Gənc yazar: "O adamlar cümlə qura bilmir" - Müsahibə

Nadir Yalçın, yazar

Nadir Yalçın, yazar

23 sentyabr 2022
# 09:00

Kulis.az gənc yazar Nadir Yalçınla müsahibəni təqdim edir.

– Nadir, əsgər gedirsən. Adətən yazıçı və şairlər hərbi xidmətə meylli olmurlar, əsgərlikdən yayınırlar. Fürsət yaransaydı, hərbi xidmətdən yayınardın?

– Heç vaxt hərbi xidmətdən yayınmaqla bağlı fikrim olmayıb. Amma planlarım həyata keçsəydi, hərbi xidmətə getməyim ertələnəcəkdi. Elmi istiqamətdə irəliləmək istəyirdim. Bilirsən ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Magistraturaya qəbul olmaq arzusundaydım. İş, müxtəlif qayğılar, bir az da səhlənkarlığım bu arzumun həyata keçməsinin qarşını aldı. Ona görə də, hərbi xidmətə yollanmağım tezləşdi.

– Yaradıcılığınla, ədəbiyyatla bağlı hansısa hadisə hərbi xidmətə yollanmağına mane olardı?

– Ədəbiyyatla bağlı heç bir məsələ məni hərbi xidmətdən yayındırmazdı. Heç bir irihəcmli əsər üzərində də işləmirəm ki, yarım qala. İstəyərdim, getməmiş hekayələr kitabımı çap edim, alınmadı. Amma bununla belə, əsgərliyə getməyimə təəssüflənmirəm. Zənnimcə, mənim üçün bir mərhələ olacaq.

– Niyə kitabını əsgərlikdən qabaq çap etdirmədin?

– İstədim, kitab tərtibatı üçün daha bol vaxtım olsun. Əslində, hekayələrdən başqa bir tarixi romanın da eskizi hazırdı. Əsgərlikdən qayıdandan sonra fikrim dəyişməsə, həmin roman üzərində işləməyə başlayacam. Həmin roman cümhuriyyət qurucularından birinin həyatından bəhs edəcək.

– Yaşıdların, bəzi ədəbiyyat adamları sənin köhnə estetikada yazdığı deyirlər və tənqid edirlər, altmışıncıların üslubunda yazdığını deyirlər, yeniliyə can atmamaqda günahlandırırlar.

– Hökm vermək naqislikdir. Düzgün cümlə qurmaqla köhnə estetikada yazmaq anlayışlarını qarışdırırlar. Mən sağlam tənqidlə, arqumentli fikirlərlə həmişə razılaşmışam. İdeya-məzmun baxımından ötən əsrin yaradıcılıq nümunələrinin mətnlərimdəki təsirini də danmıram və bu, normal haldır. Maraqlıdır ki, məni köhnə estetikada günahlandıran adamların əksəriyyəti heç cümlə qura bilmir.

– Məsələn, kim?

– Bilirsən ki, Təvəkgül Boysunarla böyük polemikamız oldu, polemikamızın predmeti də mətn idi, şəxsiyyətə yönəlmiş qərəz yox idi. Təvəkgül kifayət qədər mütaliəli insandır və yaxşı tərcümələri var. Amma məni köhnəlikdə günahlandıran Təvəkgülün heç bir qələm nümunəsi mənim estetik zövqümü oxşamayıb. Ümumiyyətlə “dişə dəyən”, ədəbiyyat adına bir cümlə belə oxumamışam. Hekayələrində redaktə problemi olmayan nadir cümlələr var. Ümumiyyətlə, Azərbaycan dilinin cümlə quruluşuna bələd deyil. Amma fürsət düşən kimi hekayələrimin dilini, üslubunu tənqid edir və fikirlərini əsassız hesab edirəm.

– Sənin təkcə hekayələrin yox, şeirlərin haqqında da eyni tənqidlərə rast gəlmək olur…

– Mən bunu səndən eşidirəm, şeirlərim barədə eynitipli fikirlərə rast gəlməmişəm. Ümumiyyətlə, belə bölgü, müqayisə düzgün deyil. Mənim hazırda yazdıqlarım emosional baqajımın məhsuludur, müşahidələrimlə yanaşı elin-obanın, nənəmin, babamın söhbətləri bədii təxəyyülümə rəng verir. Mən axtarış mərhələsindəyəm.

– Axtarışda olduğunu deyirsən, amma tənqidlərə dözümsüz yanaşırsan. Bəzən fikirlərə sərt cavab verirsən…

– Emosinallığımı danmıram… Tutarlı tənqidlərə heç vaxt aqressiv cavab verməmişəm. “Kulis”in hekayə müzakirəsində “Nina Nikolayevna” adlı hekayəmi Maral Yaqubova çox gözəl tənqid etmişdi və buna görə ona minnətdarlığımı bildirmişdim.

– Onda belə çıxır ki, sən ancaq həmkarlarının tənqidini qəbul eləmirsən?

– Bəzi həmkarlarımın arqumentsiz, bayağı, tutarlı olmayan tənqidlərini qəbul eləsəm, özümə hörmətsizlik eləmiş olaram.

– Sən, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin üzvüsən və bir çox məqamlarda həmin qurumu müdafiə xarakterli fikirlərinə rast gəlmişik. Gənclik etiraz ruhunda olmalıdır və bu quruma qarşı fikirlər də birmənalı deyil. Niyə heç vaxt AYB-ni tənqid etməmisən? Doğurdanmı bu qurum qüsursuzdur?

– Qüsursuz qurum yoxdur. Bu ölkədə bütün qurumlarda qüsur tapmaq mümkündür. Qüsur axtarmağa qalsa, AYB sonuncu sırada yer alar. Bilirsən, mən həmişə ədəbi irsiyyət məsələsinə önəm vermişəm və klassiklərə hörmətlə yanaşmışam. AYB-də hazırda çalışan kifayət qədər vicdanlı insanlar var. AYB görkəmli ədiblərimizin ocağı olub. AYB mövzusu mənim üçün prioritet deyil. Enerjili və öz mətnləri barədə düşünən gənc ədib üçün AYB-ni tənqid etmək öncül olmamalıdır. Orta-yaşlı nəslin nümayəndələri arasında mənim sevdiyim və hörmət etdiyim bəzi ədiblər var ki, hələ də Xalq yazıçısı Anar mövzusundan qurtula bilməyiblər.

– Məsələn, kim?

– Məsələn, xətrini çox istədiyim Şərif Ağayar hələ də ara-sıra Anar müəllimlə bağlı tənqidi fikirlər səsləndirir, yazılarında bu mövzuya toxunur. Bu məndə ikrah hissi doğurur ki, Şərif Ağayar kimi nasir, çağdaş ədəbiyyatımızın görkəmli siması hələ də bu söhbətlərin içində gəl-get edir.

– Necə düşünürsən, bu Şərif Ağayarın şəxsi kinidir, yoxsa necə?

– Bu da ola bilər... Məsələn, Rəşad Məcid bütün polemikaları unudub, haqqında lazımsız fikirlər səsləndirənlərlə belə mehribanlıqla görüşür, kin qusmur heç kimə. Deməli, yaşın müdrikliyi ilə hərəkət eləmək mümkündür.

– Ölkədə ədəbiyyat adına yeganə qurum AYB-dir. Yazıçı və şairlər AYB-dən danışmayıb nədən danışmalıdır ki?

– Qüsurların dilə gətirilməyinin əleyhinə deyiləm, tənqid etmək normaldır. Amma AYB-ni tənqid etmək hədəfə çevirilibsə, səmimi tənqiddən söhbət gedə bilməz. Səhəri gün mən, sən, qeyrisi AYB ilə bağlı tənqidi fikir səsləndirsə, bu, normaldı, azad fikirdi. Amma bu mütəmadi olmamalıdır. Emil Rasimoğlu, Tural Turan və bu qəbildən olan insanlar problemli məqam axtarırlar ki, hücuma keçsinlər, təbii ki, bu, səmimi tənqid deyil. Adın çəkdiyim şəxslər dəmbədəm Rüstəm Behrudini türk dünyasının söz ustadı adlandırır, Dədə Qorqud səviyyəsində tərənnüm edirlər. Adama gülməli gəlir e, Xalq yazıçısı Anar Rüstəm müəllimcən də olmadı?! (gülür)

– Bəs AYB-də səni narahat edən məqamlar var?

– Layiqli gənclərin bədii mətnlərinin tərcüməsi barədə xüsusi layihələr düşünülməlidir. Beynəlxalq ədəbiyyat festivallarına göndərilənlərin siyahısı yenilənməlidir. Bu kimi umduğum məsələlər var. Onlar da zamanla düzələcək…

– AYB vasitəsilə Prezident təqaüdü alanların siyahısı ictimaiyyətə açıqlanmır. Belə qənaətə gəlinir ki, deməli, təqaüd dosta-tanışa verilir. Bununla bağlı nə düşünürsən?

– Mənimlə AYB-nin mətbuat katibi kimi danışırsan. Hər qurumun öz prinsipləri var. Yəqin ki, nizamnamədə elə bir tələb yoxdur. Özü də, azı, son 4-5 il təqaüd alan gənclərin hamısını yaxşı tanıyırsan. Elə özləri Feysbukda paylaşırlar. Hər il 20 gəncə təqaüd verilir. Hər il 20 gənc yetişirmi? Təbii ki, yox. Ona görə də hazırlanan siyahının hamının ürəyincə olması müşkül məsələdir. Və yəqin ki, təqaüd siyahısını formalaşdıranda AYB-nin bütün üzvləri nəzərə alınır, sənin, mənim kriteriyalarım yox…

– Heç düşünürsənmi ki, təqaüd bəzən layiq olmayan adamlara verilir?

– Real danışmaq lazımdır. Sən düşünürsən ki, hər il təqaüd alan 20 gəncin hamısı fövqəladə istedada malik olmalıdır? Axı bu necə ola bilər? Təqaüd alanların içərisində layiq olmayan adamların adına rast gəlmək olar. Amma bu AYB-nin günahıdırmı? AYB nə etsin ki, hər il 20 gənc ədib yetişmir? Olanımız budur da… İstedadsız olsa belə, kiminsə bir il təqaüd almağı məni narahat etmir, kiminsə hansısa ehtiyacı ödənilir…

– Gənc həmkarlarından kimin səndən yaxşı yazdığını, istedadlı olduğunu düşünürsən?

– Həm mütaliə, həm də esselərindəki yazı texnikası, məlumat zənginliyi baxımından Rəvan Cavidi özümdən bir neçə addım irəlidə görmüşəm. Məlik Rzanın hekayələrini oxuyandan sonra yazdıqlarımı redaktə etməyi planlaşdırmışam, bəzi hekayələrimi silmək barədə düşünmüşəm. Orxan Həsəninin yaxşı qələminin olduğunu düşünürəm… Söhbət nəsildaşlarımdan gedirsə, sayımız çox deyil.

– Bəziləri deyir ki, Nadirin mütaliəsi zəifdir, bu barədə nə deyə bilərsən?

– Sadəcə mən bəziləri kimi özümü reklam etmirəm. Səmimi məclislərdə bəziləri kimi bilərəkdən kitab söhbətlərini ortaya atmıram, özümü intellektual göstərməyə çalışmıram. Son bir ildə mütaliəm zəifləyib. Bir yandan iş, bir yandan əsgərlikqabağı tamamlamağa çalışdığım məsələlər… Söhbət yerli ədəbiyyatdan gedirsə, özümü hazırlıqlı oxucu hesab edirəm. Dünya ədəbiyyatından sistemsiz mütaliə etmişəm, hələ oxumalı olduğum və oxumadığım bir sıra əsər var. Elə bilirəm, bunu yaşıma bağışlamaq olar.

– Məsələn, kimlər özünü reklam edir?

– Dostlarım (gülür). Ağlımda olan adamlar təkcə reklamla məşğul deyillər, həm də oxuyurlar. Məsələn, bizim əzizimiz Orxan Həsəni hərdən elə bir dəxilsiz situasiyada Kafkanın kitabını gözümüzə soxur ki, deyirsən, əşi, bəsdi də... Dostumuz Vüqar Babazadə... Əslində, o, “Qanun”dan korrektə və redaktə etdiyi kitabların “çörəyini yeyir”. “Qanun”la işləməsəydi, haqqında danışdığı kitablardan bixəbər olacaqdı. Vüqargilə gedəndə görürsən ki, kitab rəfindəki bütün kitablar “Qanun”dandır... Təbii ki, dediklərim zarafat tərkiblidi...

– Bəzi adamlar əsgərlikdən sonra, ailə həyatı qurandan sonra ədəbiyyatdan uzaqlaşıb. Heç fikirləşmisən ki, hərbi xidmətdən sonra ədəbiyyatdan uzaqlaşım?

– Qəti belə düşünmürəm. Özümü ədəbiyyatda tapmışam. Fikrimin dəyişməyinə gümanım yoxdu. Elə bil dövrdə yaşayırıq ki, ədəbiyyat birinci peşəndisə, yaşamaq çox çətindi. Ümumiyyətlə, ədəbiyyat peşə deyil, yaşam tərzidir. Yazı ehtirasım hər şeydən üstündür.

– Sənə elə gəlmirmi ki, özünü ədəbiyyata pərçimləmisən?

– Ətrafımda olan yaşıdlarım və özümdən qat-qat böyük ədiblərin ünsiyyəti mənə elə təsir bağışlamayıb. Deyirlər ki, hay-küyümün altı boş deyil. Bu qənaətə özüm gəlməmişəm, ədəbi mühitin mənə münasibəti bunu izhar edir... Amma özünü ədəbiyyata pərçimləyən adamların sayı çoxdur. Mənim onlara yazığım gəlir. Onlar yaza bilməmək sindromundan əziyyət çəkdiklərini qavraya bilmirlər. Süni “kruq”lar yaradıblar. Özü də istedadsız adamlar maqnit kimi bir-birilərini çəkirlər, o saat birləşirlər. Çox dəhşətdi...

– Yaza bilməmək sindromu dedikdə kimlər ağlından keçir?

– Sayca çoxdular... O gün Nemət Mətinin hekayəsini müzakirəyə çıxarmışdılar. Həqiqətən, ona ünvanlan tənqidlərdə, hardasa, arqument çatışmazlığı var idi. Bilirsən, məncə, yazıçı-şair nəzəri baxımdan da hazırlıqlı olmalıdır ki, ərsəyə gələn, təqdim olunan mətni tutarlı təhlil edib fikir bildirə bilsin. Demirəm, ədəbiyyatşünas səviyyəsində biliyə malik olsun, amma sözünü təpərli deyə bilsin... Amma bununla belə Nemət Mətinin hekayəsi barədə mənfi fikirdə olmaqda haqlı idilər. Nemət Mətin ora rəy yazıb ki, deyilənləri gülüb keçdim. Mən də cavab yazdım ki, ay Nemət, gülüb keçməkdənsə, bir yazdıqların barədə düşün, gör harada boşluq var. Mənim bu rəyimi də tərəfkeşlik kimi qəbul edirlər.

Bilirsən, alınmayanda alınmır, zorla ədəbiyyat olmaz. Bunlar zorla ədəbiyyat yaratmaq istəyirlər. Mən Nemət Mətini alqışlayıram, “Yazı” dərgisini dərc etdirir, bir komandası var, nələrəsə can atır. Əslində, ədəbiyyat müxtəlif qruplaşmanın köməyi ilə qaynayan sahədir. Amma Nemət Mətindən hələ indiyə qədər yaxşı mətn oxumamışam, zövqünə güvəndiyim adamlar da bu fikirdədilər. Amma Kənan Hacıya sual verirlər ki, dünyaya kimi çıxarmaq olar? Deyir ki, Nemət Mətini... Əziz və çox hörmətli ədibimiz Kənan Hacı niyə kriteriyalarını çeynəyir? Elə bilirəm, ədəbi kriteriyalarmız bizim ədəbi vicdanımızdır. Bunu itirmək olarmı?

Foto: İlkin Nəbiyev

# 3056 dəfə oxunub

Oxşar xəbərlər

"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
# # #