Bölgə adlarını biabır edən müğənnilərin məqsədi nədir?

Bölgə adlarını biabır edən müğənnilərin məqsədi nədir?
28 iyun 2024
# 13:25

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

Bir neçə il öncə youtube-da Səyyad Əlizadə, Niyaməddin Musayev, İbrahim Borçalı və Namiq Mənadan ibarət kvartetin mahnısı rastıma çıxdı. Mahnı səkkiz dəqiqə on altı saniyə idi. Mahnının uzunluğunu gah Niyaməddin Musayevin dəsti xəttinə bağladım, gah da kvartet olmaqlarına. Bu dörd əzəmətli şəxsin sənət əsəri gurultulu çağırış şeiri ilə başlayır:

“Ey Vətən övladları, daha bəsdir, bölməyək Vətəni bölgələrə,

Haralısan sözünü gətirməyək biz dilə,

Desələr haralısan?

Azərbaycanlıyam!”

Ardınca Heydər Əliyevin məşhur çıxışından bir parça:

“Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam!”

Mahnının giriş hissəsində əlimə qılınc alıb, “Azərbaycan” deyə qışqırıb düşmən üstünə şığımaq istədim. Ki, qəfil Səyyad Əlizadə qarşımı kəsdi:

“Demə ki şəmkirliyəm, xanlarlı, gəncəliyəm,

samuxlu, qazaxlıyam, yevlaxlı, ucarlıyam…”

Sən demə mahnının sözlərini də o yazıb. Allah rəhmət eləsin, amma ideyanı Bəxtiyar Vahabzadədən oğurlayıb sənətkar. Xamlığı “Qazax”la “Yevlax”ın qafiyələnməyini bilməməyindən bəllidir. Ardınca Niyaməddin Musayev, sonra İbrahim Borçalı, daha sonra isə Namiq Məna. Bu dörd əvəzolunmaz sənətkar cümlələrinə “demə ki” ilə başlayıb, Azərbaycanın şəhər və rayonlarının adlarını çəkirdilər.

Səkkiz dəqiqə on altı saniyə!

Musiqimizin əvəzolunmazları, türklər demiş, dinləyicilərə tərs köşə yapmışdılar. Onlar girişdə əvvəlcə şeirlə barmaq silkələmişdilər, daha sonra Heydər Əliyevin çıxışı ilə nəsihətlərini sanbala mindirmişdilər, indisə özləri birbaşa “demə!” deyirdilər. Amma deyirdilər axı?! Səkkiz dəqiqə on altı saniyə! Azərbaycanı bölgələrə bölürdülər.

İndi təsəvvür edin Azərbaycan otaylı-butaylıdır, Dərbənd bizdədir, Borçalı bizdədir, İrəvan bizdədir, mahnı azı yarım saatlıq olar. İş düşməsə, mahnının əvvəlində əlimə aldığım qılıncla bu kvarteti öldürərdim, amma mən söz adamıyam, sözlə də öldürmək olar.

Heç olmasa, Azərbaycanı bölmək bir yana, barı kvartetə bölgə adını özünə təxəllüs seçən İbrahim Borçalını salmayaydınız da. Adam indiki Azərbaycanı bölgələrə bölməklə kifayətlənməyib, gedib 18-ci əsrin Azərbaycanını da bölgələrə bölüb. İbrahim Borçalı olmasa, mahnıya zərər gəlməzdi.

Nə isə, bu dörd unudulmaz insanın əsərini özünüz bir də qulaqdan keçirərsiniz, sözümün məğzinə olan yolu İbrahim Borçalıdan çəkməyə başlayım. Ona görə yox ki, bu kvartetin ən zəif bəndi İbrahim Borçalıdır, ona görə ki, biz bölünməyə elə ta Borçalı dövründən başlamışıq. Azərbaycanın xanlıqlar dövrünü hamı yaxşı bilir. Bu təfəkkürün daşıyıcıları kimi də bir-birimizə daima bu sualı vermişik:

- Haralısan?

- Ağdamlı!

- Halaldı, torpaq yetişdirib də!

Biri ağdamlı olduğuna görə fəxr edib, o biri qazaxlı olduğuna görə, digəri cəlilabadlı, bir başqası qubalı. Torpağa aid tərifimiz də var, söyüşümüz də. Amma torpağı çevirib təxəllüs edəndə məsələ bir qədər həm bayağılaşır, həm də dayazlaşır.

Bir insan özünə rayon, şəhər, kənd, qəsəbə, hətta küçə adını belə təxəllüs götürürsə, onun ya nəsil-şəcərəsiylə problemi var, ya vətəni, ya da özü ilə. Nəsil-şəcərəsi ilə problemi olanın, çox güman, nəslində öyünəsi, fəxr edəsi adam yoxdur ki, adını özünə təxəllüs edə. Vətəni ilə problemi olanın problemini dörd dünyaca məşhur sənətkarımız səkkiz dəqiqə on altı saniyəlik mahnıları ilə başa saldılar. Özləri ilə problemi olanlar isə bir az dərin məsələdir. Məsələ də burada bayağılaşır, burada dayazlaşır.

İnsan sənətçidirsə, onun təxəyyülü geniş olmalıdır. İstedad sahibidir, az da olsa ilahi enerjiyə bir köynək hamıdan yaxındır. Yəni biraz göylərin adamıdır, nəinki yerin. Göy adamının torpaqla nə işi var? Göydə əllə tutulmayan o qədər mənalar var ikən, yerdə tutula bilən, hətta lazım gəlsə, adı dəyişidirilə, işğal altına düşə bilən nəsnəni niyə özünə təxəllüs seçəsən? İllər öncə Dəvəçi var idi, Şabran elədilər, nə dəvə qaldı, nə də dəvəçi. Sovetski var idi, plana düşdü, sökdülər, oldu Yevropeyski. Yəni əllə tutulan şeylər gəldi-gedərdir, bir gün ölür.

Bölgə adlarını təxəllüs seçən bir adam o bölgənin, o bölgədə yaşayan insanların məsuliyyətini öz üzərinə götürdüyünü başa düşmür. Ki, sənin hər hərəkətin birbaşa elə öz bölgənin adına yazılır. Bir səhv hərəkətində deyirlər, "gələ, bu da filan rayon...".

Niyə incidirsən o torpağı?

Axı onun uğrunda qan tökülür, analar övladsız, övladlar atasız qalır?!

Sən indiyə kimi yaşadığın ömrə niyə bir məna biçə bilməmisən axı?! Barı, Namiq Mənadan ibrət götür də! Ömrünü mənalandıra bilmirsənsə, “Məna”nı özünə təxəllüs götür. Hətta bir az da mənalandırıb övladına da “Məna”nı ad elə. Niyə havayıya qaçırsan axı?! Özünə bölgə adını götürüb rahat toy tutandan sonra “mən filan rayonun fəxriyəm” deməyə nə var?!

Bu bölgə adları ən çox meyxanaçılardan gəlmədir. Qəribəsi də budur ki, meyxanaçıların kök hesab etdikləri adamlar, yəni Ağasəlim Çildağ, Nizami Rəmzi, lap dərinə gedib Əliağa Vahidi də ora urcah etsək (ki edirlər), onlar da yer adını özlərinə təxəllüs seçməyiblər. Çildağ el arasında şəfa tapılan ocaqlara deyilir, Ağasəlimin çildağı ən tanınan ocaqlardandır. Rəmzi Nizaminin dünyasını erkən dəyişmiş övladının adıdır. Bakı ədəbi mühitinin ustad şairi Mirzə Əbdülxalıq Yusifi Əliağaya Vahid təxəllüsünü verib. Bəs niyə onların davamçıları məzmunsuzlaşıb bölgə adlarına meylləndilər? Ad verənləri olmadı? Ya təfəkkürcə “pristupniy mir”ləşdilər, ona görə?! Axı bu yer adları əsasən qeyri-qanuni aləmin daşıyıcılarına məxsusdur. Fikir versəniz, meyxana məclisləri də belə bölünür: “Maştağa toyu”, “Zirə toyu”, “Astarada qırğın deyişmə”. Bütün meyxana məclislərində aşağı-yuxarı hər qafiyədə azı beş dəfə bölgə adları çəkilir, bölgə adları ilə fəxr olunur, bölgələr savaşa çıxır, biri deyir, Xızıdan çıxıb güclü şairlər, o biri deyir, Ərkivanlıların yanında Xızı şairləri heç nədir, şabaş-şabaş dalınca. Hə, yəni bölgələrə bölməyin əsl mahiyyəti, əslində, bir-birini aşağılamaq, bir-birinə xor baxmaqdır.

Əgər bu bayağı adamlar Xan Şuşinskini tanıyırsa, misal gətirə bilərlər, amma onun Şuşinski olmağının da səbəbi var. Xan Şuşinski adını ona ustadı İslam Abdullayev verib. Niyə? Təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə “Kürd Şahnaz” muğamını əla oxuduğuna görə. Şuşinski isə onun dərs aldığı xanəndə olub. Mir Möhsün ağa Seyid İbrahim oğlu Şuşinski! Füzuli rayonunda doğulub. Dediklərimə arqument deyil, amma olsun.

Baxın, Afaq Gəncəli gəncəli deyil, babası Novruz Gəncəlidən götürüb təxəllüsünü, o da əslən maştağalıdır, sadəcə Əli adını götürmək istəyirmiş təxəllüs kimi, icazə olmayıb, Gəncəli kimi götürüb. Məhəmməd Füzuli füzulili deyil, Füzuli boşboğaz deməkdir. İmadəddi Nəsimi Nəsimi rayonundan deyil. Vallah, Vandam da Qəbələli deyil. Bircə Nizami Gəncəvi qalır, onun da gəncəli olub-olmamağı müəmmalıdır.

İndi neyləyək? Dədə Qorqudu dastanlarımızın içindən tutub yenidən gətirək ölkəyə? Dədə Qorqud da qopuzunu çalıb ad versin bu “sənətkar”lara? Əminəm, çox dəqiq olardı bu təxəllüslər. Baxırsan, hamı müğənnidir, amma müğənniyə lazım olmayan nə varsa, hamısı bunlarda var. Silikon dodaq, iri sinə, yekə dal. Hətta sadaladığım şeylər üzrə yarışa girənləri də var. Məsələn, Dədəm Qorqud Gülnisəyə “Yekədal” adını verir. Qəti yozmağa ehtiyac yoxdur. “Dal” qədim türk sözü olub “budaq” mənasını verir. “Yekə” isə məlumdur. Yəni onun sənəti əzəmətli, yekə budaqlı palıda bənzəyir. Yaxud da Quş Əfruzə. Yenə də yozmağa lüzum yoxdur. Yəni o, quş kimi cəh-cəh vurur. Vallah, dədiq olardı adlar. Əslində, kim nəyi ilə ucalıb, dəqiq bilinərdi. Yaxşı, yaxşı, deyəsən, mən də dahi kvartetimizin təsirinə düşüb, türklər demiş, tərs köşə yapmağa başladım.

Xülasə, bu adamlar başa düşməlidir ki, bölgə adını özünə götürməkdə fəxr olunası heç zad yoxdur. Fəxr olunası zad odur ki, Mirzə Cəlil kimi adına Cəlilabad rayonu ola, Mirzə Ələkbər Sabir kimi adına Sabirabad rayonu ola. Yəni öz adın o qədər tanına və sanballı ola ki, torpağa sənin adın verilsin, o torpaq sənin adınla tanınsın, sən o torpağın adı ilə yox.

Dəqiq bilirəm, bu yazı ünvanına çatsa, deyəcəklər ki, "bu kimdir, Eminquey, yox bir Eminquy". Onlara adlarla, təxəllüslərlə bağlı ödənişli master klass keçməyə və hər birinə təxəllüs verməyə hazıram. Qopuzumu da redaktorum alıb verər.

# 10010 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #