Kişiləri təcavüzə "təhrik edən" qadınlar

Kişiləri təcavüzə "təhrik edən" qadınlar
19 may 2021
# 11:05

Kulis.az Ayxan Ayvazın “Qadınların döyülməsinə haqq qazandıranlar” yazısını təqdim edir.

Zorlama xəbərləri ara vermir. Bu cür hadisələrdə hələ də qadını təqsirli çıxaran bir arqument var: qadın təşviq edir! Məsələn, geyimi ilə.

Bu arqument o qədər səslənib ki, bir rəssam Brüsseldə zorlanma zamanı qadınların əynindəki geyimlərdən sərgi hazırlayıb. Bu sərgi təcavüzkarlara bəraət qazandıran “qadın geyimi ilə təşviq edir” yanaşmasını alt-üst edib; nümayiş olunan geyimlər qapalı geyimlərdir, hansısa açıq-saçıqlıq yoxdur, adi geyimlərdir, hətta onlardan biri polis uniformasıdır.

Qadın kimi dünyaya gəlmisənsə, mütləq onun altında nəsə axtarılacaq. Ən birinci xəta qadın olmaqdır. Qadındırsa... Arxasından minlərlə səbəb sadalayacaqlar. Yəni, problem qadındadır! Qadınsansa, aha, deməli, araşdırmağa ehtiyac yoxdur, günah səndədir. Yox e, başqa söz demə. Səsini kəs! Sənsən problem!

Ötən günlərdə hamımızın izlədiyi o məşhur videonu təzədən xatırlayaq. Yolun qırağında təkəri məndən böyük olan bir maşın saxlayır. Qəfildən maşının içindən bir qadın çıxır və qaçmağa başlayır. Dalınca da yekəpər bir kişi. Qadını yarıyolda haqlayan kişi onun qolundan tutub darta-darta təzədən maşına gətirir. O zaman ərzində kişinin bu şiddətini görən həmcinslərinin heç birindən bir reaksiya gəlmir. Hamı sanki film izləyirmiş kimi bu səhnəyə baxır və susur.

Qadının döyülməsinə, şiddət görməsinə haqq qazandıran qədim bir arqument mövcuddur: “Yəqin nəsə eləyib ki, belə olub”, “Yəqin ayağısürüşkənmiş”, “Yüyrək at özünə qamçı vurdurmaz” və s.

Tək bəhsi keçən videonun altına gələn şərhlərdə deyil, ümumiyyətlə, ta qədimdən qadına olan şiddətin üstünü bu cür örtən, malalayan adamlar olub. Hətta, bu arqumentləri səsləndirənlərin çoxu elə qadınların özü olub. Qaynanalar, baldızlar, xalalar, nənələr...

Mən yaşadığım toplumdan çıxış edib deyirəm ki, qadına şiddət olunmasını təhrik edən elə qadının özüdür. Məsələn, qayınana öz oğlunun qulağını doldurub ki, bəs gəlin mənə çay vermir. İşdən yorğun-arğın gələn və anasının sözünü müzakirəyə çıxarmağa ehtiyac görməyən oğul da gəlini salıb təpiyinin altına.

Bu cür nümunələr saysız-hesabsızdır. Deməli, qadını döydürən elə onun həmcinsləridir. Nə vaxtsa, oxumuşdum, ya da elə özüm yazmışdım: qadının ən böyük düşməni onun özüdür! Qadınların döyülmək, şiddət səbəbinin məişət səviyyəsi bu cürdür. Onun ictimai-siyasi mənada təklənməsi isə ayrı və daha geniş, hətta deyərdim çıxılması qeyri-mümkün olan dərin bir söhbətdir.

Qadın kişi cəmiyyətində həmişə uduzmağa məhkumdur.

Əsas sualımız isə başqadır:

Qadının döyülməsinə, şiddət görməsinə haqq qazandıranlar nə içib-nə yeyirlər?

Onlara bunu etdirən səbəb nədir?

İlin-günün bu vaxtı, pandemiyanın hələ də ömrümüzə oturduğu, ədəbiyyatın, kitabın artıq tamamən boşluğa göndərildiyi belə bir zamanda bu suallara cavab axtarmağın özü də absurd ola bilər. Lakin biz yaşadığımız coğrafiyanın həqiqətlərindən çıxış etmək zorundayıq.

Qadının döyülməsinə, şiddət görməsinə haqq qazandıran kəsim özü də nə vaxtsa ya şiddət göstərib, ya göstərəcək, ya da şiddəti dəstəkləməklə bir növ özünü sığortalamış olacaq. Birdən o, “arvaddan qorxan” damğası yeyər.

Uzaq keçmişdə bir evdə qonaq olmuşdum. Evin kişisi tez-tez səsinin qalın yerinə salıb yoldaşına buyururdu. Mən buna etiraz etmək istəyəndə evin ən yaşlı qadını – nənə müdaxilə elədi, dedi, a bala, belə eləməsə arvad qudurar. Heç nə, əlim üzümdə qaldı.

Ona görə də maşından çıxıb qaçarkən tutulan və ərimi, sevgilisimi tərəfindən şiddət görən qadını günahlandıranlar mənə təəccüblü görünmədi. O qafaların dəyişməsi üçün ənənəvi düşüncədən imtina etməliyik. Görünür, bu da çox uzanacaq.

Tanrı köməyimiz olsun! Daha doğrusu, qadınların...

Necə deyirdi Marina Svetayeva?

Tanrım, bağışla, sən heç vaxt qadın olmamısan...

# 3664 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər