Əsirlikdə olan əsgərimizin anasına yazdığı məktub

Hüseyn Axundov və anası

Hüseyn Axundov və anası

2 may 2023
# 10:44

Kulis.az Vüsal Bağırlının “Hüsünün məktubu” adlı yeni yazısını təqdim edir.

İnternet əsridir. Daha uzun-uzadı yazılara, kağız mətnlərə, məktublara lüzum qalmayıb. Hər şey sadə şəkildə, “enter” düyməsinə barmağı toxundurmaqla həll olur. Suallar, cavablar messencer, vatsap, elektron “telegram”larla göndərilən qısa, tezbazar mesajlarla ünvana çatdırılır. Emosiyanı, hissi, həyəcanı ifadə etmək üçün uzun cümlələrə, beyin işlətməyə, düşünməyə ehtiyac yoxdur. Sadə emojilər, piktoqramlar hər şeyi həll edir. Sarı dairə içindəki iki nöqtə gözləri, aypara xətt gülüşü, qüssəni ifadə edir. Vəssalam. Heç burun da yoxdur.

İndi qələm götürüb, qısa bir söz yazmaq artıq və gərəksiz işdir. Heç əlini sensor klaviyaturaya toxundurub, nəsə yazmağa da ehtiyac yoxdur. Ən asanı, səsli mesaj. Mikrofonu aktiv et, ağzını monitora dirə, danış nə qədər istəyirsən. Təki çənə yorulmasın.

Halbuki, o qədər də uzun müddət deyil, sadəcə bir neçə onillikər əvvəl məktublar poçtla göndərilirdi. İnsan fikir və düşüncələrini qələmlə kağıza yazıb, konvertə qoyur, üzərində məktubu alacaq digər insanın, dostun, doğmanın, sevgilinin ünvanını qeyd edir və poçta təhvil verirdi.

Əvvəl insanlar meyl, vayber, sosial şəbəkələr nə olduğunu bilmirdilər. Onlar saniyəlik qısa məlumat mübadiləsi etmirdilər. Bu tələbat əlyazmalarla, məktublaşmalarla ödənilirdi.

İnternet, kompüter, telefonlar kağızı, əlyazma mədəniyyətini tarixin zibilliyinə atdı. Çünki bu üsul sərfəli və rahat deyil, vaxt aparır, yaddaşa verilmir, cırılır, korlanır.

Amma bir şeyi unuduruq ki, monitor, vörd yazısı kağız yazışma ilə müqayisədə ölüdür. Kağız mətndə biz yazanı hiss edirik. Harda dalğın olub, fikri yayınıb, harda həyəcandan əlləri əsib, harda əsəbiləşib, yazdığını qaralayıb.

Hətta məktubun getdiyi yol belə adama maraqlı gəlir. Məktub kilometrlərlə yol qət edir, əldən-ələ keçir, ölkələr adlayır.

Amma müasir reallıqlar, sosial şəbəkələr, zoom, e-mail, elektron yazışmalar poçt-məktub sistemini mənasız, gərəksiz etdi. Dövr dəyişdi, texnologiyalar dəyişdi, yanaşma da dəyişdi.

***

Yadıma düşür, mən uşaq ikən anam Sovetlər Birliyinin uzaq şəhərlərində hərbi xidmətdə olan dayılarıma məktublar yazırdı. Mətndə çox mətləblərdən bəhs olunurdu. Evdəkilərin necə olması, bizim davranışımız, dərslərimiz, yaxınların toy-nişan yenilikləri və sair. Məktublar ünvana göndərilirdi.

Bir müddət sonra poçtalyon bizə də məktub gətirirdi. Cavab məktubu. Bu hadisə evimizdə böyük bayrama çevrilirdi. Konvert müqəddəs şey hesab olunurdu. Onun açılması təntənəli ritual mərasimə bənzəyirdi. Əvvəlcə anam konverti xeyli əlində saxlayır, diqqətlə baxır, iyləyirdi. Sığallayırdı. Onun əlləri əsə-əsə, həyəcanla konverti necə cırması, kağızı ordan çıxarması indi də gözümün qabağındadır. Lap kino lenti kimi.

***

Qısa, ani dialoqları, quru söz mübadiləsini özündə ehtiva edən onlayn yazışmalar, vatsap və messencerlərlə müqayisədə kağız məktublaşma, qələmlə yazılmış mətn canlı sənət əsəridir. O sətirlərdə insanın hiss-həyəcanı, ağrı-acısı, sevinci duyulur. Xəttin özündə, hərflərin düzülüşündə, yana əyilməsində belə sən onu yazan insanın içini, daxili aləmini görə bilir, əhval-ruhiyyəsini hiss edirsən. Bu, sözlə təsvir olunmayacaq dərəcədə möhtəşəm duyğudur.

***

Tələbə vaxtlarımda anam rayondan mənə dop-dolu zənbillər göndərirdi. İçi quş südü, can dərmanı. Meyvə, şirniyyat, biş-düş, pendir, yağ, qaymaq, ət, tərəvəz, balıq, mürəbbə, turşu. Zənbillərin birindən həmişə bir kağız da çıxırdı. Balaca, əl boyda kağız parçası. Tələbə olsam da, başqa, yad şəhərdə müstəqil yaşasam da, anam məni yenə balaca uşaq hesab edirdi və məktubda nəyi necə etməyi dəfələrlə, dönə-dönə izah edirdi.

Məktubu oxuduqdan sonra, onu atmırdım, həftələrlə, aylarla, ta kağız cibimdə ovulub, cırılana qədər özümdə saxlayırdım. Çünki o məktub mənim üçün müqəddəs əşya idi, çünki o məktubu anam yazmışdı. Orada anamın əli ilə yazılmış öz dəst-xətti var idi. Mən mətndə anamı görürdüm, onu hiss edirdim, onun qoxusunu duyurdum. Mənim üçün o məktubu atmaq, cırmaq ətimdən ət qoparmaq kimi bir şey idi.

***

O gün informasiya saytlarında oxudum ki, Ermənistanda əsir saxlanılan əsgər Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb. Ananın dərdli, nisgilli fotoşəkli fonunda məktubun mətni də əks olunmuşdu. Əsgər məktubda deyirdi:

“Salam, anam. Mənəm, Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, tezliklə gələcəyəm. Gözlə məni. Özünə də yaxşı bax. Nə olar, məktub yaz mənə”.

Nə qədər sadə sözlər. Nə qədər səmimi fikirlər. Məktubun mətnindən, zavallı ananın dərdli şəklindən sarsılmaya bilmirsən. Mən məktubu oxuyandan sonra, düşüncəyə daldım. Sözlərin təsirindən bir müddət hərəkət edə, danışa bilmədim. Nitqim qurudu. Tüklərim biz-biz oldu.

Təsəvvür etdim ki, ana məktubdan ayrılmır, təkliyə çəkilib onu dəfələrlə oxuyur, qoxulayır, hər sətrin mənasını anlamağa, övladının ağrılarını duymağa çalışır.

İndi ana cavab məktubu yazmalıdır. Bu məktubun övlad, oğul, əsir götürülərək düşmən ölkədə saxlanılan əsgər üçün nə demək olduğunu, bir anlıq təsəvvür edək?!

# 1940 dəfə oxunub

Oxşar xəbərlər

Qulu Məhərrəmli:  "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

Qulu Məhərrəmli: "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

21:00 4 dekabr 2024
Elnarə Akimovanın yeni kitabı çap olundu

Elnarə Akimovanın yeni kitabı çap olundu

18:47 4 dekabr 2024
Füzuli ilə bağlı yeni kitab nəşr edildi

Füzuli ilə bağlı yeni kitab nəşr edildi

18:40 4 dekabr 2024
Akademik Milli Dram Teatrının dekabr repertuarı

Akademik Milli Dram Teatrının dekabr repertuarı

16:56 4 dekabr 2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi

Azərbaycanlı gənc yazıçı vəfat etdi

15:40 4 dekabr 2024
"Səriyyə" filmi təqdim edildi

"Səriyyə" filmi təqdim edildi

14:25 4 dekabr 2024
#
#
# # #