Yeni ili keçirək, keçirməyək? – Yazıçılar emosional danışdılar

Yeni ili keçirək, keçirməyək? – Yazıçılar emosional danışdılar
29 dekabr 2020
# 12:00

Son günlər Yeni ili qeyd etməyimizlə bağlı mübahisələr gedir. İnsanların bir qismi minlərlə şəhid verdiyimiz üçün bunun doğru olmadığını, digər qismi isə bayram keçirməyin vacibliyini qeyd edir. Bəs qələm sahibləri nə düşünür?


Kulis.az bu mövzu ilə tanınmış yazıçıların fikirlərini təqdim edir.

Rəşad Məcid:

- Yeni ili hansısa formada, ziyafətlə, məclislə qarşılamasaq da, onsuz da təzə il həyatımıza yenilik, fərqlilik gətirir. Bu mənada, yəqin hər kəs öz evində, doğmaları ilə birgə xırda məclislərlə yeni ilin gəlişini qeyd edəcək. Yeni ilin gəlişi həm də bütün olanlar haqqında düşünmək, hesabat üçün yaxşı məqamdır. Şübhəsiz ki, qələbəmizi düşünməliyik, şəhidlərimizin ruhunu yad etməliyik, qazilərimizə can sağlığı arzulamalıyıq.

Bizim uzun illər arzumuz olub ki, yeni ildə torpaqlarımız işğaldan azad olunsun, Şuşanı və digər yerləri azad görək. Bu il həmin arzumuz həyata keçdi, onun üçün 2020 Böyük Zəfər ilidir. Eyni zamanda, pandemiya oldu ki, dünyanın gələcəyi ilə bağlı insanların məyusluğu artıb, gələcək haqqında suallar yaranıb. Bütün bunlar Yeni il qabağı beyindən keçən düşüncələrdir. Onsuz da karantin rejimi böyük şənliklərə, məclislərə icazə vermir. Mən də həmişəki kimi, ailəmlə birgə, sakit tərzdə, nəvələrimlə bir yerdə qeyd edəcəm. Əlamətdar şəkildə yox, sadə tərzdə, ili düşünərək...

Pərviz Cəbrayıl:

- Mənə elə gəlir, bu tip müzakirələrin hər dəfə hansısa hadisədən sonra, ya da elə hər il Yeni ildə meydana çıxmasının kökündə bizim üçün görüntünün, batinin yox, zahirin əsas olması dayanır. Qıraqdan necə görünmək və ya qırağa necə görünmək. Hansısa yasdan sonra ölü yaxınlarının – kişilərin saqqal saxlaması, qadınların bəzənməməsi, televizor açmamaq, qəbiristanlıq yanından keçəndə maşında musiqinin səsini almaq tipli görüntü elementləri də bu qəbildəndir. Məsələn, yaponlar, ölüsü düşəndə nəinki saqqal saxlayır, əksinə, başqalarını narahat etməsinlər deyə, daha şux, daha işıqlı görünməyə çalışırlar. Bax, onlar da kənarı düşünürlər, ancaq əksinə, özlərini matəmli göstərməyi yox, başqalarını kədərləndirməməyi daha doğru hesab edirlər. Biz isə istəyirik hamı yasa batsın, hamı kədərlənsin, hamı bizim ölümüzə guya çox hörmət qoyduğumuzu, ölümüzün bizə çox qiymətli olduğunu “görsün”, bizə yazığı gəlsin. Qürursuz, sınıq-salxaq təfəkkür! Halbuki, öz ölüsünə saqqal saxlamadan da ağlamaq, ağrımaq, yanmaq, yaxılmaq olar. Rituallar yalnız görüntü üçündü. Bizdə totalitar yanaşma, görüntüpərəstilk dominantdı. Hamı eyni cür düşünsün, hamı eyni cür geyinsin, ağlasın, sevsin, sevinsin, nifrət etsin və s. Buraxın, hərə öz həyatını yaşasın, özü kimi sevinsin, özü kimi kədərlənsin. Bu, ümumi yanaşmamız haqda. Konkret indiki situasiyaya gələndə... Həmişə, hər il, hər bayramda şəhid olmasa da, hansısa evlərdə bir matəm olur, o ölülər də elə şəhid olası həmin adamlardı və heç birinin kədəri indikindən az deyil. Onda heç kim hansısa bayramı qeyd etməsinmi? Axı nə qədər fərəhli günümüz, yaxud kefimizi açmaq üçün nə qədər bəhanə olası şadlıq səbəblərimiz var ki, hələ bir bu təqvim bəhanəsindən də imtina edək? Mütləq elə yasa batıb özümüzü kədərli göstərəndə nə olur ki? Onsuz da o kədər bizim iliyimizə işləyib. Hər şəhidlə bağlı ən adi bir fotonu görmək də adamı məhv edir. Bəs ümumxalq kədərindən xəbərsiz, onu tam dərk etməyən uşaqlar? Onlara nə deyək? Deyək ki, bala, özünüzü kədərli göstərin, camaat deməsin sevinirlər? Üstəlik, bu il bizim xalq üçün ümumxalq matəm ili deyil, yarımçıq da olsa, uğrunda canlarımızın qurban getdiyi ümumxalq qələbə ilidi. O canlarını verənlər də başqalarının sevinməsi üçün verməyibmi canını? Hüseyn Nihal Adsızın bir şeirində deyildiyi kimi:

İnsan büyür beşikte Mezarda yatmak için,
Kahramanlar can verir Yurdu yaşatmak için.

Mənim özümə qalanda, illərdi yolka-zad qurmuram. Bu il də qurmayacam. O bayramın özü də mənə görə görüntü bayramıdı. Batini heç nəyi yoxdu. Ancaq həmin gün anamın ad günüdü. Onu da sadəcə təbrik edəcəyik yəqin. Bir qismət çörəyimizi də yeyəcəyik. Heç koronadan başımız açılır ki... Son fikrimə qalınca, Azərbaycanın müstəqil olmasından bu yana bu, bizim ilk gerçək Yeni ilimizdi. Artıq gerçəkdən bu ölkəyə uzun illərdən sonra bir az yarım-yapalaq olsa da, təp-təzə, yep-yeni, ip-isti bir Yeni il gəlir. Bu il gələn Yeni il gerçəkdən mübarəkdi. Şəhidlərin ruhuna hörməti yolka qurmamaqla yox, korrupsiyanın kökünü kəsməklə, cəbhədəki əsgərlərin qayğısına qalmaqla, şəhid ailələrinə, qazilərimizə göz bəbəyimiz kimi baxmaqla, xalqın malını talan etməməklə sayğı göstərə bilərik. Bacarırıqsa, bunu edək. Bir də görüntülərə tapınmaqdan əl çəksək, yetər.

Aysel Əlizadə:

- Çətin məsələdi. Məsələn, bizim ailədə ad günləri qeyd edilmədi bu aralar. Çox elə şənlənib şitini çıxarmağa gərək yoxdu. Bu boyda itkiylə atılıb-düşmək arsızlıq olar. Amma Yeni il bizim iradəmizdən asılı olmadan gəlir və bunun sevincini uşaqların əlindən almaq da yanlışdı. Uşaqlar bütün hallarda sevinməlidi, bunun üçün əlimizdən gələni etməliyik. Şəhidlərin də övladlarını görməyə getməliyik, onları sevindirməliyik. Bir ailədə gərginlik, problem yaşananda müdrik valideynlər bunu uşaqlardan gizlətməyə çalışırlar. Məncə, biz də elə davranaq gərək. Yalnız, istərdim Yeni il gecəsi hər birimiz masaya oturub yeməyə başlayandan öncə şəhidlərimizin ruhunu anaq. Bu, dəyərlərin formalaşmasıdı, bu, dərkdi, tarixinə sayğıdı, bir toplumun ayaqda qalması üçün verdiyi qurbanlara qarşı ciddiliyidi. Onların hər birini özümüzdən bilməkdi. Ailələri ilə yanaşı olmaqdı. Onların ailələri sevinməyəcək, şadlanmayacaq. Biz bunu necə edə bilərik? Bu il susaq...

Etimad Başkeçid:

- Bütün bayramları qeyd etmək lazımdır, özü də ən yüksək səviyyədə. Şəhidlərin ruhuna hörmətsizlik onda olar ki, yaslı-yaralı gəzib-dolaşaq. Şəhidlər, o cümlədən mənim dayım oğlu Sərxan Hacıyev buna görə canlarından keçməyiblər. Tam əksinə! Məncə, Vətən müharibəsində şəhid düşənlərin xatirəsini yad etmək, onlara olan minnət borcumuzdan, qismən də olsa çıxmaq üçün ayrıca gün və ya mərasim təsis edilməlidir. Belə isə, mədəniyyətimizdəki “yas bayram”larına birini də əlavə etməyə ehtiyac yoxdur. Bayramı bayram kimi keçirmək lazımdır. Xüsusilə də bu qələbə ilində!

Aqşin Yenisey:

- Dava düşməmiş deyim ki, Yeni il şumer bayramıdır. Şumerlər Yeni ili, səhv etmirəmsə, martda qeyd edirdilər. Həmişəyaşıl olan şam ağacını baharın, yenilənmənin rəmzi kimi bəzəmək xristianlığa sonradan keçib. İkincisi, bu məsələyə şəhidləri qarışdırmaq düşüncəsizlikdir, avamlıqdır, cahillikdir. Şəhidlərin ruhuna olan hörməti evdə hansısa ağacın, oyuncağın olub-olmaması ilə ölçmək özü bu ruha hörmətsizlikdir. Əlbəttə, qınanmalı bir hadisə varsa, qınanmalıdır. Amma şəhidi, qazini gündəlik, subyektiv yanaşmaların mərkəzinə qoymaq onları layiq olduqları məqamdan endirmək cəhdidir. O şəhidlər ona görə canlarından keçməyiblər ki, ölkəni matəmə qərq etsinlər, tam əksinə, ölkəni qərq olduğu matəmdən çıxarmaq üçün can veriblər. Şəxsən biz öz balaca ocağımızda bu Yeni ili şəhidlərimizin ruhu ilə bir yerdə qeyd edəcəyik. Elə biləcəyik ki, onlar ölməyiblər, bizimlədirlər. "Şəhidlər ölməz" deyiriksə, matəm saxladıqlarımız kimdir onda?

Mirmehdi Ağaoğlu:

- Bu il 30 il gözlədiyimiz qələbəni qazandığımız kimi, şəhidlərimiz də oldu. Ona görə də hər kəsin öz ixtiyarına buraxmaq lazımdır. Məsələn, biz oğlumdan soruşduq ki, bu il yolka quraq? Dedi, şəhidlərimizə görə istəmirəm. Biz də on yaşlı uşağın fikrinə hörmətlə yanaşdıq, bu il bizim evdə yolka qurulmayacaq.

Rəbiqə Nazimqızı:

- Ümumiyyətlə, mən bütün bayramların qeyd olunmasının, insana pozitiv enerji verəcək hər şeyin tərəfindəyəm. Çünki insan həyatı çox qısadır və bilmirsən, sabah bu gün yanında olduğun adamları görəcəksən, ya yox. Bəs Yeni ili hansı formada qeyd eləməliyik? Burada məsələ bir az qəlizləşir. İctimai tədbirlər karantinlə bağlı qadağandı, yəqin ki, ona görə hamı evində keçirəcək. Sadə, böyük ehtimalla, dəbdəbəsiz - nümayiş üçün imkan yoxdur. Düşünürəm ki, yolka qurub bəzəməkdə də qəbahət bir şey yoxdu. Fikrimcə, dünyəvi və bəşəri dəyərlərə zidd olmayan hər adət gözəldir. Bizim oldu, ya haradansa keçdi, ciddi fərqi yoxdur. Kim istəsə, yolka bəzəyə bilər. Şəxsən mən hər il edirəm, amma bu dəfə sırf zaman məsələsidi, hələ çatdırmamışam. Qaldı ki şəhidlərə... tamam fərqli düşünürəm. Onlar bizim şərəf, qürur və sevinc yerimizdir. Çünki onların sayəsində bu gün qələbəmizi qeyd edirik və başımızı dik tuta bilirik. Düşünürəm, onları ağlaşma janrında, hüznlə anmaq bizə yaraşmaz. Bu qanlar havayı tökülməyib. Ortada ciddi nəticələr var. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, bu dəfə yas saxlamaqla biz 1988-ci ildən bəri verdiyimiz qurbanların xatirəsinə də bir qədər hörmərsizlik etmiş olmuruqmu? Xatırladım ki, münaqişə başlayandan verdiyimiz qurbanlar 44 gündə itirdiyimizdən dəfələrlə çoxdur. Üçüncüsü, adama deyərlər, Xocalı kimi ağır travma yaşamışıq, Yeni il də qeyd eləmişik, Novruz da. Toy da eləmişik, o toylarda oynamışıq da. Onda məğlub idik. İndi niyə bayram etməyək ki? Məncə, şəhid ruhları da sevinər.

Fərid Hüseyn:

- Hesab edirəm ki, Yeni ili əvvəlki təntənədə olmasa da qeyd etməliyik. Çünki uzun illərdir Yeni il bayramlarında aruzlayırdıq ki, gələn ili Qarabağda qeyd edək. Bu il şükürlər olsun, xalqımız arzusuna çatıb. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların bütün fədakarlığı Azərbaycanın gələcəyini xoşbəxt, dövlətimizi güclü, millətimizi əmin-aman, xalqımızı əl-ələ, vətəndaşlarımızı həmrəy görmək idi. Bu gün onların fədakarlığı özünü bütün səbəbləri ilə doğruldub. Əlbəttə, onları heç kəs unutmayıb, unutmayacaq. Ailələrinin dərdinə bütün Azərbaycan şərikdir. Ona görə də bu gün düşmənlərimizin acığına biz daha çox birgə, həmrəy olmalıyıq. Həmrəyliyimiz bundan sonra daha böyük mahiyyət kəsb etməlidir. Çünki düşmən sakit oturmur, bəzən sülhün şərtlərini pozur, özünü qanmazlığa qoyur. Cavabını da alır. Cavab isə təkcə döyüş müstəvisində deyil, hər sahədə verilməlidir.

Aqşin Evrən:

- Müharibə əsnasında bir olmaq, bütövləşmək, bunu xüsusən Ordunun Zəfər yürüşü zamanı etmək təbii prosesdir. Çünki xarici təhlükəyə qarşı dirəniş və uğur toplumu daha güclü edir, birləşdirir. Mühüm olan müharibədən sonra bir olmaqdır. Baxırsan ki, müharibə zamanı “kaş mən də əsgərlərimizin yanında olaydım, sizin yerinizə mən üşüyəydim” kimi sentimental duyğu “partlaması” yaşayanlar, özlərini əsgərlə həmrəy göstərənlər bu gün Yeni il adlı sıradan, ənənəsiz bir bayramı keçirmək məsələsində şəhidlərin ailələri ilə həmrəy olmurlar. Hamımız bilirik ki, bir evə yas düşəndə, o evdə ən azı 1 il bayram keçirilmir, matəm saxlanılır. Təsəvvür edin, biz Yeni il günü evimizdə şənlik edirik, amma divar qonşumuz olan yaşlı ana bizim gülüş səslərimizin müşayiəti altında oturub şəhid balasını ağlayır. Deməyim odur ki, bayram keçirsək də, bunu təmtəraqlı etməməliyik: binalarda pəncərələrə çıxıb atəşfəşanlıq etməyə, qışqırıb sevinməyə lüzum yoxdur. Məsələn, mən qeyd etməyəcəm. Əslində, təxminən 1 ay əvvəl bununla bağlı təklif irəli sürmüşdüm və ictimaiyyət tərəfindən də maraqla qarşılanmışdı, xeyli insan bu fikri dəstəkləmişdi: Düşünürəm ki, bu il paytaxtın Yeni il münasibətilə bəzədilməsinə, bayram aurası yaradılmasına ehtiyac yoxdur. Şəhidlərimizin ailəsində matəm olduğu bir vaxtda bunu etmək məqsədəuyğun olmaz. Zatən, pandemiya səbəbindən ölkəyə turist-filan da gəlmir. Ona görə də bir il bu bayramı sakit, təmtəraqsız, öz evimizdə keçirsək, necə deyərlər, üzüyümüzün qaşı düşməz. Yeni il atributlarının, simvollarının əvəzinə paytaxtın mərkəzi küçələrinə şəhidlərimizin fotoları, adları vurulsa, bu, onların ailələrinə də böyük təsəlli olar. Müharibə zamanı həmrəy olmaq keyfiyyətini müharibədən sonrakı dövrə də daşımalıyıq.

Cavid Zeynallı:

- Bunu hər kəsin öz öhdəsinə buraxmaq lazımdır. Kimə necə rahatdır, kimə necə xoşdur, o şəkildə də qeyd etsin. Düzü, mənim üçün bayram qeyd etməyin, ad günü keçirməyin prinsipial əhəmiyyəti yoxdur. Hər kəs ailəsi daxilində keçirə bilər. Və keçirəcək də. Sadəcə, əvvəlki təmtərağı, nümayişkaranəliyi doğru saymıram. Şübhəsiz ki, olmayacaq da. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Gülay Hüseynova:

- "Malı, məli" şəkilçisini sevmirəm, çünki insanları nəyəsə məcbur etmək doğru deyil. Digər tərəfdən, onsuz da elə bir il keçirdik ki, həmişəki Yeni il ab-havasını istəsək də hiss edə bilmərik. Həm Vətən müharibəsi, həm də virus səbəbiylə 2020 çox canlar aldı bizdən.
Mən bu il həm də ailəmdən uzaqda Yeni ili qarşılamalı olacağım üçün qeyd etməyi düşünmürəm. Simvolik olaraq yeni libas geyinib Yeni il haqqında film ssenarisi yazaraq, saat 00:00-da 2021-i salamlayacağam.

# 2723 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #