Bu həmin Kamran Həsənlidir ki, “palatka” müğənnilərinin yarışmasını keçirib - Nihat Pir

Bu həmin Kamran Həsənlidir ki, “palatka” müğənnilərinin yarışmasını keçirib - Nihat Pir
18 dekabr 2023
# 16:00

Kulis.az Nihat Pirin "Atalarımızın yaxşı bir məsəli var..." adlı yeni yazısını təqdim edir.

Böyük yazıçı Mövlud Süleymanlı ilə müsahibəmiz vaxtı söhbət onun nəsrindən, nəsrinin xalq deyimlərinə, xalq dilinə və nəhayətində, xalq yaradıcılığına söykənməsindən düşmüşdü ki, cavabı çox sərrast oldu: bu xalqın dilini bilsən, ona yaxın olsan, onu oxusan, istənilən suala cavab tapacaqsan.

Bir neçə müddətdir, Kamran Həsənlinin sosial şəbəkədə, saytlarda, radioda və hətta televiziyanın özündə belə telekanalların bayağı, reytinq dalınca qaçan və maarrifləndirici motivdən uzaq düşməsini tənqid eləməsi xalqımızın çox dəqiq məsəllərindən birini yadıma saldı.

“Kor kora kor deməsə, bağrı çatlayar”.

Bu həmin Kamran Həsənlidir ki, Azərbaycan teleməkanına “palatka” toyu anlayışını gətirib.

Bu həmin Kamran Həsənlidir ki, Azərbaycan teleməkanında məhz həmin “palatka”lardan çıxan bayağı oxuyançıların yarışmasını keçirib.

Və nəhayət, bu həmin Kamran Həsənlidir ki, üstündən 10-15 il keçəndən sonra hansısa Yutub layihəsində etiraf edir ki, Manaf Ağayev “Toylar kralı”nda qızıldan tacını özü düzəltdirib elə özü də öz başına taxdırmışdı. Ardınca isə böyük hünər göstəribmiş kimi davam edir: Manafa dedim ki, qalib olsan da, sən oxumayacaqsan.

İndi bu üç şehli arqumenti gül buketi formasında hazırlayıb İctimai Televiziyanın efirində heç kəsə aman verməyən və özünü intellektual “old” nəsil aparıcı sayan Kamran bəyin qənşərinə qoysam, nə cavab verəcək, görəsən?

Durub “Sizin saat” verilişindəki ənənəvi rəqsini edəcək?

Yoxsa tez-bazar turan igidlərindən kimisə çağırıb: “Reklamlar”, – dedizdirəcək və adını da qoyacaq ki, aparıcı nə iləsə, hansısa orijinallığı ilə yadda qalmalıdır? Necə olur ki, “palatka” motivini efirə daşımaq, toyxana ifaçılığının efirə ayaq açmasına şərait yaratmaq normal proses sayılır, amma məişət mövzularına yer vermək bayağılıq və televiziyanı məhv etmək?

Axı bunlar ikisi də eyni şeydir.

Necə olur ki, divanında oturub zövqünü müzakirə etdiyin kanalda adı belə hallanmayan Afaq Aslanları müəllifi olduğun verilişə çıxara, onun geyimini çək-çevirə sala bilirsən, amma efirin indiki halını ədəbsizlik və mənəviyatsızlıq adlandırırsan.

Axı bunlar ikisi də eyni şeydir.

Necə olur ki, aparıcısı olduğun verilişdə 15 il bundan əvvəl Manaf Ağayevin şou düzəltməsinə və bunun fonunda, birmənalı olaraq, tamaşaçını aldatmasına göz yumub susursan, amma bu gün televiziyaları yalan danışmaqda ittiham edirsən?

Axı bunlar ikisi də eyni şeydir.

Kamran Həsənli Azərbaycan televiziyalarını format edib, sıfırlayıb, təzədən yığmaq lazım olduğunu deyəndə efirlərə bu cür bayağılıq ənənəsinin gətirilməsində özünün də payının olduğunu unuda bilər, əlbət. Yaxud öz qəbahətini bu cür pafoslu çıxışlarla ört-basdır etməyə cəhd edə bilər. Və ola bilər ki, özünü zorla alqışlatdığı tamaşaçıların da müəyyən qismi pafosun hayına-küyünə aldanıb Kamranın efir keçmişinə dair faktı və faktları unutmuş olsun, amma şəxsən mən unutmamışam.

Məsələ təkcə Kamran Həsənlinin populist çıxışlarında deyil, təbii. Televiziyanın bugünkü durumu göz qabağındadır. Bunu nə İctimai Televiziyada, nə Azərbaycan Dövlət Televiziyasında, nə də ki bir başqa özəl kanalda malalamaq, ört-basdır eləmək mümkündür. O qara qutunun içərisində Xoşqədəmin itinin itməsinə baxıb ağlayan da, bu situasiyanı görüb əli üzündə qalan da, ümumiyyətlə, ondan bixəbər olan da – hamı və hər kəs həqiqi rüsvayçılığın baş alıb getdiyini çox dəqiq bilir. Sadəcə, bu son dərəcə təhlükəli və acınacaqlı məqamda həyəcan təbilini çalacaq və televiziyaları bayağılıqda, ədəbsizliyin təbliğinda günahlandıracaq adam Kamran Həsənli deyil.

Ola da bilməz.

Ona görə ki hər cümləsindən populizm fışqıran yoldaş Həsənli bu günün sosial media hegemonluğu reallığını unuduraq hazırkı televiziyanı 20 il qabaqkı dövrlə müqayisə edir və o dövrü daha üstün qılır. Yəni Kamran Həsənli sosial medianı görməzdən gələcək qədər qeyri-professional və boğazdanyuxarı adamdır.

Ona görə ki yoldaş Həsənli əlində maarrifləndirici proqram açıb adamlara keyfiyyətli nələrsə suna bilmək imkanı varkən, Manaf Ağayevlə Əflatun Qubadovu SMS yarışına çıxaracaq qədər qeyri-professional və boğazdanyuxarı adamdır.

Ona görə ki yoldaş Həsənli yutub layihəsində ciddi uğur qazanmışcasına Kərəmat Böyükçöllə olan verilişini: “İstəsək, tamaşaçını ekrana cəlb edə bilərik”, – adı ilə misal gətirəcək qədər qeyri-professional və boğazdanyuxarı adamdır.

Və nəhayət, yoldaş Həsənli hansısa televiziya rəhbərinin: “İndi evdar qadınlar evində ət çəkə-çəkə televizorun qarşısında oturub o cür verilişlərə baxırlar, ona sənin ciddi danışığın lazımdır?”, - sözlərinə inanacaq və susacaq qədər qeyri-professional və boğazdanyuxarı adamdır.

# 3916 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
#
#
# # #