Budaqda sarala qalan ümidlər - Loğman yazır...

Loğman

Loğman

4 yanvar 2023
# 16:00

Kulis.az Loğmanın "Budaqda sarala qalan ümidlər..." adlı yazısını təqdim edir.

Kənddən çıxanda iki böyük ayrılıq yaşadım: kitab və ağac ayrılığı. Onlar mənə doğma adamlar kimi əziz idi. Mən adamlardan çox ağaclar və kitablarla dostluq edə bilirdim. Çünki bu dostluqda bir təmənnasızlıq vardı. Tələbəlikdən qəpik-qəpik toplayıb aldığım, sevə-sevə mütaliə etdiyim kitabların hər biri köhnə, sınanmış dostlar qədər dəyərli idi. Hər obraz dünyanın müxtəlif yerlərində, müxtəlif xalqların nümayəndəsi kimi tanış olduğum, oxuduqca bənzəmək, həyatını, əməllərini təkrarlamaq istədiyim konkret insanlardı. Ona görə də bu ayrılıq saralmış, cansız vərəqlərdən deyil, canlı, sevimli, illərlə dərdləşdiyim insanlardan – dostlardan idi. Onlar mənə o qədər həqiqətləri başa saldılar ki...

Həyatın adi gözlə görünməyən o qədər tərəflərini açıb göstərdilər ki.
O qədər gözəlliklərdən söhbət açdılar ki.
Həyatı, dünyanı, insanları dərk etmək üçün o qədər əlimdən tutdular ki...
İnsanın, bəlkə də, dünyanı anlamaq, özünü kəşf etmək baxımından kitab qədər önəmli bir mənbəyi yoxdur.
Kitabdan sədaqətli dost tapmaq çətindir.
Amma mənim üçün o günlər bütün əvəzolunmaz cəhətləri ilə yanaşı, düşmən əsirliyində qalmış kitab yaddaşı idi. Elə bilirdim ki, onlardan öyrəndiklərimi bir də yada sala bilməyəcəyəm. Məndən incik qaldıqlarına görə heç vaxt yadıma gəlməyəcəklər. Beləcə, məndən qisas alacaqlar. Artıq mənim yaddaşım məndən yox, onlardan asılı idi. Öz canımı qurtarıb, onları atıb gəlmişdim axı.
Kitablar iflic uşaqlar kimiydilər; özləri hərəkət edə bilmirdilər, mənsə kömək göstərməkdə aciz idim...

Hər gün işdən dönəndə evə girməmiş, süfrəyə əyləşməmiş bağa, ağaclara baş çəkirdim.
Axı bu ağaclar bir gündə nə qədər böyüyə bilərdi? Mən onu hiss etmək istəyir və bunu aydın şəkildə görürdüm. O ağacların bir gündə necə dəyişdiklərinin şahidi olurdum. Və hər dəfə bağa girəndə mənə belə gəlirdi ki, ağaclar gəlişimi gözləyirlər, bağı tərk edəndə isə arxamca boylanırlar.
Onlar mənim üçün çox doğma idilər. O ağaclarla ağac dilində danışırdıq. Hər ağacın da öz tarixi, belə demək mümkünsə, „tərcümeyi-halı“ vardı. Ən yaşlısı tut ağacıydı. Lələmin yaşıdı idi. Qarabağda çox vaxt ataya – „lələ“, anaya – „bajı“, böyük qardaşa – „qağa“, atanın bacısına isə „mama“ deyirlər. Bu, fransız „mama“sından deyildi. Heç kəs ona bibi deməzdi. Bibi camaatın fikrincə, kitab sözüydü. Kitab dilində danışana da birtəhər baxar, hoydu-hoyduya götürərdilər.
Bu tut ağacını da lələm anadan olan günü Əbdülhəsən dədəm əkib – onun adına. Ağac 90 il böyüyüb-böyüyüb dağ boyda olmuşdu. Bağımızın böyük bir hissəsini qanadları altına almışdı. O, ailəmizin, qonum-qonşunun ehtiyacını ödəyir, yeməyə, doşab və riçal bişirməyə, tutqurusu düzəltməyə çatırdı.
Yayın isti günlərində dan üzünün özunəməxsus bir sərinliyi vardı. Hər səhər tezdən tut ağacına çıxıb doyunca yeyər, sonra dərib evdəkilərə də gətirərdim ki, yuxudan duranda acqarına yesinlər. Gün qalxandan sonra bunun elə də ləzzəti olmur, adamın ürəyini soyutmurdu. Belə daha xeyirli olur. Adətən, tutu çırpıb yığardılar, amma mən onu bir-bir dərirdim. Və hər səhər də tut ağacının yanına gəlib, budaqlarına şıxmamışdan əvvəl əlimi kələ-kötür, cadar-cadar olmuş gövdəsinə qoyub qəribə hisslər keçirirdim. İndi onu tam ifadə etməkdə çətinlik çəkirəm, amma onu bilirəm ki, tut ağacı ilə danışırdıq – ağac dilində, adam dilində.
Əncir ağacı da, tut ağacı qədər olmasa da, nəhəng idi. Bağımıza gedən arxın ətrafını tamam tutmuş, əmimgilin həyətinə də keçmişdi. Səhər-səhər dərilmiş əncirlər yayın istisi ilə müqayisədə çox sərin, hətta deyərdim, soyuq olurdu. Əncirlər dəyib saralır, içindən bir gilə şirəsi çıxıb gözündə yumrulanırdı. Budaqların lap ucundakı əncirlər dəyir, saplağından əyilib sallanır, çox dadlı olurdu. Belə əncirləri dərmək xeyli zəhmət tələb edirdi. Çox vaxt ağacın əzilmiş yarpaqlarından çıxan ağappaq süd adamın əl-qolunu yandırırdı. Amma sonra səhər süfrəsində o ağrı-acının özü də bala dönürdü. Süfrəyə qoyulmuş tut, əncir yay günündə, bəlkə də, ən dadlı səhər yeməkləri idi.
Belə süfrələrin özgə bir gözəlliyi vardı, adamı özünə çəkirdi, başına yığırdı.
O biri ağacların da hərəsinin özünə xas olan bir cür gözəlliyi vardı. Sevə-sevə yediyimiz meyvələrlə bütün ailəmizin tut, əncir, alma, armud şirinliyində səhəri açılırdı.
O şirinlik bütün günün ruhuna hopurdu, dadına çevrilirdi.
Gün ərzində danışdığımız sözlərdən, gördüyümüz işlərdən də tut, əncir tamı gəlirdi... Amma bu şirinliyin fərqinə varmazdıq. Düşünərdik ki, yəqin elə belə də olmalıdır.
İllər keçdi saymadığımız cır alça, itburnu, mor tut, böyürtkən, yemişan da elə ləzizləşdi, elə mataha döndü ki...
İllər keçdi və çox sonralar açılan səhərimizə, günümüzə və ümumiyyətlə, bütün həyatımıza şirinlik qatan qaynağın tamam başqa yerdə olduğunu anladıq.
Bu, əcdadlarımızın ruhu gəzən, körpəliyimiz, gəncliyimiz keçən, hər daşı, hər ağacı, tozu-torpağı belə bizə tanış olan doğma yurd yeri idi. Hər şeyi əzizləşdirən, gözəlləşdirən, mənalandıran, dəyərli və əvəzsiz edən, həyatımızın bəzəyinə çevirən ata ocağımız idi.
Dünyada elə dəyərlər var ki, onun əsl qiymətini yalnız itirəndə vermək olur...
Onu itirib, yerində yaranan boşluğun böyüklüyünü anlayanda ağrının miqyası bəlli olur.
O boşluq vakuum kimiydi, adamın içini, ruhunu sorub çıxarır, göynədirdi.
Səhər-səhər ətrafına yığıldığımız, budaqlarının altında süfrə başına əyləşdiyimiz çinar ağacı da o qədər vuqarlı, möhtəşəm idi ki, baxdıqca elə bilirdim çox arxalıyıq, bizim heç vaxt çətinliyimiz, pis günümüz olmaz...
Qəribə də olsa, hər ağac elə bil ki, bir canlı obraz idi.
Nar çiçəkləri bizim arzularımızın çıçək dili ilə danışmağı idi.
İnanırdım ki, nar çiçəklərini görən adamın heç vaxt pis niyyəti olmaz.
Elə bilirdim ki, torpaq o çiçəklərlə baxır bizə.
O çiçəklər torpağın, barın-bərəkətin insana sözü, arzusuydu.
Torpaqla danışmaq dili idi. Onu necə sevməmək olardı?..
İsmətli bacıları xatırladan gilasların üzlərində həya, utancaq və zərif qızartı çox doğma və şirin gəlirdi adama.
Gilaslar gizlicə kiməsə vurulmuş qızlara bənzəyirdilər, çəkinirdilər ki, onların bu gizli sevdalarından kimsə xəbər tuta bilər. Ona görə də yanaqları belə allanırdı.
Lənkəran şəhərindən alıb gətirdiyim, sevə-sevə bəslədiyim limon ağacı isə evin körpə uşağı kimiydi. Diqqətə, qayğıya daha çox ehtiyac duyurdu.
Gətirəndən üç il sonra ilk dəfə çiçəkləmişdi.
Limon çiçəklərinin öz gözəlliyi, bənzərsizliyi, özünəməxsus ətri var. İlk çiçəklərdən yalnız biri bar tutmuşdu. Uşaq həvəsi ilə hər gün o tərəf-bu tərəfinə keçir, oxşayıb-əzizləyir, saralıb dəyməsini gözləyirdik. Limon ağacı ilə ayrılığımız da unudulmaz bir səhnə idi.
Əvvəlcə onun dibçəyini həyətimizdəki çinar ağacının altına gətirdim ki, kölgədə qalsın. 50 litrlik alüminium çəlləkdə mismarla açdığım deşiyə pambıq bükülmüş kibrit çöpü taxdım. Sonra alüminium çəlləyi su ilə doldurub limon ağacının üstündəki çinar budağından asdım. Çəlləkdəki su beləcə damcı-damcı düşürdü.
Limon ağacının ömrünü bu yolla uzatmaq istəyirdim.
İstəyirdim mənsiz də mənim qayğımı hiss eləsin.
İnanırdım ki, bununla limon ağacı hələ xeyli müddət qurumayacaq, sağ qalacaq. Əsl ayrılıq limon quruyanda baş verəcək. Amma həm də dəlicəsinə inanırdım ki, o 50 litrlik çəlləkdən damcılayan su doğma yurd-yuvamızı azad edənədək çatacaq. Lap yüz il də keçsə, çatacaq. O, təkcə damcılayan su deyil, həm də damcı-damcı yığılan ümiddir, inamdır, qeyrət hissidir, Vətən sevgisidir.
O, tükənə bilməz.
Üstundə saralmaqda olan tək limonu isə dərməyə ürəyim gəlmədi. Bunu bir vəfasızlıq hesab elədim.
Bu, döyüşçü yoldaşının meyitini düşməndən xilas edə bilməyəndə barmağındakı üzüyünü, qolundakı saatını açıb götürmək kimi bir şeydir.
Bu da xəyanətdir.
Ağacdan ayrıldığıma, onu apara bilmədiyimə görə, heç olmasa, meyvəsini dərmək mənə çox ağır gəlirdi, etibarsızlıq kimi görünürdü.
Elə bildim, ağac da olsa, hiss edəcək ki, onu atıb gedirəm, ayrılırıq. Başqa sözlə, onun quruması, ölümü ilə barışdığımı ağac kimi duyacaq. Onu Lənkəranın tanınmış bağbanlarından biri vermişdi.
Bu ağaclar insan münasibətlərinə, qayğısına insan qədər həssasdır, çox „şüurlu“ şəkildə reaksiya verir. Bağban deyirdi ki, öz təcrübəmdə limon ağaclarının insana tərəf döndüyünü, insan kimi baxdığını dəfələrlə müşahidə etmişəm.
Hələ də ağac əsirliyinə, kökündən kəsilib məhv edilməsinə, susuzluqdan qurumasına insan əsirliyi kimi baxıram.
Ağac əsirliyinin insan əsirliyindən daha dərdli olduğuna inanıram. Ağaclar mənə daha çox uşaq əsirliyini xatırladır. Dilsiz-ağızsız, atasız-anasız, gözlərində gilələnmiş son göz yaşlarının düşməyindən belə qorxub, kipriklərini çala bilməyən və bütün dünyanı göz yaşlarının arxasından seyr edən, dünyanın hər şeyində göz yaşları görən uşaqlar kimi...
Elə bil ki, həyat haradasa donub – divar saatlarının çıqqıltısı kəsilən kimi, əsirlikdəki o körpə qızcığazın gözlərindəki son damla yaş kimi...
O körpə dünyanın ən böyük dərdini gözlərinə yığıb. Bircə dəfə kirpiklərini çalsa, o dərdlər – damlalar töküləcək və bu uşaq faciəni bütün aydınlığı ilə görəcək.
Hələlik isə həyat dayanıb – o saatın zəncirini çəkən, o körpəni bağrına basıb sevincdən göz yaşlarını sel kimi axıtdıracaq bir tərpənişimizə bənd kimi...
Elə bilirəm ki, o göz yaşları düşüncə bütün Azərbaycanı yandıracaq.
Mənim üçün dərə bilmədiyim o tək limon təkcə əsir alınmış həyata keçirə bilmədiyimiz arzular, istəklər, minlərlə qiymətli dəyərlər deyil, təkcə torpaq, yurd-yuva, ev-eşik deyil, həm də əsir alınmış nakam sevgilər kimi hələ də içimdə saralmaqdadır.
Mənim üçün hələ də o çəllək damcılayır, hələ də o tək limon budaqdan asıla qalıb...

# 2522 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #