Ziyalılıq ictimai hamballıqdır – Aqşin Yenisey yazır...

Ziyalılıq ictimai hamballıqdır – Aqşin Yenisey yazır...
6 avqust 2021
# 12:30

Kulis.az Aqşin Yeniseyin “Ziyalı mövqeyi – xalqın ata çatınca mindiyi eşşək” yazısını təqdim edir.

Cəmiyyətdə bir balaca elm, sənət, fikir adamı kimi tanınan ünvanlara tez-tez "demokrat” etiketli Hamletlər tərəfindən belə bir əsəbi sual verilir: Hanı sənin ziyalı mövqeyin? Əvvəlcə kəsə deyək ki, demokratiya və ziyalı mövqeyi bir-birinə zidd anlayışlardır. Bir demokrat cəmiyyətdə ziyalı mövqeyi axtarırsa, o ya kommunist, ya da faşistdir. Demokratiya sıravinin mövqeyi ilə ziyalının mövqeyinin bərabərliyinə əsaslanan bir sistemdir. Nəticədə hər biri bir səs sayılır. Demokratik sistemdə ziyalı bir sıravidir.

Ziyalı mövqeyi feodalizmin tələbi idi.

İndi ucundan tutub uzunçuluğa gedək.

Hollandiyanın Neymeqen Universitetinin psixiatrları 2013-cü ildə təcrübələr əsasında belə bir nəticəyə gəldilər ki, elektroşok müalicəsi ilə xəstənin yaddaşından pis, ona əzab verən xatirələri "təmizləmək” mümkündür. Qorxunun daha dəhşətli qorxu, ağrının daha betər ağrı, dərdin daha ağır dərdlə unutdurulması metodu qədim xalqlara məlum idi; əcdadlarımız pazın pazla çıxarılmasını hələ ilk odunu doğrayarkən icad etmiş, bu üsulun gündəlik həyatda da lazım olacağı barədə, yəqin ki, bir-biriləri ilə "bir beçədən” mərc də gəlmişlər. Hətta bizim şair Vaqif Bayatılı bir şerində bir peyğəmbəri digər peyğəmbərlə unutdurur.

Elektroşokun insan beynini "təmizlədiyini” ilk dəfə kəşf edənlər isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) işgəncə mütəxəssisləri idi. Hələ 1950-ci illərdə CIA cəlladları cinayətkar insanlar üzərində apardıqları işgəncə təcrübələri zamanı öyrəndilər ki, beyinə elektrik şoku verildikdə yaranan ağrı beyinin keçmişini pozub yenidən şəkillənməsinə səbəb olur. Ağrı-acı dolu bu kəşfin faydası ondan ibarət idi ki, şok effekti ilə insanların beynini "pozub”, sonradan ora istədiyin şeyləri yazmaq şansı və imkanı yaranır. Kanadalı alterqlobalist Naomi Klyayn "Şok doktrinası – Fəlakət kapitalizminin yüksəlişi” kitabında yazır ki, CIA-nın bu kəşfi Çikaqo Universitetin professoru, İqtisadiyyat üzrə Nobel mükafatçısı, neoliberalist Milton Fridmana imkan verdi ki, insanların beynində şok effekti yaradaraq xalqların, cəmiyyətlərin yaddaşını, vərdişlərini onlar şokun təsirindən ayılanacan yeni bir siyasi, iqtisadi sistemə kökləməyin mümkünlüyü fikrini ortaya atsın. Fərdləri tok-şoularla gicələk edən neoliberal kapitalizm xalqları şok-şoularla bir-bir ovlayacaqdı. Ovladı da…

Bu ideya, Naomi xanıma görə, kütlələr üzərində ilk dəfə 1973-ci ildə Çilidə Pinoçetin dövlət çevrilişi ilə həyata keçirildi və o gündən müxtəlif ölkələrdə özünün iqtisadi, siyasi "faydasını” verməkdə davam edir ki, bəzilərinə bir azdan birlikdə nəzər salacağıq.

Bəlkə də, vaxt gələcək, xalqların qan və tər töküb tarix, insanların tər və göz yaşı axıdıb tale yazmasına ehtiyac olmayacaq. Məsələn, gələcəyin Məcnunu həyatdan bir "aşk hekayəsi” qoparım deyə çöllərə düşməyəcək, texnologiyanı mənimsəmiş bir psixiatr-montyora 5-dən, 3-dən verib elektroşok tətbiqi ilə hazır xatirələr kataloqundan ürəyi istəyən xatirəni yaddaşına yazdıracaq, heç Leyliyə-zada ağız açmağa da ehtiyac qalmayacaq. Yaxud fransızların 150 ilə keçdiyi demokratiya yolunu "komandirovka” götürübmüş kimi 1-2 aya keçmək istəyən bir xalqın özünə əziyyət verib qalın-qalın fəlsəfi kitablar yazmasına, inqilablar etməsinə gərək qalmayacaq. Kütləvi elektroşoklama yolu ilə psixiatrlar məktəbdə bütün uşaqların beyninə Fransa tarixini köçürəcəklər. Hətta elə demokratik düşüncəli atalar olacaq ki, uşağın fransızlaşdırılması ilə sünnətini eyni günə salacaq. Yaxud elçiliyə gedən ana oğlunu belə tərifləyəcək: "Sağ olmuş dəllək-psixiatr o irəlidən Harvardın bütün təhsil proqramını hard-diskindən yüklədi uşağa, indi güclə evləndirməyə razı salmışam, dirəşmişdi ki, Harvard hara, arvad hara?” Sırtıq olmasaq, yəqin ki, biz o gözəl gələcək günləri görməyəcəyik.

Bəs cəmiyyəti şok effekti ilə pis vərdişlərindən, axmaq xatirələrindən təmizləmək mümkündürmü? Məsələn, şok effekti verib biz azərbaycanlılarda növbə mədəniyyəti yaratmaq olarmı? Yaxud şoka saldığımız bir azərbaycanlını ölkənin bir diş həkimindən götürdüyü xeyirin indiyə kimi bütün Həcc ziyarətlərindən əldə etdiyi xeyirdən min dəfə çox olduğuna inandıra bilərikmi?

Hələ ki dünya düzənində kütlələrdə yaradılan şok effekti ancaq kapitalist, imperialist maraqların mənfəəti, yaxud siyasi ambisiyaların reallaşdırılması üçün istifadə olunur. 1982-ci ildə Argentina ilə Folklend müharibəsinin yaratdığı şok effektindən istifadə edərək "Dəmir ledi” Marqaret Tetçer İngiltərədə o vaxtadək heç bir Avropa ölkəsində görünməmiş bir özəlləşdirmə siyasətini həyata keçirdi. Xalq qəfil başlayan və ingilislərin, az qala, məğlub olacağı müharibənin şokundan ayılanda artıq it də getmişdi, ip də.

"Qurban olum Avropa demokratiyasına” deyənlərin diqqətinə xüsusi bir qeyd: müharibəni ciddi zəfərlərlə başlayan Argentinanın sonda məğlub olmasının səbəbi fransızların onlara satdığı "Exocet” raketlərinin kodlarını gizlincə ingilislərə verməsi idi. Yaxud 11 sentyabr 2001-ci ildə Nyu Yorkda baş verən terrorun xalqda yaratdığı şokdan istifadə edən Ağ Ev bütün Yaxın və Mərkəzi Şərq siyasətini yenilədi. 2004-cü ildə Şri-Lankada baş verən sunami fəlakətinin ölkədə yaratdığı şok effektini də kapitalizm pula çevirməyi bacardı. Ölkə təbii fəlakətin şokundan çıxmağa macal tapmamış xarici sərmayəçilər və beynəlxalq sələmçi təşkilatlar panik vəziyyətdən faydalanaraq yeni tropik sahilləri ələ keçirdilər.

Sizə bir şey deyim; ermənilər də keçən əsrin sonlarında rusların Azərbaycan xalqında yaratdığı bu cür psixoloji panikadan, şok vəziyyətdən yararlanaraq torpaqlarımızı işğal etmişdilər. Xalq nə baş verdiyini aydınlaşdırana kimi ərazilər zəbt olunmuşdu.

Bəs kütləvi şok effektindən istifadə edib maraqların deyil, xalqların xeyrinə nələrsə etmək olarmı? Xəstə cəmiyyətləri daha yaxşı nümunələrlə deyil, daha pis nümunələrlə "sağaltmaq” mümkündürmü?

Tibb peyvəndləmə üsulunda bədənə zəiflədilmiş viruslar köçürərək orqanizmlə bu virusların konfliktini yaradır, nəticədə "zəiflədilmiş düşmən”lə döyüşə-döyüşə bədən bu viruslardan yaranacaq xəstəliyə qarşı immunitet qalxanı hazırlayır. Yaxud qorxulu virusları orqanizmdən yox etmək üçün onlara "düşmən” olan daha güclü virusları bədənə köçürməyin faydasını öyrənmək üçün təcrübələr aparılır. Yaxud metil spirt ilə zəhərlənmiş xəstəyə həkimlər daha tünd etil spirti içirirlər.

Tibbin bu metodu barbar atalarımızın pazı pazla çıxarmaq üsuludur. Bu metodu cəmiyyətin sağlamlığı üçün də tətbiq etmək olarmı? Yəni cəhaləti daha qaranlıq cəhalətlə, ictimai nəzakətsizliyi xuliqanlıqla, kütləvi savadsızlığı nadanlıqla yox etmək mümkünmü? Cəmiyyətə "pis nümunə” olmağın bir faydası varmı? Bir əlində qamçı, o biri əlində qayçı tutmuş Pyotr öz dövrünün rusları üçün "yaxşı nümunə” idimi? Bütün almanları "qan və dəmir”in gücü ilə idarə edən Bismarkı öz xalqı üçün "yaxşı nümunə” adlandırmaq olardımı? Robespyerin xristian Fransasının başına açdığı oyunları "yaxşı nümunələr”ə aid etmək olardımı?

Modernistlər qəlibləşmiş və artıq Avropanın belində yük kimi daşıdığı ölü dəyərləri daha "pis nümunə”lərlə məhv etmədilərmi? Məsələn, Bodlerin ilk erotik şerləri, Manenin lüm-lüt "Olimpiya”sı, Floberin "Madam Bovari”si burjua əxlaqının əsiri olan sadə avropalıları özləri haqqında yenidən düşünməyə məcbur edən "şok effektləri” deyildilərmi?

Bəlkə, biz də maarifçi ideyaların bir əsrdən çoxdur "yaxşı nümunə”lərlə çağırışılarına söyüş, təhqirlə qarşılıq verən cəmiyyətimizə "pis nümunə”lər təqdim etmək haqqında düşünək? Sizə elə gəlmirmi ki, Azərbaycan aydını özü yaxşı nümunə olmağa can atdıqca ictimai məsuliyyətini üzərinə götürdüyü cəmiyyəti daha da zay yığınına çevirir? Çünki ictimai, əxlaqi məsuliyyətin bir və ya bir neçə əldə cəmlənməsi cəmiyyəti daha da pozğunlaşdırır. Hər kəs ziyalı dediyi şəxsə toplumun vicdan "камера хранения”sı (saxlama kamerası) kimi baxır. Qanun polisə, təhsil müəllimə həvalə olunduğu kimi, əxlaqi məsuliyyət də aydının, ziyalının üstünə atılır. Cəmiyyətə, sadəcə, ortada yeyib, qıraqda avaralanmaq qalır.

Özünü tənqidin hədəfində görməmək üçün cəmiyyət, yaxasını onun şəxsi mənafeyini qorumaqdan kənara çəkən və cəmiyyətin özünü tənqid edənləri ya hakimiyyətə yaltaqlanmaqda ittiham edir, ya da tutalım, içki içib, əyyaşlıq etməkdə. Bununla da tənqidin məqsədini özündən uzaqlaşdırmağa cəhd edir. Bu işdə toplum 5-6 əsr əvvəl yaşamış klassiklərdən dəyənək kimi yararlanır. 860 yaşlı Nizami Gəncəvini qaldırıb zollayır 20 yaşlı əmgəyi bərkiməmiş şairin təpəsinə ki, öz həyat və yaradıcılığını bizim supulu davamıza həsr etsin. Bax gör, (milyoner) Nizami Gəncəvi qarı paltarı geyinib Sultan Səncərə nələr deyirdi. Halbuki bu adamların babalarını dövrünün şahı Nizami Gəncəviyə qonorar əvəzi təhkimli kəndli olaraq vermişdi.

Maarifçilərdən sonrakı Avropa modernistləri özlərinin ictimai "pozğunluq”ları ilə cəmiyyətin məsuliyyətini onun öz üzərinə atdılar. Avropada qan su yerinə axanda heç kim Frans Kafkadan ziyalı mövqeyi tələb etmirdi. Azərbaycanda isə hələ də hamı elə bilir ki, ictimai məsuliyyət cimciməli köynək geyinən beş-altı şair-mairin, türkcə tərcümələrlə silahlanmış intellektualın-zadın çiynində olmalıdır. Ona görə xalqın öz canında "ictimai” deyə heç bir dəyər yoxdur. Xalq "ağzının danışığını bilməyən” gənc yazıçıları-filanı ona görə təhqir edir ki, ictimai məsuliyyətin öz üzərinə atılmasını istəmir. O qorxur ki, aydın onun məsuliyyətini daşımaqdan imtina etsə, ictimai, əxlaqi məsuliyyət onun öz üzərində qalsa, rüşvət verib altdan-altdan oğlunu işə düzəldə bilməyəcək, qızını varlı adama soxuşdurmaq üçün bütün əxlaqi dəyərləri çeynəyərkən "boğazında qalacaq”. Ona bu fürsətcilliyini balanslaşdıran bir dəyər lazımdır. Bu dəyər isə onun mənəvi-ictimai məsuliyyətini belinə şələləyən ağıllı bir adam olmalıdır. Xalq aydın, ziyalı dedikdə, "ictimai hambal” demək istəyir.

Ziyalı, aydın bu "hamballığının” qarşılığını istəyəndə, alanda isə cəmiyyət onu yaltaqlıqda, əxlaqsızlıqda, filanda-bəsməkanda suçlayır. Cəmiyyətin düşüncəsinə görə, ictimai məsuliyyəti boynuna götürmüş şəxs acından ölməlidir, intihar etməlidir, arvadı "xalxın” arvadının geyindiyi paltardan geyinmək üçün ayağısürüşkənlik etməlidir, başında saç, ağzında diş üzünə həsrət qalmalıdır ziyalı. Və bütün bunları ona görə etməlidir ki, vətəndaş öz işi üçün rahat yaltaqlansın, rahat rüşvət verib-alsın, evdə rahat bir arvad, qıraqda rahat bir ayağısürüşkən saxlasın, rahat saç əkdirsin, inplant diş qoydursun. Ən axırda da öz şairinin, intellektialının küçədə yıxılıb öldüyünü eşidəndə özünə bu sözlərlə təsəlli versin: "Əşi, çox içirdi rəhmətlik, elə yaxşı oldu, öldü, canı dincəldi bədbəxtin”.

# 4085 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #