Ağdamın sirr dolu İmarəti: Xanların türbələrində nə gizlənib?

Ağdamın sirr dolu İmarəti: Xanların türbələrində nə gizlənib?
30 dekabr 2023
# 14:34

Kulis.az APA-ya istinadən Mirmehdi Ağaoğlunun yeni yazısını təqdim edir.

İlk dəfə bu yolla getməyim elə uzaq tarix deyil ki, unudum. Hər şey xatirimdədi. Cəmi 1105 gün keçib, yaxud 3 il, 10 gün. Onda avtomobilimiz Ağdamın Evoğlu postunda yoxlanışından sonra yenicə düşmənin 27 illik işğalından azad edilmiş Ağdam torpaqlarına təkər basdı. Ehtiyatla, çala-çuxurlu, iki maşının güclə sığdığı, asfaltı didilmiş yolla düşmənin atıb qaçdığı postları keçdi. Bir də gördük xarabalıqların içindəyik. Düşmənin güvə kimi Vətən paltarımıza daraşıb dağıtdığı Ağdam şəhərinin içində... Qalanı? Qalanını hamımız bilirik.

1105 gün

İndi 1105 gün - 3 il 10 gün sonra avtobusumuz təzədən eyni marşrutla hərəkət edir. Bu dəfə yenicə açılışı olmuş şüşə kimi dümdüz, su üzü kimi saya Bərdə-Ağdam magistral avtomobil yolu ilə. Yanı ilə də avtomagistralla yarışırmış kimi uzanan Ağdam-Xankəndi dəmir yolu.

Bir azdan avtomobilimiz sürətini azaldaraq magistraldan burulur, kələ-kötür yollarla Ağdam şəhərinə daxil olur. Kələ-kötür ona görə ki, buralar indi nəhəng tikinti meydançasıdır. Ətrafımız hər cür inşaat avtomobilləri ilə qaynayır: biri torpaq kürəyir, digəri beton tökür, o birinə yük vurulur.

Bura mənim üç il qabaq gördüyüm evləri dağıdılmış, binaları tar-mar edilmiş, həyətlərinin yaşılı sovrulmuş Ağdam deyil. Bura indi başqa Ağdamdır. Pəhləvan ayaqlarını doğma torpağa möhkəm basıb əzmlə dirçələn Ağdam. Yanından keçdiyimiz beton binalar, müxtəlif təyinatlı obyektlər açığı bilmədim ən müasir üsullarla inşa edildiklərindənmi, yoxsa sevincdəmi xüsusi ədayla bizə tamaşa edir. Bəli, səhv eşitmədiniz. Bu dəfə biz yox, məhz binalar bizə tamaşa edir, toyda hamıya öz gözəlliyini nümayiş etdiribən süzən sonalar təki, olduqları yerdən məmnun, duruşları ilə müqtədir.

Bu yeni inşa olunan binaların arasında isə üç əsr əvvəldən bizi haraylayan, ömrünə saysız savaşlarla yanaşı Qarabağ müharibəsi də yazılmış İmarət kompleksi gözləyir. Əl edib uzaqdan bizi çağırır.

İmarəti ziyarət

Tarixi abidəni bu nəhəng quruculuq həngaməsindən, sabahın müasir beton binalarından çay daşlarından hörülmüş hasar ayırır. Bəli, bura Qarabağın ilk xanı Pənahəli xanın tikdirdiyi İmarət kompleksidir.

Hə, onu deyirdim axı, üç il əvvəl biz “APA MEDİA GROUP”un əməkdaşları kimi müharibədən 47 gün sonra işğaldan azad edilmiş ərazilərə ilk səfər edən jurnalistlərdən olaraq Ağdama gələndə aralıdan İmarətin günbəzini görmüşdük. Onda İmarətə yavuq getmək, vəziyyətini yaxından yoxlamaq istəsək də, bizi müşayiət edən səlahiyyətli şəxslər ərazinin minadan təmizlənmədiyini söyləmişdilər. Onun üçün İmarətə baş çəkmək bəndənizə bir də 2021-ci ilin fevral ayında nəsib olmuşdu. Həmən vaxt bu tarixi abidə, ətrafındakı türbələr bizdən, öz halal sahiblərindən imdad dilərcəsinə qalaq-qalaq zibilin, üfunətin içindən boylanırdı. Adamın dili gəlmir deməyə, ermənilər, əlbəttə acığa, qəsdən Qarabağ xanlığının əsasını qoyan kişinin türbəsində və ümumilikdə əksər qəbirlərinin üzərində Allah kəlamlarının həkk olunduğu ərazidə donuz saxlamışdılar... Böyük bir məyusluqla ayrılmışdıq o zaman İmarətdən.

Və üç il sonra biz yenidən buradayıq - Pənahəli xanın İmarət kompleksində. O zaman gördüyümüz kəsafətdən, çirkdən, pasdan əsər-əlamət qalmayıb. Artıq tikililərin bir çoxu ağardılıb, ərazi zibildən, tullantıdan, peyindən təmizlənib.

Bu dəfə məni tarix üzrə fəlsəfə elmləri doktoru Bayram Quliyev də müşayiət edir. Onunla birlikdə tariximizin bu qaranlıq məqamlarına işıq tutacaq, çox sirləri faş edəcəyik.

***

Bəli, artıq buradayıq – İmarətdə. Əvvəlcə ondan başlayım ki, dövlət başçısının tapşırığından sonra İmarət kompleksində qızğın təmir-bərpa işləri aparılır. Hazırda da ustalar əsas tikilinin yan divarının bərpası ilə məşğuldurlar.

Təmirlə yanaşı, kompleksin ərazisində Mədəniyyət Nazirliyinin sifarişi əsasında Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə bu ilin əvvəlindən aparılan arxeoloji qazıntılar yekunlaşmaq üzrədir. Ələlxüsus türbələrin olduğu ərazilərdə, eyni zamanda əsas tikilinin qarşısındakı qəbiristanlıqda aparılan arxeoloji qazıntıların vacib məqsədi burada dəfn edilənlər haqqında müfəssəl məlumat əldə etməkdir. Torpağa nəzər yetirdikdə onun üz qatının təxminən 60 sm dərinlikdə qazılıb çıxarıldığını görürük.

“Pənahəli xanın İmarəti bu ərazidə tikməsi təsadüfi deyil”

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun (AEAİ) direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyevin sözlərinə görə, tədqiqat işlərinin aparılmasının əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə hərbi konflikt zamanı dağıdılmış tarixi abidələrin fiksasiyasıdır. Üstəlik tədqiqatlar zamanı ermənilərin vandalizmi nəticəsində Qarabağ xanlığının ailəsinin nekropolunun məhv edilməsi tədqiqatlar zamanı təsdiqlənib: “Biz tədqiqatlara başlayan zaman elə hesab edirdik ki, burada qırxa yaxın qəbir var. Lakin tədqiqatlar zamanı 213 qəbirin olduğu aşkar edildi”.

Ümumilikdə arxeoloji qazıntı zamanı ərazidə aşkar edilən qəbirləri iki hissəyə ayırmaq olar: Torpaq və sərdabə tipli qəbirlər. Kompleksin ərazisindəki qəbirlərin də əksəriyyəti torpaq qəbirlərdir.

“Ürək ağrıdan məqamlardan biri də odur ki, əsasını torpaq qəbirlərin təşkil etdiyi bu məzarların XX əsrin 30-70-cillərinə aid olanları işğal zamanı ermənilər tərəfindən qazılıb və protez dişlərdən əlvan metal əldə etmək məqsədilə alt çənələri çıxarılıb. Bundan başqa baş daşları və sinə daşları tikinti materialı kimi istifadə edilib”, - bunu da Fərhad müəllim deyir və mənim yadıma 2021-ci ildə İmarətə gələndə qarşılaşdığım mənzərə düşür. Onda ermənilərin dəmir-tənəkə ilə çəpərlədikləri donuz damının yerinə qəbir daşları döşəndiyini görmüşdüm.

Onu da deyim ki, İmarətin ərazisindəki qəbirlərin çoxu qədimliyinə görə 17-18-ci əsrlərə gedib çıxır, Fərhad Quliyevin ehtimallarına görə isə burada ondan daha əvvəllərə aid qəbirlərin olduğunu güman etməyə əsas var. Nədən ki bu ərazilər lap əvvəldən Pənahəli xanın atasının nəslinə mənsub olub.

Bayram Quliyevin sözlərinə görə, bütün “Qarabağnamə”lərdə belə bir yekdil fikir var ki, Qarabağ xanlığının banilərinin nəsli Elxanilər hökmdarlarından Hülakinin nəvəsi Arquna gedib çıxır: “Tarixdə o da məlumdur ki, Elxanlıların ən çox ziyarət elədikləri və vaxt keçirdikləri yer məhz Qarabağ olub, demək olar ki, bütün yayı Qarabağda keçirirdilər. Buna görə də Pənahəli xanın bu ərazidə İmarət tikməsi təsadüfi deyildi”.

Tarixdən o da məlumdur ki, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşir Çar Rusiyasına İbrahim Sultan Budaq Sultan oğlu Cavanşirə Şah Abbas tərəfindən verilmiş sənədi təqdim edərək bu ərazilərin xan ailəsinin mülki olduğunu sübut edibmiş. Bütün bunlar onu deməyə əsas verir ki, İmarətin ərazisində aşkar olan qəbirlərin tarixi 17-18-ci əsrlərdən də qədimə gedib çıxa bilər.

Lakin tarixdən bizə gəlib çıxan dəqiq məlumatlara əsasən, onu deyə bilərik ki, İmarətdə dəfn olunan ilk tanınmış şəxs elə Pənahəli xan özü olub. 1763-cü ildə Şirazda İran hakimi Kərim xan Zənd tərəfindən hiylə ilə qətlə yetirilən xanın cənazəsi oğlu İbrahimxəlil xan vasitəsilə dərin hüznlə məhz bura gətirilmiş və dəfn edilmişdi. Bundan sonra xan nəslinin digər nümayəndələri də Pənahəli xanın məzarı ətrafında dəfn edilib və bura məzarlıq kimi də tanınmağa başlayıb.

İmarətdə yeni qəbirlər aşkarlanıb

Pənahəli xanın məzarı üzərində inşa edilən səkkiz guşəli, konusvari türbəyə daxil oluruq. İçəri bir metrdən çox qazılıb, aşağıda, mərkəzi qəbir bişmiş kərpiclə hörülüb. Hörgü izlərinin təzə olduğu hiss olunur, görünür arxeoloji tədqiqatlardan sonra gerçəkləşib. Əsas qəbrin hər iki tərəfində də qəbir var. Bu iki qəbir son tədqiqatlar nəticəsində aşkara çıxarılıb.

Müxtəlif mütəxəssislərin fikirlərini dinləyəndən sonra bu qənaətə gəlirəm: Sovet dövründə İmarətin tam tədqiqinə icazə verilməyib. Əgər mən səhvəmsə, necə olub ki, 1970-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı Pənahəli xanın məzarı yanındakı digər qəbirlər üzə çıxarılmayıb? Bilməyənlərə onu da deyim ki, həmin tədqiqatlardan sonra Pənahəli xanın məzar daşı Bakıya aparılıb və hazırda Azərbaycan milli Tarix muzeyində mühafizə edilir.

İmarətin tarixi ilə bağlı qaranlıq məsələlərin çox olduğunu Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru da təsdiqləyir. Onun sözlərinə görə, əlimizdə olan tarixi arayışlarda, sənədlərdə xeyli nöqsan, ziddiyyətlər aşkar edilib. Onun üçün də təkcə bu mənbələrə söykənərək birmənalı qərar çıxarmaq doğru deyil: “Bizdə məlumat var idi ki, ikinci türbədə cəmi bir qəbir var, lakin yeddi qəbir aşkar edildi. Əksəriyyəti də uşaqlara aiddir”.

İmarətdə hansı türbədə kimin dəfn edildiyi müəyyənləşəcək

Nədənsə məndə belə bir təəssürat var ki, ərazidəki türbələr müəyyən tarixi ardıcıllıqla inşa edilib. Yəni əvvəl Pənahəli xanın, sonra İbrahimxəlil xanın, sonra Mehdiqulu xanın türbəsi gəlir. Lakin bu, yalnız mənim və ola bilsin mənim kimi çoxunun şəxsi qənaəti ola bilər. Əsl həqiqət isə hələ ki müəmma olaraq qalır və yalnız arxeoloji tədqiqatların nəticəsinə üzə çıxacaq. Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da vurğulayır: “Bir neçə yazılı mənbədə İmarətdə Pənahəli xanın, İbrahimxəlil xanın, Tutibəyimin, Gövhər ağanın və xan nəslinin digər üzvləri dəfn edildiyi bildirilir. Ümumilikdə burada beş türbə yerləşir. Lakin türbələrin dəqiqliklə kimə məxsus olduğunu söyləmək hələ tezdir. Bunun üçün arxeoloji qazıntıların nəticələrini gözləməyimiz çox vacibdir. Bu kompleks haqqında bir çox suallar var”.

Bayram Quliyevlə bu məsələləri danışa-danışa ikinci türbəyə daxil oluruq. Doktordan soruşuram: “İbrahimxəlil xan 1806-cı ildə Şuşa yaxınlığında çar general-leytenantı Dmitri Tixonoviç Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilən zaman onunla birlikdə 17 nəfər ailə üzvü də öldürülmüşdü. Ola bilərmi ki, həmən şəxslər də İbrahimxəlil xanın türbəsində, yaxud onun ətrafında dəfn olunsun?”

“Düz deyirsən”, - Bayram müəllim sözümə qüvvət verir. – “Bax, görürsənmi türbənin ətrafında nə qədər yeni qəbir aşkar edilib. Və azərbaycanlıların dəfn adətlərini, eləcə də əsilzadələrin dəfn adətini əsas götürsək, deyə bilərik ki, xanın ailə üzvləri ayrı məzarlıqda deyil, məhz burda, türbənin ətrafında basdırılıb”.

Bu yerdə bir məlumatı da ərz edim ki, xan nəslinə mənsub olan şəxslər torpaq qəbirlərdə deyil, sərdabə tipli məzarlarda dəfn olunur və onların içi xüsusi formada tikilirdi. Onun üçün də ərazidə tədqiq edilən qəbirlərə baxanda asanlıqla xan nəslinə mənsub olub-olmadığını söyləmək mümkündür.

“Tədqiqatlar nəticəsində türbələrin içərisində 17 qəbir qeydə alınıb. Türbələrin ətrafında isə daha yeni 8 qəbir aşkar edilib. Bu qəbirlərin çoxu ötən əsrdəki müəyyən təbii proseslər nəticəsində itmişdi. Bu sərdabə tipli qəbirlərin strukturu onların da xan ailəsinə mənsub olduqlarını deməyə əsas verir”, - bunları isə Fərhad Quliyev deyir.

Direktorun sözlərinə görə, türbələrdəki qəbirlər hamısı açılıb, qalıqlardan DNT nümunələri götürülüb: “Bu DNT nümunələri Türkiyədə tədqiq edildikdən sonra biz hansı türbədə kimin dəfn edildiyini əminliklə söyləyə biləcəyik. Beləliklə illərdir, qaranlıq qalan bu məqam aşkara çıxarılacaq”.

Fərhad müəllim türbələrdəki skeletlərin kəllə sümüklərinin də tədqiqatlar üçün götürüldüyün qeyd edir. Bunlar skan edildikdən sonra xan ailə üzvlərinin qohumluq əlaqələrinin aşkara çıxarılması ilə yanaşı, üz cizgiləri də dəqiqliklə əldə ediləcək.

Natəvanın hüznlü heykəli

Fərhad müəllimin sözlərindən sonra başımı qaldırıb Xurşudbani Natəvanın 1982-ci ildə ucaldılmış, müəllifi Xalq rəssamı Elcan Şamilovun olduğu heykəlin əsasında bu yaxında yenidən tikilmiş abidəsinə nəzər yetirirəm. Natəvan olduğu ucalıqdan məni - hamımızı kədərlə süzür. Və mənə elə gəlir ki, skandan sonra da Natəvanın üz cizgisi elə həmənki kimi hüznlü qalacaq, dəyişməyəcək. Və bir də məndə belə qənaət yaranır ki, Xan qızının hüznü artıq şairin şəxsi faciəsini deyil, bütöv bir xalqın başına gələn müsibətləri əks etdirir.

Saraymı, İmarətmi?

Bayram müəllimlə birlikdə türbələrin olduğu ərazidən keçib kompleksin əsas atributlarından sayılan sarayın qarşısına gəlirik. Lakin o mənim tikiliyə saray deməyimlə razılaşmır. Bu haqda Bayram müəllimin öz mülahizələri var: “Bir çox mənbələrdə, eyni zamanda mətbuatda biz İmarətin saray olduğunu oxuyuruq. Lakin bu saray deyil. Bunun bir bənzəri Şəkidə də var. Bütün xanların sarayları ilə bərabər İmarətləri, köşkləri də olurdu. Sən bilirsən ki, burada hələ İmarətdən qabaq Pənahəli xanın atası Barlıbağ adlı bağ salmışdı. Yəni buralar barlı-bağatlı, yaşıllıq bir məkan idi, o səbəbdən burada köşk – imarət tikilməsi təbii idi. Belə bir qənaətə gəlmək mümkündür ki, Pənahəli xanın sevimli yeri olduğuna görə 1765-ci ilə qədər burada müxtəlif şənliklər, şairlər məclisləri keçirilmişdi. Yalnız onun ölümündən sonra bura məzarlığa, hüznlü bir məkana çevrildi. Kompleksin memarlıq quruluşuna nəzər salsaq, görərik ki, burada əski Qarabağ xristianlıq elementləri ilə bərabər XVIII əsr memarlıq elementləri də var. Tikili özü də iki binadan ibarətdir. Əgər bura saray idisə, otaqları bu qədər yığcam olmamalı idi. Əksinə, böyük olması lazımdır. Mənim rəyimcə bura saray deyil, xanın yalnız yay aylarında gəlib dincəldiyi səfalı məkan, elə imarət idi.”

Bayram Quliyevin sözlərindən sonra tikilinin interyerinə özüm də diqqət yetirirəm. Adətən, orta əsrə aid evlərin hamısında buxarı olur. Lakin İmarətin otaqlarının heç birində buxarı görmürəm. Belə çıxır ki, otaqların isidilməsi üçün buxarıya gərək yox imiş və bu fakt istər-istəməz Bayram müəllimə haqq qazandırır.

İmarətin içində də hazırda təmir işləri gedir, işğal zamanı tikilinin divarlarına edilmiş müdaxilələr aradan qaldırılır, otaqlar əvvəlki tarixi görkəmlərinə qaytarılır. İmarət kompleksində aparılan arxeoloji tədqiqatların nəticələri məlum olandan sonra, bu vaxta kimi bizim yanlış bildiyimiz və ya bilmədiyimiz bütün faktlara zərrəbin tutulandan sonra burada Qarabağ xanlığının tarixi keçmişini, intişar və inkişafını özündə əks etdirən müasir muzey yerləşəcək.

Bayram müəllimlə türbələrdə arxeoloji qazıntılar zamanı çəkilmiş şəkillərdən hazırlanmış sərgiyə baxa-baxa çıxışa doğru gedirik.

Bununla, mənim İmarətə üçüncü səfərim yekunlaşır.

Öz-özümə fikirləşirəm: Görəsən bir də nə vaxt İmarətə qayıdacam? Yəqin ki, burada Qarabağ xanlığının muzeyi açılandan sonra. Deməli, tezliklə... Axı indi Qarabağda hər şey nağıl sürətiylə yaradılır, qurulur...

# 553 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

16:50 2 mart 2024
Gözlənilən filmdən ilk fotolar yayımlandı

Gözlənilən filmdən ilk fotolar yayımlandı

16:30 2 mart 2024
Hacı Şahinin əsgərlikdə başına gələn möcüzə - Həmid Herisçi

Hacı Şahinin əsgərlikdə başına gələn möcüzə - Həmid Herisçi

15:32 2 mart 2024
Rus reper ikinci dəfə konsertini ləğv etdi

Rus reper ikinci dəfə konsertini ləğv etdi

15:30 2 mart 2024
Müğənnilərimiz təyyarədə konsert verdi

Müğənnilərimiz təyyarədə konsert verdi

14:50 2 mart 2024
“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik”   London kitabxanasına verildi

“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” London kitabxanasına verildi

14:00 2 mart 2024
#
#
# # #