Virusa görə sevgilisindən ayrılan dostum - Ulucay yazır...

Virusa görə sevgilisindən ayrılan dostum - Ulucay yazır...
17 mart 2021
# 11:03

Dünən COVİD-19 statistikasına baxdım, yoluxanların sayı artmaqdadır. Qanım qaraldı.

Niquşlar deyir ki, yenə sərt karantin olacaq. Kafelər, mağazalar bağlanacaq, yenə çölə sms icazə alıb çıxacağıq.

Vallah, nə yalan deyim, elə lap əvvəldən bu virus söhbətləri mənə çatmayıb. Müəmmalı məsələdir.

Verilən qərarlarda, görülən tədbirlərdə məntiqsizliyin olması isə inamsızlığımı lap artırır.

Tədbir demişkən... O gün dostlarımızla bir kafedə yığışmışdıq, elə bu məsələlərdən danışırdıq. Söhbət edəndə gördük ki, əvvəl bizə çox mənasız gələn tədbirlər üçün darıxmağa başlamışıq.

Məsələn, kitab təqdimatları...

Həmişə gülüb, lağ etdiyimiz kitab təqdimatları üçün də darıxmağa başlamışıq. O təqdimatlar ki, demək olar həmişə eyni adamlar (qələm əhli) iştirak edir və aşağı-yuxarı eyni söhbətlər, çıxışlar olur.

Ya da toylar...

Bayağı olduğunu dediyimiz toylar üçün də darıxmağa başlamışıq.

Dostlarımızdan biri həmişə böyük ehtiras və inamla deyirdi ki, 1 il toylara getməsəm, özümə bir dənə maşın götürərəm e. 1 ilə yaxındı toylar yoxdu, amma ortada maşın da yoxdu...

Hə, 6 dost görüşmüşdük. Kafedə bizə dedilər ki, bir masa arxasında 6 adamın oturmasına icazə verilmir. Nə qədər dilə tutmağa çalışdıq, alınmadı.

Sonra fikirləşdik, bəlkə hansımızsa evə gedək, o biri 5 adam rahat otursun, amma ictimai nəqliyyatın olmadığı bir həftəsonunda taksiylə görüşə gəlmiş adamlardan kimə deyəsən ki, sən qalx get evinə, biz 5 nəfər oturacağıq?

Axırda qərar verdik ki, bir nəfər yan masada otursun, 5-10 dəqiqədən bir yerdəyişmə edək. Futbolda ehtiyatda oturan futbolçular kimi. Belə də elədik...

Yan masada oturan adam səbrsizliklə həmin 10 dəqiqənin keçməsini gözləyirdi ki, əsas masaya keçsin, oyuna (söhbətə) daxil olsun.

Hər dəfə yan masadan əsas masaya keçən adam da maraqlı söhbətlər eləməyə çalışırdı. Əgər söhbəti maraqlı olsa, masada qalma müddətini artırırdıq.

Yan masadan əsas masaya keçən dostlardan biri pandemiyanın ən qızğın vaxtında başına gəlmiş bir hadisəni danışdı.

Demək, bu dostumuz pandemiyanın ən qızğın vaxtında sms icazə alıb sevgilisi ilə görüşməyə gedib. Virusdan qorxan biridi.

Qızla hansısa parkda görüşüblər. Ordan-burdan şirin söhbət ediblər. Deyir, qız hərdən öskürürmüş. Dostumuz da narahat olub. Düşünüb ki, birdən koronavirus olar, ona da keçər.

Amma qorxduğunu qıza bildirmək istəməyib. Qız öskürəndən sonra əlini də əlindən bildirmədən çəkib.

Söhbət də soyuqlaşıb...

Qız belə münasibət görəndən sonra deyib ki, bəs, “axır vaxtlar mənə qarşı çox soyumusan, kimsə var həyatında?”. Dostum da ha çalışıb inandırsın, könlünü alsın, alınmayıb...

Qızın əlindən tutmadınsa, saçını sığallamadınsa, yanağından öpmədinsə, könlünü almaq çətin məsələdi axı.

Dostum çıxılmaz vəziyyətdə qalıb. Koronadan qorxduğunu deməyə utandığı üçün də bu soyuqluğuna heç bir səbəb gətirə bilməyib.

Elə “sms” icazələrinin vaxtı bitib, qalxıblar. Dostum qorxusundan sağollaşanda da qızı qucaqlayıb öpə bilməyib. O gün araları dəyib. Soyuqluq özü ilə başqa problemləri də dartıb gətirib. Hərə qarşı tərəfin qüsurlarını, səhvlərini deyə-deyə soyuqluğu davaya çevirib.

Axırda da ayrılıblar...

Dostum bunu danışanda, hamı güldü. Elə mən də. Özü də gülürdü, amma pis olduğu da hiss olunurdu.

Sonra fikirləşdim ki, bəlkə də dostuma haqq vermək olar.

Koronadan doğrudan qorxur, qorxur ki, birdən virusa yoluxar və ölər.

Deməli, sevgisi həyatından daha dəyərli deyilmiş. Sevgi və həyat arasında qalıb yaşamağı seçib.

Çətin seçimdi də...

İndiki dövrdə Məcnunu, Fərhadı hardan tapasan?

Heç Yanıq Kərəmi də tapammarsan.

İndi həmin dostum deyir ki, pandemiya bitənə kimi heç kimlə sevgili olmayacaq. Mən də zarafata saldım ki, sən qorx bu pandemiya çox su apara, axırda rahib olasan.

Hə, nə deyirdim...

Yoluxanların sayının artdığını deyirlər.

Qanım qaralıb...

İnsanların psixologiyası ciddi şəkildə pozulur. İntiharların sayı da göz önündə.
Psixoloji pozuntu virusdan daha təhlükəlidi.

Xahiş edirəm, nəzərə alaq...

# 3835 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #