Novruzəli informasiya təhlükəsizliyinin banisi kimi...

Novruzəli informasiya təhlükəsizliyinin banisi kimi...
11 fevral 2021
# 13:45

Kulis.az Üzeyir Əlizadənin "Cəhalət məhbusu" yazısını təqdim edir.

“Kənd qatığı, kənd süzməsi, kənd pendiri, kənd qaymağı, kənd yumurtası, kənd çolpası, kənd göyərtisi, təmiz bal, kəklikotu, qantəpər, üzərlik var, üzərlik, üzərlik !..”

Məhəllə həyətindən gələn bu kontratenor səsə yuxudan oyanıb balkona çıxdım:

- Ay kişi, bunları satıb bundan yaxşı nə alacaqsan yeməyə? Apar onları evində ye, qoy camaat səhərin şirin yuxusunu yatsın da! Guya camaata canıyanan olmusan... Adın nədir?

- Novruzəli.

Yadıma Mirzə Cəlilin yüz il öncə bir məktuba görə üç aylıq qazamata saldığı Novruzəli düşdü. Düşündüm ki, Mirzə Cəlil onu qazamata üç aylıq saldırsa da, o hələ də oradadır. Onu tutduran da, tutan da, üstəlik ağası da çoxdan ölüblər. Təkcə sağ qalan kimsəsiz Novruzəlidir.

O Novruzəli ki, qazamata atıldıqdan sonra adı bədnam olmağı cəhənnəm, onunla maraqlanan da olmayıb. İçimdəki insan sevgisi, mərhəmət hissi yenə tərpəndi. Qərara gəldim ki, onun hüquqlarını qorumaq üçün Avropa insan və müəllif hüquqları agentliyinə məktub ünvanlayım.

Açığı bir az tərəddüd etdim. Düşündüm ki, Mirzə Cəlilin qəhrəmanlarının məktub sarıdan heç birinin bəxti gətirməyib. Belə ki, Xudayar bəyin zülmlərindən bezən Zeynəb ümidini zəvvarbaşıyla Kərbalaya göndərdiyi məktubuna bağlamışdı. Amma məktubunu oxuyan tapılmadı Kərbəlada... Novruzəlinin məktub məsələsi də şükürlər olsun ki, hər birinizə məlumdur. Məktubların belə talesizlikləri ilə bağlı yazacağım məktubla əlaqədar qərarımda tərəddüd yarandı.

Sonra, hər zaman nəyinsə daha uğurlu sonluqla tamamlanması naminə seçimimdə etdiyim tərəddüdlərimin səbəbindən yaranan uğursuzluğu düşünərək, götürüb salamsız-kəlamsız Avropa insan və müəllif hüquqları agentliyinə aşağıdakı məzmunda bir məktub yazdım.

“Məlumunuz olsun ki, indi həyətimizdə kənd məhsulları adıyla qonşularıma keyfiyyətsiz məhsul sırımaq istəyən cüvəllağının bir binəva adaşı ağasının ona verdiyi məktubu yüz il bundan qabaq poçt qutusuna salmağa cürət etməyib. Səbəbini də belə əsaslandırır ki, məktub ünvana çatana qədər ona çox adamın əli toxunaraq gigiyenik qaydalar pozulacağından və həm də hansısa yad adamın həmin məktubu yolda açıb oxuyacağından narahat olduğundan məktubu poçt qutusuna salmağa tərəddüd edib. Ona görə də başına əbədi yaşayacaq məzmunlu hadisə gəlib.

Novruzəlinin bu davranışı ağasına sadiqlikdən deyil, təfəkkürünün geriliyə qarşı bir üsyan çevikliyi olub. Yeniliyə hər zaman qucaq açan Novruzəli, sadəcə olaraq, məlumatın oğurlanmasının qarşısını almaq üçün informasiya təhlükəsizliyi qaydalarına əməl edib.

Bugünkü internet üzərindən təhlükəsiz şəraitdə yazışmaların, sosial şəbəkələrin, bir sözlə, inkişafda olan kompüter proqramlarının nəzəriyyəsi Novruzəli təfəkkürünün məhsuludur. O, hələ yüz il öncə intellekt potensialına güvənərək, informasiya sahəsində yeni innovasiyaların tətbiqinin vacibliyi məsələsinə diqqət ayırmışdı. Onun bu möhtəşəm nəzəriyyəsi səbəbindəndir ki, hazırda proseslər internet və rəqəmsal alətlər üzərindən daha asan, təhlükəsiz və ucuz yolla həyata keçirilir.

Bütün nəzəriyyələrimizi oğurlayıb öz adınıza çıxmaq vərdişindən nə vaxt əl çəkəcəksiniz? Tusidən astronomiyanı, İbn Sinadan tibbi, Novruzəlidən informasiya texnologiyasının sirlərini mənimsəməniz az deyilmiş kimi, hələ bizi avam yerinə də qoyub bəyənmirsiniz. Əgər tutub qazamata salmasaydılar, onun yeni-yeni ideyaları hələ bəşəriyyətin çox ixtiralarına səbəb olacaqdı.

Dediklərimi qulağınızdan sırğa edərək yadınızda saxlayın ki, Novruzəli informasiya təhlükəsizliyi ideyasının banisidir.

O poçt qutuları bu gün yalnız poçt idarələrinin girişində asılmış antikvar görkəmli əşyadan başqa heç nəyi xatırlatmır. Bu cəhənnəm! Həm də yuz ildir ki, cahillik, avamlıq personajına çevrilib yazıq. Əgər doğurdan da uzaqgörənlik cahillikdirsə, o zaman bəs nədən orta əsrlərdə Qalileo Qalileyə, Cordano Brunoya edam hökmü verənlərinizi hələ də qəzəblə xatırlayırsınız? Gedin, Nikolay Kopernikə gecə-gündüz dua edin ki, cahilliyin qarnına yumruqla elə zərbə vurdu ki, xurafat bala saldı. Yoxsa hələ indi də deyəcəkdiniz ki, yer fırlanıb eləmir. Öz gözünüzdə tiri görməyib, başqasının gözündə qıl axtarırsınız.

Novruzəlinin sizin orta əsr kilsə xadimləriniz tərəfindən edama məhkum olunmuş alimlərinizdən nəyi əskikdir axı? Hələ onu demirəm ki, Novruzəlinin “İnformasiyanın optimal xarakteristikası” nəzəriyyəsi Klod Elvud Şemon tərəfindən 1948-ci ildə oğurlanaraq adı dəyişdirilib.

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts isə bir az da qabağa gedərək, Novruzəlinin nəzəriyyəsindən yararlanıb, müəllif hüquqlarını pozaraq onun haqqına girməklə dünyanın bir nömrəli milyarderinə çevrilib.

Novruzəli yaradıcılığının Marksın “Kapital”, “SSRİ-nin beşillik inkişafının statistik məlumatları”, ya da “Kommunist partiyasının iyirmi birinci qurultayındakı çıxışlar”, yaxud da dünya ədəbiyyatı adıyla tərcümə olunub bizə sırınan qalın-qalın kitablardan nəyi əskikdir?

Rəhmətlik Cəlil Məmmədquluzadə əsərlərində bilə-bilə, qəsdən öz intellektli qəhrəmanlarını pis gözdən, pis nəzərdən qorumaq üçün ya kefli, ya da avam obrazında ona görə göstərib ki, nəzər dəyməsin onlara. Avam camaat da rəhmətliyin bu hiyləsini anlaya bilməyib, həmin obrazlara ömür boyu hırıldamaqla məşğul olub. Yadımdan çıxmamış onu da xatırladım ki, nəzər dəymə, yəni göz dəymə, vurğun vurma hadisələrindən qorunmaq üçün dua, cadu, çıldağ etmə və s. kimi qabaqlayıcı tədbirlərimizə olan həsədiniz bizə olan qısqanclığınızın, gözügötürməzliyinizin əlamətləridir.

Qədim zamanlardan hələ bəd nəzərlərdən qorunmaq üçün dua yazdıraraq üstündə gəzdirmək kimi elmi-praktiki nəzəriyyəmizi oğurlayaraq “antivirus” proqramı adı altında kompüterlərinizə yazıb yad viruslardan qorumursunuzmu? Duanın adını dəyişib “antivirus” qoymaqla kimi aldadırsınız? Adını “antivirus” deyil, “nəzər duası” qoysaydınız, daha sanballı və alicənab görünərdiniz məncə. İndi də başlamısınız dua plagiatlığıyla məşğul olmağa.

Çox zibillərinizi açıb tökmədən və orta əsr avamlıqlarınızı dünyada rüsvay etmədən, tələb edirəm!

“Microsoft” şirkətinin sahibi Bill Qeytsə başa salın ki, Novruzəlinin müəlliflik hüququnu kobud şəkildə pozduğu üçün beynəlxalq mətbuat qarşısında səhvini etiraf edərək ondan üzr istəsin və onun mənsub olduğu xalqa külli miqdarda təzminat ödəsin”.

Məktubu yazıb bitirdikdən sonra, “göndər” işarəsini tıklayan zaman kompüterdə aləm qarışdı biri-birinə, “error” verdi. Yazdığım məktub yerli-dibli silindi, göndərə bilmədim. Kompüterdə antivirus proqramının vaxtının bitməsi səbəbindən məktubuma viruslar tərəfindən nəzər dəydi .

Bu səbəbdən də ona cavab gəlmədi.

Gəlməz də, Zeynəbin göndərdiyi məktubuna Kərbaladan cavab gəldi ki?

İstədim üzərlik yandırıb kompüterin başına fırladım. Nə qədər axtardım, üzərlik tapa bilmədim.Yadıma düşdü ki, Novruzəli həyətdə üzərlik satır. Yenidən balkona qayıdıb, soruşdum: - Novruzəli, üzərlik qalıb?

Novruzəli:

- Vallah, hamısı satıldı. Axırıncını da, - əlindəki üzərlik dəstəsini bərk-bərk tutub saxlayan qonşu Zeynəbi göstərərək, - bu aldı.

# 3697 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #