Aşıq Şəmşirin oğlu: “Dədəm professorun üstünə bıçaq çəkdi” – Müsahibə

Aşıq Şəmşirin oğlu: “Dədəm professorun üstünə bıçaq çəkdi” – Müsahibə
10 fevral 2019
# 20:55

Bu gün Aşıq Şəmşirin anım günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən aşığın oğlu Qənbər Şəmşiroğlu ilə müsahibəni təkrar təqdim edir.

- Ənənəvi sualımız belədir: layihəyə dəvət olunanda atanızla bağlı ilk yadınıza düşən nə oldu?

- Mən Aşıq Şəmşirlə bağlı kitablar yazmışam: “Aşıq Şəmşir yaddaşımda”, “Axtarıb Şəmşiri görmək istəsən” və başqaları. Bu kitablarda, demək olar ki, ən yaddaqalan xatirələrim yer alıb. Nə istəsəniz orda tapa bilərsiniz.

- Bildim. Ancaq bizim layihədə nəyinsə təkrar xatırlanması problem deyil. Həm də etiraf edək ki, kitabların tirajlı çox deyil...

- Elədir. Əvvəla, Aşıq Şəmşiri yada saldığınız üçünü sizə minnətdarlığımı bildirirəm. Ataların bir misalı var: bulaq gözünü kor istəmız. İstəyər ki, həmişə suyu axsın, çağlasın. Mən də o ocağın övladıyamsa dədəm haqqında ömrüm boyu danışmağa, nələrisə xatırlamağa məmnuniyyətlə hazıram. Gözümü açıb dədəmi el-oba üçün qayğılı bir adam görmüşəm. Həm də etiqadlı adam idi. Çünki rəhmətlik Qurban babam dövrünün savadlı şəxslərindən idi...

- Aşıq Ələsgərlə də kirvə olublar, mən bilən.

- Kirvəlikdən əlavə, həm də qardaş kimi olublar. Baxmayaraq ki, aralarda yaş fərqi çox olub. Hardasa 40 yaş... Qurban babam Dədə Ələsgərin oğlu Bəşirlə molla məktəbində bir oxuyub.

- Dədə Şəmşir də Ələsgəri görüb...

- Görüb, görüb. Bu barədə də yazmışam. Bir günləri, rəhmətlik akademikimiz Əziz Mirəhmədovdu, mənəm, gəlirik Əziz müəllim gilə. Əziz Mirəhmədovun həyat yoldaşı Həlimə xanım aşıq yaradıcılığı ilə məşğul idi. Üzeyir Hacıbəyovun tələbəsi olmuşdu. Dədəmin ifasında havaların çoxunu o lentə aldırıb. Əziz müəllim özü də dədəmin Aşıq Ələsgərlə bağlı xatirələrini yığırdı. Hə, demək, gəlirik, indiki Fəvvarələr bağında, adını deməyəcəm, bir professorla qarşılaşdıq. Əziz müəllim tanış edəndə dədəmi tanıdı. Dedi, sən Aşıq Ələsgəri görmüsən? Dədəm dedi, mən evimizdə onun qabağına dəfələrlə çay qoymuşam, atının yedəyini tutmuşam, yaxşı xatırlayıram. 18-ci ildə Kəlbəcərə qaçqın gələndə də yadımdadı. Qamışkənddəki dəyirmanda işləyirdi.

- Arvadı Anaxanım da Kəlbəcərlidi...

- Hə, Yanşaq kəndindən idi rəhmətlik. Professor dədəmdən soruşdu ki, de görüm, Ələsgər savadlı idi, yoxsa savadsız. Dədəm dedi, o, akademik idi! Xalq akademiyasını qurtarmışdı, indiki əldəqayırma akademiklərdən deyildi, amma yazıb-oxumaq bilmirdi. Professor, Əziz müəllimə gileyləndi: “Mən bu aşıq tayfasını anlamadım də, deyəsən çox qanmaz olurlar! Akademik hara, yazı-pozu bilməmək hara” Dədəmin də cibində həmişə uzun bir kərənti bıçağı olurdu. Əlini atıb çıxartdı ki, koppayoğlu, qanmaz sənin dədəndi! İndi Əziz müəllim qalıb dədəmlə professorun arasında (gülür). Mən də tərpənmirəm. Professor Əziz müəllimin ətrafını fır-fır fırlanır, dədəm də dalınca (yenə gülür). Axırda mən dədəmi sakitləşdirdim.

- İlk kitabını Səməd Vurğun buraxmaq istəyib...

- Hə, Kəlbəcərdəki o məşhur görüşdən sonra, dedi, yazılarını yığ gətir. 55-ci ildə dədəmin bir çamadan əlyazmasını götürüb gəldik Bakıya. Səməd Vurğun lazımı yerlərə tapşırdı, dedi, 20 çap vərəqi buraxılsın, ardına baxarıq. Ondan sonra Səməd getdi müalicəyə və ağırlaşdı, dünyasını dəyişdi. Həmin kitabın çıxmasından ötrü dədəmin canını boğazına yığdılar. Amma axır ki, çıxdı.

- Aşıqlarda bir ənənə var, qadınlarına zarafatyana şeirlər yazırlar. Aşıq Şəmşir də yazıb. Bir az Güllü nənəylə münasibətlərindən danışmağınızı istərdim.

- Dədəm ucaboy, yaraşıqlı kişi idi. Üstəlik, məşhur, istedadlı... Yəni istəsə sevənləri çox olardı. O, həyatda da, şeirlərində də qadın-kişi münasibətində əxlaqı həmişə gözləyib. Amma sən deyənlər də var. Bir dəfə anamla aralarında nə olubsa, belə bir şeir yazmışdı:

Arvad sarsaqlama vaxtım keçibdi,
Özgə bağçasından bar axtarmıram.
Sən mənimsən, mən də sənin ölüncə,
Düşünüb bir qeyri yar axtarmıram.

- Qohumdular...

- Qohumdular, hə. Anamın adı Güllü idi, ama dədəm ona Güllər deyirdi. Çoxlu şeirləri var. Qohum olsalar da şeirlərindən hiss olunur ki, arada sevgi də varmış. Çox mehriban idilər. Sevgisiz elə mehribanlıq olmazdı.

- Aşıq Şəmşirin axı bir istəklisi də olub, eşitdiyim qədərilə...

- Ola bilsin ki, olub.

- Biri öləndə qəbrinin üstünə gəlib, ağlayırmış...

- Vardı elə bir qadın. Bu ayrı məsələdi. Sən düşündüyün kimi deyil. Dədəm özü mənə etiraf edib. Onunla elə yaxın dost olmuşam ki, məndən heç nə gizləməyib. Özü də mənə həmişə hörmətlə Qənbər müəllim deyə müraciət edərdi. Baxmayaraq ki, həm də çox sərt xasiyyəti vardı. Xoşuna gəlməyən, xətrinə dəyən sözə çox pis reaksiya verirdi. Xüsusilə tərbiyəsiz, nalayiq hərəkətdən xoşu gəlməzdi.

- Sizə əl qaldırıb heç?

- Bir dəfə kərkinin sapıyla başıma vurub (gülür). O həm də yaxşı sənətkar idi. Saz da bağlaya bilirdi. Təmir də edirdi sazı. Bir dəfə birini o qədər yonmuşdu ki, axırda mən dilə gəldim, dedim, zayı çıxacaq. İstədiyi səsi axtarırdı, ona görə. Bir gün yaylaqdan kəndə gedirdi, əlində də kərki, mən də dalınca düşdüm, nə qədər dedi, qayıt, qayıtmadım, vurdu kərkinin sapıyla, ağlaya-ağlaya anamın yanına qaçdım.

- Güllü nənəylə dalaşmırdı heç?

- Ay tövbə!

- İçki-filan da içməyib, mən bilən.

- İçməzdi. Namaz qılardı. Mən 7-ci sinfə qədər dədəmin yanında dayanıb namaz qılmışam.

- Quran varıydı evinizdə?

- Varıydı. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev Tiflisdə Quranın iki cildlik Azərbaycanca təfsirini çap elətdirmişdi. Bax o nəşrlər vardı bizdə. Qaldı Kəlbəcərdə. Mən Quranı ordan oxumuşdum. Dədəmsə Quranı əzbər bilirdi.

- Aşıq Şəmşirin sizə etirafında qaldıq, bayaq...

- Rəhmətlik Məmməd Aslanla zarafatımız vardı, deyirdi, Dədə Şəmşir cavanlığında o gözəl qızlarda tutar qoymayıb. Dedim, mənə and içib, deyib, oğul, bir Allah şahiddi ki, sənin anandan başqa ikinci bir qadınla münasibəti olmayıb.

- Bəs o ağlayan qadın?

- Deyəcəm. Adı Sənəm idi o arvadın. Biz də ona ana kimi baxırdıq. Böyüyəndə bildik ki, dədəmin sevgilisi olub. Dədəmdən onu da soruşdum. Dedim, bəs, deyirsən başqa qadın olmayıb, bu Sənəm kimdir? Dedi, Sənəm mənim ilahi sevgimdir.

- Sənəm ailə qurmuşdu?

- Hə, qonşu idik. Uşaqlarıyla da münasibətimiz yaxşı idi. Bir-birimizə əmioğlu deyirdik.

- Gözəl qadın idi?

- Çox. Həm də namuslu qadın idi. Onun haqqında əyri bir söz eşitmədim, adamın üstündə allah var.

- Laçın-Kəlbəcər oğruları da Dədə Şəmşiri eşidirdilər. Dalınca düşdüyü mal-heyvanı qaytarırdılar. O da heç kimi satmırdı hökumətə...

- Hə. Satsaydı ağsaqqalıq olmazdı ki. Deyirdi, hökumət də mənəm, dövlət də. Neçə dəfə qan barışdırmışdı.

- Hətta ermənilər də eşidiblər onu...

- Bir erməni qızını Ağdərənin Həsənizli kəndində sazla müalicə etmişdi. Allah şeytana lənət eləsin, o vaxt ermənilərlə bizim camaat bir-biri çox yaxşı başa düşürdülər. Dədəm, özü deyir, atası çağırdı, gəldim ki, qızı havalanıb. Deyir, bir “Əsli və Kərəm” dastanı başladım, Kərəmlə Əslinin yanma səhnəsini danışanda qız ağladı, ayıldı. Bir başqa erməni qızını da bu cür ağladıb ayıltmışdı.

- Siz böyük övladsınız?

- Məndən böyük bacılarım var.

- Ona ilk dəfə kim “Dədə” deyib?

- Biz gözümüzü açıb elə dədə görmüşük də onu.

- Konkret bu müraciətdən danışıram.

- “Ay Dədə Şəmşir” ifadəsini ilk dəfə şeirdə mərhum şairimiz, Hüseyn Kürdoğlu işlədib, ondan sonra dilə-ağıza düşdü. 1964-cü ildə “Ay Dədə Şəmşir” rədifli şeir yazmışdı. Mətbuatda da çıxdı. Ondan sonra şairlər, yazıçılar bu sözü işlətməyə başladılar.

- Ədəbiyyat tarixində üç Dədə var... Dədə Qorqud, Dədə Ələsgər, bir də Dədə Şəmşir... Sizcə nə idi bu Dədəlik? Aşıq Şəmşiri Dədə edən nə idi?

- Bir qadın vardı, əri müharibəyə getmişdi, 7 uşaq qalmışdı yedəyində. Dilsiz-ağızsız da bir qadın idi. Gəldi evimizə ki, uşaqlar acından batır. Dədəm bir xurcun saldı çiyninə, getdi kəndin xırmanında oturdu, dedi, kimin imkanı var bu ailəyə kömək eləsin. Hərə bir qab taxıl gətirdi, o ailəni acından batmağa qoymadılar. Yəni, dədəm belə dədə olub. Neçə təmənnası kasıb toyu elədi, qan barışdırdı, elçiliklərə getdi... Əhvalat çoxdu, danışmaqla, yazmaqla qurtarmaz.

- Yaddaşınıza güvənib bu sualı da verirəm: Aşıq Şəmşirlə son söhbətinizi necə xatırlayırsınız? Nədən danışdınız, sizə nə dedi?

- 1977-ci ilin iyun ayında dədəmi Bakıya əməliyyata gətirdim. Bundan sonra bir neçə il yaşadı. Rayonda evim vardı. Nə qədər eləyirdim qalmırdı. Deyirdi, məni Güllüdən ayırma. Təsərrüfatla da məşğul olurdu. Dədəmi ən ağır günündə Kəlbəcərdə apardım, özüm Mərkəzi Komitənin çağırışı ilə Bakıya gəldim. Burda eşitdim ki, vəziyyəti lap ağırlaşıb. Mən qayıtdım ki, Kəlbəcərdə xəstəxanadadır. Güllü nənəm də yanında. Dedi, mən gedirəm, qaytar məni Ağdabana, anana demişəm, məni harda basdıracaqsız. Özü öz diliylə demədi mənə. Onu özümə bağışlaya bilmirəm ki, gecə saat 3-ün yarısında onu qoyub evə yatmağa getdim, çox yorğun idim. Səhər saat 6-da məni təzədən çağırdılar. Yenə dedi ki, Ağdabana aparın məni. Dedim, dədə, narahat olma, çıxmayan cana ümid çoxdu, möhkəm ol. Bizə - Kəlbəcərdəki hökumət evinə gəldik, son anda dedi, məni dikəldin. Dikəltdik. Qələm-dəftər istədi. Gətirdik. İki misra yazdı:

Çox əziyyət verdim qoy bağışlasın,
Bir saatlıq qonağıyam Güllünün.

Və düz bir saatın tamamında canını tapşırdı.

- Vəsiyyətinə necə əməl elədiniz?

- Anam dedi, dədən Ağdabandakı evimizin qabağındakı alma ağacının altını vəsiyyət eləyib. Aşağısı uşaq qəbiristanlığı idi. Uşaqları ayrı basdırırdılar bizdə. Axşamdan bərk qar yağmışdı, amma səhər elə bir gün çıxdı ki...

- Sənəm arvad də gəlibmiş dəfnə...

- Hə, heç mən görmürdüm, Məmməd Aslan dedi ki, o qadın niyə orda durub? Baxdım ki, Sənəm arvaddı, bir az aralıdakı palıd ağacının altında durub, tamaşa eləyir... İrəli gəlmək istəmir...

Düz dədəmin 40-ı günü Sənəm arvad da rəhmətə getdi.

- Qənbər müəllim, deyirlər, adamın imkanı yaxşı olanda, günü xoş keçəndə vətən o qədər də yada düşmür.

- Bunu səhv deyirlər. Şəxsən mən elə gün, hətta elə saat olmur ki, Kəlbəcəri, Ağdabanı, dədəmi xatırlamayım. İnsan o cür zəngin bir dünyanı necə unuda bilər? Əgər unutsaydım o kitabları necə yazardım?

- Mən də müsahibə üçün sizə təşəkkürmü bildirirəm.

- Çox sağ olun.

2015

# 11159 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #