Kulis.az Vüsal Bağırlının "Qərvəndə qayıdarkən" yazısını təqdim edir.
“Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. XIX əsrə aid rus məxəzlərində kəndin adı Qerravend kimi yazılır, yaşlı kənd sakinlərinin dilində Geravənd kimi tələffüz olunur. Bəzi tədqiqatçılar kənd əhlinin Kəbirli tayfasının bir qolu olduğunu, digər
Şanlı ordumuz tərəfindən azad edilmiş ilk yeddi kənddən biridir Qərbənd. Düzdür rəsmi xəbərlərdə, saytlarda kəndin adı nəyə görəsə Qərvənd kimi qeyd olunur. Lakin, mənim doğum şəhadətnaməmdə anadan olduğum yer qrafasında “Qərbənd” sözü həkk olunub və yerli sakinlər də, kənd əhli də yaşayış məskəninin məhz bu cür adlandırırlar.
Avtomobillə Merdinli kəndini ötüb, düz yolla Füzuli şəhərinə deyil, qəribə, qədim təpəcəyin yanındanca Köndələn çayının üzərində salınmış körpüyə tərəf istiqamətlənirdik. Demək ki, artıq çatmışıq. Səfərimizin bu məqamında xeyli vaxtdan bəri avtomobil sürən yol yorğunu atamın kefi xeyli kökəlirdi. Zarafata başlayırdı. Ovuclarını sükana döyəcləyərək nağara çalır, anam hansısa oynaq xalq mahnısını zümzümə edirdi.
Körpünün o tərəfində, əvvəl Seyidmahmudlu kəndi, sonra sıralanıb gedən sovxoz üzümlükləri, sonra da Qərbənd boylanırdı.
Əvvəl ənənəyə uyğun olaraq, ata babamgilə gedirdik. Lakin orada qərar tuta bilmirdim. Səbirsizlənirdim. Köhnə məktəbin, kəhrizboyu tozlu yolun o biri tərəfində, yalın altında yerləşən ana babamgilə can atırdım. Çünki orada, keçirəcəyim bütün tətil müddəti boyu hüdudsuz uşaq azadlığı, səmada süzən quş sərbəstliyi əldə edəcəkdim. Çünki orada yaşıdım, dostum, xalaoğlum Rəşadla görüşəcəkdim.
***
Bir neçə ay əvvəl Feysbukda bir şəkil diqqətimi cəlb etmişdi. İki şəxs (güman ki erməni) elə də dərin olmayan bir dərədə, torpaq üzərinə hörülmüş, bəzi yerləri uçub tökülmüş kərpiclər fonunda yanaşı dayanıb, qol-boyun olub obyektiv önündə poza verirdilər. Sifətlərindəki ifadədən keflərinin yetərincə kök olduğu yəqin idi. Arxada üzərini ara-sıra kol-kos basmış, tikanlar, qanqallar bitmiş, bəzi yerləri uçub dağılmış kərpiclərin arasında su şırımları nəzərə çarpırdı.
Təəccübləndim. Gümanlarıma əmin olmaq üçün şəkli tez telefonumun yaddaşına yükləyib, axşam atamla-anama göstərdim. Heyrətlə üzümə baxdılar. Sual verdim: “Bura həmin yerdirmi?
Sevincək: Bəli, doğma kəndimizdir, – söylədilər – Qərbənd kəhrizidir.
Valideynlərimin şiddətli sorğu-sual gülləboranına rəğmən şəkilin necə, hansı şəraitdə, kim tərəfindən əldə edildiyini bilmirdim. Amma təsvirdəki yerin, xatirələrimə, uşaqlıq yaddaşıma hopmuş doğma məkanın kəndimiz, Qərbəndimiz olması şübhəsiz idi.
Adətən belə şeylər çox olur. Rusiyada yaşayan ermənilər, yüksək pul məbləği qarşılığında işğal olunmuş yerlərin şəkillərini çəkib, orada yaşayan həmvətənlərimizə gətirirlər. Beləcə hər iki tərəf razı qalır, şəkli çəkən həm qazanır, həm göz dağı verir. Şəkili əldə edən isə vaxtilə doğulduğu, boya-başa çatdığı doğma məkanlara baxıb az da olsa, təskinlik tapır.
O, vaxt şəklə baxarkən heç bilməzdim ki, 1993-cü ildən bəri işğal altında olan Qərbəndin düşmən tapdağından azad olunmasına cəmi-cümlətani bir neçə ay qalır.
***
Beynimdə həzin-həzin dalğalanan xatirə dənizinə baş vururam. Uşaqlıq xatirələri davam edir...
Budur, üçüncü ya dördüncü sinifdə oxuyuram, yay tətili yenicə start götürüb və mən axır ki, kəndə gəlmişəm. Hər şey kinolent ardıcıllığı, duyğu orqanlarının həssas hissetmə dəqiqliyi ilə gözlərim önündə, beynimdə, hiss orqanlarımda canlanır, dolğun şəkildə əks olunur.
Otu, çəməni dizədək boy atan əsrarəngiz meyvə bağı. Ot çalımına hazırlaşan ana babamın əlindəki dəryazı xarta-xurtla itiləməsi. Yeni çalınmış və bir-birinə dolaşmış ələfin, çiçəyin, yoncanın kəskin ətri, ətrafda uçuşan, vızıldaşan həşəratlar, cücü-mücülər. Dəfə hürgücünü xatırladan, ətri adamı bihuş edən yastı taya. Vaxtımın çoxu, ya cərgə ilə xeyli meyvə ağacı əkilmiş div bağın sağ tərəfindəki zoğallığın arasında, ya nəhəng qoz ağacına bərkidilmiş turnikin üstündə, ya da nənəmin yeni qaladığı və çörək bişirməyə hazırlaşdığı təndirin ətrafında keçirdi.
Bir yerdə dayanmırdım, sapand düzəldirdim, qarğı at çapırdım, məftil arabası sürürdüm, ərik, əncir ağaclarına dırmanırdım. Mark Tvenin məşhur qəhrəman cütlüyü kimi, xalaoğlu ilə birgə min oyundan çıxırdıq. Hər anımız macəra, hər günümüz sərgüzəşt olurdu.
Kəndin feldşer – həkimi olan babam universal bacarıq sahibi idi. Mütəxəssis çatışmazlığından, məcburən bütün xəstəliklər üzrə ixtisaslaşmışdı. Kişi heyvanları da sağaldırdı, bitkiləri də, insanları da. Məni bəzən iş yerinə aparardı. İçərisinə qorxa-qorxa ayaq basdığım, ehtiyatla addımladığım, otaqlarına spirt, yod, komfra iyi hopmuş birmərtəbə binadan heç xoşum gəlməzdi.
Uşaqlıq yaddaşı dolğun, rəngarəng olur. Sanki hər şey dünən baş verib.
Babamgilin evi. Üst evdə (evin yuxarı mərtəbəsi belə adlanırdı) dayım Fikrətin mini kitabxanaya çevrilmiş, sıx dolduğundan, qapısını açarkən içindəki spesifik qoxulu cildliklərin az qala üstünə aşıb töküldüyü dolab gəlir gözlərim qarşısına.
Mənim kitaba, ədəbiyyata olan həvəsim, islaholunmaz mütaliə hərisliyim, içərisinə Çek London, Teodor Drayzer, Rabindranat Taqor, Mark Tven, Herbert Uels, Viktor Hüqo, Çarlz Dikkens və həmin dövrlər populyar olan, sovet birliyində nəşrinə və tərcüməsinə icazə verilmiş digər əcnəbi müəlliflərin əsərləri ilə başlamışdı.
Yadımdadır, capcanlı gözlərim önündədir hamısı.
Dünyaya gətirdiyi onbir övladın Qəhrəman Anası Mirvari nənəmin qaymaqçəkən maşını, onun codlaşmış əllərindəki təndir, xəmir, küt getmiş çörək ətri. Övladlarının Eyvaz əmi adlandırdığı, indi 94 yaşında doğma Qərbəndinin azad olunduğunu eşidib “ölmədim, bu günü də gördüm” deyən Əvəz babamın fonendoskopu, hər dəfə qorxuyla baxdığım dəmir şpris qabları, mənə ən böyük nəvəsinə bir də toxunmaması üçün “bala çeşməyi qoy yerinə, taxma gözünə, kor olarsan” dediyi enli sağanaqlı eynəyi.
Diri-diri tutduğuma görə qorxub, sevinc qarışıq həyəcanla boğazlayıb öldürdüyüm qaz balaları. Məni əyləndirmək üçün dayımın bankanın içərisinə saldığı zırpı qurbağa. Güllər xalamın məni bumbuz quyu suyu ilə çimdirərkən söylədiyim “zəllət eliyir” sözündən ləzzət alması.
Yanında çömbəlib, kiçik dayımın nəsə uzunsov bir şeyi çəkiclə döyəclədiyinə maraqla tamaşa eləməyim, bu zaman - sonradan təhlükə, ölüm saçan patron olduğu məlum olan - əlindəki həmin şeyin qəfil partlaması, nənəmin dəhşətdən bərəlmiş gözləri, dayımın qana boyanmış barmaqsız əli, mənim möcüzə ilə sağ-salamat qurtulmağım.
1993-cü il avqustun 14-də, valideynlərimin işi ilə əlaqədar köçüb yaşadığımız İmişli rayonundan doğma kəndimizə, Qərbəndə səfər etmişdik.
On birinci sinfə adlamışdım və həmin yay mənim son məktəb tətilim idi. Dərslər açılana qədər kənddə qalacağımı düşündükcə şadlığımdan atılıb-düşürdüm.
Lakin, kəndimiz təhlükəli zonada, cəbhə bölgəsində yerləşirdi və işin tərsliyindən, həmin gün ermənilər oranı həmişəkindən daha çox qrad atəşinə tutmuşdular.
Mərmilərdən biri kəndin lap ortasına, orta məktəbin arxasına düşdü və elə tozanaq, elə gurultu qaldırdı ki, bu səs-küyə adət etmiş babamgildən fərqli olaraq, biz bərk qorxduq. Partlayış mənim kənddə qalacağımla bağlı ümidlərimin rişə vermiş kökünü dibindən baltaladı.
Biz həmin gün İmişliyə qayıdarkən, heç ağlımıza da gəlməzdi ki, elə səhərisi gün erməni tankları, qoşunları kəndə yeriyəcək, camaat, kənd əhli pərən-pərən düşəcək və bu otuz il üçün Qərbəndə son gəlişimiz olacaq.
***
Bəli, Qərbənd mənfur yağı işğalından, düşmən tapdağından azad olundu və sanki bu qurtuluşla letargiya mərəzinə tutulmuş yaddaşım da oyandı, ölü bildiyim xatirələr dirildi.
İndi qalır bir şey, sentyabrın 27-si azad olunmuş həmin yerlərə, 27 ildən sonra yenidən baş çəkmək.
Bir sözlə, qayıdırıq, lap az qalıb...