Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçıların Türkiyədə tanıdılması işi davam etdirilir. Artıq bu seriyadan Azərbaycanın bir sıra gənc yazarlarının əsərləri kitabları çap olunub.
Layihədə çərçivəsində türk dilinə əsərləri çevirən şair-tərcüməçi Yurtseven Şen Mirmehdi Ağaoğlunun “Hər şey oğlum üçün” kitabı barədə fikirlərini paylaşıb. Kulis.az həmin yazını təqdim edir.
Sovet dövrü Azərbaycan ədəbiyyatına dair təxminən 200 roman, bir o qədər də hekayə və povest oxudum. Bədii ədəbiyyatın bu növlərində yazılan əsərlər xarakter baxımından bir-birinə çox bənzəyirlər. Bu əsərlərin çoxunda əsasən rus ədəbiyyatından, daha doğrusu rus klassiklərindən izlər tapa bilərsiniz.
Bu günə qədər Azərbaycanın yeni nəsil yazarlarını çox oxumaq fürsətim olmasa da Azərbaycan Mədəniyyət Nazirliyi bu il bu fürsəti mənə verdi. Gənc ədəbiyyatçılardan Mirmehdi Ağaoğlunun “Hər şey oğlum üçün” kitabı daxil 7 kitabı Türkiyə türkcəsinə uyğunlaşdırdım. Mirmehdi Ağaoğlunun hekayələrini oxuyarkən yuxarıda söz etdiyim “izləri” çox görməməyim açığı məni məmnun etdi. Redaktorlarımızın da bildirdiyi kimi, gündəlik həyatda hər kəsin qarşılaşdığı hadisələri sadə bir təhkiyə ilə təqdim etməsi, tarixi və dini fiqurlara təsir edici bir üslubda istinad etməsi yönündən Ağaoğlunun hekayələri Ömər Seyfəddin tərzinə olduqca yaxındır. Qısacası bu hekayələr türkcə qədər gözəl, Türkiyə və Azərbaycan insanı qədər təmiz və səmimi gəldi mənə.
Ağaoğlunun hekayələrindən mənə ən çox təsir edən isə “85-ci gün” və “Nuhun xarratı” oldu. Tarixi hadisələrdə arxa planda olan və insanların ağlına belə gəlməyən sadə fiqurlardan hekayə qəhrəmanı yaratmaq və bunu anladan zaman oxucunu təsir altında saxlamaq hər yazıçının işi deyil. Bu cür mövzulardakı sadə, fəqət təsirli təhkiyə tərzinə daha əvvəl Çingiz Aytmatovda rast gəlmişdim. Eyni ləzzəti Ağaoğlunun bəhs etdiyi hekayələrindən də aldım.
Azərbaycan ədəbiyyatına Türkiyədə diqqət olduqca böyükdür. Xüsusilə də universitetlərdə müəllimlər daha əvvəl yayımlanan kitabları tələbələrinə tədris edirlər. Cəlil Məmmədquluzadənin “Danbaş kəndi”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanı, Mövlud Süleymanlının “Dəyirman” povesti və Nizami Gəncəvinin “Xəmsə”si ən çox öyrədilən əsərlərdəndir. Təbii bütün bunların gerçəkləşməsində Azərbaycan Mədəniyyət Nazirliyinin müstəsna töhfəsi və təşəbbüsləri danılmazdır. Bu vəsiləylə nazirlik əməkdaşlarına də ürəkdən təşəkkür edirəm. Ümid edirəm universitetlərimiz və Azərbaycan ədəbiyyatı aşiqləri diqqətlərini bu gənc yazarlarımızdan əsirgəməzlər. Həqiqətən hər biri oxunmağa və incələnməyə layiq xüsusiyyətə malikdir...
Mirmehdi Ağaoğlunun və digər “Gənclik seriyası” yazarlarının əsərlərini Mədəniyyət Nazirliyi, universitetlər və yerli icra hakimiyyətlərinə bağlı təxminən 800 kitabxanadan əldə edərək oxuya bilər və ya Kitapyurdu, İdefix, Kitapsec kimi 200-ə yaxın internet satış nöqtələrindən sifariş edə bilər; Nezih, Kırmızı Kedi, İnkılap və s. kimi kitab mağazalarından satın ala bilərsiniz. Ayrıca Kitapavrupa və başqa saytlar Avropada, Amazon isə dünyanın hər bir guşəsində bu kitabların satışını həyata keçirməkdədir.
İndidən xoş mütaliələr diləyirəm.