Ermənilərin kürəyini yerə vuran kapitan – İlk gənc Millət vəkilimiz haqqında maraqlı faktlar

Ermənilərin kürəyini yerə vuran kapitan – İlk gənc Millət vəkilimiz haqqında maraqlı faktlar
20 iyul 2023
# 17:00

Bu gün sabiq deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun doğum günüdür.

Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.

Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Ardıcıl üç çağırış milli məclisə deputat seçilib.

O, bütün uğurlarına, hazırcavablılığına, analitik düşüncəsinə görə özünü kitablara borclu sayırdı.

***

Anar Məmmədxanov Azərbaycanın ilk gənc millət vəkili olub.

***

17 yaşı olanda İradə Məmmədxanlıya aşiq olur. Onlar elə həmin il evlənməyə cəhd edirlər, ancaq Anarın atası, yaxınları onların evlənməyinə razı olmurlar. Sevgililər illər sonra - Anarın 23 yaşı olanda evlənirlər.

Anar Məmmədxanov Ermənilərin at oynatdığı Rusiyanın KVN səhnəsində onların kürəyini yerə vurur. Özünün yaratdığı komanda ilə qalib olur. Təbii ki, o gün ən uğurlu günüdür. Ömür vəfa etsəydi, ən xoşbəxt günü 2020-ci ilin 8 noyabrı olacaqdı... Çünki onun ən böyük arzusu Şuşaya bayraq sancmaq idi.

***

Anar Məmmədxanov həm də media kapitanı idi. Bu gün bir çoxlarının qurmaqda çətinlik çəkdiyi bitərəf media orqanı yaratmışdı. Həm müxalifət, həm iqtidar, həm də xalqa bu media orqanında eyni tribuna verilirdi. O, hətta bəzi sosial və siyasi çətinliklərlə qarşılaşan vətəndaşların problemləri ilə şəxsən maraqlanır, həmin problem həll olunana qədər prinsipiallıq göstərirdi. Media orqanını yaratmaqda ən ümdə məqsədi isə düşməni informasiya müharibəsində məğlub etmək idi.

O, saytda mütəmadi siyasi, mədəni məqalələr yazırdı.

***

Anar Məmmədxanov rusdilli olsa da, övladlarını orta məktəbdə Azərbaycan dili bölməsinə yazdırmışdı.

Ölümündən iki saat öncə A. Məmmədxanovla telefonla danışan jurnalist dostlarından biri deyir:
“Həmin gün mənə mesaj yolladı ki, məqalən çox yaxşıdır, xoşuma gəldi. Sonra mən ona zəng elədim. Yarım saata yaxın söhbət elədik”.

Həmin şəxsin sözlərinə görə, A. Məmmədxanovun əhvalı çox yaxşı imiş: “Səhhətindən şikayəti yox idi. Mənə dedi ki, yeni bir film hazırlayıb. Yanılmıramsa, Azərbaycandakı yəhudilərlə bağlı idi. Mən də ondan xahiş etdim ki, məni filmin təqdimatına çağırsın. Dedi, mütləq çağıracam”.

***

Bacısı müsahibəsində deyir ki, o, ölümündən üç ay qabaq xarici ölkədə ümumi analiz vermiş, təpədən dırnağa müayinə olunmuşdu. Həkimlərin dediyinə görə, onun heç bir problemi olmayıb. Anası, yoldaşı da müsahibələrində Anarın heç vaxt ürəyindən şikayətçi olmadığını deyiblər.

Dostları deyir ki, biz ölüm xəbərini alanda o hələ feysbukda onlayn idi. Həmin vaxt həyat yoldaşı, uşaqları evdə olmayıb. 5-ə 15 dəqiqə işləmiş dostu ilə danışıb. Sürücüsü evə gələndə Anarı huşsuz vəziyyətdə görüb.

Yoldaşının dediklərinə görə, o evə çatanda Anarın bədəni isti olsa da, nəbzi vurmurmuş.

***

Onun 40 yaşında, səhhətində heç bir problem olmadığı halda dünyasını dəyişməsi bir çox şayiələrə səbəb olub. Məsələn, bəziləri düşünür ki, onu zəhərləyiblər.

Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yaydığı açıqlamaya görə, onun ölüm səbəbi kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi olub.

***

Sabiq deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Camal oğlu Məmmədxanov 2011-ci il aprelin 23-də 40 yaşında vəfat edib.

2018-ci ildə Xalq yazıçısı Elmira Axundova onun haqqında “Anar Məmmədxanov. Kapitanın taleyi” kitabını yazıb. Kitabda Anar Məmmədxanovu tanıyan insanların onunla bağlı xatirələri toplanıb.

Bundan əlavə, Anar Məmmədxanov haqqında “Kapitan” sənədli filmi də çəkilib.

# 19234 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #