Kulis.az Saqif Zeynalın “Göyüzündəki çat” hekayəsini təqdim edir.
Ömrümün əllinci ilinin ilk Günəşi üfüqdən başını qaldırıb xumarlananda iki dağın arasında qız sinəsi kimi bəslənən yaylağa sarı qalxmağa başladım. Göy üzü o qədər açıq və aydın idi ki, bu misilsiz sonsuzluqdan göz ayırmaq mümkün deyildi. Elə bil, hər yer yalnız günəşin idi.
Gözlərimi qıyıb baxmağım var. Bu adət məndə hardandır, xatırlamıram. Uşaq vaxtlarımın adəti deyil, elə olsaydı, onda uşaqlar mənə “qıyıqgöz” deyərdilər. Adəti üzrə buludlu havalarda da gözlərimi qıyıb göy üzünə boylanar, buludların arasına yumurta sarısı kimi yaxılan günəşə baxaram.
Qulağıma gəlib çatmışdı, yerin də qulağı var axı, dərə qulaqları... Kənddə məmə deyəndən pəpə yeyənə hamı mənə Günəbaxan deyirdi. İndi də deyirlər...
Birdən günəşə sancılan gözüm qərbdən uzanan qara bulud xəttinə sataşdı. Göy üzünün mavi ekranı nazikcə çatlamışdı. Görəsən, bu çatlaq bir azdan itib yox olacaq, yoxsa, bir az da böyüyüb uzanacaq?! Suallar beynimdə dəyirman daşı kimi fırlanır, düşüncələrimi üyüdə-üyüdə gedirdi.
Günəş nazik, uzun şüaları ilə toxunub burnumu qıcıqlandırdı, asqırdım. Atım da ciyərindəki havanı burun deşiklərindən çölə qovdu. Fınxırıb asqırmağıma cavab verdi.
Birini asqırdım. Tək birini. Nə çalışdım, ikinci gəlmədi. Tək asqırmaq bizə düşmür. Atadan-babadan düşmür... Nənəm belə deyirdi. Vay o günə evimizdə kimsə tək səbir gətirə, arvad qara gününü qablayırdı. Nənəm yayda aranın dözülməz istilərindən qorunmaq üçün 4-5 metr hündürlükdə qurduğumuz çardağın taxta pilləkənindən yıxılıb qolunu sındırdığı gün tək asqırmağı bizə qadağan elədi.
Burnumu ovuşdurub üzümü günəşə tutub yenidən asqırmaq istədim, alınmadı. O gəlməyən asqıraq elə gəlmədi ki, elə bildim əbədi olaraq bir də asqıra bilməyəcəm.
Dərindən nəfəs alıb səhərin sərin, nəmli havasını ciyərlərimə çəkdim. Otların, çiçəklərin bir-birinə qarışan məhrəm qoxusu məni bihuş elədi.
Sizin kimi qədirbilən adamların daldada Günəbaxan dediyi – mən kəndin otlaq, biçin sahələrinə qoruqçuluq edirdim. Yəqin, yaxşı xatırlayırsınız, eşmə bığlarımı, gur saçlarımı...
Qaçqınlıqda bığlarımı özüm qayçı ilə kəsib atdım zibilliyə. Sizi aldada bilmərəm, ehtiyatla kəsib qəzetin arasında nə daxmamızın ən hündür yerindən asdım, nə də sandığa qoyub ağzını qıfılladım. Buralarda qoruya bilməyib, urvatsız edəcəyimdən qorxub elədim bunu. Bilirəm, bu an məni qınayanlarınız var, ancaq bığın özündə daşıdığı məsuliyyəti anlayanlar məni yaxşı başa düşür...
Bığlarım mənə olmazın əzab-əziyyətini verirdi, günü-gündən qüssələnib uclarını aşağı sallamağa başlamışdı.
Ah, mənim eşmə bığlarım, mənim talesiz bığlarım...
Yaxşı bilirsiniz ki, qoruğuma quş səkə bilməzdi. Nəinki, quş, heç arılar, böcəklər də yanından vız eləməzdi. Qoruduğum ərazini hava xəttiylə də qoruyurdum. Elə ki, dəli nərə çəkdim, qamçımı qaldırıb havada şaqqıldatdım, əbrəş atım fınxırıb səkil ayaqlarını yerə döydü, hər şey gözdən itər, böcəklər torpağın deşik bacalarından yerin canına çəkilərdi. Göy üzündə quşlar çığırışıb perik düşərdilər.
Ərazidə mən və atımdan savayı bir canlı qalmazdı. Bundan inanılmaz zövq alardım. Ucadan gülər, bığlarımı dərindən eşib qulaqlarıma sarı burar, qamçının sapı ilə papağımın dalını qaldırıb dodaqlarımın irəli çıxan dairəvi ucunda fit çala-çala yallara, yamaclara baxardım...
Gətirdiyim tək səbirdən və hələ də göy üzündə qalan o çatlaqdan narahat idim. Narahatlığı bədənimin sızıldayan bir əzası kimi hiss edirdim. Mütləq nəyinsə baş verəcəyindən əminlik duymağım isə məni əməlli-başlı incidirdi.
Yalı aşıb qoruğa çatanda tutulub qaldım. Düzü, əvvəlcə gördüklərimə inanmaq istəmədim, bunu bir az da özüm elədim. Axı kimin hünəri idi mənim qoruğuma yaxınlaşa. Atımı bir az da irəli dəhmərləyib, əllərimlə gözlərimi ovuşdurub diqqətlə baxdım: kimi ağac basdırıb, kimi daşları üst-üstə yığıb, kimi yeri qazıb qoruğu oyuqlayıb. Ağacların kəllələr keçirmiş, kəllələrə papaq qoymuşdular, mərkəzdə dayanan oyuq isə əməlli-başlı adama oxşayırdı. Qollarını yüz səksən dərəcə açıb sinəsini küləyə verirdi.
Qəzəblənib, atımı kəndə sürdüm. Bir inli-cinli yox idi. Hamı evinə çəkilmişdi. Birinci dəfə idi kəndi belə boş, sükunətə qərq olmuş görürdüm.
“Ay camaat, hardasınız?! Qoruqdakı oyuqlar kimindir?!”
Ucadan boşluğa xitab etdim.
Atım yerində eşilib dal ayaqlarının üstünə qalxıb kişnəyəndə özümü xalqın Çənlibel yaddaşındakı Koroğlu kimi hiss elədim. İndi bunu sizə deyəndə necə utanıram, bir bilsəniz, məni xəcalət təri basır... Külək ağzımdan çıxan sözləri, atımın kişnəməsi də qarışıq qomarlayıb dərə aşağı yomaladı.
Səsimi təkcə tanımadığım yaşlı bir qadın eşitdi. O da payız yarpaqları kimi xışıldayan səslə:
"Bala, havayıdan boğazını yırtıb özünü yorma, deyirlər, xüsusilik olacaq, ona görə camaat bəri başdan özlərinə yer tutur, atını sür get, sür get evinə, sür get..." – dedi və damdakı qurutları ətəyinə yığmağa başladı.
Başına bağladığı solğun dəsmalın arasından görünən arıq üzü qurut rəngindəydi.
Atımın qamçılayıb, qarnının altını təpikləyə-təpikləyə qoruğa çapdım. Mən atı çapdıqca göy üzündəki çat da yavaş-yavaş genişlənib uzanır, baş alıb gedirdi. Qoruğa çatanda atdan düşdüm, ağacları çıxarıb atdım, daşları təpikləyib uçurdum, çuxurlara işəyib torpaqla üstünü basdırdım və bərk-bərk təpiklədim.
Adama oxşayan oyuğa dəymədim. Əynindəki boz pencəyin ətəyi meh dəydikcə yellənir, məni adam yerinə qoymurdu. Əsəbdən bığlarımı gəmirdim.
Gecənin yarısına kimi göy üzünü ikiyə bölən çatlağa zillədim. Göy üzünün yaxasını baxışlarımla düymələməyə çalışdım.
Ay bədirlənib yaşlı qadının damındakı quruta çevriləndə qərbdən başlayan çat daha da böyüyüb uzanmağa başladı.
Kəndə qayıtdım.
Səhər tülküdurmazdan (amma əminəm ki, həmin vaxt bütün tülkülər oyaq idilər) atımı minib qoruğa qalxanda artıq hər tərəf oyuqlanmışdı, bütün qoruq, ətrafdakı yal-yamac, hər yan... Kəndə boyalananda alatoranlıqda görmədiyim oyuqları indi gördüm. Kəndin evləri isə yaşıl yamaca yayılıb otlayan qoyun sürüsü kimi sakit və xürrəm görünürdü.
Kəndin mərkəzinə xeyli adam toplaşmışdı. Nə qədər papaqdaşıyan vardısa, hamı orda idi. Boyca hamıdan hündür, enli kürəkli, böyük kepkalı kişi zopa kimi əl ağacının bir ucunu yerə söykəyib digər ucunda əlini əlinin üstünə qoyub danışırdı:
“Biz həmin adamlarıq, kəndimiz həmin kənddir, ərazimiz həmin ərazidir. Yenə əvvəlki kimi rahat, öz bildiyimiz kimi dolanarıq”
Çiyin-çiyinə dayanan, içlərindəki torpaq tutmaq sevdasından yana daha çox ərazidə dayanmaq üçün ayaqlarını bir-birindən aralı qoyan adamlar bir ağızdan deyirdilər:
“Bizə lazım deyil, tək-tək də yerimizi qoruya bilərik, hər kəsin öz yeri olsun, özü də öz işini bilsin!”
Ağaca söykənən enli kürəkli kişi nə illah elədisə adamları başa sala bilmədi. Elə bildim, qəzəblənib sözü ağaca verəcək. Ancaq ağacı qoltuğuna qoydu, kənd aşağı, evinə sarı ağır-ağır addımlamağa başladı. Adamlar da idarənin qabağından iki bir-üç bir dağılışıb getdilər. Atımı sürüb kepkalı kişiyə çatanda ləngərli səslə:
“Yollarını azıblar, kələfləri çaşacaq, bunları böyük bəla gözləyir!” - dedi.
Tək gətirdiyim səbir daş kimi düşdü içimə, çəkimin artdığını hiss elədim, atım da sanki qəfildən yükünün ağırlaşdığını görüb dayandı. Kepkalı kişi çıxıb getdi. Nənəmin sözləri qulağımda göy kimi guruldamağa başladı. Gözüm qərbdən gələn çat yerinə dikildi, çat da göy üzünün bir hissəsinə qədər böyüyüb uzanmışdı.
Kənd yuxarı qalxdıqca ara-sıra, "bu Günəbaxan nə etmək istəyir, elə bil kəndin dərdi buna qalıb, çalmalar da dədə-babasınındı" kimi sözlər deyirdilər. İçimə dolan ümidsizlik bütün bədənimə yayılmışdı. Qoruğa çatanda istədim dəli bir nərə çəkib, qamçımı qaldıram, bacarmadım, nə dilim tərpəndi, nə əlim qalxdı.
Əllərim də ağırlaşmışdı.
Artıq oyuqlar qoruğu işğal eləmişdi. Özümü əbədi bir səssizliyin qapısından içəri salmaq istəyirdim, qəfildən qərbdən gurultu qopdu, elə bil nəsə bir şey böyük bir boşluğa düşüb gurultuyla getdi. Çat çartıldayıb bir az da uzandı. Külək qopdu, oyuqların başındakı papaqları alıb havada oynatdı. Buludların içindən bir sürü qara qarğa çıxıb, oyuqların kəllələr keçirilmiş başına qonub xorla qarıldaşıb, taq, taq, taq kəllələri dimdikləməyə başladı. Təbiət bütün əzaları ilə çığırır, əcaib-qəraib səslər çıxarırdı. Qulaqlarımı əllərimlə tutub başımı qılçalarımın arasına soxub dizlərimlə sıxdım.
İri kepkalı, enli kürəkli, uzun boylu kişinin dediyi bəlanın çatdığını başımı dizlərimin arasına sıxanda anladım. Göy üzü daha da dərindən guruldadı. Qara işıq zolağı kimi görünən çat qara buluda çevrilib kəndin üstünü aldı. Söndü göy üzünün gözəl işıqları, kəndə qaranlıq çökdü.
Adamlar əllərinə keçəni götürüb kənd yuxarı, qaranlığı yara-yara qaçmağa çalışırdılar. Qaranlıq o qədər sıx idi, yarıb getməkdə əziyyət çəkirdilər. Ömürlərində birinci dəfə idi bu qədər tələsirdilər; o da doğmaca kəndlərini tərk etmək üçün...
Adamlar kəndi tərk edəndə mən qoruğa qayıtdım. Oyuqların başındakı kəllələr qaçanların dalınca dişlərini ağardıb gülürdü...