Elşən Rüstəmov: “Ayrılan pulu vicdanla xərcləmirlər" - Müsahibə

Elşən Rüstəmov:  “Ayrılan pulu vicdanla xərcləmirlər" - Müsahibə
30 may 2024
# 15:00

Mən onu daha çox səsindən tanıyıram. Teatr aktyoru kimi kəşfim lap sonralar olub. Bu yaxınlarda isə müsahibimi qiraətçi kimi tanıdım. Elə bu üç kəşfin sorağı ilə maraqlı bir söhbət üçün vədələşdik.

– Siz gələrsiniz teatra, mən tamaşa məşqində olacağam. Sonra görüşək.

Onsuz da teatr aktyorlarına nə vaxt zəng eləsək, bu və ya buna oxşar cavab alırıq. Elə buna görə də məkana varıb bir xeyli gözləməyimiz bizi o qədər də məyus eləmədi. Düzü, bir az bizdə də günah oldu. Vədələşdiyimiz vaxta hələ bir saat qalırdı, amma biz artıq Akademik Milli Dram Teatrının qapısında idik. Vaxtından əvvəl çatmağımızın muştuluğunu vermək üçün qəhrəmanıma iki dəfə zəng vursam da, zəngimə cavab vermədi. Biz də taleyimizlə barışıb gözləməli olduq. Nəticədə müsahibə nə az, nə çox düz iki saat yarımdan sonra baş tutdu.

Kulis.az Əməkdar artist Elşən Rüstəmovun APA-ya müsahibəsini təqdim edir.

Masanın üzərində oxunuşda olan yeni tamaşanın pyesini görürəm. Və elə buradan da ilk sual yaranır.

– Yeni tamaşadır, deyəsən: “İblis və...” Maraqlıdır, premyera nə vaxtdır?

– Yəqin ki, iyunun sonu.

– Necə gedir, hansı obrazı canlandıracaqsınız?

– Elxan.

– Lap yaxşı. Ümumiyyətlə, yaradıcı adam olaraq, sizcə, karyeranızın hansı dövrünü yaşayırsınız: ən parlaq dövrünü, ya parlaq dövrünü?

– Mənə elə gəlir, ən parlaq dövrünü yaşamıram... amma belə deyək, ən parlaq dövr mənim üçün bir az gənc yaşlarda olub. Deməzdim ki, indi parlaq deyil, amma o vaxt daha məsuliyyətli və böyük rollarda oynayırdım.

– Mənə elə gəlir, siz indi də kifayət qədər məsuliyyətli və böyük rollarda oynayırsınız.

– Doğrudur. Amma mənə elə gəlir, o vaxtlar daha cəld, çevik və enerjili idim.

– Aydındır. Bizdən əvvəlki nəsil sizi daha çox “İtkin gəlin” serialı ilə tanıyır. Çünki o dövrdə həmin serial kifayət qədər səs-küy gətirmişdi. Bu illər ərzində “İtkin gəlin” serialındakı obrazınızdan başqa müxtəlif teatr tamaşalarında, film və seriallarda oynamısınız, müxtəlif obrazlar canlandırmısınız. Necə düşünürsünüz, bəs niyə onlar “İtkin gəlin”dəki obrazınız qədər danışılmadı? Bəlkə də, olub, mən yanılıram.

– Mən “İtkin gəlin”ə çəkiləndə tələbə idim. Populyarlıq baxımından, bəli, haqlısınız, “İtkin gəlin” o dövrdə – 1993-1994-cü illərdə, cəmi 2-3 televiziya kanalının olduğu dövrdə xeyli məşhurluq gətirdi. Televiziya kanallarının sayı da az idi, bu da o demək idi, səhəri gün sən artıq populyarsan. Çünki hamı oraya baxırdı. Alternativ, demək olar ki, yox idi. “İtkin gəlin” serialı da, oradakı obrazım da populyarlıq baxımından elə oldu. Amma daha keyfiyyətli rollar, təbii ki, ondan sonra da olub. Təcrübə qazandım, çox işlədikcə çox təcrübə qazanırsan, mən də elə. Şübhəsiz, ondan sonra da, dediyiniz kimi, kifayət qədər rollar oynamışam. Amma televiziya faktı, dövr faktı mütləq nəzərə alınmalıdır.

– Elşən bəy, ümumiyyətlə, siz həm kino, həm də teatr aktyoru kimi tanınırsınız. Amma mənə teatr obrazlarınız daha zəngin təsir bağışlayır. Bu mənada, hesab edirəm ki, bu sual sizə verilməlidir: Necə düşünürsünüz, sizcə, teatr aktyoru sadəcə teatrdan gələn gəlirlə dolana bilər?

– Təbii ki, yox, mümkün deyil. Əlavə nəsə olmalıdır. Mütləq olmalıdır.

– Məsələn, nə?

– Məsələn, mən özüm səsləndirmə ilə məşğulam, yəni dublyajla.

– Sizin səsiniz dublyaj üçün yararlıdır, bəs olmayan nə eləsin?

– Aktyorlar müxtəlif seriallara çəkilirlər, əlbəttə, mən də çəkilmişəm. O da əlavə gəlirdir. Düzdür, son zamanlar çəkilə bilmirəm, çünki teatrda daha çox məşğulam.

– “Alatava”da varsınız amma.

– O çox epizodik roldur. Xırda işlər olur, yəni böyük mənada işim olmur, bu da, dediyim kimi, teatrla daha çox məşğul oluram deyədir və vaxta görə çatdıra bilmirəm. Dublyaj işi ilə də məşğulam, çünki, sizin də dediyiniz kimi, təkcə teatrın maaşı ilə dolanmaq olmaz. Gərək bir neçə yerə parçalanasan ki, nəsə edə biləsən.

– Deyirsiniz ki, tək o gəlirlə dolanmaq olmaz, belə olan halda, məsələn, siz dublyajla məşğulsunuz, başqa biri həm kino, həm serial, həm teatrla paralel məşğuldur, üçüncüsü toylara tamada kimi gedir və s. Mən müxtəlif aktyorlarla müsahibə etmişəm. Onların bəziləri toylara tamada kimi gedən aktyorları qınayır, bəziləri isə qınamır. Maraqlıdır, sizin düşüncəniz nədir? Bir aktyor bu gün teatrda Hüseyn Cavidin “İblis”ində Elxanı oynayır, sabah isə toyda gedib: “A bəy, toyun mübarək”, – sədası altında bəyin Elxan əmisini çağırır ki, gəl xələt ver.

– Sözsüz ki, mən toya gedən aktyorları qınamıram, hər kəsə bir seçim verilir, o da öz seçimini edir. Yəni seçim aktyorun özündən asılıdır. Mənim seçimim əvvəldən elə olmayıb, mən teatrı seçmişəm.

– Heç toya tamada kimi dəvət ediblər?

– Bəli, olub. Xüsusilə “İtkin gəlin”dən sonra bu cür təkliflər çoxaldı. Deyirdilər, hamı istəyir ki, gəlib toyu aparasınız. Amma mən özümü orada təsəvvür edə bilmədim. Özümü orada görə bilmədim. Düşünürdüm ki, bacarmaram. Və getmədim. Heç vaxt getmədim.

İndi aktyorların vəziyyəti nisbətən yaxşıdır, o vaxtlar, ümumiyyətlə, vəziyyət acınacaqlı idi. Üstəlik, serial sektoru o vaxt yox idi, indi inkişaf edib, az-çox serial çəkilir, dublyaj sektoru mövcuddur, aktyorlar nə isə qazana bilir. O vaxt heç nə yox idi, amma mən o vaxtın özündə də yenə teatrdan kənara çıxmırdım.

Bayaqdan bəri əllərini masanın aşağısında gizlətməsi diqqətimi çəkir.

– Elşən bəy, əllərinizi elə bil gizlədirsiniz.

– Yox, ona görə deyil. Sadəcə, əlimi məşq vaxtı bir az zədələmişəm.

– Bugünkü məşqdə?

– Artıq 2 aya yaxındır.

– Hansı tamaşada olub?

– “Gün var əsrə bərabər” tamaşasında məşq vaxtı zədələndim. Hətta bir müddət əlim gipsdə qaldı. Ondan sonra özümdən asılı deyil, vərdiş yaranıb, əlimi gizlədirəm. İndi yaxşıdır, amma hələ də bir az ağrı var. Ehtiyatlı davranıram. O da düzələcək.

– Necə deyərlər, sənət qurban tələb edir. Bu da nümunə.

– Elədir.

– Elşən bəy, mənə elə gəlir, sizin səsiniz özünüzdən daha çox tanınır. Hamı teatra gəlmir, teatrın öz kütləsi var və yaxud da hamı Azərbaycan kinosuna, serialına baxmır, amma müxtəlif Amerika seriallarına, müxtəlif filmlərə baxırlar və sizi oradan tanıyırlar. Daha doğrusu səsinizi.

– Çox səsləndirmə etdiyimə görə, dublyajda çox iştirak etdiyimə görə, təbii ki, səsdən tanıyanlar da var. Həm də sizə deyim ki, efirdən gələn səslə, adi danışıq səsi şəxsən məndə fərqlənir. Elə aktyorlar var ki, onlarda fərqlənmir, efirdə necədirsə, normalda da elə olur. Amma məndə bir az fərqlilik olur. Danışan kimi demirlər ki, bu səs bizə tanışdır. Amma tanıyanlar olur, bilir, təbii ki, bu da sevindiricidir, tamaşaçı aktyoru səsindən tanıyır, onun səsinə qiymət verir.

– Belə özünüzü məşhur adam kimi hiss edirsiniz? Məsələn, buradan çıxaq, Qış parkı ilə üzü “28 May” tərəfə gedək. Adamların sizə münasibətindən, davranışından məşhur olduğunuzu hiss edə bilirsiniz?

– Yox, düzü, mən özümü məşhur adam hesab eləmirəm. Məşhur o deməkdir ki, səni hər yerdə hər kəs tanısın. Əlbəttə, məni də tanıyırlar. Deyirlər, bu həmin aktyordur. Çox vaxt adımı bilmirlər, amma deyirlər, hə, bu o aktyordur. Bu mənada, özümü məşhur hesab eləmirəm.

– Bayaq sizin dublyaj karyeranızdan da bəhs etdik. Azərbaycanda dublyaj məsələsi bir az problemlidir, xüsusilə kinoteatrlar müstəvisindən deyirəm. Sosial mediada zaman-zaman bununla bağlı yazılar olur. Hazırda Azərbaycan kinoteatrları öz dilimizə dublyaj edilən filmləri nümayiş etdirmirlər. Ya alt yazı ilə olur, ya türkcə, ya da rusca, sizcə, niyə proses belədir, niyə biz Azərbaycan kinoteatrlarında hansısa xarici filmə öz ana dilimizdə baxa bilmirik?

– “Niyə”lər çoxdur, əslində. Birinci növbədə, hesab edirəm ki, məntiqsiz sistem qurulub və bu məntiqsizlik bir çox sahədə var. Müəyyən maliyyə problemləri də ola bilər, çünki dublyaj, əslində, çox ciddi maliyyə tələb edən sahədir. Bəlkə, dublyaj aktyorlarına pul çatdıra bilmirlər. Mən aktyoram deyə, ağlıma ilk bu gəlir. Amma, sözsüz, tək bu deyil. Bu sektorun problemi, problemləri, doğurdan da, böyükdür.

– Dediyiniz kimi, siz aktyor kimi yanaşırsınız. Onda elə dublyaj aktyoru kimi danışaq. Dublyaj aktyorunun qonorarı necə tənzimlənir? Sizi qane edirmi?

– Mən sizə bir şey deyim: biz qonorara həmişə “şükür prizması”ndan yanaşırıq. Yəni buna da şükür. Amma ümumilikdə baxanda, təbii ki, yox, bizi qonorar qane etmir. Daha çox olmalıdır. Təkcə dublyajda yox, serial sektorunda da qonorar çox olmalıdır. Məsələn, 15 il bundan əvvəl mən nə qədər alırdımsa, indi də o qədər alıram. Yəni heç bir şey dəyişməyib. Görün bu müddət ərzində pullar nə qədər dəyişib, qiymətlər nə qədər qalxıb, amma yenə də eyni şeydir, eyni qonorardır. Hətta mən sizə deyim ki, dublyajın qonorarı serialın qonorarından daha çoxdur. Siz indi vəziyyətə baxın. Mən aktyor kimi düşünürəm ki, belədirsə, mən seriala yox, dublyaja gedim. Amma əksinə olmalıdır.

– Bayaq sizin “Alatava”dakı epizodik rolunuza toxunduq. Onun üçün qonorar aldınız?

– Sözün düzü, mən o rola xahişlə getmişəm. Əlixanla bizim əvvəl də ortaq proyektimiz olub, ona görə gedib təmənnasız çəkildim. Bilirsiniz, belə şeylər olur, əvvəl rejissorla işləmisinizsə, münasibətiniz varsa, ola bilir ki, kiçik, ya böyük rol, fərqi yoxdur, təmənnasız da nəsə edəsən. Sözsüz, sənin – aktyorun istəyindən asılıdır. Sən razılaşmaya da bilərsən.

– Ümumiyyətlə, mən sizin adınızı tez-tez belə söhbətlərdə eşidirəm. Tələbələrə, gənc rejissorlara təmənnasız dəstək olursunuz.

– Bəli, bir neçə dəfə olub, müəyyən tələbələrlə, gənclərlə işləmişəm. Çünki onlar təzədirlər. Onlara kömək lazımdır. Ona görə vaxtım varsa, köməyimi əsirgəmirəm.

– Aydındır. Elşən bəy, “Alatava” serialı ətrafında sosial mediada ciddi müzakirələr gedir. Xüsusilə də serialda vulqar ifadələrin işlənməsi, varvar sözlərin efir məkanına daşınması və s. Necə düşünürsünüz, filmdə bu şəkildə vulqar ifadələrin olması normaldır? Bu müzakirə, ümumiyyətlə, niyə var?

– Bu, ziddiyyətli məqamdır. Bütün dünyada belə filmlər var. Məsələn, biz dublyaj etdiyimiz filmlərdə pis söyüşlər söyürlər, eşidirik, amma biz onu dəyişib nə edirik: “Lənət şeytana”, “Ay zibil”, “Ay zəhrimar” və s. Amma onlar orada necə lazımdır, elə də söyüş söyürlər. Biz əxlaqımıza, mentalitetimizə görə, istəmərik ki, efirdən elə sözlər səslənsin, amma dünyada bu proses gedir. Biz də o dünyanın bir parçasıyıq. Mənim özümə qalsa, istəməzdim ki, bu söyüşlər olsun. Amma bu serialı ərsəyə gətirənlər, yaxud digər yoldaşlar var ki, onlar istedadlı uşaqlardır, istəyirlər ki, nə isə yaratsınlar. Məsləhətim bu olardı ki, hər şey yaxşıdır, siz istedadlısınız, yaxşı işlər ortaya qoyursunuz, amma bir qədər az söyüş istifadə edin. Söyüşsüz keçinmək olar, məncə, arada yeri olsa, bir-iki dənə istifadə etmək olar. Bu mənada, sizin sualınıza cavabım odur ki, bu mübahisədə hər iki tərəfin özünə görə müəyyən haqqı var. Yəni ki, onları qınayanlar da haqlıdır, bu tərəfdən özləri də və onlara dəstək verənlər də.

– Azərbaycanda həddindən artıq tənqid olunan sahələrdən biri də kino və serial sektorudur. Seriallarda əsas tənqid olunan məsələ ssenaridir. Elə bil ki bu ssenarilər elə setdə yazılıb. Çox bəsit olur, mövzuda ciddi problemlər nəzərə çarpır. Kinoda isə, ümumiyyətlə, ölkədə kino çəkilməməsi tənqid hədəfidir. Bir aktyor olaraq necə düşünürsünüz, həm kino, həm serial sektorunda biz hansı on illiyi gözləməliyik ki, bizə ən yaxın Türkiyə nümunəsində nələrəsə, hansısa uğurlara nail olaq? Ən azından, öz tələbatımızı ödəyək.

– Bunu istəmək lazımdır. İstəmək lazımdır ki, serial olsun, istəmək lazımdır ki, kino çəkilsin və bunu vicdanlı şəkildə etmək lazımdır. Pul bizdə nə qədər istəsən, var. Dövlət bu sektora lazımi qədər məbləğ ayırır. Amma vicdan lazımdır ki, bu maliyyə lazımi formada xərclənsin, filmə həsr olunsun, film və seriallarımızın inkişafı üçün xərclənsin. Hər şeyimiz var, istedadlı aktyor, rejissor, əgər yoxdursa, oxutdurmağa da göndərə bilərik, ona ayrılacaq maliyyə imkanımız da var, buna da gücümüz çatar. Yetər ki, vicdanlı olaq və istəyək.

– Elşən bəy, sizin üçün dəvət aldığınız kino və yaxud serialda ssenari neçənci dərəcəli yerdə dayanır? Söhbəti bizim bəzi müasir seriallara gətirmək istəyirəm, orada çəkilən kifayət qədər talantlı, ciddi aktyor-aktrisalarımız var.

– Bəzən görürsən, ssenari yaxşıdır, amma çəkilişdə o effekti almaq olmur, yaxud da tərsi baş verir. Bəzən oxuyursan, deyirsən, bu necə olar, alınmaz, amma rejissor onu ətə-qana gətirə bilir. Belə şeylər də olur. Bütün bunlar sistemli şəkildə bir-birinə bağlıdır. Əlbəttə, mənim üçün ssenari öncül məsələlərdəndir. Kimsə ssenarini qəşəng yazır, onu serialda və ya filmdə reallaşdıra bilmir, halbuki çox gözəl ssenari var ortada. Yaxud da ki, əksinə. Siz dediyiniz bəsit mövzular elədir ki, onları gətirib asanlıqla seriala çevirə bilirlər. Pərakəndəlik var, buna görə də sən seçə bilmirsən. Bizim də seçimimiz çox deyil. Uğurlu film və seriallar çox deyil ki, sən seçəsən. Yox, mən bunu istəmirəm, mən orada oynamaq istəyirəm. Yoxdur, başa düşürsünüz? Yoxdur. Ya gərək, ümumiyyətlə, çəkilməyəsən, ya da ki, çəkilsən də, onda sən çox şeyə göz yumasan – sırf çəkilmək naminə.

– Qayıdaq teatra. “İblis və...”dən əlavə hazırda hansı aktiv rollarınız var?

– “İblis və...” bizim yeni tamaşadır, bununla paralel başqa məşğul olduğum məşqim yoxdur. Bir də bu yaxınlarda, təxmini, 2 ay olar ki, təhvil verdiyimiz “Gün var əsrə bərabər” tamaşası var. O da Mehriban xanım Ələkbərzadənin quruluşundadır, yeni tamaşadır. Belə həftənin dörd, bəzən də beş günü tamaşada oluram.

– Gənc Tamaşaçılar Teatrı və Akademik Milli Dram Teatrı. Hər ikisində çox zəngin fəaliyyətiniz olub və var.

– Bəli, mən Gənc Tamaşaçılar Teatrında başlamışam, orada bir çox maraqlı işlərim olub, kollektiv mənim üçün çox doğmadır. Bu yaxınlara qədər iki teatrla paralel işləyirdim. Sadəcə, zamanla gördüm ki, vaxt çatmır. Ona görə yalnız “Azdrama”da qalası oldum.

– Teatrlar kino sektorumuzu müqayisə edəsi olsaq, mənə elə gəlir, teatr çox-çox irəlidədir. Haqsızam?

– Əlbəttə ki, haqsız deyilsiniz. Kinoda, bayaq da dedik, bir az sistemsizlik hökm sürür. Yaxşı işlər olur, kimsə nəsə çəkə bilir və o filmlər festivallara gedir. İstedadlı uşaqlar var, öz təşəbbüsləri ilə nə isə edirlər. Ona görə də bir az kinoda çox sistemsizlik var. Kino çox pul tələb etdiyi üçün də burdakı axsaqlıqlar daha çox bilinir. Amma teatr stabildir. Pis-yaxşı, keyfiyyətli-keyfiyyətsiz tamaşalar bir yana, əsas odur ki, teatr stabil olaraq öz işindədir. Müxtəlif səpkidə tamaşalar var, sən hansı tamaşaya gedəcəyini seçə bilərsən. Çeşid çoxdur. İş dayanmır, iş gedir, bu barədə axtarışlar gedir. Bu mənada, mənə də elə gəlir ki, teatrın vəziyyəti daha yaxşıdır.

– Maraqlısı odur ki, teatra tamaşaçı marağı da çox yaxşıdır. Amma nədənsə zaman-zaman bu da tənqid olunur və hətta belə bir ifadə də yaranmışdı: Azərbaycan teatral xalq deyil.

– Mən bu kimi fikirlərlə razı deyiləm, bu neçə il ərazində boş zal görməmişəm. Azərbaycan teatrları tamaşaçısız deyil.

– Bu yaxınlarda Heydər Əliyev Sarayında qiraətlə bağlı böyük bir konsert proqramı oldu. Mən də orda idim. Sizin də çox əla çıxışınız oldu.

– Təşəkkür edirəm.

– Ümumiyyətlə, zaman-zaman aktyor və aktrisalarımız özlərini qiraətdə sınayır. Amma bəzən bu situasiya kənardan belə görünür ki, sanki aktyordurlar deyə bunu məcbur edirlər. Aktyoramsa, demək, şeiri yaxşı oxuya bilərəm, qiraət edə bilirəm. Sualımı konkretləşdirim: bütün aktyor və aktrisalar niyə qiraət etməlidir?

– Yenə də deyirəm, seçim. Seçim sənin özünündür. Özləri üçün oxuyurlar, yəqin ki, ehtiyac var, nə bilim. Mən də çox arzulamışam ki, qiraət edim və onu haradasa nümayiş etdirim və ya elə özüm üçün. Amma indiyə qədər qiraətimi haradasa nümayiş etdirməyim mümkün olmayıb. Sizə deyim ki, mən heç qiraətçi də deyiləm. Sadəcə, mənə təklif olunanda gedirəm, hansısa tədbirdə oxuyuram, onu da heç paylaşmıram, paylaşmağı sevmirəm. İndiyə qədər sosial şəbəkədə, ümumiyyətlə, özümlə bağlı heç nə paylaşmamışam. Nadir hallarda nə isə ola bilər.

– Orada Eldar Baxışın məşhur “Sərçə balası” şeirini səsləndirdiniz. Bu şeiri sizə qədər çox ifa edən olub, amma siz şeiri ilk dəfə coşqu və bir növ, hayqırtı motivində oxudunuz. Bunu siz təklif etmişdiniz, ya necə?

– Şeirin o tempdə səsləndirilməsi, sadəcə, musiqinin diktəsi idi. Orada yetmiş nəfərlik orkestr var idi. O musiqi də coşqun, təntənəli bir musiqi idi. Və mən şeirin özündə də üsyan gördüm. Nəticədə, elə alındı. Sizin də, tamaşaçının da dediyinə görə, heç də pis alınmayıb.

– Bu yaxınlarda aktyor Səmimi Fərhadla müsahibə eləmişdim. Müsahibə zamanı aktyor və ədəbiyyat haqqında söhbətimiz oldu. Səmimi Fərhadın cavabı bir xeyli müzakirələrə yol açdı. Maraqlıdır, bir aktyor ədəbiyyatla nə dərəcədə maraqlanmalıdır, kimləri oxumalıdır, yaxud hansı filmlərə baxmalıdır, hansı rejissorları izləməlidir? Sizin də bu mövzuda cavabınızı eşitmək istəyirəm.

– Təbii ki, aktyor oxumalıdır. Bu onun özü üçün yaxşıdır. Nə qədər çox oxusan, sənin söz ehtiyatın o qədər yaxşı olacaq. Səmimi Fərhad çox istedadlı aktyordur, mən onun aktyorluq sənətini çox bəyənirəm, işlərinə baxıb sevinirəm. Hər bir aktyor fərdidir. Təbii ki, qınayanlar oldu ki, niyə oxumur, düşünürəm ki, o özü də istəyər, oxusun, baxsın. Amma vaxt çatmır, hövsələsi olmur, bunlar fərdi məsələlərdir. Həm də oxumaq da vərdişdir, bu vərdişi formalaşdırsa, gün ərzində müəyyən oxu saatın olacaq.

– Sizdə necədir?

– Düzü, mənim də siz deyən kimi çox vaxtım olmur, amma o demək deyil ki, ümumiyyətlə, oxumuram və yaxud da ki, dünya kinosunu izləmirəm, baxmıram. Mənim seriallara baxmağa hövsələm çatmır. Bir tərəfdən isə, çoxlu film səsləndirirəm, düzdür, orada fikir tamamilə filmdə olmur, amma yenə bu da prosesin bir parçasıdır. Daha çox keçmiş filmləri. Məsələn, bu yaxınlarda bir filmə baxdım, 1949-cu ildə çəkilib. Bir ailə filmidir, SSRİ ilə birgə istehsal edilib. Təsəvvür eləyin, neft buruqları yanır, onu necə eləmək olar, indi eləmək olar onu? Neft buruqlarını, doğrudan da, yandırırlar. Mən hələ texniki baxımdan deyirəm. Suyun altında çəkiliş... xeyli vaxt suyun altında çəkiliş gedir, təsəvvür edin, 40-cı illərdə suyun altında çəkiliş. Baxdım mən, şoka düşdüm... çəkiliş estetikası, aktyorların oyunu, çəkiliş texnikası. Texnikanın çox məhdud olduğu vaxtda belə əhatəli film çəkiblər.

– Bəs ümumilikdə yerli ədəbiyyata üstünlük verirsiniz, ya xarici? Və hansı janr sizə yaxındır?

– Daha çox xarici. Təəssüf ki, yerli müəllifləri, yeni müəllifləri izləmək imkanım olmayıb. Janr olaraq, bir ara detektiv janrı sevirdim, Aqata Kristidən müəyyən əsərlər oxumuşam. Daha sonra Somerset Maem, onun “Ay və qara şahı” əsəri son yadımda qalanlardandır. Onun “Teatr” əsəri də maraqlı idi. Hətta bu əsərdən özüm üçün qeydlər də götürmüşdüm.

Elşən Rüstəmovla başımız söhbətə o qədər qarışdı ki, bir də özümüzü bayaq adını çəkdiyimiz Qış parkının mərkəzində tapırıq. Ətrafımızdan o yan-bu yana keçən adamların, heç olmasa, beşindən birinin reaksiyasından sonra, güman ki, aktyorun məşhurluq söhbətində fikri dəyişməli idi. Nə bilim?! Ən azından, onunla sağollaşıb üzü “28 May”a sarı düşəndə bayaqdan bəri bizi müşayiət edən orta yaşlı xanımın yanındakına: “O adam Elməddin deyil?..”, – deməsinə görə...

Foto - İlkin Nəbiyev

# 2231 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #