Ayan Mirqasımova: “O, mənim əlimdən öpüb dedi ki...” – Müsahibə

Ayan Mirqasımova:  “O, mənim əlimdən öpüb dedi ki...” – Müsahibə
17 oktyabr 2022
# 09:00

Kulis.az Rus Dram Teatrının aktrisası, Xalq artisti Ayan Mirqasımova ilə müsahibəni təqdim edir.

Ayan Mirqasımova ilə müsahibə üçün söhbətə onların evlərində, kinoşəkillər, kitablar, royal olan məşhur otaqda başladıq. Bu otaq Oqtay Mirqasımovun, həm də onun qızı Ayanın müsahibə verdiyi otaq idi. Bu otağa gəlişim artıq üçüncü dəfə idi. Bir dəfə Oqtay müəllimlə, bir dəfə də Ayan xanımla söhbətləşmişdik burada. İndi üçüncü dəfə Ayan Mirqasımova yenə də mənim həmsöhbətim olacaqdı. Ancaq söhbətə ayaqüstü bizi salamlayan, yaşlanan, bir az da sınıxan Oqtay müəllimlə başlayırıq. Onun əynində olan bəyaz, yaxası işləməli kaftanına baxıb deyirəm:

­– Sizi Tolstoya oxşadıram. Pilləkənləri qalxanda, isə elə bildim ki, sanki filmlərinizin içərisindəyəm. Xüsusən də, “Günaydın mələyim” filmi...

Sevinir. Uşaq təbbəssümü ilə deyir:

– Doğrudan? Siz mənim filmlərimə baxmısınız? O film həm də Ayanın filmidir. Çünki orda benefis edir.

– Amma mən Ayan xanımı “Ovsunçu” filmindən sevmişəm...

– O, nə vaxtsa, balaca olanda, mənim qızım olub. Böyüyəndən sonra mən ona övlad, əzizim, ailə üzvüm kimi baxmıram. O, mənim məsləkdaşımdı.

– Bizimlə olan ötəm müsahibənizdə deyirsiniz ki, “Ovsunçu” filminin bir hissəsinin çəkilişlərində Ayan xanımın ifasından sonra vicdan əzabı çəkib ağlamısınız...

– Elədir. O filmdə Ayan o qədər əziyyət çəkir ki, çəkilişlərdən sonra öz-özümə dedim, tfu sənə kino, tfu sənə rejissorluq, mən övladımı hansı vəziyyətə salmışam ki, o qədər əzab çəkir.

Sonra Oqtay müəllim - mən sizə mane olmayım. Söhbətinizi edin deyib, başqa otağa keçir. Və mən ilk sualıma keçirəm

– Bizim çox korifey aktyorlarımız olub ki, onlar pedaqoji fəaliyyətlə məşğul olmaqdan qaçıblar. Buna artıq, əlavə iş kimi baxıblar. Siz pedaqoji fəailyyətlə məşğulsunuz. Universitetdə dərs deyirsiniz. Müəllimlik sənəti aktyora nə verir və ondan nələri alır?

– Bu bir az xarakterə bağlı məsələdir. Aktyorlar bir az özlərinə arxayın olmalı, güvənməlidir. Elə məşhur aktyorlar, solistlər var ki, onlar narsistdirlər. Buna görə də bu adamlar müəllim kimi işləyə bilmirlər. Onlara uşaqlarla ünsiyyət qurmaq çətindir. Mən universitetdə atamın yanında assisent kimi işləyərək müəllimliyi öyrənmişəm. Dörd il onun yanında oturub müşahidələr etmişəm, təcrübə qazanmışam. Onda mənim aktyor olmaq fikrim yox idi.

– Neçə yaşınız vardı?

– 33 yaşım vardı. Aradan on yeddi il keçib. Məni ştata da götürməmişdilər. Sadəcə atama kömək edirdim. Zaman keçdikcə, gördüm ki, məndə alınır. Sonra mənə kurs da verdilər, tələbələrlə ünsiyyət gözəl alındı, imtahanlar yaxşı keçdi. Tələbələrlə dərs maraqlı prosesdir.

– Nəyi maraqlıdır?

– Mənə nə keçilmişdisə, nə öyrənmişdimsə, hamısı yadıma düşdü. Stanislavski məktəbini yenidən oxudum. Birinci, ikinci kursda oxuduğum kitablara yenidən qayıtdım. Aktyorluq peşəsinə yeni baxışla yanaşdım. Kənardan bu peşəni izləməyə başladım. Yeni kəşflər etdim. Özüm də yeni şeylər yaratmağa başladım. Elə kurs var ki, onlar üçün klassik əsərlər vacibdir. Bəziləri isə baxıram ki, müasirliyə, modernliyə can atırlar.

– Bu gün sizin tələbələriniz yaradıcılıq baxımdan sizi qane edə bilirlər?

– Bir tələbəm məni təəccübləndirməyi bacarmışdı. O, Şeksprin “Necə xoşunuza gəlirsə” adlı pyesində Jak adlı qəhrəmanın məşhur “Dünya bir səhnədir” misrası ilə başlayan monoloqunu ifa edir. O, bu monoloq üzərində evdə işləmişdi. Əsərdəki digər obrazlar onun ailə üzvləri idilər. Onlar maska taxmışdılar və rollarını ifa edirdilər. Mən həmin tələbəmin rejissorluq qabiliyyətini dərhal hiss etdim. Çox maraqlı video rolik alınmışdı. Onda hiss etdim ki, istedadlı uşaqlarımız var, yetişir.

Birinci, ikinci kurslar çətindir. Çünki bu kökdür, bünövrədir. Uşaqlar daha çox Axundovun əsərlərini sevirlər. Fikir vermisinizsə, universitetlərdə tez-tez Axundovun yaradıcılığına müraciət olunur. Əsərləri səhnələşdirilir. Çünki o, çox istedadlı əsərlər yazıb, yumoru da güclü olub. Bu yumor uşaqların xoşuna gəlir. Həm də Axundov axı bizim özümüzündür, öz mədəniyyətimiz, öz tariximizdir. Ona görə də tez-tez İlyas Əfəndiyevin, Anarın əsərlərini də götürürəm. Çünki orda bizim xalqa məxsus duyğular, ailə münasibətləri var. Bunlar çox incə hisslərdi. Həm də onların əsərlərini müasirləşdirmək mümkündür. “Sən həmişə mənimləsən” pyesindəki Həsənzadə kimi adamlar bu gün də var. Baxmayın, dünyamızın bu cür korlanmasına, adamların cırlaşmasına. Vicdanlı adamlar yenə də var.

– Çox vaxt deyirlər ki, sənət adamlarının yaşantısı çox olduğundan onlar üçün insani hisslər bəzən arxa plana keçir, ambisiyalar hər şeyi qabaqlayır. Vicdanlı, sədaqətli olmaq sənət adamı üçün nə qədər əhəmiyyətlidir?

– Mən tez-tez tələbələrimə deyirəm ki, yaxşı insan peşəkarlıqdan daha üstündür. Mənəvi cəhətdən üstün, vicdanlı, humanist adamlar incəsənətdə daha irəli gedirlər, nəinki peşəkar insanlar. Elə rejissorlar, aktyorlar var ki, peşələrini çox yaxşı bilirlər. Bizim sənətimiz humanitar sahəni əhatə edir. Bu sözün kökü də humanizm sözündən yaranıb. Əgər sənət adamı humanizmdən, alicənablıqdan uzaqdırsa, o, hardasa dayanacaq, qabağa gedə bilməyəcək. Mən həyatda elə insanlar görmüşəm, müşahidə etmişəm. Paxıl, pis niyyətli, konflikt axtaran insanlar incəsənətin bütün sahələrində də olur. Tələbələrimə həmişə deyirəm ki, siz konflikti ifa edəcəyiniz etüddə, tamaşada axtarın. Çünki konflikt dramaturgiyanın əsasıdır. Mütləq olmalıdır ki, maraqlı olsun. Amma həyatda konflikt axtarmayın. Bu sizi geri salacaq, bütün enerjinizi alacaq. Bəzən fikir verirsiniz, rəssamların əsərlərində harmoniya olmur. Qırmızı, yaşıl, qara rənglər bir-birinə qarışır. Bax, bu həmin rəssamın içindəki eqonun, konfliktin göstəricisidir. Bu rəsm əsəri şedevr də ola bilər.

– Aktyorun belə bir şansı yoxdur. Aktyor məcburdu ki, bütün daxili yaşantı və eqosunu gizlədib, əsərdəki qəhrəmanı səhnədə canlandırsın...

– Mən Stanislavskini çox sevirəm. Həyatda nə qazanmışamsa, o sistemə borcluyam. Başqa məktəblərə də hörmətim var. Amma hamısı Stanislavski məktəbi üzərindən şaxələnib. O, özü də deyib ki, mən bu sistemi yaradıram, kim istəyirsə, davam etdirsin, şaxələndirsin. Həyatda həmişə bu sistemə arxalanmışam. Və onun sistemində bilirsiniz ki, əsas qaydalardan biri başqalaşmaqdır. Sözümü sizin bayaq verdiyiniz suala gətirirəm. Səhər valideyni rəhmətə gedən aktyor məcburdu ki, axşam çıxıb səhnədə xoşbəxt bir obrazı canlandırsın. Peşəkar aktyor başqalaşma texnikasını yaxşı bilir. Bu, aktyorda mexaniki şəkildə baş verir. Mənim başıma bir dəfə belə hadisə gəlib. Moskvada oxuyanda imtahan verməliydim. Çox gözəl bir etüd hazırlamışdım, Batalov mənimlə bu etüd üzərində bir neçə dəfə ciddi məşq keçirmişdi. Həmin ərəfədə babam rəhmətə getdi. Mən xəbəri eşidəndə, təbii ki, çox ağladım. Evə gələndə, mənə dedilər ki, Aleksey Batalov sənə zəng vurmuşdu, o, səni gözləyir. Getdim onun yanına. Batalov mənim əlimdən öpdü, dedi, qızım, bilirəm, ailəndə çox böyük faciə olub. Amma bizim sənətimiz çox qəddar sənətdir. Əgər səhnəyə çıxmalısansa, nə olur olsun gərək çıxasan. Səndən çox xahiş edirəm, imtahana gəl, biz “praqonları” edək və sən səhnəyə çıx. Mən onun dediyini təbii ki, etdim. Və o vaxtdan müəllimimin sözləri yadımda qaldı.

– Bildiyimə görə sizin aktrisa olmağınız sizdən çox atanızın arzusu olub. Doğrudur?

– Mən uşaqlıqda filmlərə çəkilirdim. Amma düz deyirsiniz, aktrisa olmağa o qədər də həvəsli deyildim. Bu mənim atamın arzusu idi. Ancaq Batalov Bakıya gəlib Moskvada oxumaq üçün tələbələr seçəndə məni də seçib apardı. Bu da bir taledi, bu da bir bəxtdir. Aktrisa olmaq çətin sənətdir. Biz daima göz önündəyik. Aktrisanın ailə qurması, bu ailəni saxlaya bilməsi çox çətindir. Amma atam uşaqlıqdan həmişə piano arxasına keçib mahnı çalırdı, mənə deyirdi, mahnı oxu, oyna, etüd göstər. Beləcə evdə balaca bir teatr yaradırdıq. Bacımın aktyorluqdan xoşu gəlmirdi. Ona görə də atamla mənim konsertim başlamazdan əvvəl o, deyirdi ki, mən ancaq çıxışları elan edəcəm (gülür). Baş rolda həmişə mən olurdum. Xüsusən də, evimizə qonaqlar gələndə, mütləq mən səhnəcik göstərməliydim.

– Utanmırdınız?

– Uşaqlıqdan məni elə öyrətmişdilər ki, heç nədən utanmaq lazım olmadığını bilirdim. Atam, anam həmişə deyirdi ki, utanmaq olmaz. Mən də bilirdim ki, qonaqlar yemək yeyəndən, çay içəndən sonra mütləq məni görmək istəyəcəklər. Qonaqlar da dünyanın ən məşhur rejissorları, ədəbiyyat adamları olurdular. Mən də anamın paltarlarını geyinirdim, atamın kinostudiyadan gətirdiyi şlyapanı taxırdım. O, şlyapa da “1001-ci qastrol” filmində istifadə olunmuşdu. Hazır olandan sonra onların qarşısında çıxışlar edirdim.

– Oynadığınız obrazlar yadınızdadır?

– Bir fransız müğənnini canlandırırdım. Fransız dilində tələffüzlər edirdim. Bu mənim xoşuma gəlirdi. Yaxşı ki, valideynlərim mənim bu bacarıqlarımı görüblər.

– Aktrisa olduğunuz üçün sonralar peşman olmadınız?

– Uşaq vaxtı yox, çünki onda şüursuz şəkildə bu sənəti sevirdim. Amma böyüyəndən sonra çox olmuşam. İlk dəfə “Təkcə adanı özünlə apara bilməzsən” filminə çəkilmişəm. O zaman mən çox xoşbəxt idim. Çünki məni ekspedisiya ilə buraxmışdılar. Biz orda maraqlı günlər yaşayırdıq. Həmin film o dövrdə çox məşhur olan “Elektronikanın məcaraları” filmini qabaqlayıb Qran-pri qazanmışdı. Sonralar da bu film çox mükafatlar aldı. Mən də düşünürdüm ki, elə həmişə belə olacaq (gülür).

Batalov həmişə bizə deyirdi ki, əgər aktyor uşaqlığını itirirsə, öz-özünə mən ustadam deyirsə, o zaman inkişafdan qalır. Ancaq əgər aktyor öz ifasından, istedadından şübhələnirsə, bu yaxşıdır.

Peşmançılıq isə sonradan gəlməyə başladı. Peşəkar aktrisa olandan sonra. Uşaq vaxtı hamı məni çox istəyirdi, deyirdilər sərbəstdir, özünü ifadə edə bilir, təbiidir və s. Ancaq aktyorluq sənəti ilə peşəkar formada rastlaşandan sonra anladım ki, bu peşədir və onun öz qanunları var. İncəsənət dəqiq elmlərə aid sahə deyil. Misalçün, bir film çəkilirsə, onun yaxşı və ya pis olacağını təyin edə bilməzsən. Aktyorluq sənətində heç nədən sığortalanmaq olmur. Ona görə də mütləq böyük məktəb keçmək, universitet təhsili almaq lazımdır.

– Bayaq Oqtay müəllim sizinlə olan iş birliyindən danışdı, peşmançılıqlarını dilə gətirdi. Bu mənada siz nə deyə bilərsiniz. Elə situasiya olubmu ki, mən atamı və yaxud da rejissor Oqtay Mirqasımovu incitdim kimi düşünəsiniz?

– Mən rejissorun qızıyam. Bizə əvvəldən belə tərbiyə veriblər. Rejissor kadrın sahibidir.

– Bunu qəbul etmisiniz?

– Bunu uşaqlıqdan bilirəm. Rejissor səhnənin də sahibidir. Ona görə də, rejissor nə deyirsə, baş üstə deyirəm. Hiss edəndə ki, iş prosesində nəyi isə düzgün etmirəm. O zaman çalışıram ki, rejissorun nə istədiyini tutum, yozumunu çatdıra bilim. Çünki hər bir rejissorun öz fikri, əqidəsi olur. Əgər aktrisa rolu özünə tərəf çəkmək istəyirsə, deməli o, rejissorun fikrindən uzaqlaşır. Bu isə düzgün proses deyil. Film, tamaşa böyük, kollektiv bir işdir.

– Aktyorları çarxın dişləri hesab etmək olar?

– Olar. Mən rejissorun fikrini çatdırıram. Mənim də öz mətbəxim var. Nələrsə təklif edə bilərəm. Amma bu da rejissorun razılığı ilə olmalıdı. Oqtay müəllimlə də elə işləyirdik. Mən təkliflərimi verirdim. Ya razılaşırdı, ya da deyirdi, olmaz, lazım deyil.

– Həm də təklifi əsaslandırmaq lazımdır...

– Düzdür. Mən rejissoru inandırmağı bacarmalıyam. Amma bütün hallarda əgər aktyor rejissoru istiqamətləndirirsə, o tamaşa, film alınmayacaq. Ona görə də mən heç vaxt atamla yaradıcı müstəvidə konfliktə girməmişəm.

– Bəs onun sizin atanız olması, doğmalıq işə mane olmayıb?

– Yox. Çünki biz çəkilişə gələndə, ata övlad münasibətindən çıxırıq. Amma açığı atamla ilk dəfə işlədiyim “Ovsunçu” filmində qorxurdum ki, ata-qız münasibəti işə təsir edər, mane olar. Lakin ilk çəkilişlərdən anladım ki, bizə heç nə mane olmayacaq.

– Bu sizin işə münasibətinizlə bağlı oldu, ya atanızın?

– Mən “Ovsunçu” filmindən qabaq “Özgə vaxt”, “Yuxu” filmlərinə çəkilmişəm. Xarici ölkə filmlərində də təcrübəm olub. Öyrəşmişəm çəkiliş prosesinə. Sanki bir kompyüter proqramından digərinə keçirəm. Motor deyiləndə, mənim üçün hər şey evdə qalır. Sizə deyim ki, atamla iş prosesi də maraqlıdır. O, assosasiyanı aktyora hiss etdirir. Atam heç vaxt aktyora rolu göstərmir, onun psixologiyasına təsir edir.

– “Günaydın mələyim” filmində siz aktrisa rolundasınız. Orada bir səhnə var, siz bir neçə obrazı canlandırırsınız. Çoxları elə düşünür ki, Oqtay müəllim o səhnəni məhz sizin aktrisalıq potensialınızı göstərmək üçün çəkib?

– O filmdə mən şəhid xanımını canlandırıram. Sənətim də həkim, ya da müəllim olmalı idi. Oqtay müəllim isə istəyirdi ki, film daha təmtəraqlı, həm də daha geniş tamaşaçı auditoriyasına hesablanmış olsun. Ona görə də filmin baş qəhrəmanı aktrisa oldu. Hamı da deyirdi ki, Oqtay müəllim öz qızı haqqında film çəkib. Amma elə deyil (gülür). Filmdəki Mədinə obrazı çox ideal obrazdır. Mən o xanım qədər ideal deyiləm. Bu, sırf Oqtay müəllimin yaradıcılığıdır. O, həmişə deyir ki, mən ssenari yazanda bütün qəhrəmanları içimdən keçirirəm.

– Sizin haqqınızda daha çox belə deyirlər. Siması çox kədərlidir. Sizcə nə qədər haqlıdırlar?

– İtaliyada meydan teatrında dörd qəhrəman olur. Mən onlardan Pieorayam. Yupkalı Piero. Çünki rejissorlardan biri mənim yüngülvari xətrimə dəysin, o dəqiqə Piero kimi büzülüb ağlayacam. Hüseyn Mehdiyev “Özgə vaxt” filmini çəkəndə mənə dedi, sən çox incə, zərif qızsan. Uşaqlıqdan beləyəm. Ona görə də məndə faciə, meoldram janrında rollar daha maraqlı alınır. Bu temprament xasiyyətimlə bağlıdır. Amma sizə deyim ki, çox çətin olur belə yaşamaq. Hər şeyi ürəyimə salıram, şübhə edirəm. Mən iradəli insan deyiləm. Özüm haqqında iradəli, güclü qadın sözlərini deyə bilmərəm. Zəif də deyiləm. Amma həmişə güzəştə gedirəm. Qızıma, anama, atama, hamıya güzəşt edirəm. Özümə psixoloq kimi yanaşıram, situasiyaları təhlil edirəm, vəziyyətlə barışıram. Bir də ki, mənə görə adamlar günahkar deyillər. Baş verən hər situasiya, hadisə insanın taleyi və alın yazısıdır. Əgər kimsə düşünürsə ki, onun ölümündə bir cəllad günahkardı. Elə deyil. Həmin cəllad olmasaydı, başqa cəllad gəlib baş kəsəcəkdi. İnsan özü yaşamalı, baş verən hadisələrdən keçməlidir.

– Dinə münasibətiniz necədir?

– Mən müsəlmanam. Və mənə belə gəlir ki, insan hər zaman Allahdan razı olmalıdır. Dahi insanların həyatına göz gəzdirəndə, onların faciəsini biləndə, allaha şükür edirəm. II Nikolayın, Nəsiminin, Müşfiqin taleyini yadıma salanda Allaha min dəfə şükür edirəm. İnsanlar başqalarına, talelərinə, həyata qarşı dözümlü, səbrli olmağı bacarmalıdılar. Bu bir az da dinlə bağlı məsələdir. Allaha inanan insanam. Heç vaxt Allahın varlığına şübhə ilə yanaşmamışam. Hər dində Allahın adı müxtəlif cür səslənir. Ümumiləşdirəndə belə deyə bilərəm ki, insan həyatında ali zəkanın varlığına inanıram.

– “Məkanın melodiyası” filmi tamaşaçıya çox ağır təsir edən filmlərdən biridir. Sizin ordakı rolunuz da çətindir. Bir az istərdim o film haqqında, çəkiliş prosesi barədə danışasınız...

– Bu film dörd ay ərzində çəkilib. Əsas çəkilişlər kinostudiyanın pavliyonunda gedib. Filmdə atamı canlandıran Əlləddin Abbasovun rolu, rolun ideyası, ana xətti məlum idi. Ona görə də çəkilişlər yubanmırdı. Filmin büdcəsi də çox az idi. Ancaq dediyim kimi pavliyonda çəkilirdi. Bir neçə paltar mən geyinirdim, bir neçəsini də Əlləddin müəllim. Biz İspaniyada festivalda olanda filmin büdcəsini öyrənən jüri üzvləri təəccübdən donub qalmışdı. Hamı elə bilirdi ki, bu büdcə və qısa müddətə çəkilən film adi filmdir. Amma gözlənilənin əksinə oldu. Film çox böyük uğur qazandı, nəticələr yaxşı oldu. O vaxtlar kompyuter qrafikası yox idi. Filmdə texniki məsələlərin çox əllə işlənmişdi.

– Filmin əsas iki qəhrəmanı vardı. Əlləddin Abbasov və siz. Bu tandem necə alınırdı?

– Filmin mövzusu çox sakral idi. Filmdə bir hissə var, atamı xəstəxanaya aparırlar. Orda mən son məqamda deyirəm ki, yox, atamı xəstəxanaya aparmayın. Onda gördüm ki, Əlləddin Abbasovun gözündən yaş gəlir. Mən özüm filmin ssenarisini ilk dəfə oxuyanda, ağladım. İkinci dəfə oxuyanda da, ağladım. Üçüncü dəfə də eyni hal baş verdi. Ssenari mənə çox təsir elədi. Filmə məndən başqa bir neçə qız da sınaq çəkilişi üçün dəvət olunmuşdu. Amma ssenarini biləndən sonra Hüseyn müəllimə dedim, nə olar, mən çox istəyirəm bu filmə çəkilim. Mən hamıdan yaxşı oynayaram, sizə söz verirəm. Bu filmə çəkilməsəm, ölərəm, nə olar, məni çəkin (gülür). Ona görə də filmin çəkilişləri olan zaman çox təhlilə ehtiyac qalmırdı. Hamı bilirdi ki, söhbət nədən gedir.

Bilirsiniz, elə əsərlər var ki, onların ideyası hər şeyi həll edir. Çexovun “Çayka” pyesini, Şeksprin əsərlərini kimi səhnəyə qoyur-qoysun. O tamaşalar mütləq yaxşı alınacaq. Bu əsərlər istənilən aktyoru çəkib aparır. Misalçün, mən Şeksprin “On ikinci gecə və ya hər nə istəsəniz” tamaşasında Olivya rolunu ifa etmişəm. Hamı deyirdi, niyə o rolu Ayana veriblər? Axı Ayan o qədər də gözəl deyil. Bu rolu 1975-ci ildə Moskvada Anastasiya Vertinskaya oynamışdı. Bu rola ən gözəl aktrisaları götürürlər. Qrimyor bu tamaşa zamanı qrim üzərində işləməyə başladı. Ancaq sonra o, mənə dedi ki, Ayan, qrim səni öldürür. Sən bu rolu enerjinlə oynamalısan. Ondan sonra mən başa düşdüm ki, özümü gözəllərin gözəli olmağa inandırmalıyam. Vəssalam. Bu mənim üçün çətin idi. Amma inandım. Tamaşadan sonra tələbələrim gəlib dedilər ki, Ayan xanım, siz necə gözəlsiniz (gülür). Ümumiyyətlə, mənə elə gəlir ki, Şeksprin əsərlərini modernləşdirmək lazım deyil. Onlar klassik formada qalmalıdırlar. Bu yaxınlarda “Romeo və Juliyyet” tamaşasının modern quruluşuna baxdım və bəyənmədim. Mən akademik janrları çox sevirəm. Rejissor götürdüyü əsərin janrını çox yaxşı bilməlidir. Əsər absurd janrdadırsa, bunu bilmədən səhnələşdirmək olmaz.

– Rus Dram teatrında “Mərasim” tamaşası absurd janrda idi. Xoşunuza gəldi?

– O tamaşada fasilə zonaları çox xoşuma gəldi. Bu fasilələri aktyorların saxlaması, yaratması, qurğu yaxşı idi. Çünki indiki zəmanədə aktyorlara pauzalarla, fasilələrlə oynamağa imkan vermirlər. Deyirlər, vaxt gedir, tamaşaçılar çıxıb gedəcək və.s. Amma o tamaşada fasilələr dolu idi. Tamaşada Fəxrəddin Manafovun rolunu çox bəyəndim. Gənclər də çox yaxşı idi, amma Manafov məni təəccübləndirdi.

– Evinizdə çoxlu kitablar var. Kimləri oxuyursunuz?

– Mənim anam da, bacım da filoluqdular. Bacım uşaqlıqdan kitab oxuyurdu. Mən isə yox. Musiqi, xoreqrafiya üzrə daha çox vaxt keçirirdim. Amma dördüncü sinifdən sonra anam mənə təsir etməyə başladı. İlk oxuduğum kitab da Aleksandr Dümanın “Üç muşketyor” romanı olub. O roman xoşuma gəldi, anama dedim, bəs sonra nə oxuyum? Sonra artıq Bayron, Balzak, rus yazıçılarının əsərləri gəldi. Əsas mütaliə dövrü altıncı sinifdən başladı. Teymurçin müəllimin həyat yoldaşı Səlimə xanım mənim ədəbiyyat müəllimim olmuşdu. O, da məni çox yaxşı istiqamətləndirdi. VQİK-də oxuyan zaman filmlərə baxmağa başladım. O zaman artıq filmlər əsasında çəkilən əsərləri oxumağa başladım. Cek Londonun, Heminqueyin əsərlərini oxuduğumu xatırlayıram.

– Ən çox sevdiyiniz əsər hansıdır?

– Heminqueyin “Qoca və dəniz” əsəri ən sevdiyim əsərdi. Amerika ədəbiyyatını da çox sevirəm. Rus Dram Teatrına gələndə, artıq rus ədəbiyyatı ilə tanış oldum. “Hərb və sülh” filminə baxdım, əsərini sonra oxudum.

– "Sakit Don"?

– Yox, onun filminə baxdım, amma əsəri oxumamışam. Çox arzulayıram oxumağı. Müəyyən yaş dövründən sonra artıq fəlsəfi əsərlərə meyl etdim. Bu kimik, bu dünyaya niyə gəlmişik, niyə yaşayırıq kimi sualları əsərlərdə, yazıçıların, şairlərin əsərlərində axtarmağa başladım. Nəsimini oxudum. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin mahiyyətini anlamağa çalışdım.

– Gördünüz ki, onlar da axtarır...

– Gördüm hamı axtarır (gülür). Cəlaləddin Rumi haqqında bir kitab oxudum, o da çox təsir etmişdi mənə. Onun sufiliyə keçidinin üç mərhələsi (şəriət, həqiqət, məhəbbət) ilə tanış oldum. Nəsimi də böyük sufi olub. Amma dünyagörüşünə, fikirlərinə görə onu bağışlamadılar.

– Məhəbbət yaradıcı insanın həyatında nə kimi rol oynayır?

– Çox rol oynayır. Məhəbbət incəsənət adamlarının mühərrikidi. Məhəbbətsiz yaşamaq olmaz. Məhəbbətsiz insan yaradıcı insan ola bilməz. Məhəbbət insanın nəhəng xeyirxahlığıdır. Mən hərdən qızımdan soruşuram ki, sevgi nədir? Bəzən adamlar deyirlər ki, uşaqlarla çox açıq danışmaq, sevgidən bəhs etmək olmaz. Amma mən bunun əleyhinəyəm. Mən uşağımı ona görə böyüdürəm ki, gələcəkdə kimsə mənə bir stəkan su versin. Atamın, anamın sevgisini qazanmışam, sevmişəm, sevilmişəm. Yaşadığım kainata bu sevgini paylamalıyam, öz borcumu qaytarmalıyam. Uşaqlarımızı eqoist böyütməməliyik. Onları bu dünyaya gətirmişik ki, xoşbəxt olsunlar. İndiki uşaqlar çox praktikdirlər. Onlarla məhəbbətdən danışmaq olmur. Məhəbbət onlar üçün dəbdən düşüb. Bizə köhnə adamlar kimi baxırlar, ironiya ilə yanaşırlar. Ancaq nə qədər ki Yer kürəsi var, insanlar yaşayır, məhəbbət də həmişə olacaq.

– Bəzən deyirlər ki, səhnə müqəddəs yalandır. Bu fikirlə razısınız?

– Səhnə real olmayan dünyadır. Kulisdən səhnəyə bir addım yol var. O bir addım yol bizi real dünyadan ayırıb tamam başqa kənar bir dünyaya atır. Həmin kənar dünya səhnədir. Xəstə adamlar, qızdırması olan aktyorlar səhnəyə çıxanda sağalırlar. Çünki səhnədə var olmaq gözəldi. Elə adamlar var ki, özlərini real həyatda tapa bilirlər. Ancaq bəzi insanlar da real olmayan həyatda, yəni səhnədə daha rahat olurlar. Özlərini tapa bilirlər. Gerçək həyat var olmaq istəyib ola bilməyən adamlar səhnədə olmaq istədikləri kimi ola bilirlər.

– Rolların yaşantısından xilas ola bilirsiniz?

– Onlar bəzən biz aktyorların həyatına təsir edirlər. Peşəkar aktyorlar bu təsirlərdən çıxırlar. Mən eyni vaxtda bir tamaşada oynaya bilirəm. Həm filmdə, həm tamaşada oynaya bilmərəm. Çünki mən obraza girməliyəm. Meditasiyadan istifadə etməliyəm. Obrazlardan çıxmaq çətindir. Mən eşitmişəm ki, bəzi aktyorların bu barədə sonradan problemləri olur. Əslində biz bu ekspermentlər vasitəsi ilə öz qəlbimizlə məzələnirik, əsəblərimizlə oynayırıq (gülür). Misalçün, mən Dostoyevskinin “Karamazov qardaşları” tamaşasında baş rolda deyildim, dörd şəkildə oynayırdım. Amma tamaşanın sonundakı məhkəmə səhnəsi məni öldürür. Evə gələndən sonra bütün günü yatıram. Elə bil ki, məni döyürlər. Dahi dramaturqların əsərlərində iştirak etmək çətindir.

– İnsan nə zaman xoşbəxtliyini itirir?

– Ümid tükənəndə, inam itəndə, məhəbbət yox olanda xoşbəxtlik də bitir. Bəzi adamlar deyir ki, xəyanət məni bədbəxt etdi. Xəyanət nədir ki? İsa peyğəmbəri ən yaxın dostu, tələbəsi onu satır. Özü də öpüşlə satır. Və yaxud da Habil və Qabil rəvayəti xəyanətin göstəricisidir. Ona görə də ümid, sədaqət, sevgi insan həyatı üçün xoşbəxtlikdir.

# 8874 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #