"Azərbaycan dilində danışmaq olur, düşünmək yox" - Aqşin Yenisey

"Azərbaycan dilində danışmaq olur, düşünmək yox" - Aqşin Yenisey
4 avqust 2023
# 11:45

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Toplumu özgürləşdirərək özəlləşdirən neoliberal kapitalizm istehlakçını, tükəticini iqtisadi sistemin mərkəzinə gətirir, bir növ, antik çağa qayıdır, Yerlə Günəşin yerini dəyişir.

Alıcının, oxucunun, dinləyicinin mədəniyyətin mərkəzinə gətirilməsi keyfiyyətyönümlü yaradıcılığı sarsıdır, kəmiyyətyönümlü yaradıcılığın önünü açır.

Bu gün bütün dünya müəllif ədəbiyyatı deyil, naşir ədəbiyyatı oxuyur. Bəsit dillə yazılmış tez “yeyilən” “fastfud” ədəbiyyat.

Oxucu istehlakçıdır. Onu əsərin praktik dəyəri maraqlandırır. Məsələn, Nizami Gəncəvinin su haqqında yazdıqlarında özünə lazım olan müalicəvi əhəmiyyətli şeylər axtarır. Çox az oxucunu kitabdan aldığı intellektual həzz maraqlandırır.

Oxucu yaza-yaza düşünən deyil, oxuya-oxuya faydalanandır. Yazıçının yaza-yaza getdiyi yerdən, oxucu oxuya-oxuya qayıdır,yəni biri yaza-yaza qaranlıq dünyaya enir, o biri oxuya-oxuya qaranlıq dünyadan çıxır.

Ona görə də oxucu və yazıçı əsərdə yan-yana deyil, qarşı-qarşıya hərəkət edir. Enmək istəyən yubanmağa, çıxmaq istəyən tələsməyə çalışır.

Bəsit dil tələsənin dilidir.

Bu gün bütün dünyada populyar ədəbiyyat tələsənin dilində yazılır. Tələsənin (oxucunun) dili anlayışların deyil, sözlərin dünyasıdır.

Nədir anlayışlar və sözlər dünyası?

Məsələn, rusdilli azərbaycanlılar arasından, demək olar ki, şair çıxmır, adətən, rusdilli azərbaycanlılar tək-tük halda nəsr yazmağa meyilli olurlar. Çünki azərbaycanlı rus dilini özünə mədəniyyət yaratmaq üçün öyrənmir, nüfuz və çörək qazanmaq üçün öyrənir.

Şair ana dilinin xəyallarından, mövhumatından doğulur.

Rus müstəmləkəçiliyinin dil siyasəti bizə anlayışlarla deyil, sözlərlə düşünməyə icazə vermişdi. Anlayışlarla düşünmək istəyənlər rus dilini öyrənməyə, danışmağa, rus dilində düşünməyə məcbur idilər. Çünki kitabxanalarımızda anlayışlara aid bütün kitablar rus dilində idi. Məsələn, mən tələbə vaxtı Azərbaycanın ən qədim universitetində Azərbaycan türkcəsində ixtisasım üzrə bircə kitab görmədim. Ucqar kənddə öyrəndiyim yeganə ana dili özünün elmi qatı soyulmuş, anlayışlara girişi qadağan edilmiş çəlimsizliyi ilə mənim bir filosofa, bir alimə yetəcək fitri potensialımı şairliyə yönəltdi. Milli mədəniyyətin enerjisi məndən qafiyəli şəkildə püskürdü. Hətta universitetdə şeirsevənlərin ən çox mexaniki riyaziyyat fakültəsinin tələbələrinin olduğunu görəndə təəccüblənmişdim. Təbiətin mükəmməl riyazi sisteminin enerjisini udaraq kənddən gələn gələcəyin milli Qausslarını da sözbazlığa məhkum edilmiş ana dili mexaniki riyaziyyat fakültəsində qafiyə düşkünü etmişdi.

Kəsəsi, Azərbaycanda şair olmaq öyünüləsi bir şey deyil, əksinə, şair olmamaq daha böyük talant göstəricisidir. Bir zəncini də gətirib indiki ana dilimizdə böyütsən, əmin ol, "Xalq şairi" olmasa da, şair olacaq.

Şair nə zaman yazıçıya çevrilir? Sözlərlə deyil, anlayışlarla düşünməyə başlayanda.

Rusdilli azərbaycanlılar həm ailədə, həm məktəblərdə rus dili vasitəsilə anlayışlar mühiti ilə tanış olurlar, anlayışların diqtəsində böyüyürlər. Onların şair olması qeyri-mümkündür, olsalar belə, xalq onların anlayışlar üzərindən yazdığı şeirləri başa düşməyəcək.

Hüqo, Kafka, Aytmaytov və s. bir çox nəhəng yazıçılar da anlayışlar mühitinə daxil olana qədər şeir yazıblar, şair olublar.

Biz dilimizi yox, sözlərimizi qorumuşuq. Dilin qorunması haradasa ədəbiyyat hadisəsi sayıla bilər (Şekspir), amma dilin inkişafı, mənə görə, ədəbiyyat hadisəsi deyil. Dil sözlərlə deyil, anlayışlarla inkişafdadır.

Dilimizi qoruduq, doğrudur, amma beynimizi qurban verməyin hesabına.

Müstəmləkəçiliyin dilimizə açdığı qapı, beynimizə bağladığı qapı idi.

Bu gün öz milli təfəkkürünün paslı qapısını açmaq istəyən hər bir azərbaycanlının əlindəki açar dəsti yad dillərin terminlərindən ibarətdir.

Azərbaycanlı ana dilini danışmaq üçün istifadə edir, düşünmək istəyənlərimiz “özgə dillərin” qapılarına üz tutmalıdır.

Yəni dilimizin çağdan sağ çıxma ehtimalı çox azdır;

1. Keçmiş onu anlayışlardan məhrum edib,

2. Müasirlik onu bəsit yazmağa səsləyir.

Bizə bozbaşın suyu çatmışdı, bizdən balalarımıza bozbaşın suyunun suyu çatacaq...

# 5268 dəfə oxunub

Oxşar xəbərlər

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

13:30 30 avqust 2026
30 avqust Türkiyənin Zəfər Bayramı  günüdür.

30 avqust Türkiyənin Zəfər Bayramı günüdür.

10:30 30 avqust 2026
Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər