Bu, məmləkətin əxlaqıdır

Bu, məmləkətin əxlaqıdır
31 iyul 2023
# 13:00

Kulis.az Loğmanın "Yetimlik – yetməzlik" adlı yeni yazısını təqdim edir.

Saçının tumarı yetmir, əyninin paltarı yetmir.
Bağrına basanı yetmir, üzündən öpəni, gözünə təpəni yetmir.
Yarıdanı yetmir, kiridəni yetmir, dadına çatanı, üstünü örtəni yetmir.
Saçlarını hörəni yetmir, üstünə qanad gərəni yetmir.
Yetmir, çox şeyi yetmir yetimin.
Dodağı gülüşə təşnədi, çöhrəsi – təbəssümə.
İsti bir qucağa, oyun-oyuncağa həsrətdi.
Ürəkdən sevinməyə, təzə paltar geyinməyə tamarzıdı.
Gözünün yaşını siləni yoxdu, dərdini biləni yoxdu – hamının gözündən yetimliyi baxır üzünə.
Yanağında – öpüş, kürəyində – əl, saçlarında sığal yeri göynəyir.
Dərdinə kölgələnir, kədərinə daldalanır, umuduna qısılır yetim.
Dərdini ağrısı ilə ovudur, kiridir.
Ha böyüyür, boynu düzəlmir.
Gülüşü sevincdən qısıq, boyu yaşından qısa.
Dodaqlarının çatına duzlu yağışlar yağır...

Çəpəri, səddi yoxdu yetimin.
Bütün küləklər içindən əsir.
Bütün qəmlərə yelkəndi yetim.
Yetimlik atanın, ananın yetməzliyi ilə bitmir.
Yetim üçün hər şeyin yoxluğu, qıtlığı, kasadlığı başlayır. Bir fərəh yetimliyi, ürəkdən gülmək yetimliyi, doyunca yemək yetimliyi, öyünmək, arxalanmaq yetimliyi, inam yetimliyi, umud yetimliyi başlayır.
Bütün dünya yetimlik pəncərəsindən görünür. Elə bil ki bütün dünya yetimi döymək üçün növbəyə durub. Bütün dünya yetimin yolunu kəsib gözləyir. Yağış da, qar da yetimin qənimidir, soyuğu iliyinə işləyir, sümüklərini sızıldadır. Yaz gəlir – yandan keçir, yay gəlir – gendən keçir, qış gəlir – ondan keçir...
İstilik, hərarət yetmir, həmişə soyuqdu yetimə.

İnsanlar sevmək əvəzinə yazıqlıq, miskinlik bağışlayırlar yetimə – yanıqlı sözlər, üzlərindəki kövrək ifadələrlə.
Yazığı gəlmək yetimin qarşısında insanların, toplumun məsuliyyətdən, borcunu verməkdən yayınmasıdır. Bu da bir cür fərarilikdir, insanlığa əsgər olmaqdan boyun qaçırmaqdır.
Yazığı gəlmək yetimin imkanlarını məhdudlaşdırmaq, üfüqlərini daraltmaqdır.
Yazığı gəlmək hər addımda yetimə itirdiklərini yaşatdırmaq, xatırlatmaqdır.
Yazığı gəlmək yetimi həyatla barışığa təhrik etmək, həyatın boynuna sarılmağa itələməkdir.
Yazığı gəlmək yetimi əlacsızlaşdırmaqdır.
Mərhəmətli görünmək dəllallığıdır.
Yazığı gəlmək yetimi endirməkdir, insanlığa hörmətsizlikdir.

Yetimlik, əslində, insanların, toplumun testi, qohum-əqrəbanın sınağıdır.
Yetimə münasibət cəmiyyətin insanlıq səviyyəsi, ədalət göstəricisidir.
Yetimə münasibət məmləkətin ləyaqəti, tərbiyəsi, əxlaqıdır.
Yetimə münasibət mənəviyyat ölçüsüdür.
Çünki yetim təkcə bir nəslin, bir ailənin, bir şəhidin kimsəsizi deyil, hamınındır, hamıdandır.

Kapitalizm kimi murdarlıq, bazar iqtisadiyyatı deyilən əllaməçilik, cibgirlik yetimlik tanımır.
Pulçuluğu Tanrı səviyyəsinə qaldıran, allahlaşdıran, pula heykəl qoyub qarşısında diz çökən, baş əyən, hər şeyindən keçən toplum yetimi görə bilməz.
Zorun hakimləşdiyi toplum yetimi saymaz.
Yetimin faciəsi itirdiklərindən doğulur, amma toplumun yadlığı, soyuqluğu və dəyərsizliyi ilə böyüyür, yaşayır.
Yetimlik yalnız atalıq, analıq məqamında unudulur. Övlad yetimə yetimliyini unutdurur. Hamıdan əli üzülən yetim çox vaxt itirdiklərini övladlarına qoyduğu adlarda tapır...

# 3633 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər