Efirlər niyə çəpərdibinə dönüb?

Efirlər niyə çəpərdibinə  dönüb?
2 fevral 2026
# 15:35

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Azərbaycan efirlərində bayağılığın olması artıq mübahisə mövzusundan çıxıb, qəbul edilmiş bir reallığa çevrilib. Təəssüf ki.

Amma məsələ təkcə bayağılıqda yox, bunun necə rahat, utanmadan və sistemli şəkildə evlərimizin içinə soxulmasındadır.

Televiziya studiyaları getdikcə sənət meydanına yox, çəpərlərin dibinə bənzəməyə başlayıb. Və biz evimizdə oturub bu çəpərdibində baş verənləri izləmək məcburiyyətində qalırıq.

“Çəpər” sözünü də gəlişigözəl, təsadüfi kəlmə kimi işlətmədim.

Yaxın günlərdə sosial şəbəkələrin birində qarşıma Təranə Qumral və əri Musa Musayev cütlüyün iştirak etdiyi bir verilişdən kəsilib paylaşılan qısa video çıxmışdı.

Yaşı 60-ı haqlayan bu qadın müğənni divanın arxasında gizlənib əlində mikrofon əttökən şəkildə “Ay Musa oğlan, çəpərdən boylan, məni istəmirsən?” psevdoşousu nümayiş etdirirdi.

Təsadüfən bir neçə dəqiqəlik də olsa bəzi efirlərə nəzər salanda “ispan utancı” keçirməkdən birtəhər oluram. Həmin televiziya rəhbərlərinin də, aparıcıların da, oraya çağırılan qonaqların da, hətta bütün tamaşaçıların da yerinə utanıram.

Yaşına, mövqeyinə, efirin ictimai mahiyyətinə baxmadan edilən ucuz jestlər, süni flört və mikrofonla edilən “cilvələri” görəndə mən tamaşaçı olaraq xəcalət çəkirəm, amma efirdə buna rəvac verənlər yox. Bu, artıq tək-tük hal olmaqdan da çıxıb, az qala tendensiyaya çevrilib. Efir estetikadan uzaqlaşıb, məhəllə bərbərxanasına dönüb.

Son vaxtlarda efirlərdə yaranan başqa bir yeni “ənənə” də xüsusilə diqqət çəkir: müğənnilər indi efirə tək gəlmir, ailəvi gəlir. Qızları, həyat yoldaşı, hətta qudası ilə.

Hə, qudası ilə... Elə, deyəsən, Təranə Qumral idi, efirə qudasıyla çıxmışdı. Niyə? Nə üçün? Bilmədim...

Çevirirsən, görürsən ki, digər kanalda Rəqsanə qızıyla, kürəkəniylə oturub, çənə-çənəyə verib danışırlar. Nə haqqında danışırlar? Heç nə haqqında. Böyük bir heç nə...

Studiyada sanki veriliş yox, ailə süfrəsi qurulur. Aparıcı da çevrilib olur el məclisinin tamadası. Efir sənət üçün yox, ailədaxili nümayiş üçün istifadə olunur. Bütün bunların fonunda nə musiqi qalır, nə söz, nə də sənətə aid ciddi bir məzmun.

Bu nöqtədə əsas sual təkcə müğənnilərə deyil, birbaşa efirin özünə ünvanlanmalıdır: niyə efir sahibləri, telekanal rəhbərləri buna icazə verir? Həmin verilişlərin redaktorları hara baxır? Niyə illərlə formalaşmış televiziyanın ictimai məsuliyyəti reytinq naminə kənara qoyulur? Niyə efir vaxtı mədəniyyətə, musiqiyə, fikirə yox, ailə reklamına satılır?

Tez-tez eşidilən bir “bəraət”ləri də hazırdır: “Xalq bunu istəyir”.

Bu, ən təhlükəsiz və ən yalançı arqumentlərdən biridir. Auditoriya nəyi görürsə, ona da öyrəşir. Zövq efirdə formalaşır. Televiziya təkcə güzgü deyil, eyni zamanda filtr olmalıdır. Əgər efir süzgəc funksiyasını itirirsə, o, cəmiyyəti maarifləndirmir, əksinə, onu zəiflədib adiləşdirir.

Məsələnin digər tərəfinə baxsaq, bəs müğənnilər niyə ailəvi gəlir? Çünki olmayan “sənətləri ilə” gündəmdə qalmaq çətindir, ailə ilə qalmaq isə asandır. Sənət yaratmaq istedad, zəhmət, məktəb, səviyyə tələb edir, zaman istəyir. Ailəni efirə çıxarmaq isə hazır diqqət mexanizmidir.

Qızını qoltuğuna vurub “müğənni” kimi təqdim edirsən, həyat yoldaşını “səhnə adamı” kimi, qohumunu “istedad” adı altında dövriyyəyə buraxırsan.

Pulla satın aldığın efir saatında da televiziyaya çıxıb ailə üzvlərin arasında danışmalı olduğun mövzunu ictimai müzakirəyə buraxırsan, vəssalam, xeyli müddət gündəmdəsən.

Tamaşaçı da ya fərqinə varmadan, ya da məcburiyyətdən bir ailənin “reklam paketi”ni izləyir.

Əksər televiziya rəhbərləri və aparıcıları "tələb-təklif" kontekstini bəhanə edib cəmiyyətin zövqünün korlayıb, sonra da eyni təəccüblə sual verirlər: “Niyə zövqümüz korlanıb?”

Ən acısı isə budur ki, zövqlər o qədər korlanıb və korşalıb ki, bu bayağılıqlar artıq tələb-təklif kontekstində gündəlik könüllü “qida porsiyası” kimi qəbul edilir.

Çünki bəzi televiziya kanallar ictimai tezlikdən istifadə edir, reklam alır, milyonlarla “evə girir”. Reytinq hər şey deyil, onun naminə hər şeyə göz yumulmamalıdır.

Efir şəxsi, ailəvi şou meydanı deyil, ictimai məkandır və ictimai məsuliyyət daşıyır.

# 1406 dəfə oxunub

Oxşar xəbərlər

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
Baş konsulluq: "Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır"

Baş konsulluq: "Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır"

15:00 29 mart 2026
Rasim Balayev Turkiyədə vəfat etdi

Rasim Balayev Turkiyədə vəfat etdi

13:45 29 mart 2026
Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

15:00 28 mart 2026
Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

14:00 28 mart 2026
"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

12:25 28 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər