Qarabağdan qaçan erməni qadınlarına üç sual - Günel yazır...

Qarabağdan qaçan erməni qadınlarına üç sual - Günel yazır...
3 oktyabr 2020
# 10:46

Dünyada hər kəsin yaşamasına yetəcək qədər torpaq varkən milyon illərdir millətlərin başında hökmranlıq edən insanlar əllərində olan torpaqlarla kifayətlənmək istəmir və özgə torpaqlarını özününküləşdirmək uğrunda dinc əhalini qırğına verməkdən çəkinmir. Özgə torpağı uğrunda əsrlərdir qan tökməkdən doymayan Ermənistan kimi. Çox təəssüf ki, taleyimizdə bu işğalçı dövlətlə əbədi qonşu olmaq yazılıb.

27 il sonra qanımız tökülə-tökülə, ağlaya-ağlaya çıxarıldığımız torpaqlara gülə-gülə dönəcəyimizə dair əminlik yaranıb. Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda haqq müharibəmizin yeddinci gününə oyanmışıq.

Neçə gündür erməni xəbər saytlarında zirzəmilərə sığınan, bizim torpaqlarımızı təlaş-qorxu içində tərk edən erməni ailələrinin köç karvanları əks olunan fotolara baxıram. Altı gün tab gətirmədilər top səsinə, güllə yağışına. Çünki erməni xalqı da başa düşür ki, bu torpaqlar onların deyil. Zirzəmilərə sığınan, güllə səsindən qorxub ağlayan erməni uşaqları, erməni qadınlarının üzündəki dəhşət ifadəsi mənə yad deyil. 27 il bundan əvvəl bir il hər gecə top səsləri gələn kimi evimizin zirzəmisinə doluşduğumuz o günləri heç unutmadım mən. Çünki bunlar mənim xarakterimi formalaşdıran xatirələrdir. O dəhşətli illəri xatırlamaq əzab versə də, unutmamaq üçün özümü çox tərbiyə etdim bu illər ərzində. Çarəsiz, pərişan idik. Yaşadığımız evin nə zaman başımıza uçub altında qalacağından xəbərsiz bir il yaşadıq o top, mərmi yağışının altında. Bombaların yağdığı ilk bir neçə həftə nə olduğunu anlaya bilmirdim. Yaşım az idi. Cəmi 5 yaşında olan bir uşağın bunu anlaması mümkün deyildi. Amma bir neçə aya atışmanın başladığı gecələrdə qəfil yerimizdən qalxıb zirzəmiyə doğru qaçmağa, gizlənmək üçün çapalamağa öyrəşmişdim. Anam əynimizdəki paltarı, ayağımızdakı ayaqqabını yatanda çıxartmırdı artıq. Bizim üçün hər dəqiqə qiymətli idi. Hər saniyə belə həyatda qalmağımız üçün bir şans idi.

Baxıram, ermənilər üçün Xankəndində xüsusi sığınacaqlar salınıb. İnsanlar hazırda o sığınacaqlara doluşublar. Bizim bəlli bir sığınacağımız da yox idi. Qarabağda rayonların heç birində belə sığınacaqların salınması düşünülməmişdi. Niyə də düşünülsün? Axı heç birimizin ağlına gəlməzdi ki, bir gün qonşularımız tərəfindən belə bir xəyanətə məruz qalarıq. Bombalardan qaça biləcəyimiz yeganə yer evlərin altındakı zirzəmilər idi. Nəfəsliyi belə olmayan qaranlıq, dar zirzəmilərdə 6-7 saat, bəzən isə bir gün qalmalı olurduq. Həmin vəziyyətdə yeganə sevindirici şey bütün ailənin bir yerdə olması idi. Mən özümü o an cənnətdə hiss edirdim. Amma bəzi gecələr qonşuluqdakı evlərə düşən toplar bütün şəhəri cəhənnəmə çevirirdi. Zirzəmidən çox yaxın məsafəyə düşən bombaların gurultusunu eşitməyək deyə babam əlləri ilə qulaqlarımı tuturdu. Yalanlar danışırdı. Deyirdi yəqin yaxınlıqda kamaz çuxura düşüb, təkəri partlayıb.

"Sputnik Ermənistan"-da erməni fotoqraf "Narahat uşaqlıq" adlı fotossesiyası ilə beynəlxalq aləmin duyğularını sümürməyə çalışır. Halbuki 27 il əvvəl hələ yeriməyi təzə öyrənən körpələrin yaşamaq üçün qaçmasına belə fürsət verməmişdilər. Bu gün görüntülədikləri o erməni uşaqlarının ataları, babaları Xocalıda ölən o körpələrin qatilidir. Nigaran gözlərini kameralara zilləyən o gəlinlərin taleyi, 27 il əvvəl toy çadırına bomba düşən azərbaycanlı gəlinlərin taleyindən qaranlıq deyil. Onlar hələ nə görüblər ki? Hələ bilmədikləri o qədər çox ağrı var ki...

Bu gün Xankəndindəki sığınacaqlardakı qadınların gözlərindəki qorxu, üzlərinin aldığı o məzlum ifadə məni zərrə qədər məyus etmir. “Arxada qalmış gələcək” filmində komandir Səmədlə dialoqunda deyir ki, müharibəni biz başlatmamışıq. Tökülən qanlar da bizim günahımız deyil. Biz ancaq öz torpaqlarımızı qoruyuruq.

Müharibənin yaxşısı yoxdur. Haqlısı, haqsızı var. Bu gün bizim apardığımız müharibə haqlı müharibədir. İmkanım olsaydı, zirzəmilərə axışan, şələ-küləsini tələm-tələsik köhnə sovet maşınlarının üstünə yükləyib qaçan erməni qadınlara bir neçə sual verərdim.

Nə üçün bizim yıxılan evlərimizin üstündə ev tikməyə razı oldunuz?

Nəyə görə övladlarınızı sizə aid olmayan torpaqlar üçün ölümə göndərirsiniz?

Bu vəziyyətdə olmağınızın səbəbini bildiyiniz halda niyə hələ də ordasınız?

# 8349 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #