Azərbaycan təsviri sənətinə və pedaqoqikasına ağır itki üz verib. Dünən Azərbaycan Rəssamlıq Akademiyasının və onun nəzdindəki Rəssamlıq Kollecinin müəllimi Vaqif Ucatay (Hüseynov) vəfat edib.
Kulis.az sənətşünas Ziyadxan Əliyevin Vaqif Ucatay haqqında yazdığı “Rəssamın 40 illik sevdası” adlı yazısını təqdim edir.
Dünəndən bəri keçirdiyim hissləri izah etməkdə çətinlik çəkirəm. Söz adamı olmasam da, əqidə dostum barəsində dəfələrlə məqalələr yazdığımı bilsəm də yaşanrılarımı izah etməkdə çox aciz görünürəm. Bununa belə demək istəyirəm ki, Vaqif Ucatay itkisi həqiqətən də çox ağırdır. Həm də ona görə ağırdır ki, Azərbaycanın təsviri sənəti mənim tanıdığım ən milli qeyrətli yaradıcısını itirdi. Bir ağrılısı da odur ki, biz ruhunda nəhatəysiz milli sevgi olan çox vətənpərvər rəssama əsl dəyərini verə bilmədik. Təbii ki, mən ixtiyar sahibi olanları nəzərdə tuturam. Onu yaxından tanıyanlar, milli ruhuna, əqidəsinə bələd olanlar onsuz da onu çox yüksək tutdular. Bu gün onun yoxluğuna qəlbən yananlar da elə Vaqif müəllimi ürəkdən sevənlərdir. Belələri lap çoxdur. Onları həyatımızın hər sahəsində görmək mümkündür. Belə ki, onun cəmisi bir əsərini görməklə, 5-10 dəqiqə söhbət etməklə onun hansı əqidə sahibi olmasına əmin olmaq olardı. Vaqifin heykəltəraş oğlu Güntay dünən səhifəsində yazdı ki, “Rənglərin soldu sənətkar. Görüşənədək”. Yox solmadı! Sola da bilməz! Bir həqiqətdir ki, əsl yaradıcıların onu yaşadacaq ömrü onların yoxluğundan sonra başlayır. Düşünürəm ki, böyük rəssam, böyük müəllim Vaqif Ucatayın sənətkar ömrü dekabrın 20-dən başlayır.
Aşağıda isə onun anadan olmasının 65 illiyinə həsr olunmuş məqaləmi diqqətinizə təqdim edirəm...
Müəllifdən
Şəxsiyyətinə və yaradıcılığına yaxından bələdçilıiyimin qarşılığında onun özü və sənəti haqqında bu gün söz söyləmək o qədər də çətin deyil. Yüngülləşdirici amillərdən biri onun 65 illik ömür payını kifayət qədər mənalı keçirməsi, XX-XXI əsr Azərbaycan təsviri sənətində zaman-zaman xatırlanacaq rəngkarlıq və qrafika əsərləri ərsəyə gətirməsidir. Başqa sözlə desək, bu gün kifayət qədər yaşanmış görünən həmin ömür zirvəsindən onun geri baxmağa, özünə və başqalarına qürurvericilik bəxş edəcək nələrisə xatırlmağa haqqı çatır...
Hələ ötən əsrin yetminci illərində duyğularını rənglərlə cəlbedici və düşündürücü tutumda ifadə etmək həvəsi ilə qədim Şabrandan paytaxta üz tutandan bəri bir dəfədə olsa həyat və sənət amalına bir dəfə də olsa xəyanət etməyən Vaqif Ucatay (Hüseynov), sonradan ali təhsil aldığı İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəramlıq və Memarlıq Akademiyasında (Sankt-Peterburq) da çoxsaylı əsərləri ilə xalqımızın tarixinin, zəngin etnoqrafiyasının və problemlərinin yorulmaz təbliğçisi olmuşdur. Bu gün təzadlı Azərbaycan tarixinin ən ağrılı səhifələrinə tutulan “bədii güzgü”lərin adı çəkilində heç şübhəsiz, Vaqif Ucatayın adı çəkilir. Bu tablolar bizi qədim tariximizi özündə yaşadan memarlıq abidələri, işıqlı əməlləri ilə xalqımıza başucalığı gətirən görkəmli şəxsiyyətləri, milli adət-ənənələrimizlə, Qarabağ həqiqətlərinin hissləri tarıma çəkmək gücündə olan ağrılı səhifələri ilə üz-üzə, göz-gözə qoyur. Bu əsərlərin bəzilərini dəyərlədirməklə, onun bütün yaradıcılığı boyu tamaşaçısını düşündürmək gücündə olduğuna əmin olmaq mümkündür...
İlk olaraq rəssamın “Sevda”(“Azərbaycan toyu”) əsəri haqqında söz açmağımız səbəbsiz deyil. Bunu şərtləndirən bir-neçə səbəb vardır. Onlardan biri tablonun yaradılmasına Vaqif Ucatayın nə az, nə çox – düz 40 il vaxt sərf etməsidir. Bu mənada “Sevda”nın Azərbaycanda oxşarı yoxdur, desək, yanılmarıq. İlk eskizləri 1980-ci illərdə yaradılan bu əsərin kartonu 2000-2001-ci illərdə hazırlanmış, sonra isə kətana köçürülmüşdür. Əsər yalnız 2020-ci ildə nisbi də olsa tamamlanmışdır.
Yaradıcılıq prosesinin bu qədər uzanması isə ilk növbədə kompozisiyanın mürəkkəbliyindən qaynaqlanmışdır. Belə ki, xalqımızın ən gözəl adətlərindən birinin – toyun əhatəli şəkildə tamaşaçıya çatdırılması üçün rəssam 20 səhnəni əhatə edən 333 fiqurdan istifdə etmiş, onlara həm real, həm də obrazlı-bədii tutum vermişdir. Ən maraqlısı bu qədər insan obrazının rəssamın həyatdan götürməsidir. Başqa sözlə desək, çoxsaylı adət-ənənəyə bağlı motivlərə göz qoyarkən, orada rəssamın “rejissorluğu” - incəliklə idarə etdiyi səhnələrin iştirakçılarının əksəriyyətinin Azərbaycanda tanınan şəxsiyyətlərdən ibarət olduğunu görmək mümkündür.
Etiraf edək ki, Vaqif Ucatay toyun fəlsəfi, mənəvi və əxlaqı dəyərini və əhəmiyyətini toyqabağı yaşanan müxtəlif mərasimlərin zənginlıyində və gözəlliyində əyaniləşdirməklə, bütünlükdə, xalqımızın dünyaya yeni insanın gəlişinə uzanan “yol” kimi düşündüyü bu gözəl adətimizi “Göy”ün “Yer”ə sevgisinin nəticəsi kimi təqdim etməklə, bədii-mənəvi tutumu ölçüyəgəlməz olan sənət incisi yaratmağa nail olmuşdur. Əgər qədim türklərin dünyanın üç – yerüstü (işıqlı) və yeraltı (qaranlıq) dünya, eləcə də göylər (mənəvi ucalıq) dünyası şəklində mövcudluğuna inamını bu gün xatırlamalı olsaq, onda müəllifin kompozisiyanın bədii-fəlsəfi tutumunda “üçlük sistemi”ndən istifadə etməsini, təsvirə gətirilən hər şeydə, eləcə də insanların sayında üç rəqəmini əsas götürməsini məntiqli saymaq olar. Belə ki, kompozisiyada üç rəqəmi özü qədər, üç kərə təkrarlanmaqla böyük say əmələ gətirib. Ona görə də buradakı adamların sayı 333-dür. Dədə Qorqud obrazı ilə başlanan kompozisiyada onun və mərkəzdəki ailənin təsvirindən başqa qalan bütün insanların hamısı kiçik ölçüdə təqdim olunmuşlar. Bu da insanların Tanrı qatında bir olmalarına işarədir...
Əsərin süjet xətti “Bulаq bаşındа” аğ аtlı oğlаnın doqquz qızdаn birini bəyənməsi səhnəsi ilə bаşlаy;r. “Еlçi”, “Nişаn”, “Qız еvinə oğlаn еvindən xərc aparanlar”, “Qız toyu” (pаrçаkəsdi), “Хınаyахdı”, “Toyа hаzırlıq”, “Gəlin otаğının bəzədilməsi”, “Bəyin şərəfinə güləş”, “Аtа еvindən ayrılma”, “Gəlin fаytonunun qаrşısının kəsilməsi”, “Gəlinin oğlаn еvinə gətirilməsi”, “Qovuşmа”, sondа isə yеni “Аilə” (аtа, аnа, övlаd) səhnələri ilə davam edərək bаşа çаtır. Burаdа əsаs süjetlərlə yаnаşı, bunları bir-birinə bağlayan səhnələr də verilmişdir. Bu motivlər əsərin süjеt xəttinə uyğun olan, məna-məzmun tutumunun açımına yardım edən, onu dаhа dа zənginləşdirən təsvirlərdir...
İnanmaq olar ki, milli rəngkarlığımızın ən mürəkkəb kompozisiyalı bu əsəri nüfuzlu muzeylərimizin birində yer alacaq və tamaşaçılara estetik zövq qaynağına çevriləcəkdir. Cəsarətlə demək olar ki, “Sevda” müstəqillik dövrü Azərbaycan təsviri sənətində bədii hadisə sayıla biləcək əsərlərinin birincisidir.
Əlavə edək ki, “Sevda (Azərbaycan toyu)” əsərinin məhz Vaqif Ucatayın fırçasından çıxması heç də təsadüfi deyil. Belə ki, hələ tələbəlik illərindən milli-tarixi mövzulara (“Doğmalıq”,1978; “Nizami işığında”,1987) müraciəti ilə həmkarlarından fərqlənən rəssam, bu günə kimi bu yöndə bir-birindən maraqlı əsərlər (“Ədəbiyyatşünas-alim Əziz Şərifin portreti” ,1980-ci illər, “Dədə Qorqud”, 2000, “Şuşalı qaçqın qızın taleyi”,2010; “Şərəfli insanlar”,2011), o cümlədən Qarabağ hadisələri ilə bağlı çoxsayı qrafik lövhələr (məşhur “Xocalı” plakatı,1992 və “Bax! Gör!Unutma!” silsiləsi,2000-ci illər ) ərsəyə gətirmişdir...
Vaqif Ucatayın 1987-vi ildə diplom işi olaraq ərsəyə gətirdiyi “Nizami işığında” rəngkarlıq əsərinin mənəviyyat tariximizin çox maraqlı səhifələrindən birini işıqlandırdığı birmənalıdır. Bildiyimiz kimi Sovet hökuməti 1941-ci ildə SSRİ məkanında Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqda qərar qəbul etsə də, qəflətən İkinci Cahan Savaşının başlanması onun keçirilməsini təxirə salmağa məcbur etmişdi. Nizamisevərlər yubileyin ertələnməsindən üzülsələr də, o vaxtlar Leninqradda (indiki Sankt-Peterburq) Dövlət Ermitajının direktoru vəzifəsində çalışan İ.Orbeli hələ də tədbirin keçirilməsi arzusu ilə yaşayırmış. Son nəticədə onun səyləri öz nəticəsini vermiş və yubileyin siyasi-psixoloji əhəmiyyətini dərindən hiss edən İ.V.Stalin tədbiin blokada şəraitində olan Leninqraddda keçirilməsinə göstəriş vermişdi. Hazırda Dövıət Ermitajının arxivində saxlanan sənədə əsaslansaq, deyə bilərik ki, yubileydə 95 nəfər iştirak edib. Yubiley tədbiri lap vaxtında, yəni, alman hava hucumunun başlanacağı vaxtdan azca əvvəl saat 16.50-də tamamlanıb. Ermitajın direktoru İ.Orbeli xatirələrində qeyd edir ki, “Biz tədbiri qurtarıb küçəyə çıxanda top lülələrinin havaya tuşlandığını gördük. Səhəri isə bütün mərkəzi qəzetlər Leninqradda Nizaminin yubileyinin qeyd olunduğundan yazırdı. Bu heç şübhəsiz bizim mənəvi qələbəmiz idi...”
Hazırda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində göstərilən bu tabloda muzeyin “Məktəbli kabineti” kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutan yubiley mərasimi təsvir olunub. İri ölçülü tabloda (208x160 sm) yubiley təntənəsi əks olunsa da, bütünlükdə əsərdə müharibə ruhu, blokada ab-havası duyulur. Yeddi metrlik pəncərələrin müharibə şəraitinə uyğun örtülməsi, yeri gələndə onların qarşısını örtməli olan pərdələrin “döyüşə hazır vəziyyətdə asılışı və heç şübhəsiz, yubiley iştirakçılarının (onların əksəriyyəti cəbhədən geri çağrılmış ədəbiyyatşünas-alimlər idilər) hərbiləşmiş qiyafələri, az qala tamaşaçını rəssamın hansısa gizli yığıncağı görüntüyə gətirdiyi qənaətinə gəlməyə məcbur edir. Heç şübhəsiz, bunu Vaqif Ucatayın baş verənləri yüksək sənətkarlıqla, inandırıcı təsvir etməsi şərtləndirir. Qənaətimizcə, bu əsəri tarixi janrdan duyulası kasadlıq çəkən təsviri sənətimizə yaddaqalan töhfə saymaq olar,..
Bu günlərdə anadan olmasının 65 illiyi tamam olan Vaqif Ucatay hazırda müstəqil yaradıcılıqla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və onun nəzdindəki rəssamlıq kollecində çalışmaqda, yetişməkdə olan gənc nəslə təsviri sənətin sirlərini öyrətməkdədir. Etiraf edək ki, çox vaxt əsərlərinin məzmun tutumuna və milli ruhuna görə görə başqalarından seçilən bu gənc rəssamlara ünvanlanan təqdiredci sözlərdə Vaqif müəllimin də payı vardır. Qənaətimizcə, bu onun həyatda əldə edə biləcəyi ən böyük mənəvi qazancdır...
P.S. Yazı “Kaspi” qəzetinin 17 iyun 2020-ci il tarixli sayında çap olunub.