Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.
Abbasqulu Ağa Bakıxanov Azərbaycan tarixinin ilk, özünün son əsəri olan "Gülüstani-İrəm”i farsca yazıb ruscaya tərcümə etmişdi.
Azərbaycan aydınlarının öz dilinin gücünə münasibətini əks etdirən ümumiləşdirmə üçün acınacaqlı bir faktdır bu.
Dilimizin yad dillər qarşısında keçirdiyi bu "balacaboy”luq kompleksi indinin məsələsi deyil.
XII əsrdə ərəb dilinin lüğəti 26 cild idi. Həmin dövrdə türk dilində 10 min, fars dilində 250 min söz vardı.
O dövrdə ərəb dili müsəlman Şərqində elm, fəlsəfə, fars dili şeir dili idi.
Günlərin birində biz dilimizi ərəb, fars sözlərindən təmizlədik, bəs yerinə nə qoyduq?
Ərəb sözlərini öz dilimizdən təmizləməklə, biz həm də dilimizi elmi, fəlsəfi anlayışlardan təmizlədik axı. Dilimizdə elmi, fəlsəfə anlayışları ifadə edən sözlərin yeri boş qaldı.
Dilimizi Şərqdən qoparanlar, onu heç olmasa, Qərbə yapışdırmalıydılar. Amma nə etdilər, yazılı dili xəlqiləşdirdilər.
Bizim dərdimiz də məhz yazılı dilimizin düşdüyü bu vəziyyətdir. Dünyada nitqi olub, dili olmayan minlərlə xalq var.
Azərbaycan yazılı dilinin ən böyük faciəsi budur - xəlqilik. Onun mühafizəkarlığı da xəlqiliyindən doğur.
Bu gün ingilis dili elm, texnika dili olmaqla yanaşı, həm də dünya xalqlarının dillərinə açıq olduğu, başqa dillərdən ən çox söz alan dil olduğu üçün dünyəvidir.
Sıravilər bir yana, Azərbaycanda ziyalılar yazılı dilə mühafizəkar yanaşır.
Və bu mühafizəkarlığın nəticəsidir ki, dilimizin bugünkü vəziyyəti eynən eramızdan əvvəl I əsrdəki latın dilinin vəziyyətidir. Eramızdan əvvəl I əsrdə latın dili şimaldan qall, etrusk, cənubdan yunan dilinin mühasirəsində can verdiyi kimi, bu gün Azərbaycan dili də şimaldan rus, qərbdən Anadolu türkcəsinin və ingilis dilinin təhdidi altındadır.
Latın dili mühasirəyə təxminən 200 il dözə bildi və bir gün tab gətirməyib hiss olunmadan canını tapşırdı. Görək bizimki nə qədər dözəcək.
Meyxana dilində siyasət!
Meyxana dilində media! (Dünən dövlət qəzetlərinin birində belə bir başlıq oxudum: "Ağcəbədi çörəkli rayondur". Bu, küçə səviyyəli bir meyxana qafiyəsidir).
Dükanlarda ən çox satılan ədəbiyyat meyxana dilində!
Kino meyxana dilində!
Hətta hamının təriflədiyi o serial da, sadəcə, meyxananın dilini və mövzularını seriala gətirdiyi üçün uğur qazandı.
Azərbaycan dilinin rəsmi statusu var: "Dövlət dili". Dilimizin bu acınacaqlı vəziyyətindən vətəndaşlardan daha çox dövlət narahat olmalıdır, çünki ölüm ayağında olan bu dil onun rəsmi dilidir.
Bir şeyi də unutmayaq ki, dillərin xilaskarı da, qatili də uşaqlardır.
Məsələn, etrusk dilini romalılara sevdirən də balaca romalılar idi, unutduran da onlar oldu.
Dünyanın ən mühafizəkar xalqı sayılan ingilislər 1972-ci ildə şifahi dildəki "fuck” sözünü Oksford lüğətinə daxil etdilər. "Fuck” kəlməsinin üzərindən əxlaqi yükü götürüb, ona linqvistik dəyər qazandırdılar. Necə deyərlər, "fuch"larını mühafizəkar puritan əxlaqının zəncirindən açıb, ona linqvistik azadlıq verdilər.
Amma bizim dilçilər, yazarlar eyni sözün dilimizdəki oxşarının nəinki lüğətə, heç özlərinin müəllif yazılarına da gətirə bilməzlər. Çünki yazılı dilimizin üzərinə qoyulmuş xəlqilik onun təsir dairəsini ailə mühiti ilə məhdudlaşdırır. Dilimiz mədəniyyətin deyil, arvad-uşağın namını çəkməlidir.
Bu yaxınlarda türk tarixçisi İlbər Ortaylının "Azərbaycan türkcəsi dilimizin (Anadolu türkcəsinin) gəncliyidir" fikrini çoxları Azərbaycan türkcəsinə verilən dəyər kimi paylaşdı. Bir xalqın dilinə "gənc" deyirlərsə, o dilin mənsubları bundan qürur deyil, utanc duymalıdırlar. "Gənc dil" nə deməkdir? Yəni o dildə hələ kamilləşmə prosesi getməyib, "həyatı" səhvlərlə doludur. "Gənc dil" fikri dolğun ifadə edə bilməyən dil deməkdir. "Gənc dillə" böyük mətləbləri izah etmək olmaz və s.
Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil "langue” və Nitq "parole”. Nitq danışma aktıdır, fərdidir, xəttidir, mexanikidir. Dil nitqin daxili aləmidir, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi olandır, dil yazılı olan. Danışa bildiyin nitqindir, yaza bildiyin dilin.
Bir dilin "gəncliyi" onun şifahi mərhələsdir. Azərbaycan türkcəsi məhz bu mərhələdə ilişib qalıb. Nitq (söz) mərhələsindən, dil (anlayış) mərhələsinə keçə bilməyib. Çünki sovet ideoloqları Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər. Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq elitarlaşıb folkloru diriltdilər. Funksionallığını itirmiş həqiqətlərlə funksionallığı olmayan bir dil yaratdılar. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı. Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Bu gün hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus dilinə, Anadolu türkcəsinə şığıyır ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur.
Çağın ölçüləri ilə yanaşsaq, əslində, biz bu gün ölü bir dilə sahibik. Dünyada elə bir xalq yoxdur ki, şifahi nitqi olmasın, amma yazılı dili olan cəmi 78 xalq var.
Beynəlxaq ədəbi mühitdə artıq belə bir fikir hakimdir ki, əgər bir roman ingiliscə yazılmırsa, o bəri başdan roman deyil, ona vaxt ayırmaq olmaz. Çünki çağı ifadə edən əsas dil ingilis dilidir. Dilimiz "gənc" olduğu üçün çağı ifadə etmək imkanlarından məhrumdur.
İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub. Texnologiyalar çağında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, nə bilim, kiber uzmanlar yaradır.
Siz əgər otuz il ərzində öz uşaqlarınıza öz dilinizdə bircə dənə "Maşa və Medved" kimi cizgi filmi çəkməyibsinizsə, inciməyin, öz vətəninizdə başqa millətlər üçün uşaq böyütmüsünüz.
qaynarinfo