Bir köynəkdə çıxarmışam mən qışı - Anasının qatarda dilənçi bilib çörək verdiyi, Sevdasını isə itirən şair

Bir köynəkdə çıxarmışam mən qışı -  Anasının qatarda dilənçi bilib çörək verdiyi, Sevdasını isə itirən şair
29 dekabr 2023
# 10:30


Bu gün azərbaycanlı şair, publisist Nüsrət Kəsəmənlinin doğum günüdür.

Kulis.az xəbər verir ki, mərhum şair 1946-ci il Ağstafa rayonunun Kəsəmən kəndində anadan olub.

Amansız keçən həyatını şairin öz şeirləri ən yaxşı formada təsvir edir.

Yarımçıq böyüyən uşaqlığını, kasadlıqla keçən gənclik illərini “Biri vardı, biri yox” şeirindəki “yox”larla bilmək olur:

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib-keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox...

Ata nənəsinin himayəsində böyüyən Nüsrətin körpə olanda valideynləri ayrılıb. Ən ağrılı məqam isə anasının onu tapması olub. Şair uşaqlığını küçədə qarmon çalıb, qatarlarda alver edərək keçirib. Uzun illərdən sonra anası Nüsrəti görəndə huşunu itirib yıxılır. Məlum olur ki, vaxtilə qatarda ac olduğunu düşünüb çörək verdiyi uşaq onun oğlu imiş.

Nə qədər çətinlik çəksə də, Nüsrət təhsilini davam etdirir, universitetə qəbul olur. Həmin illərdə Sevda adlı xanımı sevir. Sevgiləri qarşılıqlı olsa da onlar ailə qura bilmirlər. Nüsrətə sevdiyi qızı kasıb olduğuna görə vermirlər. Beləcə, şair “Sevda”sını itirir...

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illərdə "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edilib və bununla əlaqədar qiyabi şöbəyə keçirilib (1969). Universiteti bitirdikdən sonra, Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərinin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultaylarında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib. "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.

Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı Nüsrət Kəsəmənlinin məşhur şeirləri sırasında: "Daha nağıllara inanmıram mən", "Biri vardı, biri yox...", "Səni unutsam...", "Vətən alov etsin odunu sənin", "Mənsiz qalacaqdır bu dünya birgün", "Oğru olmaq istəyirəm", "Ağacın altında kölgə", "Qoyunlar yeyəcək canavarları...", "Məhəbbətdən küsəndə", "Yoxdusa", "Mənim o ağaca yazığım gəlir...", "Mənə inanmırsan bir yuxu kimi", "İnanma əzizim, inan əzizim"in adlarını qeyd etmək olar.

Nüsrət Kəsəmənli 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.

# 2942 dəfə oxunub

Oxşar xəbərlər

Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
"Biz təbiəti izah edirik, insanı isə anlamağa borcluyuq..." - Alman filosofdan deyimlər

"Biz təbiəti izah edirik, insanı isə anlamağa borcluyuq..." - Alman filosofdan deyimlər

15:33 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər