“Bir reklam mətni mənə 10 milyon frank qazandırdı” - Sualtı qayıq, təyyarə, raket icad eləyən yazıçı

“Bir reklam mətni mənə 10 milyon frank qazandırdı” - Sualtı qayıq, təyyarə, raket icad eləyən yazıçı
9 fevral 2024
# 09:00

Bu gün elmi fantastika janrının “atası” hesab edilən görkəmli yazıçı Jül Vernin doğum günüdür.

O, 1828-ci ildə Nant şəhərində anadan olub.

"Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) kimi romanları ilə dünya şöhrəti qazanan yazıçı kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə alıb. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib.

YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşan yazıçının bir çox əsərlərinin motivləri əsasında həmçinin bədii filmlər çəkilib.

Bəli, dünya elmində ən çox ixtira müəllifi olan Tomas Edisson məhsuldarlığına görə məhz Jül Vernə borclu idi. Onun qeyd­lərində də bununla bağlı fikirlərə rast gəlmək olar. Edisson yazıçının kağız üzərindəki ideyalarından bəzi­lərinə “can” verib.

Yazıçı o qədər məhsuldar işləyir, yazırdı ki, Fransada bir çoxları Jül Vernin tək bir şəxs, və­kil Pyer Vernin oğlu deyil, böyük bir təşkilat olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, helikopter, təyyarə, qazma texnikası, ra­ket və kosmosa uçuş kimi yenilik­lər yazıçının ideyalarının bəhrəsi idi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan admiral Riçard Börd deyirmiş ki, mənə yolu Jül Vern göstərdi. Sualtı dünyanın atası hesab olu­nan Simon Leyk isə "İşığım Jül Vern oldu", – deyirdi.

Jül Vern əsərlərində hələ o zaman mövcud ol­mayan, bəşəriyyəti heyran qoyan bir çox texniki nailiyyətlə­rin təsvirini verib. Romanlarının birində təsvir etdiyi sualtı qayıq – "Nautilus" o vaxt bir çoxları tə­rəfindən istehza ilə qarşılanmışdı. Yazıçının istər sualtı qa­yığı, istərsə də gəmini gur işıq­landıran elektrik, eləcə də rezin güllələr haqqında söylədikləri bu gün bir reallıqdır, yəni insan əli ilə yaradılan işlərdir.

Dahi yazıçının bu uzaqgö­rənliyi yalnız 1917-ci ildə həqiqətə çevrildi və gə­mi də onun şərəfinə məhz "Nautilus" adlandırıldı.

Kulis.az Jül Vernin mütaliə və yazıçılıq sənəti barədə fikirlərini təqdim edir.



Robinzon haqqında

Uşaqlıq dövründə daha çox “İsveçrəli Robinzon” kitabını mütaliə etməyi xoşlamışam (İohan Rudolf Vissin (1782-1830) yeniyetmələr üçün qələmə aldığı macəra romanı nəzərdə tutulur – A.B.). Mənim qənaətimcə, bu kitab Daniel Defonun “Robinzon Kruzo” əsərindən daha üstündür. Doğrudur, mən bilirdim ki, Daniel Defonun romanı özünün fəlsəfi xüsusiyyətləri ilə daha zəngindir. Əsərdə təsvir olunan tənha insan obrazı günlərin bir günü qumun üzərində çılpaq ayağın izlərini aşkarlayır. Amma Vissin əsəri özünün zəngin hadisələri və macəraları ilə cavan beyinlər üçün daha maraqlı görünür. Həmin romanda bütöv bir ailə - ata, ana, onların uşaqları özlərinin müxtəlif əməlləri ilə təsvir olunublar. Təsəvvür edirsinizmi, neçə illərdən bəri bu ailənin məskunlaşdığı adada gəzib-dolaşmışam! Hansı zülmlərlə onların kəşflərinə yol tapmış, taleyinə həsəd aparmışam! Təəccüblü deyil ki, “Sirli ada”da özümdən asılı olmadan hansısa qüvvə Elmi Robinzonları səhnəyə çıxarmağa təhrik edib. “İki il məktəb tətili” romanımın da personajlarını məhz bütöv Robinzonlar pansionu təşkil edir.

Amma mənim adamda Vissin qəhrəmanlarından heç kim olmayıb. Orada mənim şəxsimdə Daniel Defonun qəhrəmanı gəzib-dolaşıb. Öz arzularımda ağacların budaqlarından koma quraraq iynədən tilov düzəltmiş, qədim insanlar kimi quru budaqlardan birini digərinə sürtməklə od əldə edib tonqal qalamışam. Fəlakət barədə hər hansı işarə vermişəmmi? Əsla yox! Əgər bunu etmiş olsaydım, çox güman ki, məni tezliklə aşkarlayıb adadan aparardılar. Amma bunu istəmirdim! Çünki qabaqda hələ görüləcək işlərim çox idi. Hər şeydən öncə aclıqla mübarizə aparmalıydım. Necə, hansı yolla? Axı, mənim içi ərzaqla dolu qayığım suda batmışdı. Quşlarımı ovlamalı? Yox, bu mümkünsüz idi. Axı, nə silahım, nə də ov itim vardı. Deyərsiniz, bəs molyuskalara nə olmuşdu? Heç onlar da yox idi!

Yazıçı olmaq arzusu barəsində

Vallah, heç yadıma sala bilmirəm ki, nə vaxt yazmamışam və ya da yazıçı olmaq fikrinə düşməmişəm. Amma çox şeylər (tezliklə özünüz də buna əmin olarsınız) bu arzumu gerçəkləşdirməyə mane olub. Məlum olduğu kimi, mənşəyimə görə mən bretonluyam (Nant mənim doğma şəhərimdir), amma atam Parisdə təhsil alıb, ədəbiyyata həvəs göstərib, şeirlər yazsa da, onların dərc olunmasına marağı olmayıb. Yəqin ki, yazıçı olmağıma həvəs atamdan keçib. Elə onun kimi yaradıcılıq fəaliyyətimə şeirlə başlamışam. Sonralar nəsrlə məşğul olmuşam. Doğrusu, heç özüm də bilmirəm ki, roman yazmaq barədə fikir necə yaranır, bəzən burada həlledici rolu bir, bəzən isə digər hadisə oynayır. Çox hallarda yazmamışdan öncə hər hansı süjet barədə çox götür-qoy edirəm. Amma elə ki, maraqlı fikir yaranır, dərhal onu qələmə alıram.

Mənim bəzi kitablarımın necə yazıldığını düz-dəqiq söyləyə bilərəm. “Səksən gün dünya ətrafında” kitabını yazmamışdan öncə qəzetdə hansısa bir turist reklamı ilə rastlaşmışdım. Həmin yazıda bildirilirdi ki, indiki zəmanədə insan yer kürəsini səksən günə gəzib dolaşmaq iqtidarındadır. Bu fikir marağımı özünə çəkdi. Düşündüm ki, belə bir səyahətçi Yer kürəsinin öz oxu ətrafında fırlanması ilə təyin olunmuş məntəqəyə göstərilmiş müddətdən ya tez, ya da gec çata bilər. Bax, elə bu fikir romanımın əsas süjet xəttini təşkil etdi. Yəqin ki, mənim qəhrəmanım Fiales Foqt yadınızdadır. O, məhz bu vəziyyətləri nəzərə alaraq evə vaxtında qayıtmaqla mərci udur. Halbuki o, güman etmişdi ki, evə bir gün gec qayıda bilər.

Fransız ədəbiyyatındakı rolu haqqında

Həyatımda daha çox ona təəssüf edirəm ki, fransız ədəbiyyatında əvvəl-axır öz layiqli yerimi tuta bilməmişəm.

İş haqqında

Hər gün səhər saat beşə qalmış (qışda bəzən bundan bir qədər gec) oyanır, beş tamamda isə artıq yazı masasının arxasında əyləşib saat on birəcən işləyirəm. Çox gec yazıram, sözləri, cümlələri dəfələrlə götür-qoy edirəm, çox vaxt qələmə aldıqlarımı pozub yeni fikirlər üzərində işləyir, tam əmin olduqdan sonra fikrimi ümumiləşdirirəm. Çox vaxt bir dəfəyə beynimdə ən azından ona yaxın romanın süjetini, hazır obrazları və fabulaları saf-çürük edirəm. Amma mütəmadi düzəlişlər vaxtımı çox alır. Mən heç vaxt yazdıqlarımdan razı qalmıram. Ən azından yeddi-səkkiz dəfə qələmə aldıqlarıma qayıdıram, son nəticədə əsərimin ilkin variantından demək olar ki, heç bir əsər-əlamət qalmır. Bu isə həm vaxt itkisinə, həm də əlavə vəsaitin xərclənməsinə səbəb olur. Əməyim üçün insanlardan layiqli qiymətimi heç vaxt ala bilməsəm də, həmişə çalışıram ki, yaratdığım əsərlər istər formasına, istərsə də məzmununa görə oxucuların qəlbində özünə yer tuta bilsin.

Elm haqqında

Düzünü desəm, elmə bir o qədər də marağım olmayıb. Yəni, nə vaxtsa elm öyrənmək və ya hər hansı bir eksperiment aparmaq niyyətindən həmişə uzaq olmuşam. Amma uşaqlıqdan maşın-mexanizmlərin işinə böyük maraq göstərmişəm. Atamın Şandendə bağ evi vardı. Onun yaxınlığında dövlət mexanika zavodu yerləşirdi. Şantana hər gəlişim zamanı zavoda baş çəkər, saatlarla işləyən maşınlara tamaşa edərdim. Bu maraq, demək olar ki, bütün ömrüm boyu məni tərk etməyib. Elə indinin özündə də hansısa lokomotivin buxar maşınlarının işinə eyni həvəslə maraq göstərirəm. Texnikaya marağım bədii yaradıcılıqla eyni vaxtda həyatımın başlıca xüsusiyyətlərindən birini təşkil edib. Gənclik illərimin üç sevimli əsas məşğuliyyəti isə Avropanın şəkil qalereyalarını gəzib-dolaşmaq, Luar qəsrinə ekskursiyaya getmək və şeir yazmaqdan ibarət olub.

İnformasiya haqqında

Mənə elə dövrdə yaşamaq nəsib olub ki, istənilən mövzuda lüğətlər tapılırdı. Hər hansı informasiyanı əldə etməkdən ötrü lüğətlər köməyə çatırdı. Müxtəlif məzmunlu informasiyaları mütaliə edərkən xeyli sayda maraqlı elmi faktlarla rastlaşırdım. Bu isə mənim dünyagörüşümün zənginləşməsinə səbəb olurdu.

Yaradıcılıq məqsədləri və həmkarlarım haqqında

Bəzən deyirlər ki, macəra romanlarında üslub olmur, amma mən qətiyyən bu fikirlə razı deyiləm. Doğrudur, insan xarakterinin tədqiqindən fərqli olaraq, bu istiqamətdə baş verən hadisələri maraqlı ədəbi formaya salmaq çox da asan deyil. Açığını deyim ki, mən psixoloji romanların aşiqi olmamışam, çünki onların heç birində psixologiya elmi ilə ümumi bir oxşarlıq görməmişəm. Ona görə də yazıçı-psixoloq adlandırılanları qəbul edə bilmirəm.

Onu da bildirim ki, Dodye ilə Mopassan arasında yerlə göy qədər fərq görürəm. Hətta Mopassanla fəxr edirəm. Mopassan dahidir, Tanrı ona hər şeydən yazmağa istedad bəxş edib. Amma bununla belə Dikkens həmişə mənim ən sevimli müəllifim olub. İngilis dilində cəmi olsa-olsa yüz söz bilirəm. Ona görə də Dikkensin əsərlərini tərcümədə oxuyuram. Yox, mən heç vaxt Mopassanla Dikkensə fərq qoymamışam. Amma nə edim ki, Dikkensi dəlicəsinə sevirəm. Mən həmçinin Kuperin romanlarına maraq göstərmişəm və bu maraq indiyəcən davam etməkdədir. Kuperin onlarla romanını ölməz hesab edirəm.

Qonorar haqqında

Qonorar barədə heç vaxt şikayət etməmişəm. Kitablarıma görə mənim naşirim yaxşı pul qazananda sevinirəm. Əlbəttə, bəzən olub ki, yaxşı məbləğə müqavilə bağlamadığım üçün peşmançılıq hissi çəkmişəm. “80 gün dünya ətrafında” romanım təkcə Fransada on milyon frank, “Mixail Stroqov” romanı isə yeddi milyon frank qazanc gətirib. Bu pulun isə gözlənildiyindən də çox az məbləği mənə çatıb. Amma mən öz gücünü yalnız pul qazanmağa sərf edən insanlardan deyiləm. Mən hər şeydən öncə öz ideallarımla yaşayan ədəbiyyatçıyam, sənət adamıyam. Əgər həmvətənlərim mənə qarşı azca da olsa ədalətli münasibət bəsləsəydilər, bu, milyon dəfədən çox mükafata bərabər olardı. Bax, təəssüf etdiyim və həmişə peşmançılıq çəkdiyim məsələ budur.

Romanlar üzərində iş barədə

Roman üzərində işə başlayarkən öncə onun necə başlayacağını, əsərin ortasında hansı hadisələrin cərəyan edəcəyini və onun hansı finalla yekunlaşacağını müəyyənləşdirirəm. Plan tərtib etdikdən sonra hər fəslin məzmunu üzərində işləyirəm. Daha sonra yazılı mətni oxuyub qələmlə düzəlişlər edirəm. Əsl iş isə mənim üçün birinci korrekturadan sonra başlayır. Heç vaxt son varianta ümid bəsləmirəm. Amma xoşbəxtlikdən naşirim romanda müəyyən düzəlişlər etməyə mənə icazə verir. Beləcə, səkkiz, ya da doqquz korrektura işindən sonra əsər çapa imzalanır.

İşin tempi haqqında

Adəti üzrə mən ildə iki roman üzərində işi başa çatdırıram. Həm də hər dəfə bunu nəzərdə tutduğum müddətdən bir qədər əvvəl yerinə yetirirəm. Bax, indinin özündə də yeni roman üzərində işləyirəm və bu əsər min səkkiz yüz doxsanıncı ildə nəşr olunacaq. Başqa sözlə desəm, hazırda faktiki olaraq beş əlyazmam çapa hazırdır. Əlbəttə, bu nailiyyətlər heç də qurbansız əldə olunmayıb. İllər ötdükcə anlamağa başladım ki, həqiqətən də, ağır əmək cəmiyyətdə yaşamağın zövqləri ilə heç də üst-üstə düşmür. Arvadımla biz gənc olanda Parisdə yaşayırdıq, həyatdan necə lazımdırsa, zövq alırdıq. Son on iki ili isə arvadımın doğulub boya-başa çatdığı Amyen şəhərində yaşayıram. Əlli üç il öncə arvadımla burada tanış olmuşuq. Mənim bütün maraqlarım da azdan-çoxdan məhz burada zənginləşib. Məhz elə buna görə də dostlarımdan bəziləri mənim ədəbi nailiyyətlərimdən daha çox Amyen şəhəri üzrə məsləhətçi olmağıma görə öyündüyümü deyirlər. Sözün düzü, mən şəhərin idarəçiliyində iştirakımdan çox məmnunam.

Tərcümə: Ağaddin Babayev

# 994 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #