Flora Kərimovanı robota bənzədən oxucu, Kəramət Böyükçölün sirrini açan atası, müxbirimizə iynə batıran Aysel Əlizadə - Sərgidən reportaj

Flora Kərimovanı robota bənzədən oxucu, Kəramət Böyükçölün sirrini açan atası,  müxbirimizə iynə batıran Aysel Əlizadə - Sərgidən reportaj
17 dekabr 2021
# 09:00

Kulis.az Ayxan Ayvazın İkinci Milli Kitab sərgisindən yazdığı reportajı təqdim edir.

Kitab sərgisinin qarşısında bizi Kəramət Böyükçöl qarşılayır. Yaxınlaşıb görüşəndə deyir:

“Məni blok eləmisən feysbukda. Sən blok eləyəndən sonra da səni izləyə bilmirəm. Elə bil yoxsan həyatda”.

Kəramətin yanında İlkin Rüstəmzadə dayanmışdı, onunla da əl tutub görüşdük. Arxaya baxanda görürəm ki, sosial şəbəkədə blok elədiyim, küsdüyüm xeyli adam yan-yana düzülüb siqaret çəkir və mənə mənalı-mənalı baxırlar.

“Canımı qurtarmaq istədim də səndən” – Kəramətə deyib İlkinə baxıram, hələ də içimdəki küsülülüyü qoruyub saxlamağa çalışıram. Amma həm də hiss edirəm ki, küskünlüyümün ömrü çox qısadır, elə bu kitab sərgisi kimi tənha və yiyəsizdi. Kəraməti təkrar qucaqlayıb ordan-burdan, havadan-sudan danışıb içəri keçmək istəyirəm. Bu dəm qabağıma Murad Məmmədov çıxır, əsasını “stop”a basıb özünü saxlayır. Yəqin onu tanıyarsınız. Məşhur adamdı.

“Necəsən, Murad? Kitab satırsan?”

“Ə, kitabda pul var? Satılan şeyləri satıram mən”.

“Gərək camaata məcbur kitab oxutduraq”.

”Döyə-döyə özü də. Hə?”

Gülümsünür, mənimlə bir yerdə gələn Vüqar Babazadənin də üzündə təbəssüm yaranır. O tərəfdə dayanmış iki saqqallı – İlkin Rüstəmzadə ilə Kəramət Böyükçöl də nəyəsə gülür və siqaretlərini tullayıb girişə sarı səmt alırlar.

Keçən dəfəkinə baxanda bu kitab sərgisinə daha geniş məkan ayrılmışdı. İçəriyə girəndə elə bildim ki, stadionda gəzişirəm. Hər yerdə də Cəlil Cavanşir gözə dəyirdi. Bu həyatda üç yumru nəsnə var: dünya, qucaqladığımız adamların boşluğu və bir də Cəlil Cavanşir. Cəlili görən kimi qucaqlayıram. Ancaq bu yarımçıq qucaq olur. Qlobusa bənzəyən Cəlili qucaqlamaq üçün mənə uzun qollar lazımdı.

“Cəlil, neynirsən? Yaxşı gedir hər şey?”

“Əla. Kitaba maraq getdikcə artır. Düşünürəm ki, adamlarda kitaba alışqanlığı yaratmaq lazımdır”.

Cəlilin kepkası, boyunbağısı və rəngli geyimi diqqətimi yayındırır, qəfil onun sözünü kəsirəm:

“Seymur Baycanın stilinə keçmisən?”

“Yox e, bu mənim köhnə stilimdi. Nə Seymur Baycan?”

“Ona oxşadın axı”.

Aysel Əlizadəni görürük bu an, məkanın sahibi kimi əda ilə yeriyə-yeriyə yanımıza gəlir.

“Aysel, elə gəlirsən, elə bil bütün kitabları satıb pulunu almısan”.

Gülüşmə düşür. Aysel də məndən küsülüdür, ona görə də cavabı Cəlilə verir:

“Hə, satmışam da”.

“Sizdən yazmağa gəlmişik. – deyirəm – Buralarda olun, bir yerə getməyin”.

Aysel gülür:

“Televizor göstərəcək bizi?”

Aysel bunu deyəndə saçında bantik, əlində də şar peyda olur və o donunun ətəyini tuta-tuta öz stendinə doğru yüyürür.

Cəlildən aralanıb ayağımız bizi hara aparır ora gedirik. Rasim Qaracanı görüb ayaq saxlayırıq.

“Salam, Rasim bəy...”

“Salam, salam...”

“Necə gedir işlər?”

“Gözlədiyimiz kimi olmasa da, yenə də işin xeyrinə bu cür sərgilərin olmağı yaxşı hadisədir. Kitab sərgisi bizim üçün, yazarlar, naşirlər üçün bayramdır. Çoxdan görmədiyimiz adamları burda görürük. Bu da mənim üçün yaxşıdır”.

“Sizin kitabınız yenidən çap olundu”.

“Bəli, “On bir gecə” təzədən çap olundu. Artıq əlimdədir”.

“Yerli yazarlara münasibət necədi?”

“Xaricilərə necədirsə, yerliyə də elədir”.

Rasim Qaraca güləndə çevrilib baxdım ki, Cəlil Cavanşir gəlir. Rasim bəylə sağollaşıb Cəlillə söhbətləşirik:

“Dünən çox böyük sənətkar Flora Kərimova gəlmişdi sərgiyə. Açılışa”.

“Satışa təsir elədi?”

“Mən bir yazıçı kimi kitabın satışından daha çox, insanların kitabla ünsiyyətinə maraqlıyam. Flora xanımın izləyiciləri də kitabla tanış oldular, ən azı ona toxundular. Bu gün də reper Promete gələcək. Axşama yaxın, sərginin sonunda Qara Dərviş bir neçə mahnı oxuyacaq”.

Cəlil də buna sevinir. Floraya görə kimsə kitab sığallayıb, Cəlil də elə bilir, buna görə oxucu artacaq. Yadıma düşdü ki, açılışda Flora Kərimovanı kimsə yapona bənzətmişdi, yəqin elə bilmişdi ki, robotdu.

“Necə düşünürsən? Yerli yazarlara münasibət necədi?”

“Məncə, bu sərgidə yerli yazarlara münasibət daha yaxşıdı. Onlar öz kitablarını satırlar. Onlara ayrıca masa ayırmışıq. Nəşriyyatlardan daha çox, yazarlara yaxınlaşanlar çoxdur. Mən burda fikir verdim ki, biz yazarlarımızı düzgün təqdim edə bilməmişik. Yazarları təqdim eləmək üçün bu cür sərgilər olmalıdır”.

“Kitab satanları lağa qoyanlar da var. Deyirlər, yazıçı nədir, kitab satmaq nədir?”

“Mən özüm kitab satmıram. Yazıçının kitab satmağını doğru saymıram. Yazıçı kitab yazar, ona görə qonorar alar”.

“Niyə özün satmazsan?”

“Vaxtım və enerjim yoxdu buna”.

Bu yerdə Rəşad Məcidi görüb saxlayırıq.

“Məni gör harda tutdunuz e? Şərablar olan yerdə...”

Rəşad Məcid şərab stendində dayanıb gülümsünür. O, ümidli görünür, yarmarka haqda xoş sözlər deyir və ümid edir ki, gələcəkdə daha yaxşı olacaq:

“Bir dəfə Nəriman Əbdülrəhmanlının kitab təqdimatı idi. Gördüm ki, Nəriman sakit-sakit dayanıb. Bizim yazıçıların özündə də bir az tənbəllik var. Gərək yazıçı öz kitabından danışsın, onu təbliğ eləsin ki, oxucu da nəyi aldığını bilsin”.

Vüqarla qabağımıza çıxan tək-tük oxucunu da danışdırdıq. Kimə soruşurduq “Yerli ədəbiyyatı oxuyursan?” deyirdi, yox.

“Niyə?”

“Maraqlı deyil”.

“Oxumayacaqsınız?”

“Yəqin ki, yox”.

Gənc və perspektivli yazıçı Vüqar Babazadə bu cavablardan xeyli pəjmürdə olandan sonra Şahbaz Xuduoğlu ilə söhbətləşdik. Şahbaz bəy dedi ki, gərək hamı kitab alsın:

“Elə deyirlər, kitab oxuyan yoxdur. Gəl birinci sən al da kitabı. Baxırsan, özü kitab almayıb heç. Heç onu kitab oxuyan görməmişik”.

“Yerli yazarlara münasibət necədi, Şahbaz bəy?”

“Müharibə dövründən sonra çox yaxşıdır. Məncə, yerli yazıçılara münasibət də elə bundan sonra dəyişdi”.

Bu cavabdan sonra Vüqarın ürəyi yerinə düşür və arxasınca Şahbaz bəy onu sevindirəcək daha bir şey deyir:

“Ən böyük endirimlər bizdədir. 90 faizə qədər endirimimiz var. 1 manata Folkneri belə ala bilərsiniz burdan. Daha nə istəyirsiniz? Cibinizdəki pula uyğun hər cür kitab var”.

“Hədiyyə kitablar var, bəs?”

“İndi hədiyyə kitabları da olsa, daha biz nə edək?” (gülür)

Kəramət Böyükçöl, İlkin Rüstəmzadə və Əsəd Qaraqaplanın olduğu yerə yaxınlaşırıq.

“Kəramət, satış necə gedir?”

“Zəifdir”.

“Neçə kitab satmısan?”

“13. Bazar yoxdur. Dünən, ondan əvvəlki yarmarkada daha çox satmışdım”.

Əsəd Qaraqaplanın maşallah xeyli kitabı vardı, sayıb qurtara bilmədim.

“Əsəd, neçə kitabın var?”

“Gözlə, sayım”.

Gülürük.

“Kəramətin yanında oturma” – deyirəm.

“Niyə?”

“Bazarını öldürür”.

Kəramət ordan deyir:

“Pakistana deməliyik ki, bizə 100 min oxucu göndərsin”.

Hamını gülmək tutur.

“Əsəd, hədiyyə eləyirsən heç kitabını?”

“Biləndə ki, bu adam kitab oxuyur, ona hədiyyə edirik. Əsas kitab satmaq deyil. Əsas insanların kitabla ünsiyyətini təmin eləməkdir”.

Yanımızdan ötüb keçən oxuculardan birini saxlayırıq.

“Hansı kitabı almısınız, xanım?”

“Dostoyevski “Suç ve Ceza”

“Türkçə?”

“Bəli”.

“Bəs bilmirsiniz, Seymur Baycan deyib ki, rus ədəbiyyatını türkcə oxumaq olmaz”.

“O nə deməkdi axı? Bizim dilimiz birdi. Türk dili də bizim dildi. Fərqi yoxdur”.

Bu yerdə yenə Cəlil Cavanşir qabağımıza çıxır. Yerin kürə formasında olmasına bir daha əmin oluram. Hər dəfə dönəndə Cəlillə qarşılaşırıq.

Cəlil deyir:

”Mahnılara fikir ver”.

“Əladır. Kim qoyur?”

“Təbii ki, söhbəti bilənlər” – özünü nəzərdə tutub sinəsini qabardır. Belə daha kök görünür.

“Cəlil, sənə pandemiya da yaramadı, deyəsən”.

”Niyə?”

“Arıqlamadın”.

“20 kilo arıqladım da. Tay neyləyim bundan artıq?”

“Bu dəyişiklik fiziki görünüşündə öz əksini tapmayıb”.

Gülür. Bu yerdə balçı Elvini də görürəm. O, yarmarkaya öz balları ilə qatılıb. Yarmarkada digər məhsulların da satışını görüb ballarını qoltuğuna vurub gətirib. Biz onun banka dolu ballarını sərginin girişində, qapının ağzında da görmüşdük.

“Elvin, deyirlər, iki qaşıq bal udmaq yaxşıdır”.

“Hətta biri də bəsdir”.

“Birini udub sonra kitab oxumaq olar da”.

“Əlbəttə, mən düşünürəm ki, ümumiyyətlə, bal da kitab kimi faydalıdır və bir-birinə oxşarlıqları var”.

Ayselin səsini eşidirəm, Aysel Əlizadənin, sən demə, arxamızdaymış.

“Aysel, səsin niyə tutulub?”

“Həyəcandan. – xırıltılı səslə deyir – Sərginin həyəcanından”.

“Aysel...”

“Aysel yox, Aysel xanım...”

Hiss edirəm ki, Aysel məndən küsdüyü üçün hər sualıma iynə batırır. Ona görə də Vüqardan xahiş edirəm ki, sən soruş.

“Hava soyuq olduğu üçün az adam gəlib. Keçən dəfə daha yaxşı idi”.

“Sənin kitabların daha yaxşı satılıb deyirlər”.

“İndi yox, əvvəl. İndi azdı”.

“Nə qədər satılmışdı keçən dəfə?”

“Mən Kəramət deyiləm ki, hər şeyi deyim. Mənim sirlərim var, əzizim”.

Başa düşdüm ki, Aysel bizi yola verir, qırmaq istəyir, ona görə də üzüsuluykən ordan uzaqlaşmaq yaxşı olardı. Balaca qızıyla bir kişinin stenddə olduğunu görüb özümüzü Ayselin soyuqqanlığından xilas edirik.

“Yerli ədəbiyyat oxuyursunuz?”

“Yox”

Vüqar mutsuz.

“Oxumaq istəmirsiniz?”

”Yox e...”

Vüqar yenə mutsuz.

“Niyə bəs?”

“Mən fəlsəfəsi olan bir şey oxumaq istəyirəm. Tutaq ki, Kəramət Böyükçöl. Statuslarından görürəm ki, o daha çox məişət, sosial məsələlər haqda yazır. Ona görə də mənə maraqlı deyil”.

“Uşaq üçün nəsə alacaqsız bəs?”

“O, hələ balacadır. Böyüyəndə alacam. İndi oxuyacaq yaşda deyil”.

Qəşəm Nəcəfzadə bizi görüb ayaq saxlayır.

“Müəllim, niyə Kəramətin yanında kitabınızı qoyub satmırsınız?”

Çiyinlərini silkir.

“Ya da verin elə Kəramət satsın”.

“Kitabım yoxdu axı. Hamısı satılıb qurtarıb. Təzəsi yoxdur. Yaxında çıxacaq”.

“Müəllim deyirdilər, Kəramətin romanlarını siz yazırsınız...”

“İndi də deyirlər” – gülür.

“Bu sirri açın artıq. Doğrudan siz yazırsınız?”

“Yalandı bu. Kəramət öz hekayələri ilə, statusları ilə özünü sübut elədi. Sübut elədi ki, o romanları özü yazıb”.

Çıxışa doğru gedəndə yenə də Cəlil Cavanşirlə rastlaşdıq. Əllərini belində cütləyib gəzir və hər şeyə nəzarət edirdi. Bu cür toy yiyəsinə daha çox oxşayırdı.

“Cəlil, hara gedirik səninlə rastlaşırıq”.

“Sənətdən yaxa qurtara bilmirsiniz də...”

Getdikcə adamlar artır, kitablar əllərdə vərəqlənir. Vüqara baxıram və içimdən ona deyirəm: “Burdakı kitablar qədər tənha və yiyəsizik”.

# 4017 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #