Ramiz Rövşən və digərləri: Yazıçılarımızın ən böyük dərdi

Ramiz Rövşən və digərləri: Yazıçılarımızın ən böyük dərdi
16 dekabr 2020
# 13:06

Ötən gün Ramiz Rövşənin 74 yaşı tamam oldu. Bu münasibətlə ölkə başçısı şairə ev hədiyyə etdi. Hədiyyə ramizsevərləri iki yerə böldü. Hazırda sosial şəbəkədə müəyyən bir kəsim onu ürəkdən təbrik edir, müəyyən bir kəsim isə qınayır.

Bəs əslində necə olmalıdır?

Yazıçı necə yaşamalıdır?

O, ehtiyaclarını necə ödəməlidir?

Sırf Ramiz Rövşən timsalında, olduqca sanballı mətnlər yazan, üzərindəki gözləntini üçqat yerinə yetirən qələm adamı başqa nə etməlidir?

Bəli, yazıçı mətnilə dolanmalıdır.

Bir az da dolğun desək, kitabları ilə...

Azərbaycanda isə hələ də kitabla bağlı lazımi infrasturuktur tam formalaşmayıb. Nəşriyyat haqqında qanun, demək olar ki, yoxdur. Şairlər, yazıçılar kitabı öz pulları ilə çıxarır. Təkcə sonuncu cümlə Azərbaycan yazıçısının sosial obrazını ortaya qoyur.

Biz həmişə yazıçıya dəyərdən danışanda onun tənqid olunmamasını, adı gələndə yalnız xoş sözlər deyilməsini nəzərdə tuturuq.

Yanlış!

Yazıçıya verə biləcəyimiz ən böyük dəyər onun kitabını oxumağımızdır. Kitabını aldıqdan, oxuduqdan sonra haqqında istənilən tənqidi, müzakirəni aça bilərik. Bizim oxucunun yazıçıya münasibəti isə hələ ki, “quru-quru qurbanın olum”dan o yana keçmir.

“Sən kitabını yaz, oxuyan oxuyacaq”, “Ölkədə 10 milyon adam var, elə bir roman yaza bilmirsinizmi ki, heç olmasa, 5 min adam kitabınızı alsın...”

Bunlar illüziyadır. Kənardan həmişə elə görünüb ki, yazıçı-oxucu arasında heç bir qüvvəyə ehtiyac yoxdur; biri yaza bilən, digəri oxuya bilən varlıqdır, qeyrisinə nə hacət?

Ancaq bu tandem tarix boyu ikilikdə anlaşa bilməyib. Bu ikilinin arasında mütləq nəşriyyat sistemi, naşir, kitab menecerləri, prodüserlər var olmalıdır.

Yazıçı kitabını yazdıqdan sonra heç vaxt “siz məni niyə oxumalısınız?” sualına cavab axtarmır. O, ürəyinin qanıyla yazdığı cümlələri, deyilməmiş fikirləri, şəkilləri, yuxusuz gecələri ortaya qoyur və düşünür ki, məni insanlar oxumalıdır.

Oxucu isə düşünür ki, mən zəhmət çəkib qazandığım pulu kitaba niyə verim? Bu reallıqda oxucunu bir kölgəyə çəkən, onu sosial reallıqlardan mənəvi müstəviyə apara bilən, yeri gələndə işıqlı gələcək naminə xoş illüziya yaradan qurumlara hökmən ehtiyac var. Bu tramplinsiz nə həqiqi yazıçı olacaq, nə də oxucu.

Azərbaycan yazıçısı 30 ildir yazdığı kitabları sandığına, rəflərə yığmaqla məşğuldur. Onun fikirlərinin, mətnlərinin axıb gedəcəyi bir cığır açılmır. Sanki yazıçı qatar düzəldir, onu son dəb aksesuarla bəzəyir, qışqırıb beş-üç sərnişin də tapır, ancaq baxır ki, dəmir yolu yoxdur. Bu böyük səhrada siz pas atıb qalan yüzlərlə qəşəng qatar görə bilərsiniz.

Bakı Beynəlxalq Kitab Sərgisi başa çatdı

Dəmir yolumuzu salmalı qurumlardan isə uzun müddətdir yazırıq. Gəlin, ölkəmizin yeni bir müstəviyə qədəm qoyduğunu bağırdığımız belə günlərdə bir daha problemi əldə bayraq edək. Bu yazı ənənəvi tənqid deyil, burada adı keçən heç bir struktur rəhbəri bunu iynəli tənqid kimi qəbul etməsin. Dost, xələf mesajı kimi görsün. Onsuz da biz də qara-qara danışmaqdan bezmişik. And olsun ki, istəyimiz Azərbaycan ədəbiyyatının bir axar tapması, yazıçılarımızın bir yol bulmasıdır.

Azərbaycanda ədəbiyyat deyiləndə ilk ağıla gələn qurum Azərbaycan Yazıçılar Birliyidir. Bu qurumun hazırki hüquqi kökü çox dərin olmasa da, bir zamanlar ölkə ədəbi mühitindəki nüfuzu, ona rəhbərlik edən yazıçı Anarın şöhrəti və dövlətin hələ də bura ədəbiyyat naminə ayırdığı vəsait bu qurumdan gözləntini artırır.

Bizim yuxarılara istənilən müraciətimiz bu qurum səbəbilə yönünü dəyişir. Müraciət etdiyimiz instansiyalar ədəbiyyat adına yalnız oranı tanıdığından, bütün prosesin orda baş verdiyini düşünür, ölkədə başqa bir ədəbiyyat dəyirmanına ehtiyac görmür. Yəqin, həmin instansiyalar AYB-nin suyunun çoxdan quruduğundan xəbərsizdir.

Bu cümlələr heç də AYB-nin ləğvinə, rəhbərlik dəyişikliklərinə çağırış deyil. Bu, bir qışqırıqdır; orda kitab, ədəbiyyat naminə effektiv iş getmir! O qurumda çalışan vicdanlı şəxslər də bunu etiraf edir. Formallıq xirtdəyə qədərdir.

Azərbaycan ədəbiyyatının yön bulması üçün reforma olmalıdır. Proses, ümumilikdə dəyişməlidir. Lap AYB olduğu yerdə qalsın, elə indiki işləri ilə də məşğul olsun, amma qurumdan ummayın. Yeni konsepsiyalar düşünülməli, yeni ideyalar dəyərləndirilməlidir.

Yazıçımız, kitabımız, oxucumuz can verir.

Mədəni-ədəbi problemlərin müzakirəsinə yönəlik başqa bir mötəbər struktur Milli Məclisin Mədəniyyət Komitəsidir. Bu komitəyə əzəldən qələm adamları rəhbərlik edib, bu gün də ənənə davam edir; Anar, Nizami Cəfərov, Rəfael Hüseynov...

İndi isə Qənirə Paşayeva...

Təəssüf ki, problemi yaxşı bilən adamların rəhbərliyinə rəğmən bu tribuna da nəşriyyat işinin modern təşkilinə - bağlı qalmış kitabımızın açılmasına nail ola bilməyib. Bu yöndə uğurlu bir addım belə yoxdur! Halbuki problemin həlli o qədər çətin də deyil. Azərbaycanda ədəbiyyat şamı əzəldən yanır, sadəcə bu şamı mərkəzə, uyğun yerə qoymaq kifayətdir.

10 milyon əhalisi olan, yazıb oxuma faizi 99 faiz təşkil edən, sakinlərinin əksəri şeir, hekayə yazan bir ölkədə kitab sənayesini qurmaq niyə çətin olsun?

Əhalisinin böyük hissəsi humanitar təfəkkürlü yurdumuzda yaxşı bir yazıçının ilə 3-5 min kitab satması niyə tənzimlənə bilmir?

Mədəniyyət Nazirliyinin aidiyyatı kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi də var. Adı insanı aldadır. Kənar baxan üçün ölkədə ədəbiyyat, kitab probleminin mövcudluğu təəccüblü gələ bilər. Lakin... Problem strukturun mövcud olmamasında deyil, baş alıb gedən formallıqdadır.

Nazirliyin kitab və nəşriyyat şöbəsində şəxsən olmuşam. Tanış olduqca mənzərə o qədər aydınlanır ki, buradan nəsə ummağın ən azından amansızlıq olduğunu başa düşürsən. Adı nə qədər işıqlı olsa da, bu şöbənin imkanları bir otağı işıqlandırmağa yetmir. Əlindəki maddi və hüquqi rıçaqlar o qədər məhduddur ki, şöbənin bir nazirliyə məxsus olduğu şübhə doğurur.

Mən müşahidə etdiyim vəziyyət təbii ki, Mədəniyyət Nazirliyindəki islahatlardan əvvəl idi. Son islahatların və gözlənilən yeniliklərin bu sahəyə təsirini pozitiv proqnozlaşdırmaq çətin olsa da, bu yöndə kəskin diaqnoz qoymaq da dürüst addım olmaz. Hər halda nəyəsə ümid edək.

Bütün reallıqları sərgiləyəndən sonra görürük ki, istedadının məşəqqətli diktəsilə hər gün tər tökən və başını qaldırdıqda xırda sosial qayğıların xirtdəyinə dirəndiyini görən hər bir yazıçının dəstəyə ehtiyacı olur: lap elə Ramiz Rövşənin də!

Qarşıda isə iki yol var; yazıçı ya dövlətdən ummalıdır, ya da şablon ifadəylə desək, “soros qulu” olmalıdır.

Hərçənd yazıçı oxucusuna güvənməli idi.

Ey oxucu, Azərbaycan yazıçısı bu gün sənə güvənə bilərmi?

Yox!

Çünki sən yoxsan!

Nə qədər sən yoxsan, yazıçı da yoxdur.

Giley-güzarını yazıçı ilğımından çək!

Bu gileyi lazımı yerə yönəlt, özünü də var et, yazıçını da yarat.

# 4236 dəfə oxunub

Oxşar xəbərlər

Kinomuzun kişi üzü - Anım

Kinomuzun kişi üzü - Anım

13:01 22 noyabr 2024
Şuşaya həsr olunmuş virtual sərgilərin təqdimatı keçirilib

Şuşaya həsr olunmuş virtual sərgilərin təqdimatı keçirilib

12:57 22 noyabr 2024
Elza Seyidcahan:  “Şeirlərim dərsliklərə düşür, kitablarımın hamısı alınıb”

Elza Seyidcahan: “Şeirlərim dərsliklərə düşür, kitablarımın hamısı alınıb”

12:23 22 noyabr 2024
Cennifer Lopesin yeni sevgilisi

Cennifer Lopesin yeni sevgilisi

10:53 22 noyabr 2024
Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi

10:10 22 noyabr 2024
Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

09:27 22 noyabr 2024
# # #