Kulis.az Turan Etibaroğlunun teatr və kino rejissoru Elşən Zeynallı ilə müsahibəsini təqdim edir.
- Müsahibədən öncə yaradıcılığınızla maraqlananda teatr və kino rejissoru kimi bir çox maraqlı layihələrə imza atdığınızı gördüm. Adətən, sizi necə təqdim edəndə xoş olur, teatr rejissoru, yoxsa kino rejissoru kimi? Və yaxud bu iki sahədən hansında özünüzü daha rahat hiss edirsiz?
- Mən belə analogiya gətirsəm ki, kino mənim üçün okeandı, teatr akvariumdu... Ancaq fikir verirsiz, hər ikisində üzmək olur. Sadəcə, teatrı daha çox sevirəm. Kino ilə isə nəfəs alıram .Teatrda yaşamaq üçün var oluram, kinoda isə yaşayıram. Bəzən kinoda edə bilmədiyimi məhz teatrın estetikası çərçivəsində etməyə çalışıram. Teatr bu gün, indi, bu saat, bu dəqiqə baş verəndi, yəni canlı bir sənətdir. Kinematoqrafiya isə sintetik sənətdir. Yaradıcılıqda elə məqamlar olur ki, içimdə olanı nəfəsi, hərarəti ilə tamaşaçıya çatdırmaq istəyirəm. Bax, onda teatr köməyimə gəlir. Bəzən də cəmiyyətə mesajlarımı, fikirlərimi sinemanın-danışan, hərəkət edən kadrların dili ilə ötürmək ehtiyacı hiss edirsən. Ona görə də bu fərqlilik, əslində, başa düşülən olmalıdır. Sənət aləmində hesablaşdığım insanların fikirlərinə görə, bir neçə uğurlu işim olub. Belə reaksiyalara inanıb, böyük proyekt üzərində işləyirəm, qalıb realizə eləmək. Paralel kino yaradıcılığımı da davam etdirirəm, bir də bir neçə ssenari var, necə deyərlər, onlarla yatıb-dururam, onlar haqqında düşünürəm, o qəhramanlarla yaşayıram.
Qışda dənizin kənarında durub düşünməyi çox sevirəm. Dənizin sakitliyi, kimsəsizliyi, tənhalığı bir də mənim öz tənhalığım imkan verir ki, içimdə məni narahat edən suallara cavab tapım. Kitab nədir? Kitab vasitədir. Yazıçının təxəyyülünün içindən keçirtdiyi hadisəni oxutmaq üçün bir vasitədir. Kinematoqrafiya da eynidir: tamaşaçı ilə, insanlarla bölüşmək, dərdləşmək üçün yaradıcı insanın vasitəsi.
- Bəzən deyirlər ki, Azərbaycanda rejissor qıtlığı var, həm teatr, həm də kino sənətində istedadlı gənc rejissorlar yetişmir. Bu SOS siqnalıdır, yoxsa növbəti səs-küy...
- Ümumiyyətlə, qıtlıq yoxdur. Boş söhbətlərdi.
- Axı bunu adi tamaşaçı yox, sənət adamları deyir ...
- Vallah, boş söhbətlərdi. Öz fikrimdə qətiyəm, rejissor qıtlğı yoxdur.
Biz insanlar da təbiətin bir hissəsiyik. Fəsillər dəyişir, bir-birlərinə necə ötürülürsə, biz yaradıcı insanlar da estafeti belə ötürürük, sənət baxımından, peşə baxımından. Sadəcə, problem nədədir? Deyilən o qıtlığın göstəricisi var. O da nədi? Sovetlər zamanını yaşayanlar bilir, sənətin həm də bir ideoloji yükü var idi. Məhz bu baxımdan istedadlı insanlara dəstək verir, onları cəmiyyətə təqdim edirdi. Gənc qatar kimi relsə qoyulurdu, yaradıcı insanların həyat yolu o qatarın xətti ilə ardıcıl öz tempində, öz ritmində davam edirdi. Bu gün Azərbaycan cəmiyyətində ən böyük problem yaradıcı insanların təqdim olunmamasıdı. Təqdim olunmaması yumşaq çıxır, daha çox batırılmasıdı, başından basılmasıdı, qabağına sədd çəkilməsidi. Bu nədə özünü göstərir? Bu gün tamaşaçı şou proqramlarla qidalanır.
Belə bir mühitdə kimi və necə məcbur edəsən ki, pul xərcləsin, vaxt ayırsın, teatrda Şekspirin “Hamlet”inə, Hüseyn Cavidin “İblis”inə baxsın? Danışıb-görüşdüyümüz yüz adamdan beşi əgər bilet alıb tamaşaya getməyə razı olsa, biz sevinərik. Belə mühitdə gənclərin yetişməsi və ciddi sənət əsərlərinin yaranması çox çətindir. Mühit çox ciddi məsələdir mənim düşüncəmə görə. Ötən gün Rasim Balayev müsahibədə deyir ki, mən hazırki zamanda aktyor olmazdım, daha doğrusu, olmaq istəyərdim, amma olmazdım. Çünki indiki şeylərə tab gətirməzdim. Amma Rasim Balayev bilmir ki, bu gün bütün çətinliklərə, maddi və mənəvi sıxıntılarla baxmayaraq, aktyorluq sənətinə sadiq qalan insanlara, xüsusi ilə, gənclərə - İlqar Cahangirə, Hikmət Rəhimova, Elşən Rüstəmova, Ziya Ağaya, Könül Şahbazovaya, Mehman Piriyevə, Niyaz İlyasoğluna həsəd aparıram. Elə insanlar var ki, içindəki sənət yanğısını, istedadı hər gün hansısa ticarət mərkəzində - piştaxta arxasında öldürməklə məşğuldur.
Bayaq dediyim kimi, sovet dövründə Rasim Balayevi yetişdirən, onu tanıdan, Rasim Balayev edən mühit var idi. Rasim müəllim kimi minlərlə istedadlı gəncin arzularına təkan verən mühit formalaşmışdı. O gün Xalq artisti Azər Zeynalovla Opera və Balet Teatrında idik. Azər müəllim səhnədə məşq edəndə səsi cingildədi, əks-səda verdi. Mənə dedi ki, Elşən, mən də Rəşid Behbudov kimi oxumaq istəyirəm. Açığı, əvvəlcə heç nə anlamadım. Azər müəllim halımı duyaraq dedi ki, mən də Rəşid Behbudov kimi nəhəng saraylarda, səhnələrdə oxumaq istəyirdim. Həmin söhbət anında düşündüm ki, Rəşid Behbudovun yaşadığı mühit, onu yetişdirən cəmiyyət ağlıma gəldi. Dedim ki, Azər, sənin ən böyük gördüyün səhnə Heydər Əliyev Sarayıdı, Rəşid Behbudov isə Kreml Sarayında, Marinski Teatrında oxuyurdu, dünyanı gəzirdi, SSRİ-nin rəhbəri ona əl çalıb, döşünə orden taxırdı. Yəni o zamanlar mühit gənc istedadı yetişdirirdi, onu cəmiyyətə təqdim edirdi və deyirdi, buyurun, həm sevin, həm şikayət edin. İndi bizi təqdim eləmək üçün mühit yoxdur. Mənim ömrüm gedir, ən böyük istəyim bilirsiniz nədir, hərdən deyirəm ki, Ələddinin sehrli çırağı kimi bir çıraq tapaydım və üstünü silib, cini çağıradım, cin çıxaydı və mənə deyərdi ki, üç arzunu bildir. Mən o üç dənə arzunu ondan istəyərdim, deyərdim ki, istədiyim filmləri çəkməkdə heç kəs mənə mane olmasın. ikinci arzum, ümumiyyətlə, hər il film çəkməkdir, üçüncü arzum da film çəkmək, film çəkmək, film çəkmək.
- Türk siyasətçisi Kemal Kılıçdaroğlunun o gün bir mətbuat açıqlamasını gördüm. Orda deyirdi ki sənətçi heç kimə boyun əyməyən, müstəqil, sözünü deyən, heç nədən çəkinməyən, düz sözü cəmiyyətə çatdıran bir şəxsdir. Siz dediniz, mən film çəkmək istəyirəm və yetər ki, mane olmasınlar. Bir rejissor kimi sizə kimsə maneə olur və siz bunun qarşısını ala bilmirsiz?
- Maneə deyəndə... mən inzibati maneəni deyirəm. Tutaq ki, Amerikanın kino sənayesini hansısa nazirlik deyil, Hollivud idarə edir. Bizim sənət mühiti inzibati diqtədən asılıdır, çünki maliyyəni dövlət ayırır. Mən dövlətin əleyinə deyiləm, sağ olsun ki, dövlətimiz bəzi məsələləri diqqətdə saxlayır. Amma biz sənət adamları, kino cameəsi bəzən işləməyib ata-ana ətəyindən yapışan bacarıqsız övlada oxşayırıq. Axı belə davam edə bilməz. Biz artıq müstəqil yaşamağı bacarmalıyıq. Dövlətimizin pulunu, dövlətimizin verdiyi sifariş əsasında qəbul etməliyik. Məsəl üçün, dövlət deyir ki, Şah İsmayıl Xətai haqqında film istəyirəm. Müsabiqə keçirilir, həmin film çəkilir, özü də sırf dövlətin dediyi kimi. Ancaq hər mənada asılı olmaq, insanı özgürlükdən, azad sözdən məhrum edir.
Rejissura, əslində, ana bətni kimi bir şeydir. Bu fikir düşür rüşeymə, formalaşır, bədənimizdə, içimizdə yetişdiririk, sonra dünyaya gətiririk. Üstəlik, dünyaya gələndən sonra onu böyüdürük. Ekranlara buraxırıq, ondan sonra film övlad kimi öz ekran həyatını yaşayır.
- Hər doğulan da fərli “övlad” olmur axı... Uğurlu, yaxud uğursuz olur.
- Biz onu böyüdüb cəmiyyətə təqdim edirik, övlad artıq öz həyatını yaşayır. Biz kimsə bizə deyəndə ki, sənin dünyaya gətirdiyin övladın dırnağı belə, boğazı belə, gözü belə. Qardaş, bu mənim dünyaya gətirdiyimdirsə, get, sən də birini dünyaya gətir, mən sənə heç vaxt demərəm ki, övladının, uşağının qaşı belə, gözü belə. Yəni biz müstəqil deyilik, o baxımdan, demək istəyirəm ki, bəzən məmurlardan asılı vəziyyətə düşürük.
- Biz son dövrlərdə hər şeydə Türkiyəni nümunə gətiririk. Türkiyədə Kültür Bakanlığı var, amma müstəqil kino və teatr xadimləri də var, Türkiyənin ən böyük müxalifətçi sənətçisi özü kültür mərkəzi yaradıb, sənətçilər yetişdirir, filmlər çəkir, filmlərə çəkilir...
- Dövlətin nəzarətini alqışlayıram bayaq dediyim kimi. Amma dövlətin verdiyi pulun üzərində biz övladımızı istədiyimiz kimi böyüdə bilmərik. Mütləqdir ki, övlad bir gün məndən soruşacaq ki, mənim atam sənsən, yoxsa o? Yəni mən öz övladımın üstündə tam hüquqlu atalıq edə bilmirəmsə, mənə deyir ki, sənin övladındı, başa düşdük, amma sən mən deyən yerə aparmalısan gəzdirməyə, mən deyən kimi geyindirməlisən, bu, çox çətin, ağrılı prosesdir.
- Elşən Zeynallını müstəqil fəaliyyət göstərməyə, özünün tapdığı maliyyə hesabına filmlər çəkməyə mane olan nədir?
- Maliyyə qıtlığı, maliyyə qıtlığı vəssalam. Məşhur kino rejissor Rene Klerin gözəl bir sözü var- “Kino üç dəfə doğulur ssenari, çəkiliş, montaj”. Kinemotoqrafiya incəsənət sahələri içərisində ən çox mailiyyə tələb edən növdür. Bizim bugünkü problemimiz də məhz maliyyədir. Müstəqil mühit olsa, prodüser mərkəzləri, o qanunlarla tənzimlənən studiyalar... Necə ki dünyada var, yəni, mən təzə Amerika kəşf etmirəm. Dünyanın kino sənayesinə uyğun, lakin yerli şərait çərçivəsində nələrisə edə bilərik. Tutaq ki, bizdə ASAN xidmət var. Bu gün dünyanın müxtəlif ölkələri bu modelimizi öyrənir. Demək, bizdə nələrsə etmək mümkündür. Açığını deyim ki, bəzən sənət adamlarımız özləri heç nə etmək istəmir, ancaq dövlətdən nəsə umur.
- Yəni, təşəbbüs olmalıdır?
- Təşəbbüs və müstəqil fəaliyyətə inam. Elə məsələlər var ki, onlar daima qırmızı xəttdir. Tutaq ki, dövlətimin bayrağına, digər atributlarına həqarət etmək olmaz. Və yaxud Nizamini, Füzulini hansısa dövlətə bağlamaq cəhdinə biganə qala bilmərəm. Amma elə məsələlər var ki, onun üçün dövlətin nəzarətinə ehtiyac yoxdur. Maliyyə tapmaq üçün normal mühit olmalıdır ki, sən yaradıcılıq planlarını reallaşdıra biləsən. Təəssüf ki, bu gün gözümüzü dikmişik dövlətin əlinə, bivec övladlar kimi, yaş gedir, müstəqil pul qazana bilmirik və gözləyirik ki, ata-anamız bizə nə vaxt pul verəcək.
- Yenə Türkiyədən misal gətirim. Türkiyədə bir qrup sənət adamı “Yeşilçam”ı yaratdı, Türkiyə kino sənayesi məhz “Yeşilçam”la inkişaf elədi. Bəs bizdə belə bir birlik mümkün deyil?
- Bu, fərdlərin günahıdır. Bəzi yaradıcı fərdlər var ki, onlara daxili intriqalar imkan vermir. Şəxsən mən Kinemotoqrafçılar İttifaqının, Peşəkar Kinorejissorlar Gildiyasının üzvüyəm. Amma yaxşı bilirəm ki, bu və ya digər yaradıcı təşkilatlar, sadəcə, veteran sənət adamlarının unudulmaması üçündür, elə olmalıdır, yubileylərini qeyd eləsinlər, ad günlərini təbrik eləsinlər. Biz sənət adamlarını öldürən elə unudulmaq qorxusudur.
Bu gün gərək Bakıda heç olmasa, özünü idarə edə bilən Türkiyənin bəzən rişxənd elədiyimiz o serialları istehsal edən “AY Yapım” kimi dövriyyəsi olan şirkətlərimiz olsun. Sənin proyektinə arxa dursun və o, proyektdə öz mənfəətini güdsün, sən də öz yaradıcılığınla məşğul olasan. Bu gün açıq deyirəm, dövlət adama neynəyir ki? ARKA adlı təşkilat yaradır, yəni Azərbaycan Respublikası Kino Agentliyi. Bu, belə deyək, mini kino nazirliyi kimi bir strukturdur, ixtisaslaşdırılmış bir idarədir. Və dövlətin büdcəsindən ora maliyyə ayrılır. O maliyyə ayrılır ki, Azərbaycanda kino sənətinin ölməməsi üçün dəstək olsun. Və bu gün ARKA qısa müddətdə 10-15 film ərsəyə gətirib. Birini də rejissor kimi mənə həvalə etmişdilər və mən onlarla çox normal, rahat işlədim. Çünki şəxsi ambisiyalar yoxdu burada. Dövlət təşkilatıdır və heç kəs dədəsinin qanunları ilə orada oturub durmur. Və heç kəs dədəsinin evindəki kimi yatıb durmur. Hamı başının üstündə üçrəngli bayrağı görəndə silkələnir ki, bura dövlət idarəsidir. O dövlətin idarəsindən aldığımız maliyyə ilə film çəkə bilərik. Ancaq bu, belə davam edə bilməz. Bu, dəstəkdir. Bu, Azərbaycanda kino sənətinin inkişafı üçün ancaq dəstək rolu oynayır. Bu inkişafı çiyinlərinə götürüb dartmaq onun borcu deyil. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Və nə qədər ki, şirkətlər yoxdur, Azərbaycanda kino olmayacaq.
Biz şərqlilər gözümüzlə gördüyümüzə daha çox inanırıq. Kinoda gözlə görünən sənətdir. Bundan gözəl təbliğat vasitəsi mümkün deyil. Yəni ikinci bir variant yoxdur. Biz bunu unuduruq. Əgər daima bunu təkrarlasaq özümüz üçün, kino ilə paralel hər sahə də, - məsələn, biznes, kino incəsənəti öz-özündə inkişaf edə bilər. Bəzən qınayırlar. Məsəl üçün, çox xoşuma gəldi, rejissoru tanımıram, amma rahat hiss etdim özümü ki, nə yaxşı ki, İctimai Televiziyanın efirində bir serial var. Daha doğrusu, serial deməzdim ona, çünki serial olması üçün 50 seriya olmalıdır. Çoxseriyalı bədii televiziya filmi - janrını düz demək lazımdır. O rejissor cavan oğlandır, amma inanırsınız, nə qədər qürur hiss elədim ki, siz demişkən, proses gedir. İndi şərait olmalıdır ki, o, ikincini çəksin, üçüncünü çəksin. Hamımız eyni şeyi yaşayırıq. Bir bitkinin yetişdirilməsi üçün biz problemin kökünü axtarırıq: birincisi, su yoxdur, ikincisi, gübrə çatmır... Biz bunları həll edən kimi, suyunu, gübrəsini verən kimi, istədiyimiz bitkini cücərdə bilirik.
Müstəqil studiyalar yaranmalıdır. Məsələn, mənim ARKA-da ən xoşuma gələn məsələ müstəqil filmləri müstəqil studiyalarla işləməkdir. Bu ona dəstək verir ki, artıq o bir film çəkəndə öz faizindən bir otaq tuta bilir, komputer alır özünə, digər filmdən mebel alır. Digər filmdən iki otaq, digərindən büdcə formalaşdırır, filmin satışı ilə məşğul olur. Müstəqil studiyalar vacibdir... Azərbaycanda dövlətin ətəyindən yapışıb “kinomuz olsun” deməklə kinomuz olmayacaq. Bu, mümkün deyil. Bizim dövlət ömür boyu televiziya kinosuna da, böyük kinoya da dəstək olub. Məsələn, Azərbaycana xaricdən qonaq gəlir, teatrları gəzəndə elə bilir, şah, sultan sarayındadı. Dövlət bundan artıq nə edə bilər?
Bəzi xəbis insanların xislətindan bu gün bəzi baş rejissorlar dövlət teatrlarını edib şəxsi qala. Adama deyərlər ki, bu sənin atanın teatrı deyil. Azərbaycanda atasının teatrı olan, Allah qəni-qəni rəhmət eləsin, Nəsibə Zeynalova olub. Cahangir Novruzovun babası. Yəni vaxtında belə kişilər olub da. Bir gənc pyesini götürüb teatrın qapısını döyə bilmir. Mən qırağa, mən özümdən danışmıram. Bir cavanı göstərirlər ki, baxın, bu cavan oğlan burada tamaşa qoydu. O tamaşa orada on il fırlanır, ikinci cavan oğlan ortada görünmür. Elə hər dəfə deyəndə ki, bəs teatra cavan rejissor dəvət edin, yeni tamaşa qursun, yenə həmin cavan oğlanı göstərirlər, şəkillər də ki on il qabaq çəkilib. Mətbuata verirlər ki, bax, filankəs tamaşa qurub. Məsəl üçün deyirəm. Kinoda da həmin problemlərdir.
- Azərbaycan teatrında da eyni problemlər var, gənclərin işlərlə təmin olunması ciddi məsələdir bu sahədə. Bəzi teatr rəhbərlərinin də əksəriyyəti həmin problemi atır yaşlı aktyorların üstünə, məsələn, yaşlı aktyorlara deyirlər ki, gənclər gəlməlidir, səni çıxartmalıyıq ki, gənc gəlsin. Gənc aktyora da deyirlər ki, yaşlı aktyor çıxmasa, mən səni işə götürə bilmərəm. Gənc aktyorlar gözləyir ki, yaşlı aktyorlar ölsün, yaşlı sənətkarlar da deyir ki, biz getsək, Azərbaycan teatrı məhv olar...
- Hesab edirəm ki, birinci teatrımızın strukturunu dəyişməliyik. Rusiya variantını seçməliyik. Teatrın direktoru yaradıcı heyətin işinə qarışır. Olmaz, olmaz, yəni, teatrın direktoru icraçıdır, təşkilatçıdır, daha dəqiq desək, dövlətin teatrda rəsmi nümayəndəsidir.
- Loru dildə desək, mıx-mismarı ilə.
- Mıx mismarı ilə bəli. Teatrda hakimiyyəti tam baş rejissora vermək olmaz, teatr qurularkən bir bədii rəhbər təyin olunur. O, nə rejissorluq iddiasında olmalıdır, nə də ki teatrın direktoru iddiasında olmalıdır. O, ideoloji xətti, repertuarı formalaşdıran şəxsdir. Teatrın direktoru dövlət tərəfindən ora qoyulub ki, ona xidmət eləsin, Prezident icra başçısı təyin edir ki, icra başçısı o rayona xidmət eləsin, cavabdehlik daşısın. Bu gün bəzi teatr direktorları özlərini teatrın ağası kimi aparır. Problem bax, burdan başlayır.
- Ötən il Mədəniyyət naziri Adil Kərimli teatrlarda görüşlər keçirdi. Bildiyim qədərilə problemləri deməyə həmin görüşlərdə şərait yaradıldı. Amma təəssüf ki, əksər görüşlərdə bu şansdan istifadə olunmadı. Yəni “hər şey əladır” prinsipi əsas götürüldü...
- Sənlə razıyam. Mən Adil Kərimli nazir təyin ediləndən sonra onunla üz-üzə gəlməmişəm. Amma İctimai Televiziyada çalışan zamandan onu tanıyıram. Ölkə rəhbəri belə bir gənc, praqmatik insana inanıb, ona etimad göstərərək, nazir vəzifəsinə təyin edib. Bu gün Mədəniyyət naziri də teatrların qapısını döyərək görüşlər keçirir, yəni, heç kimi öz qapısına gətirmir. İstəyir ki, insanlar onu daha səmimi qəbul eləsinlər, axı bəzi hallarda nazir kürsüsü, kabinet insanı vahiməyə salır, səmimiyyətin arasına sədd çəkir. Bu gün Azərbaycan dövləti adından mədəniyyətə cavabdeh şəxs gəlib mənlə üzbəüz oturur ki, qardaşım, dərdini, problemini de, bilək və bir ortaq məxrəcə gələk, bu problemin həllinin yollarını axtaraq. Çünki arxamızda dövlət var. Amma dövlətdən hər şey alan sənətkar deyir ki, teatrın heç bir problemi yoxdur, mənim tutaq ki, mənzil çətinliyim var. Və yaxud kimsə durub deyir ki, cənab nazir, mənim fəxri adım gecikir. Şəxsən mən sənətdə fəxri adların qalmasını istəmirəm. Dövlət mükafatını qəbul edirəm, ordenlərin verilməsini istəyirəm, çünki bu, bütün dünyada var. Bu, sənə dövlətin verdiyi dəyərdi.
- Teatrlarımızın dünyaya inteqrasiyası, xarici dövlətlərə qastrolları məsələsinə münasibətiniz necədir?
- Akademik Milli Dram Teatrı sonuncu dəfə Sankt-Peterburqa getdi, “İblis və ...” tamaşsının premyerası Rusiyanın mədəniyyət paytaxtında oldu. Bu, əlbəttə, mühüm hadisədir. Amma bizim hədəflərimiz təkcə Rusiya, MDB ölkələri və ya Türkiyə olmamalıdır.
- Sonda bir az da gələcək planlarınızdan danışaq...
- Tanınmış yazıçımız Əli Əmirlini bir gün tamaşama dəvət eləmişdim. Gəldi baxdı. Sonra mənə dedi ki, bu, kinorejissor tamaşasıdır, dram teatrının rejissorunun işi deyil. Görünür, mən özüm də bilmədən kinematoqrafik düşüncə ilə həmin tamaşanı hazırlamışam. Yeni işlərimə gəlincə, Fridrix Şillerin “Maria Stüard” əsərinin üzərində işləyirəm. Hazır proyektdir, qalıb bircə bizə meydan verilməsi. Paralel olaraq, bir bədii film üçün ssenari üzərində işləyirəm, rəhmətlik İsmayıl Şıxlının əsəridir. Mənə elə gəlir ki, çətindi, ancaq inanıram ki, maliyyə tapılacaq, çox bahalı proyektdir, maliyyə tələb edir. Bir də müstəqil bir ssenarim var, ARKA-ya təqdim etmişəm, ümid edirəm, müsbət cavab alacam.
- Problemlərdən danışdıq. Hər şeyə rəğmən gülməyi bacaran adamsınız..
- Bizim məhəlləyə, küçəyə, bizim evə hər gün Günəşin doğacağına inanıram. Məni yaşadan da bu hissdir. İnanıram ki, sabah daha yaxşı olacaq.
- Xalq şairi Ramiz Rövşən demişkən;
Hər şey dünənkindən yaxşı olacaq
Sabah dünənkindən yaxşı olacaq...