Mənimlə zorla evlənmək istəyən müğənni – Oğuz yazır...

Mənimlə zorla evlənmək istəyən müğənni – Oğuz yazır...
30 iyul 2020
# 11:01

Bəzən başımıza elə qəribə hadisələr gəlir ki, heç kəsi buna inandıra bilmirsən. Hətta zaman keçəndən sonra heç özün də inana bilmirsən, bu hadisə necə başına gəlib.

Bəzən də danışa bilməyəcəyimiz, məhrəm şeylər başımıza gəlir. Mənim də başıma lap çoxdan, subay vaxtlarımda qeyri-adi bir hadisə gəlmişdi. Di gəl, heç kimi inandıra bilmirdim. Dostlarım, bacım, qardaşım, iş yoldaşlarım belə inanmırdılar. Lap məşhur yalançı çobanın durumuna düşmüşdüm.

Sonra adamları inandırmaq sevdasından vaz keçdim. Düşündüm ki, ədəbiyyat, yazı əslində inanmadığın məqamlardan başlayır. İnanmırsan və bundan sonra ədəbiyyat başlayır.

Nəhayət, qərara gəldim ki, doğmalarımın inanmadığı əhvalatı oxuculara danışım.

Oxucularsız bir günümüz olmasın.

Nə isə... Getdik...

Günlərin birində feysbuk profilimə bir xanımdan dostluq gəlmişdi. Özü də feysbukun bugünkü qədər populyar olmadığı vaxtlarda. Həm də o zaman elə tanınmırdım.

Yüz ildə bir baş verən bir şey idi, qızlardan heç kim o günə kimi mənə dostluq göndərməmişdi. İstədim, özümü bir az dartım, dostluğu gec qəbul elədim, olmadı. Elə bir məqamda yazmışdı ki, yoxluqdan və boşluqdan həyatın dibinə düşmüşdüm. Hansısa bir əlin məni gəlib o dibdən çıxarmasını gözləyirdim.

Qəbul etdim və o dəqiqə də yazdım ki, tanışıq? Dedi ki, Oğuz adından xoşum gəlir. Elə ona görə də sizə dostluq atdım.

Bir neçə gün bu profildən yazışmağa başladıq. Qızın adı Aysel idi. Bir gün də yazdı ki, bəs belə olmaz, telefon nömrəni yaz danışaq.

Gizli nömrədən zəng elədi. Adamı özünə çəkən səs tonu vardı. Elə danışırdı ki, elə bil mahnı oxuyurdu. Ən gözəl mahnılar kimi özü də...

Telefonla danışdığımız günlərin birində dedi ki, Oğuz, mənim adım Aysel deyil, mən müğənni filankəsəm. Adını açıqlaya bilməyəcəm, amma tanınmış müğənni idi. Təbii ki, inanmadım. Qardaşıma, bacıma əhvalatı danışdım. Güldülər. "Keçmiş sevgililərindən biridir” – deyə qardaşım əminliklə dedi. Bacım heç oralı olmadı, əlini ironik tərzdə havada yelləyib gülümsündü.

Bacımla qardaşımın verdiyi bu qazla əsəbiləşib yazdım ki, sənin filankəs olduğuna inamıram. Yazdı, nə olar, gələrsən, görərsən. Filan vaxtı, filan yerdə gözlə gələcəm, bahalı markalı maşının yanında durarsan.

Düzü, kiminsə məni dolayacağını düşünüb bir anlıq tərəddüd etdim. Amma həm də işin içinə yetmək üçün razılaşdım.

Səhəri gün geyinib-keçinib yolandım qızın dediyi ünvana. Gözlərimə inana bilmirdim. Həmin avtomobil qız dediyi yerdə dayanmışdı. Ətrafa göz gəzdirdim. Arxadan qızın səsini duydum. Dönüb baxada gözüm kəlləmə çıxdı. Bu da həmin müğənni. Məgər həqiqətən o imiş. Eynəyimi çıxardıb bir də baxdım. Mənim bu əcaib davranışımı süzüb qəhqəhə çəkdi.

- Hə, gördün? İnandın indi?

Suallar verir, həm də qımışırdı. Dedi, əyləş maşına, gəzək. İlk dəfə həyatımda belə bir bahalı maşına minirdim. Hansısa gözdən uzaq bir küçədə maşını saxladı.

- Hə, danış - dedi. - Nə "sipmaticni” oğlansan.

Nə başınızı ağrıdım, bu qız məndə heç bir hiss yaratmadı. Düzdü, gözəl, varlı, üstəlik də məşhur adam idi. Sevmək üçün bəlkə də bunlar bəs eləyir. Amma bu sevgi menyuya baxmır axı. Baxırsan birinə və onu sevirsən. Bu qədər bəsit. Nə qədər gözəl olsa da, ona qarşı zərrə qədər də sevgi duya bilmədim.

Düzdü, sevgili olduq, tez-tez görüşdük. Onun maşınında gəzdiyimiz küçələr mənə çox qəribə, tanınmamış yerlər kimi gəlirdi. Arada öz mahnılarından oxuyurdu. Səsi yaxşı idi, məni haralarasa dartıb aparırdı. Ancaq yuxarıda da qeyd etdiyim kimi, onunla əsl sevgili ola bilməyəcəkdim. Mən kasıb, o varlı. Ayrılan yollar heç vaxt qovuşmur axı.

Görüşlərimizin birində onu öpmək istədim. Düzü maraq olsun deyə bu cəhdi etdim. Dodaqlarım havada asılı qaldı. Həyatımda müğənni öpməyin daddını bilmirdim. Ona görə də qarşısında pərt oldum.

- Üzük gətir, sonra öpüşək.

- Səni öpmək üçün üzüyə nə gərək?!

- Bəs nə bilmişdin? Mən sənin üçün o biri müğənnilər kimi deyiləm!

Sonuncu nidalı cümləsindən sonra tam qətiyyətlə inandım ki, xanım qız ciddi-ciddi evlənmək istəyir.

Böyük gün gəlmişdi. Estradamızın pop ulduzu təklif etdi ki, evlənək, ailə quraq, uşaqlarımız olsun. Bir xeyli susdum, çox həvəsli danışırdı. Elə bil evlənmək üçün ürəyi gedirdi. Bəs mən onun üçün niyə bu qədər dəyərli olmuşdum?

- Mən axı hələ çox cavanam... - özümü xilas etmək üçün elə də uğurlu olmayan arqument səsləndirdim.

- Hər şey mənlikdi. Evim, maşınım var. "Bal ayını” da Avropada keçirdərik.

- Evlənmək fikrim yoxdu.

- Yox ee, evlənməliyik.

Qızımız çox and-aman elədi, amma məni öz toruna sala bilmədi...

Bir şey yadımdan çıxdı: onunla görüşəndə əlində fotoaparat ağacın arxasında gizlənən bir adam gördüm.

- O kimdi?

- Şou-biznes jurnalistidir. – gülə-gülə cavab verdi.

Məncə, o qardaş bizim fotomuzu çəkə bilmədi. Yoxsa indi məmə yeyəyindən pəpə deyəninəcən hamı məni tanımışdı. O fotonun olmaması ola bilsin, mənim əhvalatımın gerçəklik dozasını zəiflədir. Olsun. İnanıram ki, siz mənə inanacaqsınız.

Sadəcə indi bir sual ətrafında düşünürəm:

"Görəsən, həmin müğənni indi məni xatırlayırmı?"

# 3408 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #