Azər Paşa Nemətov öz aktyoruna sahib çıxa bilmədi - Turan Etibaroğlu yazır...

Azər Paşa Nemətov öz aktyoruna sahib çıxa bilmədi - Turan Etibaroğlu yazır...
22 fevral 2023
# 14:00

Kulis.az Turan Etibaroğlunun "Bir səhnəyə dəymədi" adlı yazısnı təqdim edir.


Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir


M.H.Şəhriyar

2023-cü il 21 fevral Azərbaycan teatrında iki şeylə yadda qaldı. Bir səbəb görkəmli aktyorumuz Ramiz Novruzu itirdik. Digər səbəb isə böyük rüsvayçılıqla yaddaşda qaldı. Öncə keçim teatr mədəniyyətimiz üçün ağır itkiyə.


Ramiz Novruz və yaxud Azərbaycanın ikinci Həzi Aslanovu. Ramiz Novruz Azərbaycan teatr və kino sənətinin görkəmli aktyorlarından biri idi. O, böyük sənətkar Adil İsgəndərovun əlindən su içmişdi. Məhz bu amil onun bütün fəaliyyətində böyük rol oynadı. Ona tapşırılan irihəcimli və mürəkkəb xarakterli rolların öhdəsindən böyük ustalıqla gəlirdi. Özünəməxsus səs tembri özünüifadəsi, intellekti ilə aktyor kimi özünü bütün Azərbaycana sevdirdi. O, xarakter insan idi. Səmimi, gülərüz, mehriban, işinin peşəkarı idi. Onun haqqında keçmiş zamanda danışmaq da insana çətin gəlir. Nədənsə bizə elə gəlir ki, yaxşı insanlar daima yaşayır…

Uşaqlıqdan sevərək izlədiyimiz Ramiz Novruz tək aktyor deyildi, həm də yazıçı idi. Ramiz Novruzun ilk pyesi olan "At ilinin birinci ayı" 20 Yanvar hadisələrindən bəhs edirdi. 1992-ci ildə Gəncə teatrında Bəhram Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi də Bəhram Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə səhnə həllini tapıb. Və uzun müddət teatrın səhnəsində oynanılıb. Bundan əlavə, özünü tərcüməçi kimi də sınamışdı. Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi. Və həmin əsəri rejissor kimi də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlamışdı.

Ramiz Novruz adını təkcə teatr afişalarında yox, həmçinin filmlərimizdə, teletamaşalarda da görmək olardı. Necə deyərlər, özünü hər tərəfli göstərdi.

Və teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. Ölkə rəhbərliyi tərəfindən evlə təmin olunmuşdu. Bir müddət Prezident Mükafatına, 9 may 2018-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib. Hər zaman dövlət rəhbərinin diqqətində olan bəxtəvər sənətkarlardan biri olub.

Onun itkisi mədəniyyətimiz üçün ağırdır. Teatrımızın daha bir sevilən simasını itirdik. Biz tamaşaçılar Ramiz Novruzu dünyalar qədər sevirdik. Bunları sadalamaqda bir məqsədim var. Yəni Ramiz Novruz heç də adi aktyor olmayıb. O, xalqın sevgisini boşu-boşuna qazanmamışdı.

Böyüklərdən bir söz eşitmişdim: “Aktyorun yeri elə səhnədir!”. Amma təəssüf ki, bu söz artıq sadəcə tarixə keçdi. İndi artıq aktyorun yeri səhnə yox, blokdur. Ramiz Novruz 1978-ci ildən səhnədədir. İlk illər H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1981-ci ildən isə Azdramanın səhnəsinə gəldi və ölüncə də o teatrdan getmədi. Ən durğun vaxtlardan, ən yaxşı vaxtlara kimi biri-birindən möhtəşəm obrazlar yaratdı. Ramiz Novruz 67 il ömrünün tam 42 ilini Azdramada çalışdı. Xəstə olduğu vaxtlarda belə yeni obrazlar yaratdı.

Son anda ona nə pay düşdü? Blokun ağzında vida mərasimi. O, belə urvatsız olmamalıdı. Sanki “belə də olmalıdı” deyib rəsmi şəxslər yaxasını kənara çəkdi. Nazirlik isə, ümumiyyətlə, ağzına su alıb durdu. Xeyr, əzizim! Belə olmamalıdır. Bu hörmətsizlik xalq artistləri İlham Əsgərova, Arif Quliyevə, Ramiz Əzizbəyliyə və bir neçə görkəmli aktyorlara da oldu. Niyə? “Ölüb-bitdi” anlayışını rəhbər tutmusuz? Heç kimin atasının mülkü deyil o səhnə! O səhnə aktyorlarındı. Ramiz Novruza Azdramada və yaxud da ATXİ-nin (DomAktyor) səhnəsində vida mərasimi keçirilməli idi. Adını çəkdiyim hər iki yerə rəhbərlik Azər Paşa Nemətov aiddir. Azər Paşa Nemətov öz aktyoruna sahib çıxa bilmədi! Hər şeyi biz Türkiyəyə baxıb örnək götürürük. Orda belə bir çoxu ilə vida mərasimi çalışdığı teatrda, yaxud da başqa mədəniyyət mərkəzlərində keçirilir. Amma bizdə aktyorların vida mərasimi ənənəvi blok ağızı olur. Bu isə böyük biabrçılıqdı. Ömrünü teatra həsr edən birisinə son dəfə səhnəni XOR gördülər.

Ötən gün etiraz edəndə bir çoxları “Əsas odu məkanı cənnət olsun, yerin önəmi yoxdu” dedilər. Bilirəm, əzizlərim, mən sadəcə Xalq artistinin belə urvatsız yola salınmasının əleyhinəyəm. Saxta və şablon başsağlıqları, ənənəvi şəkil paylaşımı yox, diqqət və hörmət lazımdır. Ramiz Novruz və bir çox mərhum sənətkarlara edilən bu hərəkətin adı yoxdur. Yox, əgər teatrlarda vida mərasimi ləğv olunubsa, desinlər, biz də işimizi bilək. Yox, əgər belə qərar yoxdursa, onda bu hoqqabazlıq nəyə lazımdır? O zallar kimin atasının şəxsi mülküdür? Bu nə ayrıseçkilikdir?

Yəni, doğrudanmı, Ramiz Novruz bir səhnəyə dəymədi? Doğrudanmı, ölkə başçısının diqqətində olduğu bir şəxsə belə hörmətsizlik edilməlidir? Sultan Süleymana qalmayan dünya sizlərə də qalmayacaq. Heç kim də öləndə o zalları çiyninə alıb aparmayacaq. O zallar, o səhnələr Ramiz Novruz timsalında bütün aktyorlara aiddir. Sağ olan, yaxud dünyadan köçən. Yəni tabutun önündə şablon sözlərə ehtiyac yoxdur, əməllərə ehtiyac var. İnanın ki, bu gün o səhnəni Ramiz Novruza çox görən adamlar sabah öləndə bundan da “urvatsız” dəfn olunacaq. Çünki siz özünüzlə xalqın sevgisini deyil, nifrətini aparacaqsınız. Ağlayanınız da olmayacaq.

Sonda bir səhnəni xatırladım Azdramanın səhnəsində bir vaxtlar “Qatar altına atılan qadın” tamaşası var idi. O tamaşanın final səhnəsində aktrisa inithar edir. Bir vaxtlar onu teatra buraxmayan rəhbər rejissor səhnənin önünə gələrək aktrisa üçün “O böyük sənətkar idi, Onun bu səhnədə böyük rolları var idi və s.” - deyərək sənətkara “hörmətini” bildirir. Və məşqinə davam edir. “Urvatınız” sənətiniz qədər kiçikdir. Xalqın nizam tərəzisi də hər zaman düz ölçür, xəbəriniz olsun. Bu gün siz onlara, sabah da onlar sizə.

# 5389 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #