Kulis.az Orxan İsmayılın “Kiçilmə” hekayəsini təqdim edir.
O vaxt Salmangilin ailəsi böyükdü. Əslində bu ailə cəmi-cümlətanı üç nəfərdən - Salman, Salmanın atası Kərəm, bacısı Sürəyyadan ibarət idi. Ailənin böyüklüyü həmişə üzvlərinin sayından asılı olmur, bu tərkibdə özünə yer edə bilmiş heyvan, əşya, lap elə daim xatırlanan, dildə ağızda-gəzən, yaddaşlarda təzələnən xatirə... Salmangildəki kimi.
Salman 25 yaşlı uca boylu, möhkəm bədənli, uzun telləri iri alnını gizlədən, hərdən axsayan gəncdi. Danışanda tez-tez udqunur, bu qısa fasiləni cümləsinin sonunu daha bəlağətli etmək üçün fürsət bilirdi. Siqaret çəkir, odun doğrayır, kəndin cavanlarıyla güləşirdi. Hərdən də axsayan, yerişini sim kimi əyri-üyrü edən ayağını qınayır, əsəblə yerə döyəcləyirdi. Bu zaman onun ağzından çıxan etiraz nidası tüstü kimi səmaya yayılırdı.
Salman ailəsini dünyada hər şeydən çox istəyirdi. Anasını lap çoxdan, bacısı Sürəyya 4 yaşına çatar-çatmaz itirmişdi. Onunla bağlı yaddaşında az şey qalmışdı: adı, uzun, quyu kimi dərin yaxalığı, xırda düyünlərlə başına bərkitdiyi çalması, bişirdiyi imisti təndir çörəkləri, çörəklərin xoş rayihəsi. Təndir Salman üçün əsl sehrli qutuydu. Az sayda sadə şeydən - acımış yastı xəmir layı, yumurta, köz - möcüzə əldə olunurdu.
İndi çörəklər Sürəyyanın əlindən çıxırdı. Biraz dadsız-duzsuz, biraz quru, bununla belə, doyumcul. Sürəyya 19 yaşlı ağbəniz, iri gözləri, yumru çənəsi, uzun boynu olan qızdı. Qüsursuz çiyinləri, sağrılarınadək eyni simmetriya ilə ensizləşən beli onu daha gözəl göstərirdi. Tez-tez oxuyur, səsini qaldırıb-endirirdi. Bu zaman əmələ gələn rəngsiz səs buludları ətrafa sevinc, şadlıq, fərəh yağışı çisələyirdi. Hər bəndin sonunu "Aaaa" deyərək uzadır, bu zaman iki düyümlük dodaqlarının irəli uzanması, dilinin alt çənəsində gizlənməsi, qollarının yanlara və yuxarı doğru açılması üzünü güldürürdü. O, bu sevdiyi ifa pozasını tez-tez təkrarlayır, aldığı həzzdən şaqqanaq çəkirdi. Sonra yenə oxuyurdu: "Aaaa..."
Salmanın atası Kərəm təmkinli, qoçaq kişiydi. İnəkləri sağır, dəryazı götürüb cilli, sarmaşıqlı, qızılbaldırlı yoncaya girişirdi. Otların dibdən üzülməsini andıran "xşıtt" səsi çəkil yarpaqları arasından pırıldayıb uçan sərçələrin, sarıköynəklərin civiltisinə qarışırdı. Kərəm alnının tərini silib nəfəsini dərəndə ağzına aldığı xırda yemlikləri çeynəyə-çeynəyə xəyala dalır, çox da uzaq olmayan keçmişi, arvadını, onun ilk doğuş vaxtlarını, sancıdan qıvrılmasına baxmayaraq dünyaya yeni can gətirmək kimi müqəddəs öhdəlikdən toxtayıb ah çəkməsini, üzünün qızarmasını, ağappaq biləklərinin necə əsməsini, inilti ilə müşahidə olunan nəfəsalmaları, ünvansız yalvarışları xatırlayırdı. Onu evdəki doğuşa buraxmamışdılar. İşıqli pəncərənin önündə var-gəl edərək baş verənləri böyük həyəcanla, tərbiyəsinin ona diqtə etdiyi şəkildə müşahidə etmişdi. Allaha dualar yağdırmış, şeytanı mümkün bədliklərdən dolayı azarlamışdı.
Həmin gün "Şükür Allaha, qurtardın" səsi Kərəm üçün ən dəyərli cümlə, cuşa gətirən musiqi, toxtadan şeir idi. Oğulları olmuşdu. Salman adını ikilikdə qoymuşdular. Onalar görə Salman igid, ərən, yorulmayan, yenilməyən adam - kişi mənasını verirdi.
Kərəm qızlarının onun üzünü necə cırmaqlamasını xatırladı. Ayaqları üstdə zorla dayanan qızcığaz atasının bağırtısından qorxub səndirləyə-səndirləyə anasının üstünə cummuşdu.
Kərəm:
- A Maral, bu ləçər iticaynaqlıqda heç səndən geri qalmır ha - deyib üzünü ovuşdurmuşdu. Ərlə arvadın gözləri bir-birini tapmış, gülüşmüşdülər.
...Və arvadı öldü. Ürəyi naümid marafon yarışçısı kimi yarıyolda dayandı. Qarşıdakı böyük məsafə - fəsillər, illər, çağlayan həyat qorxutdu onu. Bu, dünyadan yarı-yarımçıq qopmaqdı. Gözlərini əbədi yumaraq miskin imtina forması almaqdı.
Kərəm bunu xatırladıqda üzü əyildi. Gözlərindən üzülən bir cüt göz yaşı yanında rahatladığı dəryazın fındıq ağacından düzəldilmə dəstəyinə düşdü, ordan da sürüşüb namnazik cilin sivri ucunu islatdı. Ağzında çeynədiyi yemliklər zəhərə dönüb boğazını göynətdi. Dəryazı əlinə alıb güclü qollarının hökmüylə sağdan sola itələdi.
Bu böyük ailənin sevinci, həyatdan razılığı hər zaman qayğılarını üstələyirdi. Üç balalı inək, toyuq-cücə, qaz-ördək gözütox köpək, həmişə ac olan pişik ailənin insan olmayan, ancaq bu böyüklüyün, bütövlüyün dünyəvi səbəbləri kimi görünən üzvləriydi.
Üçlükdə oyunlar oynayardılar; oyunları Sürəyya düzüb-qoşar, şərtləri o qoyardı. Qalibin mükafatını, məğlubun cəzasını o kəsərdi.
Dördqapılar kəndi böyük ovalığın şərqində, dağ çayının şişmiş bağırsaq kimi enlənən deltasında yerləşirdi. İsti küləklər, şıdırğı və seyrək yağış, qar buranın hava şəraiti müxtəlifliyini təşkil edirdi. Qar hərdən günlərlə yağır, dayaz gölməçələri, çalaları doldururdu. Əhəng və torpaq təpəciklərin üzünü nazik qırov qatı örtürdü.
Bir gün ailə səhəri bəd xəbərlə açdı. Toyuq-cücəyə, qaz-ördəyə azar düşmüşdü. Toyuqlar donqarlaşmışdı, sallaq qanadları yer süpürürdü. Qazların başı, ördəklərin dənlikləri şişmişdi. Bişmiş kərpicdən tikilmiş hinin künc-bucağında, talvarın altında bir neçə leş vardı. Ailə səfərbər oldu, baytar çağırdılar. Leşlərin qarnı yarıldı. Xeyri olmadı, səmum küləyi kimi qəfildən gələn azar qalaq-qalaq leşə, ürək dolu qüssəyə səbəb oldu. Salman həyətin gözgörməzində siqaret sümürür, Sürəyya hıçqırır, Kərəm susurdu. Naharda heç birinin səsi çıxmadı. Sükutu boşqabların zəif cingiltisi, it hürüşü, pişik miyoltusu pozdu. Yeməkdən sonra hərəsi bir hücrəyə çəkildi. Salman ailəsini, Sürəyya qırılan qaz balalarını, Kərəm arvadını fikirləşdi. Aşam onlar danışır, bir-birinə ürək-dirək verirdi.
Aylar fəsilləri, fəsillər illəri əvəzlədi. Təbiət min ildir etdiyi təkrarladı: ağaclar çiçəklədi, bəhər verdi, lütləndi... Buludlar günəşin gözlərini bağladı, külək onları qovdu. Günəş qərbdə sərvət axtaran lütüryan şərqli kimi elə hey tələsdi. Dünyanın xəyali əli təqvimi vərəqlədi, ağır günləri qara çərçivəyə aldı, xoş günləri qırmızıladı.
Kərəmin qapısına elçilər gəlib-getdi. Vədlər verildi, könüllər alındı. Sürəyyanı alıb hay-harayla, zurna-balabanla uzaq ellərə apardılar. Nəhənq qara bulud ailənin bütövlüyünün keşiyini çəkən vəfalı it sadiqliyilə oğlan evinin toy karvanını qovdu, yağışa dönüb üzərlərinə yağdı. Guruldayıb siqnal və fitlərlə ifadə olunan şadlıqlarının, qələbələrinin səsini batırdı.
Salmangilin iti qarqarada zingildədi. Mor pişik biz kimi dik quyruğunu havada oynadıb miyoldadı, yerə uzanıb yumağa döndü.
Salman həmin gecəni yatmadı. Bacısı, üçlükdə oynadıqları oyunlar haqqında fikirləşdi. Sürəyya oyunları elə düz-qoş etmişdi ki, üç nəfər olmasa oynamaq olmazdı. İndisə bir nəfər çatmırdı...
İçindəki səslə danışdı. Səs ona elə şeylər dedi ki, Salman az qala dəli olacaqdı. Məsələn, səs deyirdi ki, Sürəyyanın getməsi böyük ailənin dörddə birini yox, həm də canını aldı. Böyüklüyün möhürü qırıldı, şirəsi axdı, dişləri töküldü. Salman səsi içində boğub yarıqaranlıq otaqda var-gəl etdi. Axsaya-axsaya o baş-bu başa getdi. Yox, atası ilə bircə kəlmə kəsməsə, yata bilməzdi. Ona deyəcəkdi, ona deyəcəkdi ki, elə günü səhər bacısıgilə getsinlər. Camaat qınayıb lağa qoysa da eybi yoxdur, getmək lazımdır. Salman taxta pilləkənlərlə tövşüyə-tövşüyə yuxarı qalxdı. Atasının otağı ikinci mərtəbədə, evin küləkvuran və rütubətli hissəsindəydi.
- Ata, yatmısan? - Salman astadan atasını səslədi. Cavab çıxmadı.
Sağ əlini yumub bu dəfə qapını tıqqıldatdı:
- Ata, səninləyəm ey, bir hay ver mənə. Deyiləsi sözüm var, deyirəm bəlkə sabah... - Salman udqunub cümləsini yarımçıq saxladı. Ehmalca qapını itələyib içəri girdi. Kərəm rahat çarpayısına hərəkətsiz uzanmışdı. İri pəncərədən düşən ay işığı solğun üzünü işıqlandırırdı. Salman duruxdu, özünə güz tapıb biraz da irəli addımladı. Çarpayının başından tutub ehmalca silkələdi. Atasını səsləməyə dili gəlmədi. Sonra əlini onun alnına, soyuq üzünə çəkdi. Diz çöküb qulağını onun qaranlıq sinəsinə dayadı. Biləklərini yoxladı. "Ata" deyib hönkürdü.
Salman böyük ailəsininnin gilələri qoparılmış, yeyilmiş üzüm salxımı kimi kiçilməsinə, cılızlaşmasına, ana-atasının ürəkdən getməsinə, bacısının evdən getməsinə dözə biləcəkdimi? Böyük ailənin bəlasıdamı böyük olmalıdır? Bilmirdi. Birdən onun üzünə dəlilərdə olduğu kimi təbəssüm qondu. Sanki toxtadı. Axı sabah bacısı atasının öldüyünü eşidib gələcək, onlar yenə-birlikdə olacaqdılar.