Bəşər sivilizasiyasının beşiyi - Azərbaycanın talanmış tarixi

Bəşər sivilizasiyasının beşiyi - Azərbaycanın talanmış tarixi
8 iyul 2023
# 15:30

Kulis.az APA-nın “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Şəhəryeri: Azərbaycanın talanmış tarix yeri” adlı məqaləsini təqdim edir.

Azərbaycan qədim tarixi ilə bəşər sivilizasiyasının beşiyidir desək, o qədər də mübaliğə etmiş olmarıq. Azərbaycanın müxtəlif yerlərindəki çoxsaylı tarixi abidələr minlərlə il əvvəl bu bölgədə insanların məskunlaşmasından, şəhər və kənd mədəniyyətinin formalaşmasından xəbər verir. Azərbaycanın qədim uyqarlığı haqqında qiymətli məlumatları özündə saxlayan nadir əsərlərdən biri də Güney Azərbaycanda Şəhəryeri kompleksidir. Bu kiçik yazıda bu qiymətli tarixi kompleks ilə qısaca tanış olub, bu kolleksiyanın hazırkı durumundan, onun qorunub saxlanmasına İran hökumətinin etinasızlığından bəhs edəcəyik.

Şəhəryerinin coğrafi mövqeyi

Şəhəryeri, Güney Azərbaycanın Ərdəbil vilayətinin şəhərlərindən biri olan Meşkinşəhər (Xıyav) şəhərinin Ərcə kəndinin yaxınlığında yerləşir. Şəhəryeri adlanan qədim tarixi bölgə Ərdəbildən 65 km, Meşkinşəhərdən 31 km şərqdə, Qarasu çayının sahilində yerləşir. Sahəsi 400 hektardan çox olan qədim Şəhəryeri ərazisi Meşkinşəhərin Pirazmiyan kəndindən 1,5 km şərqdə daş yatağın üzərində yerləşir. Qarasu çayı onu quzey və doğu cəhətlərdə ətraf torpaqlardan ayırır və eyni zamanda, təbii müdafiə elementi kimi onun üçün fövqəladə mövqe təmin edib. Qarasu çayı bölgənin ən böyük çayı və əslində Meşkinşəhər düzənliyinin ən mühüm təbii xüsusiyyətidir ki, bu bölgədə tarixəqədərki və tarixi yaşayış məskənlərinin formalaşmasında çox mühüm rol oynayıb və onun tikintisi üçün lazımi şərait və imkanlar yaradıb. Bu çay Şəhəryerindəki qədim qalanı üç tərəfdən əhatə edir.

Gördüyümüz kimi, bu nəhəng kompleksin yaradıcıları bu kompleksin çayla əhatə olunmayan yalnız bir tərəfində divar hörüblər.

Şəhəryerinin qədim tarixi

Bu tarixi kompleks üç hissədən ibarətdir: hərbi qala, məbəd və Qoşa təpə. Qala və məbəd eramızdan əvvəl 1450, Qoşa Təpə isə eramızdan əvvəl 7000 ilə aiddir. Bəzi ekspertlər bu bölgənin yaşını 11 min il bundan qabağadək təxmin edirlər. Dəyişən hündürlüyü 35 ilə 230 sm arasında olan insan stelləsinə bənzər, müxtəlif formalı düzbucaqlı kublar və ya konuslar şəklində olan 500-dən çox menhirin daş qırıntılarından və palçıqdan ibarət olan divarlara dayandırılıb. Bəzi hallarda hədiyyələr üçün kürsü kimi ayaqlarının önünə yastı daş qoyulub. Daşlar üzərində oyulmuş insanların naxışları əlləri sinələrində, adətən ağızları olmayan insanlar şəklindədir və yalnız 2 dənə ağızlı (ağız sadəcə iki nazik cızıqla çəkilmiş) oyma fiquruna rast gəlinir. Stellələri fərqləndirən ən mühüm cəhətlərdən biri onların silahlı olub-olmamasıdır. Digər tərəfdən, silahın formasında da fərqlər var.



Ümumiyyətlə, bu bölgədə aşkar edilmiş menhirlərin Güney Azərbaycanın Qaradağ bölgəsində, eləcə də Quzey Azərbaycanın Ağdam və Qobustan bölgələrində aşkar edilmiş menhirlərin nümunələri ilə oxşar cəhətləri çoxdur. Quzey və Güney Azərbaycan bölgələrində tapılan menhirlər zahiri cəhətdən bir-birlərinə çox bənzəyirlər, sanki bütün motivlər eyni dövrdə eyni heykəltəraş tərəfindən eyni üslub və dizaynda həkk olunub. Halbuki Azərbaycan Respublikasında analoji nümunələrin yaşının müəyyənləşdirilməsinə əsasən onların yaşı 4-8 min il arasında olub. Bu fakt isə bu əsərlərin möcüzəvi sirrini ikiqat artırır. Şəhəryeri və Qobustandakı nümunələrin dəqiq bir inanc fəlsəfəsi əsasında həkk olunması görünməkdədir. Ən çox həkk olunmuş motiv dağ keçisidir, çünki dağ keçisi mələk rəmzidir və qədim mifologiyadan götürülüb. (Güney Azərbaycanda Novruz bayramı mərasimləri haqqında yazdığımız yazıda Təkməçilikdən bəhs etmişdik. Yazın gəlməsinin muştuluğunu gətirən keçi (təkə) təkəmçilərin ilham qaynağı sayılır).

Göründüyü kimi, Şəhəryerində və Qobustan, Ağdam kimi yerlərdə tapılan menhirlərin əhəmiyyəti təkcə Araz çayının hər iki tayında da Azərbaycanın neçə min illik tarixini sübut etməkdə deyil, eyni zamanda, min illər əvvəl bu sərhəd çayının hər iki tərəfində ortaq bir mədəniyyətin mövcudluğunu göstərməkdədir. Şəhəryeri bölgəsində çoxlu sayda obsidian daşları aşkar edilib ki, bu da bu bölgənin Qafqaz və Anadolu ilə bağlılığına sübut ola bilər, çünki bu bölgələrdə bu növ daşın hasil edilməsini bilirik. Obsidian Xalkolit dövründə sərt daşları kəsmək üçün istifadə edilib. Şəhəryerində mis (Xalkolit) dövrü, I dəmir dövrü və II dəmir dövrünə aid bir neçə tarixi dövr müəyyən edilib.

Şəhəryeri sonrakı dövrlərdə də məskunlaşmış, burada Urartu dövrünə aid əsərlərə də rast gəlinib. Urartular dövründə qala yandırılaraq tərk edilib. Qalanın torpaq qatlarında külün olması qalanın yanğınından xəbər verir. Lakin bu şəhərdə həyat bitməmişdir, çünki ondan sonrakı tarixi dövrlərin, hətta İslam dövrünün də izləri tapılıb.

Şəhəryerinin son durumu

Şübhəsiz ki, tarixi yerlərin bərpası, saxlanması, qorunması və mühafizəsi dövlətin vəzifəsidir. İran hökuməti bu vəzifəni yaxşı dərk edir, çünki təcrübə göstərir ki, İran hökuməti farsların məskunlaşdığı bölgələrin tarixi yerlərinin və abidələrinin qorunmasına son dərəcə diqqət yetirir. Lakin görünən odur ki, Güney Azərbaycanda yerləşən qədim və tarixi abidələrə və yerlərə qayğı göstərmək İran hökumətinin vəzifələrindən deyil. Güney Azərbaycanın demək olar ki, heç bir yerində İran hökumətinin farsların yaşadığı bölgələrdə olduğu kimi qayğısına qaldığı və qoruduğu tarixi abidə tapa bilməzsiniz.

Öz növünə görə bənzəri olmayan Şəhəryeri kimi qiymətli kolleksiya uzun müddət qorunmasız qalıb. Oranın bir çox tarixi əşyaları, xüsusən də qəbirlərdəki cəsədlərin yanında basdırılan əşyalar mənfəətpərəstlər tərəfindən talan edilib. Belə ki, bu qədim yerdə aşkar edilmiş 478 qəbirdən sınmış saxsı qabların narın parçalarından başqa, demək olar ki, heç nə aşkar olunmayıb və tədqiqatçılar etiraf ediblər ki, qəbirlərin əksəriyyəti arxeoloji qazıntılar başlamazdan əvvəl talan edilib!



Talançı və dağıdıcı insan davranışları ilə yanaşı, təbiət də Şəhəryerini dağıtmaqda böyük rol oynayıb. Bu gün Şəhəryeri kimi bildiyimizin bütün kompleksin cəmi 20%-ni təşkil etdiyi bildirilir. İran hökuməti bu bənzərsiz yeri uzun illər boyu Allah amanına buraxdı və qorunub saxlanması uğrunda heç bir addım atmadı. Ancaq çox ciddi etirazlardan sonra 2002-ci ildə buranı milli abidələr siyahısına daxil etdi! Bununla belə, bu dəyərli tarixi yerin qorunması uğrunda hələ də heç bir ciddi iş görünməyib.

(Dəyərli tarixi menhirlərin saxlanıb qorunması üçün alınan tədbirlər (!) şəkildə görünür!)

Son illərdə Güney Azərbaycan Milli Hərəkatı fəallarının 30 ilə yaxın fasiləsiz fəaliyyəti və Azərbaycanın maddi-mənəvi irsinin qorunub saxlanması və qayğısına qalmağın vacibliyi ilə bağlı ictimai maarifləndirmənin nəticəsi olaraq, insanların Şəhəryeri ilə bağlı dövlət qurumlarına müraciətlərinin və hətta basqıların artdığının şahidi oluruq. Bu müraciətlər və basqılar müxtəlif yollarla həyata keçirilib, o cümlədən müxtəlif kampaniyaların başladılması, nəşrlərdə və xəbər saytlarində məqalələrin və hesabatların yazılması, birbaşa dövlət və yerli qurumlara və hakimiyyət orqanlarına müraciət etmək. Əslində bütün bu tədbirlər üç əsas məqsədi güdür:

Azərbaycanın mədəni və tarixi irsinin əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasının güclənməsi.

İran hökumətinin Güney Azərbaycanın maddi-mənəvi əsərlərinə bilərəkdən etinasızlığını xalqa bildirmək və o hökumətin anti-türk və anti-Azərbaycan mahiyyətini ifşa etmək.

İran hökumətini, bu dəyərli tarixi və mədəni irsin qorunması ilə bağlı bir hökumət olaraq üzərinə düşən vəzifələri yerinə yetirməyə məcbur etmək cəhdi.

Qeyd edək ki, İran hökumətinin və yerli hakimiyyət orqanlarının Şəhəryerinin acınacaqlı vəziyyətinə məhəl qoymamasına etirazlar təkcə yuxarıda qeyd olunan fəaliyyətlərlə məhdudlaşmır və Azərbaycana can yandıran insanlar hər yolla öz fəryadını hakimiyyətə və dünyaya eşitdirməyə çalışıblar. Məsələn, 2018-ci il aprelin 6-da bir qrup Güney Azərbaycanlı Şəhəryeri hüdudlarında toplanıb, plakatlar qaldıraraq İran hökumətinə etirazlarını nümayiş etdiriblər. Toplantıya qatılanlar Şəhəryerinin tarixi və mənəvi dəyərini vurğulayaraq İran hökumətinin etinasızlığını qınadılar və bu dəyərli abidələrin qorunub saxlanılması üçün lazımi işlərin görünməsini tələb etdilər.



Bu hərəkət mədəni cəhətdən çox əhəmiyyətli bir hərəkət sayılır və o zamanlar hətta farsların bəzi xəbər saytları belə bu haqda reportajlar və məlumatlar paylaşaraq bu təşəbbüsdə bulunanları alqışladılar. Ayrıca, iştirakçıların əllərindəki plakatlar da anlam baxımından çox əhəmiyyətli idi:

(Farsca: Şəhəryerini canlandırın. Azərbaycan Türkcəsi: 7000 illik tariximiz aradan getməkdədir)

Sözügedən yığıncaq iştirakçıları mənhirlərin ətrafında insan zənciri yaradaraq Azərbaycanın maddi-mənəvi irsinin qorunmasız qalmasına imkan verməyəcəklərini, yeri gəlsə onları qorumaq uğrunda əl-ələ verib sipər olduqlarını simvolik olaraq nümayiş etdirdilər.



Güney Azərbaycanlı mədəniyyət xadimlərinin və milli fəalların geniş etirazları nəticəsində yerli hakimiyyət orqanları da bu qiymətli kolleksiyanın acınacaqlı vəziyyətdə olduğunu dilə gətirmək zorunda qalaraq baş verən dağıdıcılıq və talanları etiraf ediblər. Buna baxmayaraq, bu etirazların tamamən nəticəsiz olduğunu dilə gətirmək doğru görünməsə də, hələ ki bu dəyərli və geniş tarixi kompleksin qorunması haqqında ciddi addımların atılmasına şahid deyilik. Təbii ki, son illər bununla bağlı, çox az da olsa, bəzi işlərin görüldüyünü danmaq olmaz. Amma bu kiçik addımlarla bu böyüklükdə məqsədə çatmaq mümkün görünmür. Yerli hökumət adamları Güney Azərbaycanın türklərinin etirazlarının qabağını almaq niyyəti ilə bu xüsusda ciddi tədbirlər görüləcəyini dilə gətirirlər. Lakin eyni zamanda, bu iş üçün tələb olunan maliyyə resurslarına diqqət çəkərək etiraf edirlər ki, bunun üçün Tehran tərəfindən kifayət qədər vəsait ayrılmır. Təbii ki, Güney Azərbaycanın yerli məmurlarının Tehranı tənqid edən tonu həmişə mühafizəkar və qorxaqcasınadır. Ancaq onların qorxa-qorxa dilə gətirdikləri sözlərinə görə, Tehran bu kompleksin saxlanması, baxılması və qorunması üçün lazım olan vəsaiti ayırmaqdan imtina edir. Bu, Güney Azərbaycan türkləri üçün qəribə deyil. Onlar illərdir bu vəziyyətə bələddirlər və bilirlər ki, dövlət büdcəsinin mühüm hissəsini Güney Azərbaycan vasitəsilə (vergilər, hasilat, mədənlər, iş gücü...) alan İran hökuməti həmin büdcənin kiçik bir hissəsini Güney Azərbaycanın özünə xərcləməyə hazır deyil.

# 1662 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #