Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə

Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
10 may 2021
# 14:30

Kulis.az “İşdən kənar” layihəsində keçmiş Millət vəkili Çingiz Qənizadə ilə müsahibəni təqdim edir.

- Orta məktəb illərindən ədəbiyyatla ünsiyyətiniz necə olub?

- Bizim dövr elə idi ki, hər kəs ədəbiyyatla maraqlanırdı, bədii əsərlər oxuyurdu. Sovet dövründə yazıçı və şairlərimizin əlçatan olan bütün kitablarını oxuyurduq. Mən xatırlayıram ki, hətta gecələr də oxuyurduq, kitab yastığımızın altında olurdu. Məktəb vaxtı əlaçı olmuşam və onda şagirdlər arasında kim daha çox kitab oxudu deyə bir rəqabət də vardı.

- O vaxt oxuduqlarınızdan yadınızda nələr qalıb?

- Məsələn, Mirzə Ələkbər Sabiri oxuyurdum. Bəlkə də mən o dövrdə Sabiri kifayət qədər başa düşə bilmirdim. Çünki biz Sovet rejimində yaşayırdıq, onda bizə elə təbliğ olunurdu ki, ən ideal quruluşdayıq və o tənqidlərin bizə heç bir aidiyyəti yoxdu. Həm də qapalı məkandaydıq, doğrudan ən yaxşı mühitdə olduğumuzu düşünürdük, ona görə Sabiri oxusam da, mənə çatmırdı. Maksim Qorkini oxuyurdum.

- Sabirdən, Abdulla Şaiqdən yadınızda qalan hansısa şeir var?

- Vallah, mən sizə bir şey deyim. Mən olduqca həssas adamam və mənim qanım, canım, ruhum musiqiyə, incəsənətə çox bağlıdı. Mən həm də tar məktəbini bitirmişəm. Demək olar hər gün muğama, həmçinin aşıq musiqisinə qulaq asıram. Təbii ki, bir çox şeirləri yadımdadı, amma əzbərimdə qaldığını deyə bilmərəm, çünki mənim şeir əzbərləməkdə çətinliyim olub həmişə. Məsələn, bu gün bir maşın nömrəsi görüm, lap 10 il sonra soruşsanız da deyərəm, amma şeir 1 həftəyə yadımdan çıxa bilər. Dostlarla məclislərdə də, onlar Musa Yaqubdan, Ramiz Rövşəndən şeirlər deyirlər, çalışıram bir bənd də mən deyim, alınmır, amma onları dinləmək mənə çox ləzzət eləyir.

- Tar məktəbinə neçə yaşınızda getmisiniz?

- Orta məktəbdə, 10-cu sinfi bitirəndə, elə tar məktəbini də bitirdim. O vaxt rəhmətlik atam istəyirdi tar müəllimi olum. Mən isə təkidlə hüquqşünas olmaq istəyirdim. O da deyirdi ki, hüquq fakültəsinə kimlərin uşaqları girir, özün görürsən, mən səni orada oxuda bilmərəm.

- İndi tarda ifa edə bilirsiniz?

- Bəli. Tarım var, arada təmir elətdirirəm, simi qırılanda, kökdən düşəndə. Arada nəvələrimi başıma yığıb 1-2 mahnı ifa eləyirəm, deyirəm ki, sizi də qoyacam musiqi məktəbinə. Bu, əlavə bir üstünlükdü. Məsələn, hansısa rəsmi səfərdə nümayəndələrimizdən kimsə royal arxasına keçib nəsə ifa edəndə, sevinirəm, fəxr edirəm. Çünki, o, təkcə özünü yox, həm də ölkəmizi təmsil edir, təbliğ edir.

- Hüquqşünaslığa həvəsiniz necə yaranmışdı? Xüsusi bir səbəb var idi?

- Mən uşaq vaxtı çox davakar olmuşam. Emosiya, dava, həbsxana, polis, prokurorluq, belə şeylərə marağım var idi. O dövrdə də biz daha çox “Mehman”a baxırdıq. Belə həvəsim, marağım yaranmışdı. Başqa, xüsusi səbəb yox idi.

- Orta məktəbdə kimisə döymüsünüz?

- O qədər döymüşəm də, döyülmüşəm də. Çox olub belə şeylər. Amma hüquqşünas olmaq öz istəyim olub. Atam çox çalışdı məni bu fikirdən yayındırmağa, çünki deyirdi ki, mənim səni hüquqşünaslıqda oxutmağa imkanım yoxdu. Bəxtimdən elə bir dövrə təsadüf elədi ki, rəhmətlik Heydər Əliyev “Literaturnaya qazeta”da müsahibə vermişdi, başlığı da beləydi: “Qoy ədalət qələbə çalsın!”. O müsahibəsində demişdi ki, hüquq fakültəsində təkcə nazir, məmur balaları yox, sadə insanların da uşaqları oxuya bilməlidir. Mən də o dövrə düşdüm.

- Atanız nəçi idi?

- Atam sadəcə kəndçi, aqronom idi.

- Sevdiyiniz tarzən hansıdır?

- Möhlət Müslümovla dostluq edirəm, Ramiz müəllimin (Ramiz Quliyev - red.) barmaqlarını təbii ki, inkar eləmək olmaz.

- Möhlət bəyin tarını çalmısınız heç?

- Əslində, Möhlət müəllim mənə bir neçə dəfə deyir ki, bəlkə sənlə bir az da məşğul olaq, daha mükəmməl ifa elə, amma heyf, vaxt tapa bilmirəm.

- Yəqin o perspektivi görüb siz də.

- O, mənim musiqiyə sevgimi bilir. Hətta deyir, biz musiqiçilər bir araya gələndə deyirik ki, kaş Çingiz Qənizadə mədəniyyət naziri olardı.

- Ən çox nəyi ifa edirsiniz?

- Təbii, muğam olaraq birinci segah. Xalq mahnılarından, bəstəkar mahnılarından da ifa edirəm. Məsələn, Ələkbər Tağıyevin mahnıları gözəldi, adamın ruhunu oxşayır. Həmçinin Şirvan aşıqlarına da çox üstünlük verirəm. Bəlkə də şirvanlıyam deyə. Məsələn, ötən gün Aşıq Mahmudun “Sevgilim” mahnısını tapmışdım internetdə, getdim evə, Yutubda açıb nəvələrimi başıma yığıb rəqs elədik.

- Parlamentdə həmişə çoxlu qələm adamları olub, indi də var. Hansıları ilə dostluğunuz, münasibətiniz olub?

- Rəhmətlik Zəlimxan Yaqubla çox yaxın dost olmuşuq. Allah ona rəhmət eləsin, uzaqdan uzağa qohumluq xəttimiz də var.

- Siz tar, o saz.. Yola getmədiyiniz məqam olmayıb ki?

- Qətiyyən. Zəlimxan Yaqub kimi şəxsiyyətlər dünyaya 100 ildən, 200 ildən bir gəlir. Söz yaddaşı ilə, saz yaddaşı ilə.

- Birgə nəsə ifa eləməmisiniz?

- Yox, ancaq tədbirlərdə, tədbirlərdən sonra qeyri-rəsmi məclislərdə birgə olmuşuq. Musa Yaqub, Zəlimxan Yaqub...

- Musa Yaqub da parlamentdə olub 5 il...

- Bəli. Ötən il Buynuz kəndinə gedib Musa müəllimi ziyarət elədim. Onu evdən “oğurladıq”, dağların qoynunda oturub çörək kəsdik. Təkid elədi ki, 100 qram içək, amma biz qoymadıq, səhhətinə görə.

- Sizin aranız necədi içkiylə?

- Elə güclü düşkünü, pərəstişkarı deyiləm, ayda 2-3 dəfə, məclisdən məclislə.

- Başqa hansı sənət adamları ilə əlaqəniz, dostluğunuz var?

- Sənət adamları ilə çox yaxşı təmaslarım var. Elə arada Rasim Balayevə zəng edib səhhəti ilə maraqlanıram. Bu günlərdə də təklif elədim ki, onu bir “oğurlayaq”.

- Deyəsən, öz aranızda oğurlamaq deyirsiniz.

- Hə, süfrə arxasında əyləşməyə oğurlamaq deyirik. Çingiz Abdullayevlə də gözəl münasibətimiz var, birgə səfərlərdə olmuşuq.

- Əsərlərinə münasibətiniz necədi?

- Çingiz müəllimin qələminə söz ola bilməz. Çox yüksək qiymətləndirirəm.

- Bəzən detektiv əsərləri ciddi ədəbiyyat saymırlar.

- Elə düşünmürəm, əksinə, ixtisasımla bağlı mənə daha maraqlı gəlib.

- Olurmu ki, heç detektiv əsərlər oxuyanda orada hüquqşünas kimi nəsə bir səhv görəsiniz?

- Şübhəsiz, olur. Tək əsərlərdə yox, filmlərdə də olur, amma Çingiz müəllimin əsərlərində bunu görmək olmaz, çünki özü də hüquqşünasdır.

- Həyat qayənizi, həyat kredonuzu dəyişən hansısa əsər olub? Düşüncə tərzinizə təsir edən bir əsər.

- Açıq deyim, son illərdə siyasi fəaliyyətim mənə heç imkan vermir ki, bir bədii kitab oxuyum, amma gənclik illərimdə elə “Mehman” əsəri mənə çox təsir edib.

- Sizin üçün əlçatmaz bir Azərbaycan yazıçısı, şairi varmı?

- Mən həmişə Səməd Vurğunu çox ucada görmüşəm. Əminəm ki, o, bu gün yaşasaydı, mənim üçün əlçatmaz olardı. Baxmayaraq ki, mən Bəxtiyar Vahabzadə ilə də təmasda olmuşam. Həmçinin Vaqif Səmədoğlu ilə, Anarla... Mənim üçün bu gün əlçatmaz adam yoxdu. Elə bu yaxınlarda Nəriman Həsənzadəyə zəng edib orden münasibətilə təbrik elədim.

- Vaqif Səmədoğluyla eyni heyətdə idiniz?

- Yox. Eyni heyətdə olmamışdıq, onda Vaqif müəllim artıq seçilməmişdi, amma yaxşı münasibətimiz var idi. Yadıma düşür, bir dəfə mənə zəng eləmişdi ki, Türkiyədən qonağı gəlir, onunla şəhərdən qırağa çıxmaq istəyirdi və mənim Şamaxıdakı bağ evimə getmişdi. Yəni qonağı və ailəsi ilə qapımı aça bilərdim həmişə, elə yaxın idik. Mənim də ona çox böyük hörmətim olub. Həm də Vaqif müəllim məclis əhliydi, yeyib-içməyi sevirdi, mən də özümü təcrid eləyən adam deyiləm. Düzdü, ədəbiyyat, söz adamları ilə dostluq eləsəm də, heç vaxt özümü onlara tay bilməmişəm. Mənə görə onlar həmişə məndən üstün olublar. Onlar general idisə, mən onların yanında sıravi əsgər olmuşam.

- Evdə kitabxananız var?

- Bəli, böyük kitabxanam var. Təxminən 500-dən çox kitab olar. Kiril əlifbası ilə olanları da saxlayıram. Bədii ədəbiyyat, öz ixtisasım üzrə kitablar. Kitabdan aralı düşmüşəm deyə də bütün mənə lazım olan informasiyaları telefonumla alıram.

- Sosial şəbəkələrdən istifadə edirsiniz?

- Feysbukda varam. Mənim adıma bir səhifə var, orada siyasi fəaliyyətim təbliğ olunur. Bir dənə səhifəni də nəvəmin adından açmışam, onunla şərh yazmaq, paylaşımlar etmək olur.

- Yəqin oradakı gündəm mövzularını da görürsünüz. Sizcə, feysbuk reallığı nə qədər əks elətdirə bilir?

- Hansısa bir hadisə, xəbərlə bağlı şərhlərə baxanda, adam sarsılır. Çünki bəzən mahiyyəti başa düşsələr də, düşməsələr də təhqirlər, söyüşlər yazırlar. Mən isə ora dostlarımla yazışmağa xüsusi günlərdə təbrikləşməyə, bayramlaşmağa girirəm. Oradakı vəziyyət məni qane etmir. Düzdü, biz indiyə kimi gənclərimizi tənqid edirdik, amma Qarabağ savaşı bizə göstərdi ki, gənclərimiz haqqında yanılırmışıq.

- Hətta sosial şəbəkələrdə söyüş söyənlər də Qarabağ üçün birləşdi.

- Bəli.

- Bəlkə o söyüşlər üçün də səbəblər var?

- Əbəttə, səbəblər var.

- Sizə qarşı bu cür şeylər olub?

- Açığı, mən özümə aid belə şeylər görməmişəm. Özünü əlçatmaz etməsən, bu cür şeylər olmaz. Xalqdan, insanlardan qaçan millət vəkilini söyərlər də. Mənim telefonum da həmişə adamlara açıq olub.

- Millət vəkili olandan sonra nömrənizi dəyişdiniz?

- Xeyr.

- Ədəbiyyat humanizm əsasında qurulur, siyasət isə mənfəət, şəxsi maraq üzərində. Bəlkə çox kitab oxumamağınızın bir səbəbi də budur?

- Yox, məndə, bu, daha çox vaxt azlığı ilə bağlıdır. Yəqin siyasətə, ölkə mətbuatına artıq lazım olmayanda, yenidən kitablara qayıdacam.

- Sənət adamlarına, ədəbiyyat adamlarına yardım etdiyiniz olub heç?

- Olub. Ad çəkmək istəmirəm, bir Xalq artistimiz ev üçün mənə müraciət eləmişdi. Mən də Prezidentə müraciət edib o məsələni həll etmişəm. Həmçinin fəxri adların verilməsində yaranan haqsızlıqların aradan qaldırılmasına kömək eləmişəm.

- Sonuncu seçki kampaniyanızda qalmaqal yarandı. Sizin dairənizdən rəqib namizəd də Kəramət Böyükçöl idi. Heç Kəramətin yazdıqlarını oxumusunuzmu, ona münasibətiniz necədi?

- Mən sizə deyim, Kəramət istedadlı adamdı. Onunla bir dəfə seçki ərəfəsində görüşdük. AYB-nin üzvü bir dostum var, yazıçı Səxavət Tağlar, o bizi görüşdürdü. Kəramət mənim haqqımda bir az aqressiv fikirlər söyləyirdi, ona görə görüşmək istədim. Görüşəndə elə ona dedim ki, sən müasir dövrümüzün Kefli İsgəndərisən.

- Yəni Kefli İsgəndərdən Millət vəkili olmaz demək istəmisiniz?

- Yox. Bəzən düzünü deyir, amma deməyin formasını bilmir. O, bəlkə də öz üzərində işləsə, çox böyük gələcəyi ola bilər. Həm də mən indi də o fikirdəyəm ki, Kəramət qələm sahəsində daha çox fayda verə bilər, nəinki parlamentdə. Düzü, indi də parlamentdəkilərin bir çoxu heç bir fayda vermir, amma bu, başqa məsələdir. Ümumiyyətlə, düşünürəm ki, parlament üzvü kifayət qədər savadlı olmalıdır. Bir şeyi danışım... 2006-cı ildə Binəqədi 9-cu dairədən namizəd idim. Mən orada seçkiləri udmuşdum, amma Rəfail Cəbrayılov deputat oldu. Mən onda ona təəssüf etmişdim ki, onun kimi biri seçildi. Heç olmasa akademiya üzvü olan digər iki namizəddən biri olsa, pis olmazdım. Rəfail Cəbrayılovun da sonunu gördük.

- İndi münasibətiniz necədi Kəramətlə?

- Görmək istəyərdim onu və yenə tövsiyə edərdim ki, qələmlə məşğul olsun.

- Sizə maneə olduğu üçün ona əsəbi deyilsiniz ki?

- Qətiyyən. Mən düşünürəm ki, onu ora göndərmişdilər, öz istəyi ilə gəlməmişdi. Kimlərin göndərdiyini də bilirəm. Kəramətin elə seçki kompaniyası aparmağa imkanı da yox idi. Kimlər idi ona o maddi dəstəyi göstərən? Çox yaxşı bilirəm. Artıq həmin o adamlar cəmiyyət qarşısında da rüsvay olublar başqa məsələlərə görə. Təmsil olduqları qurumda da nüfuzlarını itiriblər. Ad çəkməyəcəm. Kəraməti maliyyələşdirib o dairəyə göndərənlərin kimlər olduğunu bilirəm. İstəklərinə də nail oldular. Orada ciddi bir qanun pozuntusu yox idi. Hazırda həbsdə olan keçmiş İcra başçısının həmin pozuntularda əli var idi. Bütün bunlar bir oyun idi və mənim səmimi, ədalətli şəkildə geri çəkilməməyimlə bağlı yaranmış bir mübahisənin davamı idi. Amma heç təəssüflənmirəm, mən bu gün də ictimai-siyasi fəaliyyətimi davam etdirirəm. İtirdiyim sadəcə parlamentdən aldığım əmək haqqı və həmin döş nişanıdır. Əsas odur hörmətimi və nüfuzumu qoruya bilmişəm.

- Yəni Millət vəkili olmasanız da, özünüzü millətin vəkili hesab edirsiniz.

- 100 faiz! Təşkilatımızın qapıları açıq, öz nömrəm açıq.

- Yenidən namizədliyinizi irəli sürmək fikriniz var?

- Bəli. 10 ildi təmsil etdiyim dairənin Millət vəkili yeri boşdu və həmin dairə üzrə yenidən seçkilər keçirilsə, namizədliyimi irəli sürəcəm. Düşünürəm ki, buna həm savadım, həm də gücüm çatır.

- Deputatların danışarkən “quş buraxmağının” əsas səbəbi sizcə nədi?

- Əsas səbəb odur ki, diplomla, xüsusən də saxta diplomla savadlı olunmur. Adamın gərək dünya görüşü, iş təcrübəsi ola. Bunların hamısı çox vacibdir.

# 11086 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #