Afaq Bəşirqızının rayonlularla problemi nədir?

Afaq Bəşirqızı

Afaq Bəşirqızı

23 avqust 2023
# 11:15

Kulis.az Ülvi Bahadırın "Pastoral meqapolis" adlı yeni yazısını təqdim edir.

Elə indicə Afaq Bəşirqızının bir fikrini oxudum. Siz də oxuyun.

“Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər, “acıq”. Atılan addımların hamısı işsizlikdən, bikarlıqdan irəli gəlir”.

Nə dəxli var?

Niyə hər fürsətdə kənddən, rayondan Bakıya bir parça çörək qazanmaq üçün gələn adamlar hədəf olmalıdır?

Niyə?

Yaxşı, Afaq xanım, bəs işsizliyin, bikarlığın səbəbi nədir?

Bu xalq niyə bikardır?

Bu xalq niyə işsizdir?

Hə, bağışlayın, siz axı sənətçisiniz, belə şeylərdən danışmaq öhdəliyiniz yoxdur.

Sizin konkret mövzularınız var.

Gözləyin, oxucuları da tanış eləyim onlarla.

Burdasınız?

Deməli, yadınızdadırsa, Afaq Bəşirqızı keçən səfər də demişdi ki, rayondan Bakıya gəlib doğub-tökürlər. İndi də belə.

Heç kim isti evini, yuvasını qoyub Bakıda kirayələrdə, onun-bunun əlinin altında işləməz. Gəlibsə, demək ki, məcbur olub.

Bunu deyən, yazan adamların kəndlərdən, rayonlardan xəbəri yoxdur.

Tək Afaq Bəşirqızı demir. Onlarla belə adam var.

Baxırlar yutubda “kənd həyatı” başlıqlı videolara, deyirlər ki, pəəhh, kənddəkilər kefdədir. Canım üçün, yel əsib qoz tökülüb, yığan yoxdur.

Bir neçə dostum bu sevdaya düşüb kəndə gəlmişdi. Heç bir həftə keçməmişdi ki, dabanlarına tüpürüb qaçdılar.

Sözüm onda yox.

Sənət adamlarının arasında da belə düşünənlər az deyil. Siz baxmayın arada dolanışıqdan şikayət eləməklərinə, əslində, çoxu bölgədə yaşayanlara insan gözündə baxmır. Rayon adamları onlar üçün ən yaxşı halda sürüdür.

Şəksiz ki, ucdantutma hamısına şamil eləmək olmaz, ancaq olanları da demək, yazmaq lazımdır.

Adamlar istəyir ki, kəndlərdən, rayonlardan şəhərə axışanların internetə verəcək pulu belə olmasın. Yəni internetə 15-20 manat verə bilirsə, demək ki, toxdur.

Bəh-bəh... Onu verə bilməsə, nə gözəl olar?

Məsələn, kart hesabını paylaşıb yardım istəsə…

Ya da dilənsə…

Hə, bax onda bilərik ki, acdır, işsizdir.

Qucağında qızdırmalı körpəsi olsa, lap əjdaha!

O körpəni tumarlayan yerdə şəkil çəkdirmək, sonra üstünə ağlamalı sözlər yazıb paylaşmaq…

Adam yazdıqca həvəsə gəlir ee…

Yoxsa, internetə hər ay pul ödə, pis-pis şeylərə bax, doğ, tök küçələrə…

Afaq Bəşirqızı tam haqlıdır!

Filmlərdə, əsərlərdə görmüsünüz, müəllimləri kəndə göndərirlər. Onlar da kənddəki cahil adamlara oxuyub-yazmağı öyrədirlər.

Bəzi sənət adamları hələ də bölgə insanına belə yanaşır.

Bəziləri özlərini elə aparır ki, ilk dəfədir kəndli görürlər. Elə bil, kəndli yox, yadplanetlidir qarşısındakı.

Hələ bir bunun adını “tənqid” qoyanlar da var.

“Məşhur sənətçidən SƏRT tənqid”.

Keçən dəfə də biri metroda kartdan istifadə eləməyənlərə guya rişxənd eləmişdi. Bəs gör nə qədər cahildirlər ki, kartdan istifadə eləyə bilmirlər?

Hə, nə olsun?

Mən də təzə gələndə istifadə eləyə bilmirdim. Bir nəfər ortayaşlı kişi öz kartı ilə göstərdi, vəssalam.

Bunca sadə bir məsələ ilə eqo bəsləmək o adamın psixoloji problemlərinin olmasından xəbər verir. Normal adam belə hərəkətlər eləməz.

Ümumiyyətlə, belə sözlər, davranışlar natamamlıqdan yaranır.

Maraqlısı budur ki, belə sözlərdən sonra çıxıb deyirlər ki, mən geridəqalmışlığa qarşı mübarizə aparıram-filan.

Görün kimlər nəyin uğrunda mübarizə aparır?

İlin-günün bu vaxtı hələ də kənd-şəhər söhbəti eləmək, bu haqda yazı yazmaq, inanın ki mənə ağır gəlir.

Qətiyyən bu istidə belə yazı yazmaq istəməzdim.

Ancaq bəzən elə şeylər oxuyursan ki, dünyanın ən soyuq yerində də olsan, təpəndən tüstü çıxır.

Kəndin, rayonun problemlərini bilmək üçün orada yaşamaq lazımdır.

Ucqarlarda insanların necə çətinliklə yaşadığını, o vəziyyətdə, o şəraitdə oxumaq, öyrənmək istədiyini görüb, belə şeylər yazmaq olarmı?

Qətiyyən!

Məsələn, islanmış 12 vərəqli dəftərini sobanın altında qurudan, tez-tez şaxta vurmuş əlləri ilə quruyub-qurumadığını yoxlayan qızcığazın baxışlarını görəndən sonra, yenə də belə şeylər yazmaq olarmı?

Qətiyyən!

Nədir?

Nə məcbur eləyir bu insanları bu sözləri deməyə?

Hə, yaxın oturun, bu saat deyəcəm.

Deməli, bu adamların əli, qolu, dili bağlıdır. Daha doğrusu, hara qədər deyə, danışa biləcəkləri hamımıza bəllidir.

Bu adamlar maksimum çıxıb telekanalları “sərt” tənqid eləyə bilərlər.

Gəlib altdan yazacaqlar ki, var ol, sənətkar. Allah sizi qorusun. Həmişə xalqın dayağısınız.

Vəssalam!

Maksimum bura qədər!

Nə isə, gedim, internetin pulunu ödəyim. Yoxsa elə bilərlər ki, acam.

# 8702 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #