Bəxtəvər - Orxan İsmayıl

Orxan İsmayıl

Orxan İsmayıl

29 noyabr 2022
# 18:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Orxan İsmayılın "Bəxtəvər" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bəxtəvər

İlıq yaz günəşinin zəif şüaları ağacların başında, şirəli yarpaqların üzərində sayrışırdı. Həzin yel ağ, iynəyarpaqlı tozağaclarının, nazik gövdəli sərvlərin qol-budağını xəfifcə yellədir, onları qocasayağı mürgüdən ayıldırdı. Tutqun və bulanıq sulu çay vahiməli qıjıltıyla dənizə tələsirdi. Şırıltı, xışıltı və pıçıltı sədaları ağappaq, təmiz, xoş xəyal və ən məsum əyləncə kimi ətrafa xoşhallıq bəxş edirdi.

Getdikcə seyrəkləşən ağacları göy üzünü dələn meşənin yaşıl talalarından quşların məzhəkə dolu haylamaları andıran növbənöv hay-küylü səsləri eşidilirdi. Qatran rəngindəki hava uzaqda sıralanan dağların tünd-bənövşəyi kölgəsi ilə birlikdə qızğın bir darıxmaq hissi, anlaşılmaz narahatlıq duyğusu oyadırdı (Hərgah bu hava həyat cövhəri ilə doluydu).

Bəxtəvərin kolluqla örtülü oyuğun kənarında üzüqoylu sərilmiş lüt-anadangəlmə cismini ilk görən adam Uzunorta Fərrux oldu. Dərənin mavi köksündə yerləşən Arabaçılar kəndinin camaatı Fərruxun haray-həşirini eşidib zəif dumana bürünmüş yaşıllığın hər yerindən iki-iki, üç-üç çıxaraq yanına toplaşdı. Nimdaş geyimli, cod simalı, üzü tüklü kişilər qaloşlarının ucuyla yerdəki heysiz vücudu dümsükləsələr də, ondan səs-səmir çıxmadı. Bunu görən Yetim Sabir camaatın arasından sivişib tərpənməz bədəni üzü üstə çevirdi. O an əsən xəfif yel bədəndən çıxan xoş ətri kəndlilərin burnuna doldurdu. Onlar küt heyrətlə onun qamətinin çiçək zərifliyinə, şəffaf kövrəkliyinə, əşrəfi kimi parlaq saçlarına, qüsursuz bədəninin cizgilərinə tamaşa etdilər. Gözlərini çəkmədikləri bu bənzərsiz varlıq bir mələk olmalı idi, hərgah onlar mələklərin pulcuqlu, qanadlı, qulaqsız olduğunu eşitmişdilər. Yetim Sabiri qabağa verdilər ki, tərpənməz varlığın diri olub-olmadığını yoxlasın. Yetim Sabir onun qarşısında ürək tab gətirməyən gözəlliyindən vəcdə gəlmiş halda məxmər kimi hamar dərisinə, dodaqlarının möhtəşəm büküşlərinə acgözlüklə baxdı, burun pərlərini geniş açaraq başgicəlləndirici qoxusunu içinə çəkdi. Qulağını sinəsinə dayayıb dinşədi. Bir anlıq ətrafa dənizin dibi kimi lal səssizlik çökdü. Tutqun kütlə həyəcanla Yetim Sabirdən cavab gözləyirdi. O, nikbin bir əminliklə:

– Diridir! Həm də necə diri! – dedi.

Sevinc və şadlığı ifadə edən gurultulu səslərin əks-sədası ətrafa yayıldı. Mələk kəndlilərin qollarında son dərəcə həssaslıq və ehtiyatla çay sahili boyunca uzanan yolla kəndə aparıldı. Üzünə soyuq su çırpılan kimi öskürüb gözlərini açdı. Camaat şadlandı. Mələyin şərəfinə məclis quruldu.

Yüngülməcaz əhli-keflərin süzgün gözləri dumanlandı, ağızları şərab zeyiylə haşiyələndi. Közləri tüstülənən, işıqları saç-saqqalı sifətlərdə oynayan ocaqlarda qaynayan yemək qazanlarından buğum-buğum buxar qalxırdı. Kürəklərini stulların söykənəcəyinə dirəyib yeməyə girişən kəndlilər toxluq hissinin verdiyi ləzzətlə nıqqıldadılar. Mələk isə elə hey susur, ağzına heç nə almırdı.

Dərdini bilmədilər, ağlaşıb dizlərini döydülər. Sonra isə fikirləşdilər ki, mələk elə belə olmalıdır – nə yeməlidir, nə də içməli. Bu düşüncə onları bir az toxtatdı.

Məclisin axırında qızğın bir mübahisə başladı. Mələk gecəni kimin evində keçirəcəkdi? Hər kəs şəfqət və nəvazişlə ona yaxınlaşmağa, toxunmağa çalışırdı. İri əndamlı, boz gözlü, qısaqıç Höcət Səyyarə yaylıqlı başını irəli uzadıb:

– Mənim pərqu döşəkli divanım var. Qoy o bizdə qalsın! – dedi.
Etiraz dolu hay-küy eşidildi. Bu dəm balaca, gombul, arsız, oynağan Dingildək Telli qolsuz, yaxalıqsız yun paltarının altında ehtirasdan qabarmış yumru döşlərini ovuclayıb işvəylə:

– Mənim gündən isti qoynum var – deyib Mələyin qolundan tutdu. Öz yumşaq və hərarətli bədənini ona yapışdırmaq istədi. Tellini çəkib Mələkdən araladılar.

Pəltək Vəli də insanı özünə çəkən bu varlığı qonaq aparmaq istəyini kəkələyə-kəkələyə dilinə gətirdi:

– M-mənim xalça-palaz dö-döşənmiş geniş otaqlarım var.
Kəndlilər Mələyi ora-bura dartışdıra-dartışdıra qalmışdı. Heç kim öz arzusunu daxilində boğmaq istəmirdi. Nəhayət, bir qərara gəldilər. Rəhmətlik Kəvər Abbasın evi boş idi. Səyyarənin pərqu döşəkli divanını, Vəlinin xalça-palazını, Mürvətin stol-stulunu, Firəngizin qab-qacağını daşıyıb evə doldurdular. Mələyi də ora yerləşdirdilər.
Mələyin lüt-üryan olması onları qayğılandırdı; dərhal onun bədənini rəiyyət paltarıyla örtməyə başladılar. Qadınlar ona alt geyimi, enli şalvar, qollu yun köynək geyindirməkdən maraqlı və xoşagələn bir həzz aldılar.

Qərara gəldilər ki, hər gecə bir nəfər Mələyin başının üstündə keşik çəksin. Heç kim ümumi mənafeyə xidmət edən bu fikrə qarşı çıxmasa da, hamı növbənöv səbəblər üyüdərək və özünü öz səbəblərində üsyankarcasına müdafiə edərək birinci gecənin qarovulçuluğuna özünü layiq bildi. Otağın tutqun işığında vurnuxan siluetlərin arasından şişman bir kişi fiquru irəli çıxıb yoğun səsiylə Mələyə səsləndi:

– Ey, mübarək varlıq, özün de! Yanında kimin qalmasını istədiyini bizə söylə!

Otaqda qaynaşan izdihamdan qopan amiranə donqultu o dəqiqə kəsildi. Mələk köksünə sallanmış başını qaldırıb uzun və ağır nəzərlərlə kəndliləri süzdü. Bir-birindən aralı olan qəşəng gözlərin üzərinə dikildiyi hər kəs şənlənir, sevinirdi. Varlığına qeyri-müəyyən bir qüssənin hakim kəsildiyi şövkətli və möhtərəm varlığın zərif dodaqları arasından çıxacaq bircə kəlmə belə otaqda dəhşətli tufan qopara bilərdi. Ancaq o danışmadı. Baxışlarını elə bir adamın üzərində dayandırdı ki, hamı gərgin maraq içində boylanıb bir-birinə baxdı. Mələk barmağıyla da eyni adama işarə edəndə kəndlilər lap özündən çıxdı. O, Yetim Sabiri seçmişdi. Sabir onun etimadından mütəəssir olmuş halda qollarını sinəsində çarpazlayıb itaətlə baş əydi.
Kəndlilərin sel kükrəməsini xatırladan coşğunluğu səngidi. Təlaş və məyusluqla başlarını aşağı dikib bir-bir otaqdan çıxdılar.
Camaat dağılışan kimi Mələk pərqu döşəkli divana uzanıb yuxuya keçdi. Yetim Sabir asta, küt addımlarla ona yaxınlaşıb ətrini içinə çəkir, aldığı ləzzətdən yerindəcə qovrulurdu. Öz təbiətinə və vərdişinə görə itaətkar olan qarayanız, nazik dodaqlı, mülayim, hissiyyatlı gənc heyranlıq içində Mələyin divana dağılmış qara, yumşaq saçlarını barmaqlarına dolayırdı. Mələyin yatışı, sinəsinin aramla qalxıb-enməsi, qızılı-çəhrayı qulaqları, alt dodağının şəhvani nəmliyi, isti, ətirli nəfəsi misilsiz heyrətamizliyə malik idi. Yetim Sabir Mələyin tərpənməzliyindən cəsarətlənib ilk tapdıqlarındakı kimi başını sinəsinə qoydu. Həyəcandan gicgahlarındakı mavi damarlar qabardı, sevgi, pərəstiş dolu ürəyi bərk-bərk döyündü. Qəlbinə yeni aləm bəxş edən hisslər onu qeyri-cismani həyat barədə şirin xatirələrə qapdırdı. İndiyədək yaşadığı iztirabın hədsizliyini tamam-kamal unutdu. Ruhu dinclik tapdı. Fərəhlə, vəcdlə, ümidlə gözəl şeylər haqda düşündü.
Sübh şəfəqləri söküləndə Yetim Sabiri oyatdılar. Mələyin rahatlığının pozulmaması üçün yanından ayırıb çölə çıxardılar. Kim olduğunu, nə danışdığını xəbər aldılar. Yetim Sabir Mələyin bircə kəlmə belə danışmadığını, bu bəxtəvər varlığın bütün gecəni şirin-şirin yatdığını dedi. Beləcə onun adını da Bəxtəvər qoydular.

Kəndlilər yaradılmışların ən gözəl və lətifini onlara göndərdiyi üçün Tanrıya dua edirdilər. Bəxtəvər isə kimsəylə kəlmə kəsmir, özünü ac-susuz saxlayırdı. Bütün günü gözlərini vüqarla, qüssəylə göyə dikirdi. Bəzən səmaya dikilmiş gözlərində xırda yaş damcıları da görünürdü. Kəndlilər Bəxtəvərin dərdini anlayıb bir çarə tapmadıqları üçün özlərini qınayırdılar.

Günlər keçdikcə kəndlilərin Bəxtəvərə olan sevgisi artırdı. Beyinlərdə bu sevgini cana-qana hopduran minlərlə səbəb kök salmışdı. Qızların bəzək-düzəyində bakirə cəlbedicilik, şıltaqlıqlarında naz-qəmzənin cövhəri hiss olunurdu. Kor-kobud sifətli, qaraşın, tükü kişilər saçlarını yağlayır, qocalar qarınlarını yığıb qədd-qamətlərini düzəldirdilər. Əndamlı, yumrusifət qadınlar kələ-kötür məxməri parçalardan tikilmiş paltarlar geyinir, gənc aşiqlər kimi şəfqətlə gülümsünürdülər. İlahi varlığın öpüşünə həsrət şəhvani dodaqları titrəyirdi. Növbəsi çatıb gecəni onunla keçirən hər kəs səhər açılanda yanından ayrılmaq istəmirdi.

Bir gecə növbə çəkən Dingildək Telli ehtirasını cilovlaya bilməyib Bəxtəvərin boynunu dişlədi. Ağrıdan diksinərək yerindən dik atılan Bəxtəvər üstündəki qadını hiddətlə itələdi. Sarsılmaz bir sərtliklə:

– Çıx get burdan! – deyə bağırdı. Gonbul və kefcil qadının həyəcandan az qaldı ürəyi dayana, qorxa-qorxa evdən çıxdı.
O gündən sonra Bəxtəvər heç kimi yanına buraxmadı. Əlinə bir çomaq alıb kəndin qoyun sürüsünü qabağına qataraq kirəclənmiş təpəliklərdən keçirib dağlara aparırdı. Axşamadək heyvanların yanında qalır, kül rəngli toranlıq düşəndə sürünü geri qaytarırdı. Gizlicə Bəxtəvəri güdən kəndlilər onun boynunu bükməyinə, çomağı çənəsinə dayayıb fikirlərə qərq olmasına, üzünün heç zaman gülməməsinə nə bir məna, nə də çarə tapa bilirdilər.

***

Bir gün qoyunların yanında çənəsini çomağına dayayıb nisgilli, sızıltılı səsiylə ağlayıb ah-fəryad edən Bəxtəvər qəflətən dikəlib dərin bir uçurumun kənarına çatanadək addımladı. Dərdli-dərdli aşağı baxdı. Külək onun bihuşedici ətrini ətrafa yayırdı. Əlindəki çomağı uçurumdan yuvarladı. Bir müddət onun düşüşünü izlədi. Çomaq gözdən itən kimi kəndlilərin dəhşətli baxışları altında özünü aşağı buraxdı.

Kəndlilərin gözləri dəli gözləri kimi bərəldi. Həyəcanla uçurumun ağzına yığılıb aşağı boylansalar da, Bəxtəvəri görə bilmədilər.
Dərhal ağacların incə kölgələri altındakı seyrək otları həvəssiz-həvəssiz qırpan atlara tərəf götürüldülər. Atları dəhmərləyib qayış-quşqunları səs sala-sala, toz qaldıra-qaldıra irəli çapdılar. Yetim Sabir öz mis rəngli atıyla ən qabaqda gedirdi. Çox keçmədən uçurumun ən dayaz yerinə - daşlarla əhatə olunmuş kimsəsiz əraziyə çatdılar. Çox keçmədi atlardan biri fınxırıb quyruğunu yellədi. O, Bəxtəvərin yaxınlıqda olduğunu duymuşdu. Birdən daşların arasında tutqun bir qaraltı göründü. Yaxınlaşanda Bəxtəvərin qəmgin bir məyusluq içində iri bir sal daşın üstündə oturaraq təqsirkar kimi gözlərini yerə dikdiyini gördülər. Həyəcanlı sifətlər dənizi qatı bir hövsələsizliklə bozumtul axşamın alatoranlığında Bəxtəvərin hər bir əzasını gözdən keçirdi. O, sapbasağ idi, nə bir sınığı vardı, nə də bir sıyrığı.
Bax onda onun fövqəladə bir varlıq olduğuna şübhə yeri qalmadı.

***

Ertəsi gün Bəxtəvər taladan yığdığı bütün zəhərli göbələkləri yesə də, ona heç nə olmadı. Meşədən tutduğu zəhərli ilana qolunu sancdırdı - bir şey dəyişmədi. Başı göyə çatan çır-çırpı topasına od vurub, özünü üzərinə atdı. Paltarları yanıb külə dönsə də, nə alov dilləri dərisinə nüfuz edə bildi, nə də boğazına dolan tüstü onu boğub heydən saldı. Beləcə, ləyaqətsiz və dəyərsiz həyatdan bezən zavallı varlığın ölməklə bağlı bütün ümidləri tükəndi. Yaşadığı əzabın iyrənc bitməzliyinə boyun əyməkdən savayı əlindən bir şey gəlmədi.
Daha ona ayrılan evə gəlmədi, gecə-gündüz dərədə-təpədə veyl-veyl gəzdi. İldırımın parlaq rişələri üzündə yanıb-söndü, şırıltı və gurultuyla yağan yağış bədənini islatdı.
Kəndlilər ondan qopmadı, hara getdisə yorulmadan, usanmadan arxasınca düşdülər.

***

Havalar soyuyanda kəndlilər yenə Bəxtəvəri geyindirdilər. O, iri bir çinarın başına çıxıb günlərlə orada qaldı. Kəndlilərin yalvar-yaxarından sonra aşağı enib ona ayrılan evə qayıtdı. Yıxılıb yatdı. Oyandıqda hamını başının üstündə gördü. Açılmış böyük süfrənin üstü yemək-içməklə doluydu. Bəxtəvər ona heyranlıq və məftunluqla baxan bu nəcib və nəvazişkar insanlara qəlbinin dərinliyində təşəkkür etdi.
Süfrəyə yaxın oturub çörəkdən bir parça qopardı, təzə qaymaqdan yedi. Bunu görən kəndlilərin ürəyi məstedici sevinclə doldu. Bir-birilərinə göz vurub himləşdilər. Hər kəsin beynində bir sual dolaşırdı: axı bu qəribin dərdi nədir? Bu suala cavab tapmaq istəyi ağlasılmaz bir həddə idi. Dəyirmi sifətli, qırmızı yanaqlı ədalı, mötəbər Qənirə ana Bəxtəvəri nüfuzedici nəzərlərlə süzüb ifadəli səsiylə:

– Sənə nə olub, quzum? – deyə soruşdu.

Bəxtəvər bir müddət laqeydcəsinə susdu. Başını ağır-ağır qaldırıb çəkingən insani gözlərini tavana zillədi. Səksəkə doğuran səsiylə:

– Mən yerin-göyün qəzəbinə düçar olmuşam – deyib qəfil və şiddətli hönkürtüylə ağladı. Bu amansız həqiqət hamını kədərləndirib yasa batırdı. Kəndlilər də ona qoşuldu. Dizlərini döyüb üzlərini cırdılar.
Bəxtəvər dikəlib ayağa qalxdı. Xırda addımlarla yeriyib eşiyə çıxdı. Qanrılıb çiyni üzərindən gözləri sevgi və mərhəmət nuruyla dolmuş kəndlilərə baxaraq boğuq və qeyri-əmin səslə:

– Arxamca gəlməyin, nə olar! – dedi.

Kəndlilər bir anlıq onları çulğayan əlacsızlıq ovqatı altında ayaqlarını quru otların üzərində sürüyə-sürüyə gözəl və təravətli vücudu olan varlığın arxasınca düşdülər.

***

Uzaqdan gümüşü rəngə çalan çayın üzərini solğun çən almışdı. Mamoy bataqlığı daşan çayın suyunu içinə çəkərək daha da böyümüşdü. Bəxtəvəri uca çinarın başından aşağı düşürüb buralara gətirən də, ona arzuladığı ölüm üçün ən sağlam tələ təsiri bağışlayan da bu bataqlıq idi.

Münasib şəraiti, məlum məqamı qaçırmaq istəməyən Bəxtəvər vəhşi qızğınlıqla paltarlarını çıxarıb özünü Mamoyun ağuşuna atdı. Bataqlıq Bəxtəvəri uddu.

Sonsuz çarəsizlik və misilsiz dəhşətdən sarsılan kəndlilər Bəxtəvərin ətrini qoxlamaq ümidiylə bataqlığın kənarına toplaşdı. Amma onun qoxusu da özü kimi dibsiz palçıq dəryasının dərinliklərinə çəkilmişdi.
Dönüb arxada qalan aləmə – axşamın toranına qərq olmuş ağaclara, üstündə şəfəqlərin söndüyü boz-bulanıq sulara, kül rəngli səmaya, zülmətə qərq olmuş boşluğu xatırladan ucsuz-bucaqsız çöllüyə baxdılar. Dünya Bəxtəvərsiz necə də boş idi! Hava Bəxtəvərsiz necə də üfunətli və dözülməz idi. Bu qəhərə dözmək mümkün olardımı?
Yox! Yox!

Dünyəviliklərini itirmiş boz sifətli, hissiyatsız bədənli məxluqlar bir-birinin ardınca özlərini bataqlığa atdılar. Təkcə Yetim Sabir gecəni Bəxtəvərin paltarlarını qoxlaya-qoxlaya bataqlığın kənarında keçirdi.
Dan yeri çırtlayanda insan cəsədlərindən şirə çəkən bataqlıq otlarının, cillərin bir gecədəcə necə sürətlə uzandığının şahidi oldu. Pərişan halda uzaqdan yiyəsiz evlərinin damları qaralan Arabaçılar kəndinə tərəf üz tutdu.
Axşamüstü hava dəyişdi. Getdikcə sıxlaşıb tündləşən buludlar göy üzünü aldı. Hər şeyin üzərinə qatı bir zülmət çökdü. Nəm, ətirli və sərin külək şiddətləndi. Zülmətin rənglərinə boyanmış bulud parçalarından saralıb yaprıxmış otların üzərinə su ələndi. Qol-budaqları oynaşan, gövdələri yırğalanan ağaclar tutqun alaqaranlıqda kabusabənzər obrazları xatırladırdı.

***
Bataqlığın üzərində xəfif bir titrəyiş əmələ gəldi. Palçığın içindən əvvəlcə bir əl, ardınca isə baş çıxdı.

***
Meşənin kənarındakı birgözlü yiyəsiz daxmanın açıq bacasından çölə uzanan çuqun borudan çıxan tüstünü külək oyan-buyana dağıdırdı. Daxmanın divarları möhrəpalçıqdan hörülmüşdü. Təktaylı taxta qapısı çürümüşdü.

Alçaq tavandan asılmış mis gövdəli neft lampası xəfif yırğalanışla içəri titrək işıq yayırdı. Küncdə qurulmuş sobada quru odunlar çırtaçırtla yanırdı. Sobanın bacadan eşiyə çıxan borusunu külək tərpədir, yağış tıqqıltıyla döyəcləyirdi.

Bəxtəvər lüt-üryan halda zərif əllərinin yüngül hərəkətiylə daxmaya yığdığı odunlardan sobaya doldururdu. Qırmızı közün aydınlatdığı palçıqlı, gənc sifətindən heyrətedici ehtiyatlılıq və səksəkə oxunurdu.

# 1597 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #