Səhnəmizin “Fəlakət"i: "Yaşar Nuri 40-45 yaşından sonra sənətkar oldu" – Müsahibə

Səhnəmizin “Fəlakət"i: "Yaşar Nuri 40-45 yaşından sonra sənətkar oldu" – Müsahibə
25 dekabr 2019
# 09:02

Kulis.azın “Ulduzlu çərşənbə” layihəsinin qonağı aktyor, tamaşaçıların Fəlakət obrazı ilə tanıyıb sevdiyi Elşən Orucovdur.

- Qısa zamanda Fəlakət obrazı ilə xeyli uğur qazandınız. Yəqin, komandanın da burda rolu böyükdür.

- Mənim uğurlarımın əsas səbəbi ondan ibarətdir ki, dostlarımı həmişə hər şeydən üstün tutmuşam. Bizim komanda kimi fəaliyyətimizin uzun ömürlü olması uzun illər hamını düşündürüb. Bunun çox sadə cavabı var: bizdə dostluq hər şeydən üstündür. Əgər hər kəsin şəxsi marağı olsaydı, layihələrimiz bu qədər uğurlu alınmayacaqdı. Dost olduğum adamlarla münasibətlərimizdə qaranlıq məqam olanda mən geri çəkilməyə üstünlük vermişəm.

Gallery

- İlkn Həsəni ilə müsahibəmizdə o komandada maqnit rolu oynadığını demişdi. Bəs sizin rolunuz nədən ibarətdir?

- İlkin düz deyir. Mən sizə tam açıq deyəcəm. İlkinlə tələbə yoldaşı, həm də yaxın dost olmuşam. Eləcə də digər komanda yoldaşlarımla tələbəlik yoldaşlığımız olub. Yəni, bizim münasibətimiz uzun illər əvvələ gedib çıxır. Hobbi kimi başladığımız işləri sonradan yaradıcı layihələrə çevirmişik. Komandada əsas fiqurlardan biri də mən olmuşam. Amma ümumilikdə nəzər salsaq, bizim komandadakı aktyorların rolu pazl oyununa bənzəyir. Hansısa fiqur olmayanda əskiklik dərhal görünür.

- Bir-birinizdən nələrsə öyrənirsiniz?

- Əlbəttə, öyrənirik. Mən bunu heç vaxt danmıram. Həmişə uşaqlara zarafatla deyirəm ki, biz bir-birimizdə olmayan xasiyyətlərimizi tamamlayırıq. Burda tək istedaddan söhbət getmir, həm də şəxsi, insani keyfiyyətləri nəzərdə tuturam. Ona görə də bizim işimizdə hər hansı axsamalar da olsa, dostluğumuz daimidir.

Gallery

- Kənardan baxanda belə bir fikir yaranır ki, sizin heyətdə daha çox İlkinin sözü keçir, bir çox məsələləri daha o idarə edir.

- Belə bir fikri mən də hiss etmişəm. Amma İlkin heç vaxt bu barədə nəsə deməyib. Biz hətta bu barədə İlkinlə həm ciddi, həm də zarafatyana müzakirə etmişik. Sadəcə olaraq, bizim işimizin göstəricisi olaraq bir nəfəri qabağa verməliyik. Hamımız eyni görüşdə iştirak edə, xorla danışa bilmərik. Həm də İlkin aparıcılıq etdiyi, müəyyən efir təcrübəsinə malik olduğu üçün daha irəlidə olur. Hərdən zarafatla deyirəm, İlkin mən fikirləşdiklərimi çıx, sən danış. Arada mənə deyirlər, biz səni hansısa tədbirə dəvət etmək istəyirdik, sonra fikirləşdik ki, İlkinə desək, ondan icazə alsaq, daha yaxşıdır. Deyirəm, ay qardaş, İlkinə niyə zəng vurursunuz axı, mənə zəng vurun. Yəni, İlkin özü dediyi kimi, maqnit rolu oynadığı üçün biz özümüz onun göz qarşısında olmasını istəyirik. Lakin bizdə rəhbər, lider söhbəti heç vaxt olmayıb.

- Ola bilsin, burda Şəmi obrazının da rolu var.

- Bəli, Şəmi həmişə digərlərinə əmr verdiyi üçün bu fikir yarana bilər. Amma yenə deyirəm, bu bizi heç vaxt narahat etməyib. Çünki hamı bir-birinin xasiyyətini, ürəyindən keçəni gözəl bilir. Hərdən mənə kənardan deyilənlər çox pis təsir edir. Mətbuat tez-tez yazır ki, ayrıldılar, komanda dağıldı və s. Bizim də artıq elə yaş dövrümüzdür ki, əvvəl qurban verdiklərimizi indi vermərik.

Gallery

- Qurban verdikləriniz və vermədikləriniz nələrdir?

- Bizim vaxtlarımız olub, çəkiliş üçün ağız açdığımız adamların heç biri bizə kömək etməyib. Məcbur qalıb maaşımızı çəkilişə xərcləmişik. İşə o qədər həvəsimiz olub ki, bunu etməmək mümkünsüzlüyə çevrilib. İnsanların reaksiyası da çox önəm daşıyıb. Tamaşaçı marağı artdıqca, etdiyimiz fədakarlıqlar da çoxalıb. İş elə gətirdi ki, biz son “Bombaltı” filmimizdə artıq uduzduq. Bizim düşüncəmizə görə isə bu, ən yaxşı filmimiz idi.

- Səbəb nə oldu?

- Bunun bəlli səbəbləri vardı. Tamaşaçını kinoteatrlardan uzaqlaşdırdılar. Onları çox keyfiyyətsiz filmlərlə bezdirdilər. Ailələr tanıyırdım ki, əyləncə üçün hər həftə kinoteatra gedirdi, artıq getmir. Bütün bunların bizim işimizə də təsiri oldu. Elə həddə çatdırdılar ki, biz artıq film çəkimirik.

Gallery

- Teatr və kino aktyorluğu fakültəsini bitirmisiniz. Müəllimləriniz kim olub?

- Allah rəhmət eləsin, Kamal Xudaverdiyev mənim kurs rəhbərim olub. Səidə Quliyeva və Azad Şükürov da mənə dərs deyib. Kamal Xudaverdiyev dəhşətli dərəcədə böyük insan idi. O, mənim üçün həmişə maraqlı adam olaraq qaldı. Onun bizə dərs dediyi dövrlər xəstəliyi olan zamanlara təsadüf edirdi. Dərsə gəlirdi, xəstəliyini, əllərinin əsməsini hiss edirdim. Və ən qəribəsi odur ki, mən onu həmişə əsəbi halda görürdüm. Bilmirəm, şəxsi məsələydi, ya dövrlə əlaqəli di. Demək olar, ondan “yaxşı” sözünü eşitmək çox çətin, hətta mümkünsüz idi. Həddindən artıq tələbkar və heç nəyi bəyənməyən adam idi. Onun dediklərini beş dəfə artıq etməliydin ki, bir kəlmə xoş söz eşidəsən. Çox şeylər öyrəndim Kamal müəllimdən. Əsəb və gərginliyinə baxmayaraq o qədər səmimi insan idi ki, hər şeyi çılpaqlığı ilə mənə izah edirdi. Mənə deyirdi, ya bu sənətə gəlməlisən, ya da gəlməməlisən. Bu sənətin ortasında qalmaq olmaz. Ortada qalanda kiminsə yerini tutmuş olursan. Dərslərdə bizə çox xırdalıqları başa salırdı. Kamal müəllimin sözlərindən nəticə çıxaran adamlar indi aktyorluqla məşğul deyillər. Ən sonuncu kursda diplom tamaşasından sonra mənə heç nə demədi, amma razılıq əlaməti kimi əli ilə çiynimə toxundu.

- Niyə teatra istiqamətlənmədiniz?

- Mən universitetə başlamazdan əvvəl Gənc Tamaşaçılar Teatrında işləmişəm. Orda Ağaxan Salmanlı və digər sənət adamları mənə universitetə hazırlaşmağımda xeyli kömək olublar. Bir dəfə efir vasitəsi ilə teatr haqqında çox çılğın danışmışdım. Sonra fikirləşdim ki, nə yaşım, nə də təcrübəm ömrünü sənətə vermiş insanlar haqqında belə danışmağıma əsas vermir. Ona görə də indi bu mövzuyla bağlı ehtiyatla danışmaq istəyirəm. Teatrın mətbəxini, pərdə arxasını tanıyandan sonra ona olan sevgim öldü. Teatrdakı intriqalar, bir-birini bəyənməmək məni o qədər həvəsdən saldı ki! Orda elə şeylər baş verib, indi onları sizə danışa bilmərəm.

Gallery

- Baş verənlər sizinlə bağlı idi, ya ümumilikdə?

- Hər ikisi olub. Cavan oğlan idim, məni teatra gətirən aktyorla münasibəti yaxşı olanlar ona münasibəti mənə də göstərirdilər. Əvvəllər qiraətlə də məşğul olmuşam. Mərhum prezidentimizin qarşısında da dəfələrlə çıxışlarım olub. Rəsmi tədbirlərdə aparıcılıq etmişəm. Yəni, belə deyək də, başqa ab-havada, səliqəli mühitdə böyümüşdüm. Teatr aləmini də belə təsəvvür etmişdim. Ora ilə tanışlıqdan sonra əməlli-başlı məyusluq yaşadım. Yaşar Nuri kimi nəhəng aktyorları görmək arzusu ilə teatra gələn, böyük ümidlərlə yaşayan bir gənc teatrda o qədər gözlənilməz şeylər gördü ki, universitetə girdiyi gün teatrdan qaçdı. Teatrdan sui-istifadə etdim. Teatr məni universitetə hazırladı, universitet həyatı başlanan kimi ordan qaçdım.

- Teatra sevginiz qalıb?

- Əlbəttə. O sevgini necə unutmaq olar? Düzdür, indi tamaşalara getmirəm, amma sevgi qalıb. Teatr səhnəsinə çıxmaq barədə o qədər də həvəsli deyiləm. Həm də aktyor əgər teatrda çalışarsa, həyatının böyük bir hissəsini teatra xərcləməlidir. Biz bu sahədə bacardığımızı edirik. Teatrın da əjdahaları, orda can qoyanları var. Onlar da o tərəfdən öz işlərini görsünlər. Teatra, ordakı böyük aktyorlar hörmətim var. Çoxu ilə görüşürük. Afaq xanımla münasibətimiz çox yaxşıdır. O, bizim tədbirlərdə iştirak edir, yeri gələndə fikirlərini söyləyir. Afaq xanımda olan səmimilik bizim başqa aktyorlarımızda olsaydı, gənclər üçün xeyli motivasiya olardı. Biz teatrdakı aktyorlarımızın işinə necə baxıb seviniriksə, kaş onlar da bizim işimizə baxıb sevinsinlər, bizə lazım olan diqqəti göstərsinlər. Hədəf onsuz da eynidir. Televiziya məni yaxşı mənada o qədər dəyişdi ki, içimdəki boşluqlar doldu. Misal üçün, mənim montajı bilməyim aktyor kimi xeyli köməyimə çatır. On beş illik televiziya təcrübəsi məni başqa sahədə formalaşdırdı.

Gallery

- Sizi konkret Fəlakət obrazına görə qınayanlar, özünü təkrar edir, tamaşaçının zövqünü korlayır, bayağı yumora alışdırır deyib irad tutanlar var.

- Vallah mən elə adamlara rast gəlməmişəm. Bunu tam səmimi deyirəm. O sözləri deyən insanlar görüşüb söhbət etmək istərdim. Bunları demək asandır. İstənilən adamın adını çəkib onun haqqında pis fikir yaymaqdan asan heç nə yoxdur. Elşən Fəlakət obrazı ilə özünü təkrarlayır deyən insanlar Fəlakət kimi çəkildiyim ilk videolardan tutmuş son çıxan filmlərimə qədər izləsinlər, onda görəcəklər ki, Fəlakət obrazının təkrarlanması mümkün deyil. Əgər Fəlakətin ləhcəsini və ya geyimini dəyişib başqa adam ediriksə, o, artıq Fəlakət yox, başqa obraz olur. Fəlakət obrazı ilk dəfə efirə çıxanda daha dağınıq idi, hər şeyə başdansovdu yanaşırdı. İllərlə mən də Fəlakəti tanımamışam, bu təsadüfü yaranan obrazdır. Dövr, vaxt keçdikcə, mən öz obrazımı tanıdıqca, insanları daha çox müşahidə etdikcə başa düşdüm ki, Fəlakət kimdir. Fəlakətin inkişafında rayonlara getməyimin çox böyük köməyi oldu. Hansı ki, hər rayonda fəlakətlər yaranmağa başladı. Müşahidələrimdən sonra anladım ki, Fəlakət kimdir və nə istəyir?

- Kimdir Fəlakət?

- Fəlakət əslində pis insan deyil. Heç kimə də bir pisliyi dəymir, sadəcə onun öz dünyası və öz “ponyatkası” var. Onun “ponyatkası” heç kiminki ilə düz gəlmir. Amma onun düşüncələrinin altında heç bir pislik gizlənməyib. Hətta düşüncələrinin altından bəzi hallarda elə düzgün nəticələr çıxarır ki, onları ancaq zarafatla demək olar. Fəlakətin zarafatlarından payını götürən adamlar sonra mənə deyiblər ki, mən bildim ha, sən filan sözü niyə elə dedin.

- Konkret bu obraz necə yaranıb?

- Obraz təsadüfü yaranıb. Özüm yaratmışam bu obrazı. Maşın bazarında maşın alan bığlı bir kişi obrazını ifa edirdim. Maşını alana qədər onun bütün “zapçast”larını sökdürdüm, axırda əlimdə bircə sükan qaldı. Açığı həmin rolu ilk dəfə özüm izləyəndə birtəhər oldum. Çünki həyatdakı Elşənə qəti şəkildə uyğun gəlmirdi. Sonra ətrafın, dostlarımın gülüşünə, marağına səbəb olduğunu gördüm. O, obraz yaranandan sonra üç aya qədər ciddi kompleks yaşadım, çox narahat oldum. Amma reaksiyaları görəndən sonra rolu xeyli təkmilləşdirməyə, üzərində yeniliklər etməyə çalışdım. Tənqidçilərə qalanda isə mənə bir adam göstərin ki, yumor ustası kimi Azərbaycanda yaşasın, fəaliyyət göstərsin və tənqid olunmasın. Tənqiddən asan nə var? İndi sizin əlinizdə o imkan var. Mənimlə başqa cür danışıb, başqa şeylər yaza bilərsiniz. Tənqid edən adamlar oturub fikirləşmirlər ki, bu adamlar on ildir əziyyət çəkirlər, bütün Azərbaycanı istidə də, soyuqda da gəzirlər.

Gallery

- Sizcə niyə Əliağa Ağayevin, Səyavuş Aslanın, Yaşar Nurinin yumoruna, komediyasına peşəkar münasibət var, amma sizə yox?

- Allah rəhmət eləsin, Yaşar Nuri 40-45 yaşından sonra sənətkar oldu. Siz onun mən yaşda bir obrazını göstərin ki, o obrazla Yaşar Nurini sənətkar adlandırıblar. Bizə də qiymət verməyin hələ vaxtı deyil.

- Fəlakət obrazı ilə kimliyiniz arasında ikiləşmə var?

- Əlbəttə var. Misal üçün mən Fəlakət obrazının paltarını geyinən kimi uşaqlar deyillər, bu dəlidir, bu yenə çöndü. Çünki paltarı geyinən kimi, düşüncələrim, baxışım dəyişir, hətta gözlərim də gedir. Obrazı içimdə yaşayıram. Əsasən, film çəkilişlərində proses çox uzun çəkəndə hiss edirəm ki, obraz mənim öz kimliyimi təsiri altına salır. Hətta filmlərin fonu üçün mahnılar axtaranda bayağı mahnılara o qədər qulaq asmışdım ki, o mahnılar artıq mənim xoşuma gəlməyə başlamışdı. Qulaq öyrəşmişdi, psixoloji təsir etmişdi. Bəhanəm də o idi ki, layihə üçün dinləyirəm. Amma yaxın ətrafım hiss etmişdi ki, yalan deyirəm. Onlar mənə demişdilər, musiqi dinləməyə ara ver, bir az uzaqlaş. Yəni belə hallar olmuşdu. Amma Fəlakəti çox oynamayanda ondan ötrü darıxıram. Mənim üçün Fəlakət artıq bir insandır, o, mənim dostumdur. Həyatımda elə bir adam artıq var. Həyatda deyə bilmədiklərimi Fəlakət vasitəsi ilə deyirəm. Mən Fəlakəti on milyonluq tamaşaçı üçün təqdim edirəm.

Gallery

- Birdən tamaşaçı Fəlakəti daha qəbul etmək istəmədi, bəs onda nə edəcəksiniz?

- Deməli, artıq Fəlakəti ifa etməməyin, dayandırmağın vaxtı çatıb. Biz bunu öz başımıza ifa etmirik ki. Bizim buraxılışlarımızın reytinq göstəriciləri var. Sosial şəbəkədə şəxsi hesablarım var ki, orda tamaşaçılar çox aktivdir.

- Sizcə niyə adamlar düşündürücü gülüşə yox, bayağı gülüşə daha çox can atırlar?

- Bu barədə özüm də çox düşünmüşəm, müzakirələrimiz də olub. Amma açığı bu haqda çox danışmaq istəmirəm. Mənə elə gəlir, camaatın gülüşə çox ehtiyacı var. Bu, pis bir şey deyil axı. Bizdə dramların effekt verməməsində Türkiyə kanallarının, serialların rolu var. Çünki onlar bu sahədə ən yaxşısını edərək, boşluğu doldura bilirlər. Tamaşaçı o yaxşını görəndən sonra bizdəki pisi qəbul edə bilmir. Komediya isə elə bir janrdır ki, hər millətin özünə məxsus olur. Misal üçün, Türkiyədəki zarafatyana verilişlərə baxanda gülə bilmirik. Çünki onların adət-ənənələrində, mentalitetlərində bəzi məsələlər var ki, biz onları bilmirik.

Gallery

- Türkiyənin Rəcəb İvediki də var, Cem Yılmazı da. Bizim isə Fəlakətimiz var, Cem Yılmazımız yoxdur.

- İnşallah incəsənət sahəsinin adamları bir-birinə dəstək olsa, bizim Cem Yılmazımız da, başqa sahələrdə irəli çıxanlarımız da olar. Türkiyədən dostlarım var, hər dəfə mənə özləri heyrətlənərək deyiblər ki, bu cür güclü istedadla necə olur dünyaya çıxa bilmirsiniz. Onlar bizim musiqimizə, teatrımıza həsəd aparırlar. Bizdə sənətdə kənara çıxmaq olmur. Sənət adamları özlərinə sual versinlər ki, yaxşı nəticələr görmək üçün nələr ediblər? Bir müddət əvvəl gözəl aktyorumuz Rasim Balayev dostlarımız Fərda və Müşfiq haqqında fikir demiş, onları meymun adlandırmışdı. Bir azərbaycanlı kimi, bir vətəndaş kimi elə sözlər işlətmək olmaz axı.

- Sizcə, Rasim Balayev niyə belə fikirlər səsləndirdi?

- Mən Rasim müəllimi çox istəyirəm. O, bizim haqqımızda da buna bənzər sözlər demişdi. Buna baxmayaraq, xətrini çox istəyirəm. Onun Azərbaycan sənətində gördüyü konkret işlər var. Bəlkə də biz onun elədiklərini edə bilməyəcəyik. Yəqin, sualı düzgün qoymayıblar, ya da onu elə bir həddə çatdırıblar ki, elə sözlər deyib. Belə sözlər bizə mənəvi cəhətdən çox pis təsir edir. Fərda da, Müşfiq də, mən də Azərbaycan xalqına xidmət edirik. Rasim Müəllim də həmçinin. Ona görə də belə fikirlər səsləndirəndə fikirləşmək lazımdır. Bu sözlər düşmən haqqında deyilmir. Rasim müəllimi mən onda alqışlayardım ki, Fərda ilə Müşfiqi çağıraydı, üzlərinə deyəydi. Deyəydi, qardaş, sizin elədikləriniz mənim xoşuma gəlmir, gəlin bu sənəti bilən dostların köməyi ilə daha yaxşısını edin. Söhbət təkcə Rasim müəllimdən getmir. Ümumi deyirəm. Yenə o, ürəklidir, çıxıb birbaşa efirdən deyir.

Gallery

- Əslən Qarabağdansınız. Qarabağ sizin üçün nəyi ifadə edir?

- Mən Qarabağa həsrət qalanlardan biriyəm, çünki oranı görə bilməmişəm. Biz Bakıda yaşamışıq, amma bütün qohum-əqrəbam qaçqın düşüb. Füzuliyə bir, iki dəfə lap körpə olanda, anamın qucağında getmişəm. Ondan sonra oranı görmək mənə qismət olmadı. Təsəvvür edin, ətrafımdakı hər kəs Qarabağdan gəlmişdi, mən oranı görməmişdim. Torpaqlar işğal olunandan sonra yadıma gəlir ki, iki otaqlı evimizdə on beş nəfər adam yaşayıb. Bir neçə ailə ilə iki otaqlı evdə Hindistan filmlərindəki kimi üç, dörd il yaşamışıq. Qaçqınlıq heç bir millətə qismət olmasın. Həmin günlərin yanğısı, ağrısı bu günə qədər də mənim içimdə qalıb. İndi sizinlə danışıram o günlər yadıma düşür və kövrəlirəm.

Müğənni Zamiqlə biz çox yaxın dost olmuşuq. Bir dəfə onunla Apreldə şəhidlərimizdən birinin yasına, Füzuliyə getdik. Qayıdanda mənə dedi, bir yer var, ora getmək mənim çoxdankı arzumdur. Gəl, gedək. Getdik. O, mənə bomboş, səhra kimi bir yer göstərdi. Dedi, sən bilirsən, mən neçə illər burda yaşamışam. Özü də pal-paltarsız və ac-yalavac. Ora vaxtilə Zamiqgilin məskunlaşdığı çadır şəhərciyi olub. Zamiq qaçqınlığı dərindən yaşayan, əziyyət çəkən adam olub. Ona dost kimi, qardaş kimi bağlanmağımın səbəblərindən biri də onun əzablarıdır. Zamiqin içində o səhralıq həmişə olub. Səhnədən düşəndə, dost tanışları ilə görüşəndə həmin səhrası olan Zamiq durur qarşımızda.

- Bəs sizin səhranız hansıdır?

- Mənim də səhram var, amma mənim özümə aiddir. Dayım Elman Zeynalov qəhrəmandır, Qarabağ müharibəsində şəhid olub. O, məni hədsiz dərəcədə çox istəyib, mən də ona çox bağlı olmuşam. Mənim səhram dayımla, onun itkisi ilə başlayıb. Elə bir insanı itirmək, sonra üst-üstə yaşadığım müəyyən travmalarım mənim daxilimdə müəyyən şırımlar açıb. Yeganə dostum və mənə dəstək olacaq adam dayım ola bilərdi, onu da itirmişəm. Amma sonralar tanrı qarşıma yaxşı dostlar çıxardı.

# 10909 dəfə oxunub

Oxşar xəbərlər

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
# # #