Bu mahnını hansı məşhur oğurladı? – İllərin mahnısı

Nəzakət Teymurova, Alim Qasımov, Arif Babayev

Nəzakət Teymurova, Alim Qasımov, Arif Babayev

19 avqust 2022
# 09:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Qal, sənə qurban” mahnısı haqda maraqlı faktları təqdim edir.

Bu dəfə söhbət açacağımız mahnını bəzən xalq mahnısı kimi qələmə verirlər. Lakin o, müəllifi olan bir mahnıdır – sadəcə o qədər doğma və içdəndir ki, onu xalq mahnısı zənn edirik.

Məsələnin müəmmalı tərəfi odur ki, həm sözlərində, həm melodiyasında dərin hüzn, ağrı olan bu mahnının öz taleyi də hüznlü və ağrılıdır. Ona görə ki, bəstəkar Bəhram Nəsibovun musiqi təhsili olmadığına görə Sovet dönəmində müəllifin adının çəkilməsinə icazə verilmirdi və bütün ifalarda mahnı xalq mahnısı kimi təqdim olunurdu. Amma çox keçmədi ki, Sovet İttifaqı dağıldı və mahnı öz həqiqi müəllifinin adı ilə təqdim olundu. Məhz buna görə bu mahnını xalq mahnısı hesab edənlər hələ də var.

Bəhram Nəsibov - Deyin hardadır - YouTube

***

1972-ci ildə müğənni Təranə Vəlizadə bir gün həyat yoldaşı, ifaçı Eyvaz Həsənovla dalaşır və inciyərək öz atası evinə gedir. Bir müddət sonra qaynı və qaynanası Təranə xanımı Eyvazın yanına, yəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə görür ki, Eyvaz bəy saç-saqqal içində, kirli paltardadır və səsi batıb.

Təranə xanımın qayıdışını görən Eyvəz bəy kövrələrək öz otağına girir. Təranə Vəlizadə isə masanın üstündə bir kağız görür. Kağızın üstündə məşhur “Qal, sənə qurban” mahnısının sözləri yazılmış olur. Bu vaxt Təranə xanım zənn edir ki, bu şeiri Eyvaz Həsənov ona həsr edib.

Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı,  ruhi sarsıntıdan pirlərə üz tutdu – Azərbaycanın ilk duet oxuyan cütlüyü

***

Amma tarixi fakt başqadır. Bu hadisədən iki il əvvəl, yəni 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı bir pyes işləmişdi. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban” adlı bir mahnı ifa olunurdu. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə müsahibələrində qeyd edib. Həmin şeirə bəstəkar, tarzən Bəhram Nəsibov mahnı bəstələmişdi, lakin mahnının dördüncü bəndi Bəhram Nəsibovun əlavəsidir. Pyesdəki orjinal mətndə həmin bənd yoxdur.

***

Beləliklə, uzun müddət mahnının sözlərinin müəllifi mübahisəli qalsa da, mahnının üç bəndinin Miryusif Manafova, bir bəndinin Eyvaz Həsənova, bir bəndinin də Bəhram Nəsibova məxsus olduğu bir çox mənbələrdə qeyd olunub.

Miryusif Mirnəsiroğlu — Vikipediya

***

Müğənni Təranə Vəlizadənin danışdığına görə, həmin gecə içdiyi soyuq içkilərdən səsi batan həyat yoldaşı Eyvaz Həsənov, bu mahnıya aşağıdakı bəndi əlavə etmişdi:

“Getmə kimsəsizəm, qal, sənə qurban.

Bu dilsiz, ağızsız lal sənə qurban”

Bəhram Nəsibovun əlavəsi isə bu bənddir:

“Amandır qəlbinə düşməsin əğyar,

Yanağında qara xal, xal sənə qurban.”

Mahnının dördüncü bəndinə Bəhram Nəsibov tərəfindən edilən əlavələr nəticəsində müxtəlif təqdimatçılar Bəhram Nəsibovu həm bəstəkar həm də sözlərin müəllifi kimi göstərirlər. Bu hala daha çox Türkiyə mediasında rast gəlinir.

Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı,  ruhi sarsıntıdan pirlərə üz tutdu – Azərbaycanın ilk duet oxuyan cütlüyü

***

1972-ci ildə bu mahnı hələ böyük dinləyici auditoriyası qazanmamışdı. Sadəcə müğənnilər, bəstəkarlar, aktyorlar, aktrisalar və əyalətdə teatr həvəskarları bu mahnıdan xəbərdar idilər. Görünür mahnıdan xəbərdar olan şəxslərdən biri də Eyvaz Həsənov olmuşdu ki, xanımı ilə soyuq münasibət yarandığı zaman bu sözlərlə təsəlli tapmış, hətta onu kağıza köçürərək düşdüyü vəziyyəti təsəvvür edən bir bənd də əlavə etmişdi. Bu mahnını 1979-cu ildə Eyvaz Həsənov da ifa edib. Amma Eyvaz Həsənova qədər və Eyvaz Həsənovdan sonra bu mahnının saysız-hesabsız ifaçıları olub.

Gürcüstan radiosunun qızıl fondundan. Təranə Vəlizadə ilə Eyvaz Həsənovun  dueti - 1TV

***

Xalq artisti, xanəndə Arif Babayev deyir ki, Bəhram Nəsibovla eyni evdə qaldıqları bir gün bəstəkar kartof qızartması qızardıbmış. Onlar süfrə arxasına keçəndə Bəhram Nəsibov Arif Babayevə deyib:

– Bir mahnı yazmışam, sənin xoşuna gələcək.

– Nə mahnısı?

– Adı “Qal, sənə qurban”dır.

Bəhram Nəsibov oxumağa başlayıb və Arif Babayevin də mahnı xoşuna gəlib. Daha sonra ikisi birlikdə bu mahnını işləməyə başlayıblar. Beləliklə, 1972-ci ildə dəşti təsnifində bu mahnının ilk ifaçısı kimi Arif Babayev tarixə düşür.

Arif Babayev xəstəxanaya yerləşdirildi

***

Bir versiyaya görə, şeirin sonu bu cürdür:

“Ala gözlərini süzdürəndə sən

Qalmadı Asifdə hal sənə qurban”

İllər sonra bu mahnının müəllifliyinə daha bir şəxsin adı yazıldı: Asif Babazadə. Şairin oğlu Elnur Babazadə mətbuata bu haqda məlumat verib və atasının “Getmə, kimsəsizəm, qal sənə qurban” adlı şeirlər kitabından faktları da təqdim edib.

Asif Babazadə 1933-cü ildə Bakıda anadan olub və uzun müddət “Sovetski”də 120 nömrəli evdə yaşayıb. 1975-85-ci illərdə “Azərbaycan” nəşriyyatında elanlar şöbəsinin müdiri kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində mətbəənin direktoru işləyib.

Kitabda mahnının mətni var, məlum olduğu kimi bu mətn mahnının öz mətnindən azca fərqlənir. Bu da çox güman ki, bəstəkarın öz əlavə və ixtisarlarıdır. Amma həmin şəkildə kitabın nəşr olunma tarixi 2009-cu il göstərilir. Mahnının yaranma tarixi isə 1970-ci illərin əvvəlləridir.

Təhqiqatçıların mətbuatda açıqlamasına görə isə, əgər bu mahnının sözlərinin həqiqi müəllifi Asif Babazadədirsə, mütləq ki, bəstəkarı Bəhram Nəsibovla əlaqələri olmuş, mətni ona şəxsən təqdim etmişdir. İkinci variantda isə mətn Miryusif Manafova təqdim olunmuş, o da mətni öz işlədiyi dram əsərinə salmışdır. Bu zaman belə nəticəyə gəlmək olar ki, Miryusif Manafov mətni oğurlamış və müsahibələrində bu mətnə sahib çıxmışdır. Belədirsə, bəs indiyə qədər Asif Babazadə və ya oğlu niyə buna etiraz etməmişdilər?

***

Türkiyə sənətçiləri bu əsərə dəfələrlə müraciət etsələr də, heç birində əsl müəllifin adını qeyd etməyiblər. Ya Azərbaycan xalq mahnısı, ya Türk xalq mahnısı, ya da hər hansı Türkiyə bəstəkarının adı ilə təqdim olunub. Amma mahnının sözlərinin müəllifi Türkiyədə anonim, Azərbaycanda isə gah Bəhram Nəsibovun, gah Miryusif Manafovun, gah da Eyvaz Həsənovun imzası ilə yayımlanıb.

***

Mahnı mətninin dörd versiyasını da təqdim edirik.

Birinci versiya – Miryusif Manafovun versiyası

Getmə, kimsəsizəm, qal, sənə qurban,

Bu dilsiz, ağızsız, lal sənə qurban!

Mənlə şirin danış, mənlə şirin gül,

Ələnsin ləblərə bal, sənə qurban!

Amandır, düşmənsin qəlbimə, ey yar,

Yanağından qara xal, sənə qurban!

Əgər üz çevirib, getsən uzağa,

Qalmaz bu aşiqdə hal, sənə qurban.

İkinci versiya – Bəhram Nəsibovun versiyası

Mənlə şirin danış, mənlə şirin gül,

Ələnsin ləbindən bal, sənə qurban!

Mənlə şirin danış, mənlə şirin gül,

Ələnsin ləbindən bal, sənə qurban!

Amandır, düşmənsin qəlbinə əğyar,

Yanağında qara xal, xal, sənə qurban!

Əgər üz çevirib getsən uzağa,

Qalmaz aşiqində hal, sənə qurban.

Yamandır hicranın,

Getmə, sevgilim, getmə,

Qəlbimi həsrətli etmə, sevgilim.

Dinsin saf eşqilə, qoy, ürək teli,

Vüsal nəğməsini çal, sənə qurban!

Üçüncü versiya – Eyvaz Həsənovun versiyası

Getmə, həsrətliyəm, qal, sənə qurban,

Ömürlük həmdəmim ol, sənə qurban.

Əgər üz çevirib getsən uzağa,

Qalmaz aşiqində hal, sənə qurban.

Yamandır hicranın, getmə, sevgilim, getmə,

Qəlbimi həsrətli etmə, sevgilim.

Dinsin saf eşqilə, qoy, ürək teli,

Vüsal nəğməsini çal, sənə qurban!

Dördüncü versiya – Asif Babazadənin versiyası

Getmə, kimsəsizəm, qal, sənə qurban,

Bu dilsiz, ağızsız, lal sənə qurban!..

Mənlə şirin danış, mənlə şirin gül,

Ələnsin ləblərə bal, sənə qurban!

Bəyaz qollarını hörüklərintək,

Dolayıb boynuma sal sənə qurban!

Qoy sınaq könlümə düşməsin, ey gül!

Yanağından qara xal, sənə qurban.

Ala gözlərini süzdürəndə sən,

Qalmadı Asifdə hal, sənə qurban!

Qəbul olunmuş versiya isə bu cürdür:

Getmə, kimsəsizəm, qal, sənə qurban,

Ömürlük həmdəmim ol, sənə qurban!

Mənlə şirin danış, mənlə şirin gül,

Ələnsin ləbindən bal, sənə qurban!

Getmə, uzaqlara, qal, sənə qurban,

Bu dilsiz, ağızsız, lal sənə qurban!..

Mənlə şirin danış, mənlə şirin gül,

Ələnsin ləbindən bal, sənə qurban!

Amandır, düşmənsin qəlbinə əğyar,

Yanağında qara xal sənə qurban, xal sənə qurban!

Əgər üz çevirib getsən uzağa,

Qalmaz aşiqində hal, sənə qurban.

***

Bu mahnını Nəzakət Teymurova, Alim Qasımov, Arif Babayev və başqaları ifa edib.

P.S. Mətn internetdəki məqalələr əsasında hazırlanıb.

# 4431 dəfə oxunub

Oxşar xəbərlər

Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

13:32 27 noyabr 2024
Avropa milli geyimləri nümayiş olunub

Avropa milli geyimləri nümayiş olunub

13:00 27 noyabr 2024
Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib - Sərəncam

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib - Sərəncam

12:20 27 noyabr 2024
Amerikalı rejissor vəfat etdi

Amerikalı rejissor vəfat etdi

11:47 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

10:30 27 noyabr 2024
Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

10:15 27 noyabr 2024
# # #