"Fransa Müasir İncəsənət Ensiklopediyası"nda yer alan yeganə azərbaycanlı rəssam - Günün tablosu

"Fransa Müasir İncəsənət Ensiklopediyası"nda yer alan yeganə azərbaycanlı rəssam   - Günün tablosu
7 avqust 2025
# 11:48

7 avqust Xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür.

Kulis.az bu münasibətlə görkəmli sənətkarın həyatı, fəaliyyəti haqqında maraqlı faktlar və müəllifi olduğu məşhur "Şuşa" tablosunu təqdim edir .

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub.

Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib. Atası Fərman Nərimanbəyov AXC-nin xaricdə oxumağa göndərdiyi 40 tələbədən biri olub.

Əzablı uşaqlıq illəri və ailə faciələri yaşayıb. Atası Avropada təhsil aldığı üçün repressiyaya məruz qalıb və Sibirə sürgün edilib. Anası – fransız əsilli İrma Lya Rude isə 1941-ci ildə Bakıda həbs olunaraq Səmərqəndə sürgün olunub və 20 il orada yaşayıb.

Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra Litvada Monumental və dəzgah rəssamlığı üzrə təhsil alıb. Eyni zamanda Vilnüs Konservatoriyasında vokal dərsləri alaraq musiqiyə olan marağını da inkişaf etdirib.

Tələbəlik illərində onun etdiyi çoxsaylı müraciətlər nəticəsində anası bəraət alıb və Bakıya qayıda bilib.

30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə “Nəsimi dastanı”, 1980-ci ildə isə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb.

Rəssamlıqla yanaşı, opera sənətinə də bağlılığı vardı. Onun səsi məxməri bariton idi və klassik vokal təhsili almışdı. İtalyan operalarından ariyaları böyük ustalıqla ifa edirdi.

Rəssamın rəsmlərində Buzovna, İçərişəhər, Abşeron mənzərələri ilə yanaşı, Göyçay narı və digər milli simvollar geniş yer tutur. Bu obrazlar onun əsərləri vasitəsilə Parisdən Nyu-Yorka, Moskvadan İstanbula qədər yayılıb.

Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.

Qürurlu, mərd və vətənpərvər bir şəxsiyyət olan rəssam harada yaşamasından asılı olmayaraq, daim Azərbaycanın adını ucaldıb, Vətənini təmsil edib. Onun sənətində milli kimlik və mədəni irs əsas yer tutur.

Toğrul Nərimanbəyov portret, mənzərə, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı sahələrində çoxsaylı əsərlər yaradıb. Onun fərqli üslubu və estetik zövqü Azərbaycan incəsənətinə yeni nəfəs gətirib.

Fitri istedadı və yenilikçi baxışı ilə Toğrul Nərimanbəyov Azərbaycan rəssamlıq məktəbində öz üslubu ilə yeni bir yol açıb. Rənglərlə danışmağı bacaran sənətkar, əsərlərində ruhunun dərinliklərini ifadə edirdi.

Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.

2000-ci ildə “İstiqlal”, 2010-cu ildə isə “Şərəf” ordenləri ilə təltif edilib.

Yubileyləri dövlət səviyyəsində qeyd olunub. Prezident İlham Əliyevin sərəncamı ilə onun 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, tədbirlər həm ölkə daxilində, həm də xaricdə təşkil olunub.

Toğrul Nərimanbəyov 2013-cü ilin 2 iyununda Parisdə vəfat edib və Passi qəbiristanlığında dəfn olunub.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Afroamerikalı diaspor sənətçilərinin "Studio Museum"u  payızda açılacaq

Afroamerikalı diaspor sənətçilərinin "Studio Museum"u payızda açılacaq

14:20 7 avqust 2025
Evlənəndə bir qoşunun iştirak etdiyi məclisdənsə... - Biz insanıq yoxsa at?

Evlənəndə bir qoşunun iştirak etdiyi məclisdənsə... - Biz insanıq yoxsa at?

14:20 7 avqust 2025
Emir Benderlioğlu  "Can borcu"nda

Emir Benderlioğlu "Can borcu"nda

14:00 7 avqust 2025
“Trailer Park Boys” 13-cü mövsümlə geri dönür

“Trailer Park Boys” 13-cü mövsümlə geri dönür

13:40 7 avqust 2025
Sevilən gənc aktyor yeni layihədə

Sevilən gənc aktyor yeni layihədə

13:16 7 avqust 2025
Azərbaycanəsilli müğənni  qızına görə konsertini ləğv etdi

Azərbaycanəsilli müğənni qızına görə konsertini ləğv etdi

12:45 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər