Kulis.az Üzeyir bəyin ermənilər tərəfindən dağıdılan ev-muzeyinin 43 ildir direktoru olan Nəsibə Eyvazova ilə müsahibəni təqdim edir.
Azərbaycanın mədəniyyət incisi Şuşada hər daşın, hər məkanın tarixi özəlliyi var. Hərəsi özlüyündə bir incidir. Şuşa bu incilərin vəhdəti, düzümüdür. Bu şəhərin hər küncü-bucağı əziz görünür, amma 3 məkan məni özünə daha çox bağladı - dağılmış olsalar da, əzəmətlərini qoruyub saxlayan Xan qızı Natəvanın evi, Üzeyir Hacıbəylinin ev-muzeyi, onların həndəvəri, bağ-bağatı, bir də Bülbülün ev muzeyi. Hərəsində bir cür doğmalıq, hüzur var, sanki illər əvvəl olmusan, dəfələrlə gəlmisən, hətta yaşamısan bu məkanlarda.
Bu dəfə həmin məkanlardan biri – Üzeyir bəyin ermənilər tərəfindən dağıdılan ev-muzeyinin keçmiş günlərini 43 ildir direktoru olan Nəsibə Eyvazova ilə söhbətdə xatırlayırıq.
Çoxdan – işğalın ildönümlərindən birində o zaman işlədiyim “Yeni Müsavat” qəzetində heç vaxt görmədiyim, gəzmədiyim Şuşadan yazmışdım. Şuşa deyiləndə ağlıma ilk gələn bir neçə nəfərin adını çəkmişdim, biri də Nəsibə xanım idi.
Ondan sonra danışanda tezliklə Şuşamıza, Qarabağımıza bərabər getməyi arzuladıq, birgə köks ötürdük Şuşa itkisinin növbəti ildönümündə. Arzu tutsaq da, ona inanmayacaq bir ovqatda idik. Sonralar onu heç görmədim. Ötən ilin sentyabrında Şuşaya gedəndə, yenə onu xatırlamışdım. Bu yaxınlarda sosial şəbəkədə bir videoda tapdım Şuşa sevdalısı bu xanımı. Şuşasından danışırdı, elə Üzeyir bəyin ev muzeyinin dağıntıları qarşısında...
İndi onunla Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində görüşdük. Ətrafdakı müasir, hündür binaların əhatəsində gözdən-könüldən uzaq görünən, amma tarixiliyini qoruyub saxlayan muzeydə. İçəri addım atandan çıxana kimi bu zamanadək bura gəlmədiyimə, ab-havasını bu vaxtacan duymadığıma görə özümü çox qınadım. Üzeyir bəyin hər tərəfdən boylanan baxışlarından utandım.
Azərbaycan dahisinin yadigarlarını yaşadanlardan biri Nəsibə xanım düz 30 il əvvəl bura pənah gətirib. Üzeyir bəyin bir ocağından digərinə gətirdiyi, ona aid olan nə varsa, göz bəbəyi kimi qoruyub saxlayıb.
Söhbətə uzaq 1979-cu ildən başlayır:
“79-cu ildə təhsilimi yenicə başa vurmuşdim, Üzeyir bəyin Ev muzeyində çalışmağı təklif etdilər. Qürurlu olmaqla yanaşı, çox məsuliyyətli idi. Doğrusu, o zaman muzeydə eksponatlar çox az, Üzeyir bəyin şəxsi əşyaları yox dərəcəsində idi, demək olar ki. Ekspozisiyanın mətni də yox idi. Bax bu muzeylə əlaqəli işləməyə başladıq. Muzeyə marağı artırmaq üçün çox iş görmək lazım idi. Eksponatların sayını çoxaltmaq, bağ-bağçanı gözəlləşdirmək gərək idi. Həvəslə çalışırdıq, amma muzeyin təmirə ehtiyacı vardı. 1982-ci il idi. Günlərin bir günü dedilər ki, Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev Şuşaya Vaqif Poeziya günlərinə gələcək.
Onu da deyim ki, 82-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsi və Poeziya evinin təntənəli açılışı olmuşdu. Rəhmətlik Heydər Əliyev elə orda Vaqif Poeziya günlərinin keçirilməsi haqda göstəriş vermişdi. Məhz elə həmin ildə, iyul ayında, daha doğrusu 29 iyul - 3 avqustda Şuşada Vaqif Poeziya günləri keçirildi. Heydər Əliyev onda yenidən Şuşaya gəldi. Şəhər Mədəniyyət evinin qarşısından - Üzeyir bəyin, Bülbülün, Natəvanın heykəlləri olan yerdən muzeyə ayaqla gəlmişdi. Dedilər ki, Heydər Əliyev gəlir. Çox gənc idim, o qədər həyəcanlıydım ki... Amma özümü toparladım, muzey haqda məlumat verdim. Gördüm ki, Heydər Əliyev Üzeyir bəyin həyatı, yaradıcılığı haqda çox məlumatlıdır və arada suallar verməklə digər şəxslərin nə qədər məlumatlı olmalarını yoxlayır. Mən danışanda birdən Polad Bülbüloğluna tərəf döndü dedi ki, Bülbül Əsgər rolunu neçənci ildə oynamışdı?
Heydər Əliyevlə yanaşı, böyük heyət, rəhbər şəxslər, tanınmış mədəniyyət, incəsənət xadimləri, o cümlədən SSRİ xalq artistləri, eləcə də Zeynəb Xanlarova gəlmişdi.
Onda muzeyə kimi təzə yol çəkilmişdi, yol kənarlarına çınqıllar tökülmüşdü. Orda bir söz dedi Heydər Əliyev. Dedi ki, bu şərait hər zaman olsun. Yəni demək istədi ki, tək mən gəldiyimə görə eləməyin, bura hər zaman diqqət olmalıdır.
Yaxşı yadımdadır, Heydər Əliyev birmərtəbəli evə baxdı dedi ki, belə bir dahi adamın bu cür balaca ev-muzeyi var...
Onu da qeyd edim ki, Üzeyir bəy 1948-ci ildə vəfat edəndən sonra 1949-cu Nazirlər Soveti onun adının əbədiləşdirilməsi ilə bağlı qərar verib. Qərarda onun Şuşada və Bakıdakı ev muzeylərinin yaradılması, məktəblərə, küçələrə və s. adının verilməsi əksini tapıb. 1959-cu ildə Şuşada onun yaşadığı ev muzey elan olunub.
O zaman həmin evin yarısı - ikinci mərtəbəsi dağılmış halda olub. Evin bir hissəsi isə Üzeyir bəyin qardaşı Zülfüqar Hacıbəyliyə aid imiş. Bir mülk həyətdən divarla yarıya bölünmüşdü. Bir hissə bir, digər hissə digər qardaşa məxsus idi. Sonradan Zülfüqar Hacıbəylinin evi dövlət tərəfindən yaşamaq üçün Xan Şuşinskiyə verilmişdi. Daha sonra isə ev başqa bir şəxsə aid olmuşdu...
Heydər Əliyev belə deyəndə şəhərin o zamankı baş memarı bütün bunları ona danışdı. Onda Heydər Əliyev göstəriş verdi ki, ev Üzeyir Hacıbəyovun ata-babasına, ona aid olduğu üçün muzeyə verilməli, muzeyin sahəsi genişlənməlidir.
Heydər Əliyevin orda verdiyi göstərişə uyğun olaraq, 83-cü ildən təmir başlandı. Həyətin ortasından evi iki yerə ayıran hasar götürüldü, muzeyin sahəsi genişləndirildi. Üzeyir bəyin 1985-ci ildə qeyd olunacaq 100 illik yubileyinə hazırlıqlar görülməyə başladı.
Muzey yenidən bərpa olundu, sahəsi, ekspozisiyası genişləndirildi. Elə təmir gedə-gedə ekspozisiya işə başladı. Gecəli-gündüzlü işləyirdik ki, Üzeyir bəyin 100 illik yubileyinə çatdıra bilək. 85-ci ilin sentyabr ayında muzey tam istifadəyə verildi.
100 illik yubileylə bağlı təntənəli tədbir keçirildi, ölkə rəhbərliyi də tədbirə qatılmışdı. Digər respublikalardan, xaricdən qonaqlar gəlmişdi.
O illərdə Bakıdakı ev muzeyinin direktoru, Üzeyir bəyin katibi vəzifəsində çalışmış, həm də qohumu rəhmətlik Ramazan Xəlilovla əlaqəli çalışırdıq. Hər dəfə Bakıya gələndə Üzeyir bəyin Şuşaya aid olan əşyalarını aparırdım. Bir dəfə skripkasını (Qori Seminariyasında ifa etdiyi skripka – red.), bir dəfə uşaqlıq papağını, bir dəfə anası Şirinbəyim xanımın gəlinlik libasını apardım. Belə-belə muzeydə eksponatların sayı xeyli artmışdı.
***
Muzey beş otaqdan ibarət idi. İkinci mərtəbədə bir otaqda onun uşaqlıq dövrünə aid olan əşyalar, fotolar, qab-qacaqlar yığılmışdı. Otaqlar hamısı taxçalı idi. Taxçalarda qab-qacaq düzülmüşdü, yerdə süfrə salınmışdı, mütəkkələr qoyulmuşdu, ocaq üzərində qazan asılmışdı. Qədim sandığın üstündə də mütəkkələr vardı. Döşəməyə Qarabağ xalçaları və yan xalılar döşənmişdi. Birinci mərtəbədə olan otaqlarda Üzeyir bəyin təhsil illəri, jurnalistika, müəllimlik fəaliyyəti, yaradıcılığı, operaları haqda məlumatlar qoyulmuş, səhnələr yaradılmışdı.
Şərqin ilk heykəltəraş qadını Zivər xanımın (Zivər Məmmədova – Üzeyir Hacıbəylinin naturadan yaradılmış yeganə heykəl-portretinin müəllifi - red.) yaratdığı heykəli də orda qoyulmuşdu.
Çox əfsuslar olsun ki, həmin heykəl də muzeydəki çox eksponatlar, muzeyin binası kimi işğal dövründə dağıdılıb.
***
Təmirdən sonra daha da həvəslə çalışırdıq, ştatlarımızın sayı artmışdı. Həyətimiz cənnəti xatırladırdı. Muzeyə tanışlığa gələnlər bəzən saatlarla o həyətdə oturub dincəlirdilər. Orda Üzeyir bəyin əsərlərindən parçalar səsləndirirdik - “Koroğlu üverturası”nı, “Sənsiz”, “Sevgili canan” əsərlərini, “Arşın mal alan”dan parçaları... Onun hər əsəri bir cür təsir bağışlayırdı.
85-ci ildən 92-ci ilə kimi çox böyük əzmlə çalışdıq. Boş vaxt, imkan tapan kimi həyətdə iş görərdik. Bənövşələr əkərdik, güllərə qulluq edərdik, həyəti səliqəyə salardıq. Qışda həyəti, yolları qardan təmiz edərik ki, gələnlər üçün rahat olsun.
Heç düşünməzdik ki, nəysə bizim işimiz deyil, bunu etməyək. Biz bununla həm də böyük, dahi Üzeyir bəyə qulluq etdiyimizi düşünürdük. Elə edirdik ki, hamı razı qalsın, məncə, heç kim narazı getmirdi.
Həm də Üzeyir bəy haqda daha çox öyrənməyə, təbliğ etməyə çalışırdıq. Üzeyir bəyin çoxşaxəli fəaliyyəti haqda danışmaqla bitməz. Onun mükəmməl yaradıcılığı, fəaliyyəti haqda hər dəfə oxuyanda yeni bir şey öyrənirsən. Hər dəfə də təəccüblənirsən və deyirsən ki, mən bunu niyə bilmirdim? Hər zaman şahidi olmuşam ki, bütün təbəqələr Üzeyir bəyi tanıyır və sevir. İndi bizim muzeyə aid olan eksponatların çoxu “Şuşa ili” ilə bağlı Milli İncəsənət Muzeyində nümayiş olunur. Bu yaxında aşağı siniflərdən olan məktəblilərə orda Üzeyir bəy haqda məlumat verirdim. O uşaqlar Üzeyir bəy haqda, onun musiqiləri haqda o qədər məlumatlı idilər ki. Mən kövrəldim. Bir daha anladım ki, Üzeyir bəy sönməz Günəşdir, onu hər zaman sevəcəklər, o da, əsərləri də dünya durduqca yaşayacaq.
O muzeydə olan hər şey bizim üçün çox qiymətli idi, çox qoruyurduq onları. Bir dəfə böyük sənətkarımız tarzən Ramiz Quliyev xanımı ilə gəlmişdi. Yerə salınan xalçalar da eksponat idi, onları da qoruyurduq. Əslində orda çəkələklər olmalı idi, amma indiki kimi hər şey yox idi axı, dedim ki, ayaqqabıları çıxarıb keçin. Ramiz müəllim də, yoldaşı da ayaqqabılarını soyundular. Hər dəfə yadıma düşəndə gülürəm, həm də utanıram... (Gülür)
***
Hər yerdən gəlirdilər, 15 respublikanın hər birindən. Azərbaycanın ən ucqar yerlərindən. Şuşanın kəhkəşanı iyunun 15-dən avqustun 15-dək olardı. Avqustun 15-dən sonra qəfil soyuq düşərdi. Biz o zaman qonaqlara gəlmələr deyərdik. Hava soyuyanda deyirdik ki, gəlmələri yola salan hava başladı. Şuşaya qəfil sükut çökürdü. Ondan sonra, əsasən, məktəblilər, təsadüfi qonaqlar, turistləri qəbul edərdik.
Onu da deyim ki, muzeyə ziyarətə gələnlər içində ermənilər də çox olurdu. Tələbələr, məktəblilər. Azərbaycan dilini bilirdilər deyə, verilən məlumatlara diqqətlə qulaq asır, anlayırdılar.
***
Muzeyi, Şuşanı tərk etməyimiz heç yadımdan çıxmır. Vəziyyət gərginləşəndə ancaq ordakı eksponatları düşünürdüm. Onlara həm Üzeyir bəyin mirası, həm də dövlət malı kimi baxırdım. Belə tərbiyə almışdıq, dövlət malına xəyanət olmaz. Bir çoxları çıxmışdı o dövrdə. Qadınların çoxunu çıxarmışdılar. Mən muzeyi qoyub çıxa bilmirdim. Qardaşım vuruşurdu, atam da orda idi. Bir gün dedilər ki, muzeyin əşyalarını Şuşa həbsxanasına yığaq. Bunu sırf təhlükəsizlik baxımından etmək istəyirdilər, razı olmadım.
O il elə sərt qış olmuşdu, elə qar yağmışdı ki. Ondan sonra mən elə qar görməmişəm. Yollar buz idi. Muzeyə tərəf maşın gedə bilmirdi. Apreldə artıq vəziyyət daha da gərginləşdi, bir gün dedilər ki, çıxmaq lazımdır. Aprel ayında Şuşada qar da vardı, buz da. Eksponatların bir yerdən başqa yerə aparılması üçün mədəniyyət nazirinin əmri olmalı idi. Amma elə məqam idi ki, kiməsə nəsə deməyə macal olmadı.
Onsuz da neçə ay idi ki, vəziyyət gərgin idi deyə, hər dəfə imkan düşdükdə Bakıdakı muzeyə bəzi eksponatları aparmışdım. Bunu etsəm də, heç inanmırdım ki, Şuşa işğal oluna bilər.
Sonuncu dəfə qardaşım və atamın köməyi ilə nəyə imkan var idisə yığdım. Gücüm çatan qədər kitabları, əsasən də Üzeyir bəyə hədiyyə olunan kitabları, əlyazmalarını.
Elə bil ki, qəfil ürəyimə nəsə damdı, muzeyin həyətində qar əriyən yerdə, armud ağacının dibindən bir ovuc torpağı çətinliklə də olsa, götürdüm. Onda öz-özümə dedim ki, eksponatlarla birgə onu da qaytaracam.
Çıxanda atam da, mən də ağladıq. Həmin gün başıma örtdüyüm kəlağayını saxlayıram hələ də. Boş küçələrə əl elədim. Evimizi dolu qoyub gəldik, qardaşımın toyu olacaqdı, toy üçün aldıqlarımızı götürə bildik. Anam dünyasını dəyişənə kimi evimizdəki pianinodan danışardı...
Əşyaları Ağdama gətirdim, özüm Bakıya gəldim. Nazirlikdə sensasiya yarandı. Dedilər ki, sən özbaşına muzeyin əşyalarını çıxarmısan. Az sonra eksponatları bura gətirdik. Bu muzeydə bizə müvəqqəti yer verdilər. Düşünürdük ki, 10-15 günə, uzağı 1-2 aya qayıdarıq. Amma qol qanadımız-qırıldı, çox çəkmədi ki, Şuşa xəyanət nəticəsində işğal olundu.
İllər keçdikcə geri qayıdacağımıza inamım azaldı…
***
8 noyabrda səhər dedilər ki, Prezident çıxış edəcək. Düşündüm ki, yəqin növbəti kəndlərin azad olunmasını deyəcək. Gözləmirdim Şuşanı deyə bilər. Ali Baş Komandan “Şuşa, sən azadsan” deyəndə qeyri-ixtiyari ayağa qalxdım və anidən çökdüm.
Oğlum Nicat da Vətən müharibəsində idi. 30 sentyabrda bizə demədən müharibəyə getmişdi. Müharibənin son 8 gününə kimi əlaqəmiz vardı. Son 8 gündə əlaqəmiz tamam itdi. Axırıncı dəfə zəng edəndə demişdi ki, həlledici döyüşə gedir. Təxmini bilirdik ki, Şuşa istiqamətindədirlər.
Şuşanın azad olunması xəbərini alanda birinci oğlumu düşündüm. Şəhərimiz azad idi, amma oğlumdan xəbər yox idi.
Elə noyabrın 8-də oğlumdan mesaj gəldi. Sonra zəng elədi, dedi ki, çəkmə ayağımı əzib, geri qayıdıram. Sən demə, bir gün qabaq ayağından ağır yaralanıb. 29 saat qan itirib. Bir gün yanında şəhid olan yoldaşı ilə qalıb. Ordan Ağcabədiyə, sonra Gəncəyə gətirmişdilər, əməliyyat olunmuşdu. Oğlum Bakıda doğulub. 26 yaşı var. Deyir ki, Şuşa cənnətdi, heç bir yerə bənzəmir. “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Şuşaya həm də buna görə qürurla, başı uca getdim.
Ötən il avqustun sonunda Vaqif poeziya günlərində getdim Şuşaya. Şəhidlərin ruhuna dualar oxuya-oxuya. Addımlarımı ehtiyatla atdım, düşündüm ki, yəqin burda şəhidlərin qanı tökülüb, birdən tapdalayaram deyə...
Gedənlər çoxu deyir ki, Şuşa balacalaşıb. Əslində, elə deyil, elə həminki kimidi. Sadəcə, böyük şəhərdən gedirik deyə, ora balaca görünür gözümüzə...
Şuşada çox şey axtardım, çox şeyləri gəzdim. Amma çox şeyi tapa bilmədim. Şuşa balaca şəhərdi axı, hamı demək olar ki, bir-birini tanıyırdı. Baxdım ki, tanış üzlər yoxdu. Birinci evimizə getdim. Ordan muzeyə 10 dəqiqəlik yol var. Muzey ikinci evim idi. Evdən çıxıb muzeyə getdim. Yolboyu çox şeyi görə bilmədim. Evlərin çoxu dağılıb. Gördünüz, muzeyimiz də dağılıb. Divarına yaxınlaşdım, görüşdüm, xəyalən keçən günlərə qayıtdım, Üzeyir bəyin ruhuna dualar oxudum.
Birinci dəfə həyətə daxil olmağa icazə vermədilər. İkinci dəfə gedəndə həyətə də girdim.
Yox, armud ağacını yerində tapmadım. Amma yeri yadımdadır”…
Bu məqamda 30 il qoruduğu bir ovuc torpağı tapıb gətirir. 92-ci ilin aprel ayında muzeyin həyətindəki armud ağacının dibindən xışmalayıb götürdüyü torpağı. Deyir ki, ağlına da gəlməzmiş ki, bu torpağı 29 il saxlaya bilər: “Bu illərdə dəfələrlə gətirdiyim eksponatların sərgisini təşkil etdim. Hər dəfə orda bu torpağı da göstərdim. Dedim ki, ən qiymətli bu torpaqdı. Elə bilirdim ki, bu torpaq Üzeyir bəyə aid eksponatlara güc verir, onun yanında onlar canlı görünürlər…”
Ata-anası vəfat edəndə, qıyıb onların qəbrinə tökməyib bu torpaqdan. Çünki əhdi var, saxlayıb ki, yarısını Üzeyir bəyin məzarına səpsin, yarısını öz yerinə qaytarıb töksün: “Görmüsüz, muzeyin bir-iki divarı qalıb, onlar bərpa olunacaq. Yerdə qalan hissə isə necə vardı elə tikiləcək. Muzey istifadəyə verilən kimi əhdimi yerinə yetirəcəm. Eksponatlarla birgə o torpaq da öz yerinə qayıdacaq...”
Söhbətləşdi: Məhbubə Qasımbəyli