğlanlarda təhsilə maraq tamamilə azalıb.

Artıq oğlanlar təhsilə, diploma çıxış yolu kimi baxmır.

Görürlər ki, ətraflarında diplomu olmayanlar, ali təhsil almayanlar daha yaxşı yaşayır, daha çox pul qazanır.

Qızlar üçün vəziyyət fərqlidir. Bizim kimi cəmiyyətlərdə ali təhsil qızlar üçün çıxış yoludur.

Bununla onlar iqtisadi azadlıqlarını təmin eləyirlər və ailədən maddi asılılıqlarını minimuma endirirlər.

Oğlanlar isə ali məktəbə daxil olmaq yerinə bir iş tapıb işləmək istəyirlər. Çünki ölkə ali təhsil alıb illərdir işsiz olan insanlarla doludur.

Bəli, artıq diplom eyforiyası bitib.

Ən azından, oğlanlar üçün.

***

Azərbaycanda diplomun etibarı çoxdan yerlərdədir. Səbəb də onu alandan sonra adəti üzrə iş tapmağın müşkülə çevrilməsidir.

***
Əvvəllər mən də qınayırdım gəncləri.

- Niyə kitab oxumursunuz?

- Niyə filmlərə baxmırsınız?

Və s… Və ilaxır…

Ancaq artıq demirəm bu sözləri...

Çünki ölkədə kitabın reputasiyasını məhv eləyiblər.

Çap olunan kitabların kefiyyəti olduqca aşağıdır: tərcümə, korrektə, redaktə, üz qabığı, vərəqlər…

Şəksiz ki, aralarında 5-10 dənə yaxşısını da tapmaq olar, ancaq 10 milyonluq ölkə üçün heç nədir.

Bunların təhsilə nə dəxli var?

Elə birbaşa təhsilin mərkəzi problemlərindəndir.

***

Bax, hələ mən müəllimlərin şagirlər yanına gəlsin deyə məktəbdə düz-əməlli dərs deməməsini demədim.

Bax, hələ mən müəllimlərin şagirlərə mənasız iş tapşırıb, başqa bir otaqda uşaq hazırladığını demədim.

Bax, hələ mən 2024-cü ildə filan müəllimin ad günüdü, nə bilim, 8 Martdı deyibən şagirləri və valideynlərini boğaza yığmağı demədim.

Hətta bəzi dostlarla danışıram, deyirlər ki, sadəcə, dərs kitablarını oxuyub imtahana girmək olmaz, çünki kənar kitablardan da suallar düşür.

***

Valideynlər də ki, bəhsəbəhsdədi.

Guya övladın gələcəyini fikirləşir.

Əslində isə qonşusu Məmmədalıdan, qohumu Səmədalıdan, iş yoldaşı Bəndalıdan dala qalmaq istəmir.

Necə yəni Məmmədalının, Səmədalının, Bəndalının oğlu, qızı, nəvəsi imtahandan keçəcək, mənimki yox?!

Dərd budur!

Uşağın gələcəyi olsun, 5 adamın arasında hörmət-izzəti olsun, itə-qurda möhtac olmasın – bunlar hamısı bikara söhbətlərdir.

Bunu düşünənlər olsun 5 %... Ən çoxu…

***

Biz onları bağrımıza basaraq deməliyik:

- Gələn il bir də hazırlaşarsan.

Unutmamalıyıq ki, diplom hər şey deyil. Hər hansısa bir peşəyə yiyələnib də xoşbəxt olmaq olar, yaşamaq olar. Yeniyetmələrin, uşaqların üzərində bu dərəcə təzyiq yaratmaq, psixologiyalarına mənfi təsir etmək bizə yaxşı heç nə vəd etmir. Göründüyü kimi...

# 5851 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağın dirçəlişinə həsr olunan sərgi açıldı

Qarabağın dirçəlişinə həsr olunan sərgi açıldı

17:46 15 may 2026
Muzeylərdə "Açıq qapı"  günü elan olunur

Muzeylərdə "Açıq qapı" günü elan olunur

17:46 15 may 2026
Zərdabinin qızının övladlığa götürdüyü bəstəkar kimdir?

Zərdabinin qızının övladlığa götürdüyü bəstəkar kimdir?

16:16 15 may 2026
Xaqani Şirvaninin 900 illiyinə həsr olunan videomaterial hazırlandı

Xaqani Şirvaninin 900 illiyinə həsr olunan videomaterial hazırlandı

15:30 15 may 2026
“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış etdi

“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış etdi

13:00 15 may 2026
Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm"  kitabı nəşr olundu

Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabı nəşr olundu

12:30 15 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər