Sevgilisi cəbhədə olan Leyla: “Onun təkcə mənə aid olmadığını çoxdan bilirəm” – Müsahibə

Sevgilisi cəbhədə olan Leyla: “Onun təkcə mənə aid olmadığını çoxdan bilirəm” – Müsahibə
2 noyabr 2020
# 08:52

Kulis.az sevdiyi zabiti müharibəyə yola salan Leyla ilə müsahibəni təqdim edir. Münasibətləri rəsmiləşmədiyi üçün Leyla fotosunun yayılmasını və soyadının yazılmasını istəmədi.

- Leyla, sevdiyin oğlanla necə tanış olmusan?

- Tanışlığımı facebook sosial şəbəkəsində olub. 2011-ci ilin sonları idi. Bir statusa şərh yazarkən fikirlərimiz üst-üstə düşdü. Sonra mən ona dostluq yolladım. Onun heç profil rəsmi də yox idi. Dostluğumu dərhal qəbul etdi. Sonra mənə mesaj yazıb onu tanıyıb-tanımadığımı soruşdu. Tanımadığımı bildirdim. Tanış olduq və beləcə ünsiyyətim yarandı.

Tanış olanda bir-birimizə qarşı çox səmimi davrandıq. Bəlkə də bizim bağlılığımız bu səmimiyyətdən yarandı. O, məni üzdən tanımasa belə ilk gündən harada yaşadığımı, adımı, soyadımı ona söylədim. O da özü haqqında hər şeyi dedi. Hərbçi olduğunu da bildim. O vaxtlar mənim hərblə bağlı heç bir anlayışım yox idi. Ona elə vurulmuşdum, rütbəsi, vəzifəsi mənim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Bəlkə də elə məni cəlb edən onun hərbçi olması idi. O vaxtdan həmişə bir yerdə olmuşuq, tez-tez görüşmüşük deyə bilmərəm. Elə olub, hətta bir, iki il bir-birimizdən ayrı qalmışıq, ayrılıq yaşamışıq. Ayrılıq zamanı da bir-birimizdən qopa bilməmişik. Ya o məni arayıb-axtarıb, ya da mən onu. O, cəbhəyə gedəndə həmişə deyirdi ki, yavru vətənə gedirəm. Mən də bilirdim, artıq o, ya təlimə, ya da hərbi ezamiyyətə yola düşür. Bundan sonra heç bir sual vermirdim. Yəni, mən onun gedib-gəlməsinə öyrəşmişəm. Amma ürəyim həmişə səksəkədə olub.

- İlk görüşünüzü necə xatırlayırsan?

- İlk dəfə “Bayraq günü”ndə görüşdük. Mən ona yazdım ki, Bakıdayam. O da dərhal mənə zəng vurdu. Görüşdük.

- İndi onunla bağlı ən çox nəyi xatırlayırsan?

- 2016-cı ilin aprel döyüşlərində cəbhədə idi. Qorxudan, həyəcandan dəli olmuşdum. Şəhid xəbərləri çox gəlirdi. Hər gün üst-üstə ona xeyli mesaj yazırdım, amma heç bir cavab gəlmirdi. Təxminən bir aydan sonra cavab gəldi, yazdı, sağ-salamatam, narahat olma. Mənim üçün əsas bu idi. İki-üç sonra möhkəm dalaşdıq, mən hirslənib qarğış elədim.

- Nə dedin?

- Dedim, kaş elə apreldə şəhid olardın, onda səni daha yaxşı xatırlayardım. Bu sözdən sonra ayrıldıq. Əlbəttə, o sözləri ürəkdən deməmişdim, acığımdan demişdim. Bu, bir növ ana qarğışı kimi idi. Dilimdə desəm də, ürəyimdə deməmişdim. Amma yenə də dəhşətli dərəcədə peşman oldum. Hər dəfə atəşkəsin pozulduğunu eşidəndə, müharibə ilə bağlı xəbərlər oxuyanda ürəyim əsirdi ki, birdən yenə müharibə başlanar, qarğışım onu tutar, ona nə isə olar. Tez-tez öz-özümə deyirdim, kaş o sözləri dediyim yerdə lal olaydım. Bu əhvalatı heç cür unuda bilmirəm. İki il ayrı qaldıq bir-birimizdən. Bu ərəfədə məni başqa bir oğlan, iş yoldaşım istədi. Evlənmək təklifi etdi. Düşündüm ki, onunla ailə quraram, unudaram hər şeyi. Amma alınmadı. Başa düşdüm ki, ondan başqası ilə birlikdə ola bilmərəm. Sonra bir dəfə mənə zəng vurdu, dedi, təbrik edə bilərsən məni, rütbəmi artırdılar. Ardınca da gülə-gülə əlavə etdi ki, ancaq şəhid olmadım! Əvvəl başa düşmədim, nə demək istədiyini, sonra ağlıma gəldi. Ondan üzr istədim, təbrik etdim.

- Onu cəbhəyə yola salanda, hansı hisslər keçirdin?

- O, cəbhəyə gedəndə biz görüşə bilmədik. Araya həm də karantin düşmüşdü. O, özü də mənimlə görüşməyə vaxt tapmırdı. Axırda dedim, sən məni görmək istəmirsən, mənə münasibətin qeyri-ciddidir. Onda mənə bildirdi ki, onlara şəhəri tərk etmək icazəsi verilmir. O zaman mən vəziyyətin nə yerdə olduğunu başa düşdüm.

Hərbçi olduğunu bildiyim üçün cəbhəyə gedəcəyi gözlənilməz olmadı. Amma gedəcəyi günü dəqiqliklə mənə deməmişdi. Ona durmadan zəng vurdum, mesaj yazdım, amma heç bir xəbər ala bilmədim. İş telefonuna zəng çatmırdı. Qısqanclığım başladı, çox əsəbiləşdim ki, axı niyə mənə yazmır, cavab vermir. Müharibənin başlanmasını televizordan eşidəndə utandığımdan yerə girdim. Başa düşdüm ki, onu axtardığım ərəfələrdə başı qarışıq olub. İki-üç gün sonra ondan mesaj gəldi. Yazmışdı ki, narahat olma, ölməyəcəm, gələcəm!

- Leyla, indi sevgilin cəbhədədir. Müharibədən gələn xəbərlər sənə necə təsir edir, hansı hissləri keçirirsən?

- Bir müddət onun səsini eşitməyəndə özümü qoymağa yer tapmıram. Sonra məni yığır, danışıram. Sevinirəm, deyirəm, çox şükür, səsini eşitdim. Cavab verir ki, niyə belə narahatsan, hər şey yaxşıdır, sağ-salamat qayıdacağam. Mənimlə danışanda ancaq bu sözləri deyir: “Hər şey yaxşıdır, narahat olma.”

- Sevgilisinin yolunu gözləyən bir qız kimi qələbəyə inanırsan?

- Onun əhval-ruhiyyəsinin yaxşı olması mənə də təsir edir. Qələbənin bizimlə olacağına həqiqətən də inanıram. Amma qorxum da var. Dilim də gəlmir qorxduqlarımı deməyə... O, çox yaraşıqlıdır. Heç bir hərbçi heç nədən sığortalanmayıb. Hərdən öz-özümə düşünürəm ki, ona nəsə olsa, əlini, qolunu, ayağını itirsə və ya üz-gözü tanınmaz hala düşsə belə hər halı ilə qəbulumdur. Bircə sağ qalsın. Bunu onun özünə də yazmışam. Hətta onunla əlaqələrim kəsiləndə belə telepatik əlaqə qurmağa çalışıram. Və ürəyimdə deyirəm ki, bircə sağ qal, ölmə, qayıt gəl.

- Onu düşünüb mahnılara qulaq asırsanmı?

- “Cənab leytenant” mahnısını həmişə zümzümə edirəm. Haradasa eşidəndə də dərhal o yadıma düşür. Ümumiyyətlə, onunla tanış olduğum gündən bu yana harda hərbi geyimli adam, əsgər görürəm, gözüm onu axtarır. Elə bilirəm, o da burdadır.

- Ümidsizləşdiyin anlar olurmu?

- O, çox pozitiv adamdır. Hərdən mən depressiyada olanda deyir ki, nə olub, yenə bədbinləşmisən? İndi də danışanda həmişə mənə pozitiv enerji ötürür. Deyir, ay qız, qorxma heç nədən. Onun soyuqqanlılığı, yüksək əhvalı mənə də sirayət edir.

- Deyirlər, əsgər yolu gözləmək asan deyil...

- Əlbəttə, çox çətindir. Ona mesaj yazıram, yalvarıram ki, hərdən mənimlə danışsın, səsini eşidim. Bu, dəhşətli hisdir. Mənim sevdiyim orda olmasa belə cəbhə xəbərlərini gözləmək çox həyəcanlıdır. Dünən qohumlarımızdan birinin oğlu şəhid olmuşdu. Yas məclisinə getdim, şəhidin anasının, bacısının fəryadını eşitmək dözülməz idi. Ona görə də hərbçi yolu gözləmək kədərli və dözülməzdir. Üstəlik, o, sevdiyin adamdırsa, hər gün ölüb dirilirsən. Sosial şəbəkələrdə şəhid adı, şəkli paylaşımı görəndə qorxuram. Özünə də deyirəm ki, birdən sənin də şəklini paylaşarlar, ondan sonra mən nə edərəm? Zarafatla deyir, qorxma, pis adama heç nə olmur! Bircə bütün əsgərlərimiz, hərbçilərimiz sağ salamat gəlsəydi...

- Onu vətənə qısqanırsan?

- Qısqanmıram. Mən onun təkcə mənə aid olmadığını çoxdan bilirəm. Və qəbul da etmişəm. Hərbçilər təkcə sevdiklərinin, anasının, bacısının, atasının deyil. Onlar ən birinci vətənindir. Bunu tam səmimiyyətlə deyirəm.

Amma həm də mənimdir axı... Arzular müharibəyə baxmır. Sağ-salamat qayıdıb gəlsin, ailə quraq. İkimiz də istəyirik ki, ilk övladımız oğlan olsun.

# 6451 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #