Başı caduya qarışan qadınlar, telefon zənginə mərsiyə qoyan kişilər – Teatrdan qeydlər

Homo Sapiens

Homo Sapiens

1 noyabr 2021
# 15:00

Kulis.az Vüqar Babazadənin “Teatr mədəniyyəti” adlı yazısını təqdim edir.

“Əgər bir xalqın teatrı, kinosu, operası, baleti yoxdursa, həmin xalqın tutaq ki, hər hansı bir heyvan sürüsündən fərqi varmı? Zatən teatr, kino, opera, balet olmayan bir çox ölkələrdə insanı insan yerinə qoyan yoxdur, insanla heyvan kimi davranırlar. Avropanın bir çox ölkələrində heyvanların hüququ, Şərqin bir çox ölkələrindəki insanların hüququndan daha çox qorunur. Yəni, Avropanın heyvanı hüquq baxımından Şərq insanından daha qiymətli sayılır. Bəli, nə etməli, vəziyyət belədir. Axundov da belə deyirdi. O deyirdi ki, İngiltərədə artıq heyvanların hüququnu qorumağa başlayıblar, bizim məmləkətdə isə tutub adamların qulaqlarını kəsirlər”.

Seymur Baycan

Srağagün Dövlət Təhlükəsizlik Xidmətinin mədəniyyət mərkəzində “Hekayəti müsyö Jordan və dərviş Məstəli şah” tamaşası baş tutdu.

Səhnə dekorasiyası və işıqlandırma, aktyorların performansı, binanın özünəməxsus estetik görünüşü çox gözəl idi. Amma həmişə olduğu kimi bir problem vardı. Özü də böyük bir problem.

Azərbaycan tamaşaçısı özünü tamaşaçı kimi apara bilmir. Ümumiyyətlə, tamaşaçı nədir? Necə tamaşaçı olurlar? kimi suallar haqqında heç bir məlumata sahib deyillər və bu haqda cüzi bir fikrə yiyə durmaq zəhmətindən qaçırlar. Teatra küçədə-bacadakı söz-söhbətə, avtobus və taksi sürücülərinin dava-dalaşına baxdıqları kimi baxırlar. Tamaşaçılar teatra küçədə dava-dalaşa baxdıqları kimi baxacaqlarsa, bu teatr, sənət olmur. Teatr hansısa xaos doğuran, bayağı və şit hərəkətlərə baxmaq arzusu ilə yanıb-alışan adamların yeri deyil.


“Hekayəti müsyö Jordan və dərviş Məstəli şah” tamaşasından kadr

Əvvəlcə, Azərbaycan xalqının teatra maraq salan nümayəndələrinə başa salmaq lazımdır ki, Teatr nədir? Yaxud Teatr nə deyil? Teatra necə baxmaq olar? Teatra necə baxmaq olmaz? və s.

Teatra tum çırtlaya-çırtlaya tikintiyə, metroda kiminsə ürəyinin getməyinə, magistral yolda baş verən qəzaya, alt mərtəbədəki qonşunun su kəsildiyi üçün komendantla dalaşmasına, toyda düşən davaya baxdığınız kimi baxmaq olmaz. Bu insanlara izah etmək lazımdır ki, hər hadisənin öz tamaşaçısı və müşahidəçisi var. Hər hadisədə bir cür tamaşaçı olursan.

Daha sonra, Azərbaycan xalqının teatra maraq salan nümayəndələrinə başa salmaq lazımdır ki, vestbdüldə özünü mədəni aparmaq gərəkdir, zalda gödəkcə, "kurtka", "buşlat" "dublyonka", "plaş", palto kimi üst geyimləri ilə oturmaq olmaz. Üst geyimlərini binanın qarderob olan hissəsinə təhvil vermək lazımdır.

Görəsən, Azərbaycan xalqının teatra maraq salan nümayəndələri bilirlər ki, teatr heç bir video-görüntü ilə lentə alınıb, yaddaşda saxlanılmır? Teatrın özünəməxsus cəhətlərindən biri də budur. O gecə, bəli, məhz o gecə sənin üçün olur və bitir. Bir daha təkrarlayıram: O gecə sənin üçün olur və bitir.

Bu sənətsevər və teatra dəyər verən insanlara neçə dəfə deyərlər ki, tamaşa başlayandan sonra telefonlarınızı söndürün, yaxud səssizə atın. Ümumiyyətlə, bəzi adamlar var ki, bütün elanları diqqətlə dinləyib, əməl ediləcək qanun-qaydaya qoyun kimi qulaq asır, amma qətiyyən ona əməl etmir. Teatr başlanmamış iki dəfə xəbərdarlıq edildi ki, telefonlarınızı söndürün, amma bir az keçəndən sonra zaldan müxtəlif zəng səsləri gəlirdi. Bu hal təkcə teatrda yox, yasda, məclisdə, məsciddə, bir sözlə, əsasən, susmaq lazım olan anlarda özünü büruzə verir.

Bunu elə belə yazıram, Azərbaycanda zəng səsləri çox sarsaq və bayağıdır. Əksəriyyət insanlar zəng səsinə mərsiyə, dini mahnı, ya hansısa şit, bayağı və səviyyəsiz mahnı qoyublar. Zəng səsinə dini mahnı, yaxud mərsiyə qoyan adamları mən heç cürə başa düşə bilmirəm. Zəng səsinə mərsiyə, dini mahnı qoyan adam görəndə elə bilirəm ki, həmin adam gəyirəcək, yerə tüpürəcək, şillə-təpiklə danışacaq, camaatı narahat edəcək. Elə adamlar üstəlik cahil və savadsız olurlar. Hər cür təhlükəli iş görə bilərlər. Rafiq Tağının qatilləri kimi... Avropada, inkişaf etmiş ölkələrin vətəndaşları zəng səsinə dini mahnılar qoyan insanları görsələr, Homo Sapiens insan növündən başqa bir insan növünün də yaşadığına mat qalarlar.

Mənim yanımda oturan bir bəy tamaşanın, demək olar ki, hamısını videoya çəkdi. O bu materialı nə edəcəkdi, başa düşə bilmədim. Yaxud qabaqda oturan bir xanım, "Instagram" hesabından canlı yayım açmışdı. Tamaşanın ortasında kiminsə telefonundan azan səsi gəldi. Tamaşaçılar əl çalmaq lazım olan anlarda dayanır, əl çalmamaq lazım olan anlarda əl çalırdılar. Bu səbəbdən aktyorların səsini və mimikalarını eşitmək, görmək olmurdu. Bütün bu məqamlar məni düşünməyə vadar edirdi ki, görəsən, hələ də bizim cəmiyyətimiz Axundzadənin dövründəmi qalıb? Qadınların başı cadu-pitiyə, kişilərin başı pul qazanmağa qarışıb?

Baş demişkən, Şekspiri gərək anaq. Müasir dünya teatrlarında "olum ya ölüm" söhbətini həll edib, Hamleti, Otellonu holdinglərdə airpodslarla, planlaşetlərlə oynayıb, möhtəşəm dram əsərləri səhnəyə qoyarkən biz hələ də Axundzadənin, Mirzə Cəlilin yaradıcılığından uzağa gedə bilmirik. Artıq Avropa səhnələrində və ekranlarında "güc" mövzusu aktualdır. "Game of Thrones", "Succession" kimi seriallar hazırda ən məşhur və ən çox baxılan seriallardır. Həmçinin teatrda da. Biz isə hələ də axmaq çarıq, uzun əba, super-qəhrəmanların çuxası kimi şeylərdən canımızı qurtara bilmirik.

Təsadüfən teatrdan bir gün qabaq 2014-cü ilin Oscar mükafatına layiq görülmüş "Birdman" filiminə baxmışdım. Film, əsasən, aktyorların psixoloji hallarından və davranışlarından bəhs edir. Bundan sonra teatr aktyorlarına simpatiyam artmışdı. Bu səbəbdən, bizim tamaşanın aktyorlarının davranışlarına xüsusi diqqət yetirir, aktyorluq fəlsəfəsini və adrenalinini hiss etməyə çalışırdım. Adamın üstündə Allah var, aktyorlar rollarını çox gözəl oynayırdılar. Qüsursuz idilər. Hərdən elə performans görürdüm ki, tüklərim biz-biz olurdu.

Teatr mədəniyyətdir. Özü də böyük mədəniyyətdir. Teatrı, kinosu, ədəbiyyatı olmayan xalqı, qıraq yerdə xalq yerinə qoymurlar. Nəinki qıraq yerdə, teatrı, kinosu, ədəbiyyatı olmayan xalqı, öz insanları xalq yerinə qoymur.

Bu cür çətin, məşəqqətli və zəhmət tələb işlə məşğul olduqları üçün, özlərini sənətə və gördükləri işə qurban verməyə hazır olan, işlərini də layiqincə yerinə yetirən bu aktyorlara və teatr işi ilə əlləşən bütün insanlara təşəkkür edirik.

Qoy canları sağ, repertuarları zəngin, performansları daima əla olsun!

# 4965 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #