Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı, evinə qapanıb ah-nalə çəkdi... – Talesiz Şövkət

Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı, evinə qapanıb ah-nalə çəkdi... – Talesiz Şövkət
20 oktyabr 2024
# 12:00

Bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.
Kulis.az bu münasibətlə sənətkarın həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

1. Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi yarışmasında “Qarabağ şikəstə”sini ifa edir. Münsiflər heyətində əyləşən Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olur. Şövkət Ələkbərova dövlət xoruna qəbul olunur. Həmin gündən onun musiqi karyerası başlanır.


Şövkət Ələkbərova yeniyetməlik illərində

2. Şövkət Ələkbərova gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb bəyənib. Gələcək gəlinini oğluna göstərəndə deyib: “O qız mənim cavanlığıma oxşayır.”

3. Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhəyə gedib və geri qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb, qızı ilə birgə yaşayıb. Deyilənə görə, bu boşanmaya səbəb ərinin onu hədsiz qısqanması olub. Onun ikinci evliliyi məşhur rejissor Lətif Səfərovla olub. Bu evlilikdən isə Bəşir adlı övladları doğulub. Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkir. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...

4. 1963-cü il, soyuq dekabr ayının 9-da ailə silah səsinə yuxudan oyanır. Lətif Səfərov 43 yaşında intihar edir! İntihardan əvvəl isə məktub yazır, qeyd edir ki, onun ölümündə heç kimi günahkar tutmasınlar, o, həyatdan bezib. Hadisə baş verəndə onun oğlunun 5 yaşı olur.

5. Lətif Səfərov intiharını bir neçə gün öncədən planlaşdırır, həmin gün sübhdən Şövkət xanıma deyir ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: “Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi...”


Xalq artisti İran səfərində

6. Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov, xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir. Onun ölümünə o vaxtlar müxtəlif don geyindirirlər. Amma bu intihar sırf siyasi məsələ olur. Sovet dövründə sovet vətəndaşı özünə qəsd edə bilməzdi. Ona görə də, ovaxtkı rəhbər dairələrə “rejissor özünü qısqanclıq üstündə öldürüb” mövzusu sərf edirdi. Lətif Səfərovun Şövkət Ələkbərovanı qısqandığı üçün özünü öldürməsi söhbəti buradan qaynaqlanırdı. “KQB”-dən isə Şövkət xanıma tapşırırlar ki, bu barədə heç nə danışmasın. Şövkət xanım axırıncı nəfəsinə qədər övladlarına görə bu mövzu barəsində danışmaqdan çəkinir.

7. Şövkət xanım Moskvaya dekadaya gedəndə orda olan sənət adamları eşidirlər ki, Lətif Səfərovun həyat yoldaşı gəlib, hamısı Şövkət xanımın görüşünə gəlir. Rusiyanın məşhur aktyoru Smaktnovski Şövkət xanımın qarşısında diz çöküb əlindən öpür və deyir, Lətif Səfərov möhtəşəm rejissor idi.

8. Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha mahnı oxumayıb.


Soldan: Şövkət Ələkbərova, Gülağa Məmmədov və Yaqub Zurufçu

9. Xanəndənin yaxın rəfiqəsi, müharibə veteranı Fatma Səttarova müsahibəsində Şövkət xanımdan bəhs edir: "Onun qardaşı mənimlə müharibədə olub - 1941-45-ci illərdə. Müharibədə həlak oldu. Onun qızı qalmışdı, Şövkət Ələkbərova o qıza da analıq etdi. Çünki Şövkət xanımın qardaşı həlak olandan sonra qızın anası uşağı qoyub getmişdi. Qızı Natellanın ölümündən sonra Şövkət xanım 3 ilə yaxın yaşadı. O müddətdə kim görsəydi, onu tanımazdı. Saçları, kirpikləri ağarmışdı. Onun o vaxtı yadıma düşəndə indi də kövrəlirəm. Şövkət bəlkə də belə tez ölməzdi, Natellanın dərdi onu öldürdü. Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı".

10. Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişir. Son müsahibəsini Rafiq Hüseynova verib: “Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq, mən xoşbəxt insanam”. Son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib.

# 1453 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #