Kulis.az Ulucay Akifin çimərlikdən reportajını təqdim edir.
Yazıma dahiyanə bir Azərbaycan deyimi ilə başlamaq istəyirəm:
- Kasıbınkı yaydı e!
Bütün var gücü ilə otağı soyutmağa çalışan zəhmətkeş kondisionerimizin iztirablarını izləyirdim. Telefonumda havanın temperaturuna baxdım. 37 dərəcə isti göstərir.
Yalan!
Azı 50 dərəcə var!
Nəzərimi yorğun kondisionerimizdən çəkib dənizə yönləndirdim. Adamın bir yaxşı dostu ola, zəng eləyib deyə ki, əsl dəniz havasıdır, bəlkə...
Bu dəm telefonuma zəng gəldi:
“Nadir Yalçın arıyor”
Düşündüm, yəqin, təzə şeir, ya da nəsə bir yazı yazıb, onu oxumaq istəyir. Bu istidə heç o hayda olmadığım üçün zəngi açmaq istəmədim. İsrarlı zəngin dayanmaq bilmədiyini görüb axırda açdım:
- Alo! Hə, Nadir...
- Niyə gec açırsan zəngimi?! – gördüm yenə əsəbi və hər an inciyəcək kimidir.
- Sən canın, sözünü de. Ölürəm istidən! – deyib vəziyyəti yumşaltdım.
- Elə ona görə zəng eləmişəm. Əsl dəniz havasıdır! Hazırlaş, dənizə gedək.
“Hazırlaş” sözünü eşidən kimi başımda kepkam, əlimdə çantam, çantamın içində məhrəbam və “geyçim”imlə qapının ağzında dayanmışdım.
Geyçim! Sağ olsunlar, Dilçilik İnstitutunda “kupalnik”ə, “plafki”yə belə qarşılıq tapıblar. Geyçim. Yəni, geyin, çim... Düzdür, axıracan qəbul olunmadı, amma elə də pis deyil.
Dənizə geniş heyətlə getdik: Fərid Hüseyn, Orxan Saffari, Nadir Yalçın, Eminquey Akif, Ramin Musayev...
Yəni, kimsə kitabını çap eləyib bizimlə gəlsə, bir təqdimatı, imza gününü yola verəcək qədər çox idik.
Yol boyu mahnı oxuya-oxuya dəniz həyəcanımızı bir az da artırırdıq.
Bakı deyəndə ağla gələn ilk üç şeydən biri Xəzər dənizidir. Digər ikisi isə külək və neft...
Yarımsəhra şəhərin uzandıqca uzanan yolları ilə, neft buruqlarının arasından keçərək gedirdik.
Külək dəniz və neft qoxusunu maşının açıq pəncərəsindən üzümüzə çırpırdı.
- Burada saxlayın! Qarpız alaq! – kimsə qarpız dolu “Qazel”i görüb bağırdı.
Maşından düşdük. Nadir sabirabadlı olduğu üçün bir mütəxəssis kimi yaxınlaşıb əlini qarpızlardan birinin üstünə qoydu və üzündə Budda müdrikliyi ilə satıcıdan soruşdu:
- Yaxşıdı qarpızın?
- Yaxşı nədi?! Baldı e, bal! Heç bal belə şirin deyil! - inamlı səsi içimizdə heç bir tərəddüdə yer saxlamadı.
- Haranın qarpızıdı? – Nadir son həmləsini elədi.
- Qarpız haranın olar?! Sabirabadındı! Öz kəndimizin! – satıcı əks həmlə elədi.
- Boooy! Sabirabaddansız? Yerliyik ki! Bir yaxşısını çək ver! – Nadir təslim olmuşdu - Hansı kənddənsiniz?
Sabirabadın kənd adlarının havada uçuşduğu bir vaxtda Eminqueylə qarpızın “dost”larını məclisə çağırmaq üçün dükana girdik: pendir, çörək, kolbasa, kola, pivə...
- Günə neçə qarpız satırsız? – adının Qaçay olduğunu öyrəndiyim satıcıdan soruşdum.
- 100 dənə! – yenə elə inamla dedi, əmin oldum ki, nə 99-dur, nə 101. Məhz 100!
Digər satıcı bizim üçün seçdiyi qarpızı kəsib göstərəndə, Qaçay dayıya zarafatla sual verdim:
- Pis çıxan qarpızı geri qaytaran olur?
- Nə danışırsan sən?! Olmur elə şey!
Gördüm hirslənib, əlində də iri bıçaq, özümü maşına təpdim:
- Tez sürün, qaçaq! Qaçay dayı əsəbiləşdi!
Dənizin qoxusunu daha şiddətli hiss etməyə başlamışdıq. Geyçim satan mağazaların, qarpız-yemiş satan qazellərin artmağı çimərliyin çox yaxında olduğuna işarə idi.
Yolda qabağımıza at belində iki gənc çıxdı. Şux qamətli atların üstündəki bu cavanlar çox yaraşıqlı görünürdü. Elə bil, nağıllarda şahzadəni xilas etməyə gedən cəngavərlər idilər.
- Hardan gəlirsiz, igidlər?
- Maştağadan!
- Nə qəşəng atlarınız var!
- Sağ olun! İstəyirsiniz çapaq, baxın...
Atlara təpindilər və quş kimi uçub getdilər.
Qızılı qumun toz-torpağı havaya sovruldu və igidlər gözəl atların belində gözdən itdilər.
Biz də onların dalınca çimərliyə çatdıq.
Nardaranın Lehiş bağları çimərliklərindən birində idik.
Bu qədər söz adamını, yazıçı-şairi geyçimdə görmək həm maraqlı, həm məzəli mənzərə idi.
Külək dənizi dalğalandırsa da, hava yetərincə isti idi.
Qızmar qızılı qumun ayağımı yandırması mənə ayrı ləzzət verirdi.
- Nəhəng yazıçı ədəbiyyat dənizində üzməyə gəlib! – Orxan Saffari özünü nəzərdə tutaraq dedi.
- Bu istedadla çox dərinə getmə! – sataşdım ona.
Qarpızımızı kəsib çörəyimizi bölmüşdük.
- Gedək suya kəllə vuraq e! – Eminquey şövqlə dedi.
Dəniz dalğalı olsa da, su ilıq idi. Mən daha çox bayaqkı zarafatımdan sonra Orxanın məni boğmaq cəhdlərindən qaçmağa çalışırdım. Dəhşətdir. Adamı bağışlamır. Hər şeyə əsəbiləşir.
Fərid Hüseyn suda da tipik Fərid Hüseyn obrazında idi. Çox böyük ciddiyyətlə üzürdü. Ona baxanda bir anlıq düşündüm ki, suya kostyumla girib, qalstukunu düzəldə-düzəldə üzür...
Üzməyi bacarmayan Nadirin sudan qorxmağı çox aşkar görünürdü. Zalımı çıxmış, Sabirabadda kanal da görməyib, elə bil. Hələ rayonu başabaş bölüb keçən o boyda Kürü demirəm.
Başımızın üstdən uçan tək-tük qağayıların səsi uşaqların gülüşünə qarışmışdı. Sahildə və dənizdə insanların sayı getdikcə artırdı.
Üzüb yorulduqdan sonra sahilə çıxdıq. Ramin quma basdırılmaq ideyasını verdi. Təklif çox cazib gəldi, razılaşdıq. Birinci məni basdırdılar:
- Emin, yaman həvəslisən ha məni basdırmağa! - Eminqueyin qumu üstümə böyük həvəslə atdığını görüb dedim.
Nadir məni kövrələrək basdırırdı.
Az qalmışdı ağlasın...
Sonra Nadiri sağ tərəfimdə, Eminqueyi sol tərəfimdə basdırdılar.
- Bura lap Fəxri Xiyabana döndü ki! – torpağın altında da zarafatımdan qalmırdım.
Nadir başını mən tərəfə döndərib dedi:
- Sən məndən sonra öl ki, dəfnimdə düz-əməlli bir nitq söylə, bunlara etibar eləmirəm.
Ölmək üçün, ölümü düşünmək üçün hələ çox tezdir! Yaşamaq lazımdı, yaşamaq!
Hələ üzmədiyimiz neçə dəniz, sevmədiyimiz neçə gözəl qadın, görmədiyimiz neçə ölkə, neçə şəhər var!
Deyəsən, hamımız bu düşüncə ilə, bir az da ölümün qorxusundan torpağın altından çıxıb üstümüzün qumunu çırpa-çırpa dənizə qaçdıq.
Orxanın üzdüyü yerlərin dalğası daha böyük idi. Ümid eləyirəm, zarafatımdan inciməz, ağ balinaya oxşayırdı. Suları yara-yara lap dənizin o başına, Qazaxıstana kimi gedə bilərdi. Çiyinlərinə çıxıb salto vururduq.
Sonra suyun altında daha çox qalmaq yarışı keçirdik.
Yorulub yenə sahilə çıxdıq.
Dondurma satan maşın düz sahilə gəlmişdi. Elə bil, suları yarıb içindən çıxmışdı. Uşaqlar sevinclə maşının ətrafına yığışıb dondurma seçirdi.
Eminquey qarğıdalı satan oğlanı çağırdı.
- Özün qaynadıb hazırlayırsan?
- Yox e, qədeş, mənimki satmaqdı.
- Haralısan?
- Maştağalı.
- Bişmirsən istidən?
- Gördüm çox istidi, dənizə kəllə vururam, sərinləyirəm.
Qısa dialoqdan sonra ondan üç-dörd qarğıdalı alıb sağollaşırıq.
Dəniz ən çox da uşaqlara böyük əyləncədir. Sahilə yaxın çimişən uşaqların gülüşlərinə, qışqırıqlarına qulaq asıram. Bu səs-küy adamı heç narahat eləmir. Bəziləri çərpələng uçurur.
Elə bil, çərpələng bu dəqiqə əllərindən çıxıb günəşə uçacaq.
Sahildə qumdan qala düzəldən bir uşağı seyr edirəm. Necə də həvəsli və xoşbəxtdir. Atası da kömək eləyir ona. Daha nə istəyir? Dəniz, sahil, qum, günəş və ata...
Süfrəmizdə söhbətlərin, zarafatların ardı-arası kəsilmir.
Fərid Eminqueylə dərdləşir.
Ramin xalq mahnılarımızdan zümzümə eləyir.
Gözüm bir qırağa çəkilib mübahisə edən Orxanla Nadirə sataşır:
- Nə olub? Yenə Yazıçılar Birliyindən danışırsınız?
- Əşi, yox e! Nə Yazıçılar Birliyi?! Başqa məsələdir. – Nadir deyir.
- Nə məsələ?
- Deyirəm, tutaq ki, bu, qızıl balıqdır, ondan nə istəyərdik? - Orxan Saffari əlində yediyi qarğıdalını göstərib gözünü qıyır - Bayaqdan ha fikirləşirik, heç nə tapmırıq.
- Niyə, ikisini tapdıq, üçüncünü tapmadıq. – Nadir düzəliş verir.
- Nə idi o ikisi? – Maraqla soruşuram.
- Mən Ramiz Rövşəndən böyük şair olum! – Nadir yumruğunu göyə qaldırıb gülümsəyir.
- Mən də İsa Hüseynovdan böyük yazıçı! - Orxan da uzun qolunu havada oynadır.
- Olar, üçüncü arzunu da mənə deyim?
- De! – Xorla dillənirlər.
- Allah sizə ağıl versin!
Nə deyəcəklərini gözləmədən dənizə tərəf götürülürəm. Orxan yerindən qalxmağa ərindiyindən əlindəki qarğıdalını dalımca tolazlayır.
...Bir azdan dəniz günəşlə, bizsə dənizlə vidalaşırıq. Ətraf yavaş-yavaş mavi qaranlığa qərq olur.